Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-372/2022 11.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Ağdaş rayon Məşəd kəndi ərazisində (hazırda Ağdaş şəhərinin ərazisi) dövlət torpaq kadastrı kitabında 02.05.2009-cu ildə 308 nömrəsi ilə qeydiyyata alınmış A-142549 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nə əsasən xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ (tam) əsasında adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 21.08.2007-ci ildə ərizə ilə Ağdaş Rayonu Məşəd Bələdiyyəsinə müraciət edərək, fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən "Ağdaş Rayon Məşəd Bələdiyyəsindən İddiaçı həyətyanı üçün ayrılmış torpaq sahəsinin yerquruluşu planı" adlı sənəd tərtib olunmuş və Ağdaş Rayonu Məşəd Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. Bundan sonra Ağdaş Rayonu Məşəd Bələdiyyəsinin 30.08.2007-ci il tarixli 12 nömrəli qərarına əsasən, İddiaçı bələdiyyə torpağından 0,06 ha ev tikintisi üçün torpaq sahəsinin satılması qərara alınmışdır. İddiaçı tərəfindən Ağdaş Rayonu Məşəd Bələdiyyəsinin hesabına 02.09.2007-ci ildə torpağın satış pulu kimi 360 manat pul ödənilmişdir. Ağdaş Rayonu Məşəd Bələdiyyəsi ilə İddiaçı arasında 0,06 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. Bundan sonra İddiaçı da daxil olmaqla müvafiq komissiya təşkil olunaraq 0,06 ha torpaq sahəsi seçilmiş, bu barədə 11.09.2007-ci il tarixli "Torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı" tərtib edilmişdir. Ağdaş Rayonu Məşəd Bələdiyyəsinin 30.08.2007-ci il tarixli 12 nömrəli qərarına istinadən, İddiaçı adına 0,06 ha torpaq sahəsi ilə bağlı A-142549 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş, həmin sənəd dövlət torpaq kadastrı kitabında 02.05.2009-cu ildə 308 nömrəsi ilə uçota alınmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Ağdaş rayon Məşəd kəndində yerləşən 0,06 torpaq sahəsinə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, lakin sonuncu 14.09.2021-ci il tarixli **********83 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, sözügedən torpaq sahəsi iddiaçının mülkiyyətinə verilərkən "Bələdiyyə torpaqlarının idarə edilməsi" və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları" haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun aparılmamışdır. Belə ki, torpaq sahəsinin ayrılması barədə Ağdaş Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin rəyi təqdim edilməmişdir. Eyni zamanda, torpaq alqı-satqısına dair akt DTXK-nın Ağdaş rayon şöbəsində qeydə alınmamışdır. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Ağdaş rayon Məşəd kəndi ərazisində (hazırda Ağdaş şəhərinin ərazisi) dövlət torpaq kadastrı kitabında 02.05.2009-cu ildə 308 nömrəsi ilə qeydiyyata alınmış A-142549 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nə əsasən xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin və üzərində inşa etdirdiyi yaşayış evinin xüsusi mülkiyyət hüququ (tam) əsasında adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, həmin həyətyanı torpaq sahəsində 2011-ci ildə yaşayış evi tikdirərək orada yaşamağa başlamışdır. Yaşayış evinə istifadə üçün elektrik xətti və təbii qaz xətləri çəkilmiş, müvafiq sayğaclar quraşdırılmışdır. Lakin göründüyü kimi, cavabdeh orqan sözügedən əmlakın qeydiyyata alınması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun hərəkət etməyərək xüsusi mülkiyyətçi kimi onun qanunla qorunan hüquqlarını və tələblərini pozmuşdur. Cavabdeh məhkəməyə göndərdiyi 01.11.2021-ci il tarixli **********12 nömrəli etirazında imtina məktublarının dəlillərinə istinad etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Ağdaş rayon Məşəd kəndi ərazisində (hazırda Ağdaş şəhərinin ərazisi) dövlət torpaq kadastrı kitabında 02.05.2009-cu ildə 308 nömrəsi ilə qeydiyyata alınmış A- 142549 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nə əsasən xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ (tam) əsasında adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı ilkin iddia ərizəsində göstərdiyi tələbin yaşayış evi ilə bağlı hissəsini tələbindən xaric etmişdir. Məhkəmənin 26.11.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Ağdaş Rayonu Məşəd Bələdiyyəsinin 30.08.2007-ci il tarixli 12 nömrəli qərarından görünür ki, İddiaçı bələdiyyə torpağından 0,06 ha ev tikintisi üçün torpaq sahəsinin ona satılması qərara alınmışdır. - İşdə olan, 02.09.2007-ci il tarixli 108390 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Ağdaş Rayonu Məşəd Bələdiyyəsinin hesabına 02.09.2007-ci ildə torpağın satış pulu kimi 360 manat pul ödənilmişdir. - İşdə olan, torpaq sahəsinin alqı-satqısına dair aktdan görünür ki, həmin sənəd Ağdaş Rayonu Məşəd Bələdiyyəsi ilə İddiaçı arasında 0,06 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - İşdə olan, 11.09.2007-ci il tarixli "Torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı"ndan görünür ki, İddiaçı da daxil olmaqla müvafiq komissiya təşkil olunaraq 0,06 ha torpaq sahəsi seçilmişdir. - İşdə olan, A-142549 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Ağdaş Rayonu Məşəd Bələdiyyəsinin 30.08.2007-ci il tarixli 12 nömrəli qərarına istinadən, İddiaçı adına 0,06 ha torpaq sahəsi ilə bağlı A-142549 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş, həmin sənəd dövlət torpaq kadastrı kitabında 02.05.2009-cu ildə 308 nömrəsi ilə uçota alınmışdır. - İşdə olan, cavabdehin 14.09.2021-ci il tarixli **********83 nömrəli imtina məktubundan görünür ki, sözügedən torpaq sahəsi iddiaçının mülkiyyətinə verilərkən "Bələdiyyə torpaqlarının idarə edilməsi" və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları" haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun aparılmamışdır. Belə ki, torpaq sahəsinin ayrılması barədə Ağdaş Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin və DTXK-nın Ağdaş rayon şöbəsinin rəyi təqdim edilməmişdir. Eyni zamanda, torpaq alqı-satqısına dair akt DTXK-nın Ağdaş rayon şöbəsində qeydə alınmamışdır. - İşdə olan, Ağdaş Rayon İcra Hakimiyyətinin 14.12.2021-ci il tarixli 08-991 nömrəli məktubundan görünür ki, sözügedən 0,06 ha torpaq sahəsi yaşayış məntəqəsinin baş planına, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olmaqla, elektrik, rabitə, nəqliyyat, qaz, su-kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizəsi zolağında yerləşmir. Odur ki, Ağdaş Rayon İcra Hakimiyyəti həmin torpaq sahəsinin İddiaçı ayrılmasına etiraz etmir. - İşdə olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC-nin 18.03.2022-ci il tarixli **********11 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən görünür ki, planalma zamanı naturada göstərilən torpaq sahəsinin 617 kv.m olduğu müəyyən edilmişdir. Həmin torpaq sahəsinin koordinatları iddiaçının naturada göstəridiyi 617 kv.m torpaq sahəsi ilə eyni ərazidə yerləşir və üst-üstə düşür. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Cavabdehin imtina məktubundan və etirazından aydın olur ki, 0,06 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan onun imtinasının aşağıdakı üç səbəbi vardır: 1) torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya satılması üçün Ağdaş Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəyinin olmaması, 2) torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya satılması üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin rəyinin olmaması, 3) torpağın alqı-satqısına dair aktın Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsində qeydə alınmaması. Cavabdehin imtinası ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, "İnzibati icraat haqqında" Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır ("İnzibati icraat haqqında" Qanunun 64.2-ci maddəsi)." Bundan başqa, Plenumun Qərarında qeydiyyat aparmaqdan inzibati orqanın verdiyi imtinalarla bağlı aşağıdakı hüquqi mövqe ifadə edilmişdir: "Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir." Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 66.2ci maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh 17 saylı Yevlax Ərazi İdarəsi torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina edərkən, Ağdaş Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin rəylərinin olmamasına, eləcə də torpağın alqı-satqı aktının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsində qeydə alınmamasına istinad etməkdə haqlı olmamışdır. Bundan başqa, məhkəmə tərəfindən Ağdaş Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək qeyd olunan torpaq sahəsinin İddiaçı satılmasının həmin sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olub-olmaması barədə məlumat tələb olunmuşdur. Ağdaş Rayon İcra Hakimiyyəti 14.12.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, sözügedən 0,06 ha torpaq sahəsi yaşayış məntəqəsinin baş planına, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olmaqla, elektrik, rabitə, nəqliyyat, qaz, su-kanalizasiya və digər kommunikasiya xəttlərinin mühafizəsi zolağında yerləşmir. Odur ki, Ağdaş Rayon İcra Hakimiyyəti həmin torpaq sahəsinin İddiaçı ayrılmasına etiraz etmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin "xxxx" MMC-nin 18.03.2022-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyində isə göstərilmişdir ki, planalma zamanı naturada göstərilmiş torpaq sahəsinin 617 kv.m olduğu müəyyən olunmuşdur. İddiaçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş, dövlət torpaq kadastrı kitabında 02.05.2009-cu ildə 308 nömrə ilə uçota alınmış, **********00033 kadastr nömrəli (A-142549) "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş koordinatlar WGS-84 koordinat sisteminin utm-39 proyeksiyasında göstərilib. Həmin koordinatları WGS-84 koordinat sisteminin utm-38 proyeksiyasına çevirdikdə, iddiaçının naturada göstərdiyi 617 kv.m torpaq sahəsi ilə eyni ərazidə yerləşir və üst-üstə düşür. İddiaçının faktiki naturada istifadəsində olan və göstərdiyi torpaq sahəsi ilə ona A-142549 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" ilə verilmiş torpaq sahəsi arasında sahə və konfiqurasiya fərqi mövcuddur. Göründüyü kimi, nə Ağdaş Rayon İcra Hakimiyyətindən, nə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin "xxxx" MMC-dən alınmış cavablar 0,06 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olmur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdeh 0,06 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmamışdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsində deyilir ki, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən göründüyü kimi, prosessual xərclər İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin bank hesabına 26.01.2022-ci ildə ödənilmiş 311 manat məbləğində xidmət haqqından ibarətdir. İddia tələbi təmin olunduğuna görə məhkəmə bu qərara gəldi ki, prosessual xərclər cavabdehə aid edilməli və 311 manat məbləğində pul ondan alınaraq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Ağdaş Rayonu Məşəd Bələdiyyəsinin 30.08.2007-ci il tarixli 12 nömrəli qərarı ilə satılmış və A-142549 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 0,06 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulsun. Prosessual xərclər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə aid edilsin və 311 manat məbləğində pul ondan alınaraq İddiaçı ödənilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-372/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-372/2022
11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver