Məhkəmə qərarları › İş №2-1(116)-372/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-372/2023

10.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-372/2023 10.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ünvan 1ində yerləşən ona məxsus 0.12 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən evin adına vahid mülkiyyət hüququ ilə qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən ona məxsus 0.12 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən evin adına vahid mülkiyyət hüququ ilə qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2138/2022 nömrəli qərardadı ilə Qax Rayonu Marsan Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmişdir.Həmin bələdiyyənin ləğv edilərək səlahiyyətləri Qax Rayonu Turaclı Bələdiyyəsinə verildiyindən sonuncu üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının özünə məxsus olan ünvan 1ində 0.12 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi ona Marsan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı iclasının qərarı əsasında verilmişdir. O, Marsan Bələdiyyəsinə qanunla müəyyən edilmiş qaydada ödəniş etmişdir. Eyni zamanda qanunla müəyyən edilmiş qayda sənədləşmə işlərini aparmışdır. Lakin maddi və ailə vəziyyəti olduqca ağır olduğundan vaxtında həmin torpaq sahəsinə çıxarış ala bilməmişdir. Torpaq sahəsinə faktiki sahiblik edərək orada ev tikib yaşayır. Həmin torpaq sahəsi ilə bağlı heç bir mübahisə yoxdur və faktiki olaraq hal-hazırda onun istifadəsindədir. Hazırda o, həmin torpaq sahəsinə və tikilmiş mövcud evə dair Çıxarış almaq istəyir. Lakin cavabdeh bundan imtina edir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********34 nömrəli imtina məktubunda qeyd etmişdir ki, İddiaçı 15 avqust 2022-ci il tarixdə ərizə ilə (daxilolma №-si **********) “DƏDKR” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, Qax rayonu Marsan bələdiyyəsinin 13 mart 2006-cı il tarixli 03 saylı qərarı ilə ona satılmış Marsan kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Lakin, ərizəçi tərəfindən təqdim olunmuş Marsan kənd sakini İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair Marsan Bələdiyyəsinin iclas protokolundan çıxarışın tarixi “13 mart 2006”, protokolun nömrəsi isə “05” qeyd olunmasına baxmayaraq, sözügedən torpağın alğı-satqısına dair aktda Marsan bələdiyyəsinin 09 noyabr 2007-ci il tarixli 03 №li qərarına istinad edilmiş, həmçinin aktın tərtib olunma tarixi ilə bağlı, habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsində hansı tarixdə və hansı nömrə ilə qeydiyyata alınması barədə qeydiyyat aparılmadığından vətəndaşa xx.xx.2021-ci il tarixli **********11 №-li imtina məktubu verilmişdir. Bundan başqa, qeyd olunmalıdır ki, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.12 ha torpaq sahəsinin 620 manat məbləğində haqqı bələdiyyələrə torpaqların alğı-satqı aktı ilə deyil, alğı-satqı müqaviləsi ilə satılmasının nəzərdə tutulduğu qanun qüvvəyə mindikdən sonra, 17 dekabr 2007-ci il tarixdə bələdiyyənin bank hesabına ödənilmiş və torpağın alğı-satqısına dair aktda həmin məbləğin əvvəlcədən bələdiyyənin bank hesabına ödənildiyi göstərildiyi üçün tərtib olunma tarixi ilə bağlı qeydiyyat aparılmamış aktın 17 dekabr 2007-ci il tarixdən sonra tərtib olunmuş kimi qəbul edilməsinə əsas vermişdir. Odur ki, ünvan 1ində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin vətəndaş İddiaçı 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra ayrıldığı, həmçinin bələdiyyə ilə fiziki şəxs arasında alğı-satqı müqaviləsi bağlanmadığı üçün həmin torpaqla əlaqədar əqdlər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun rəsmiləşdirilənədək İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tərəfimizdən məqsədəmüvafiq hesab olunmur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Qax rayonu Marsan bələdiyyəsinin 13 mart 2006-cı il tarixli 03 saylı iclas protokolundan çıxarışa əsasən Marsan kənd sakini İddiaçı bələdiyyəsinin perspektiv inkişafına ayrılmış sahədən 0,12 ha həyətyanı torpaq sahəsininin ayrılması qərara alınmışdır.

2. Torpaqların alqı-satqısına dair Aktda qeyd edilmişdir ki, ünvan 1i ünvanında yaşayan İddiaçı tərəfindən Marsan bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət edilmiş, ərizəyə bələdiyyə iclasında baxılmış və Marsan bələdiyyəsi ərazisində 0,12 ha torpaq sahəsinin satılması barədə 09 noyabr 2007-ci il tarixli 03 nömrəli qərar qəbul edilmişdir.

3. 17 dekabr 2007-ci il tarixli 11 nömrəli qəbzin surətindən görünür ki, iddiaçı torpaq sahəsi almaq üçün 620 manat ödəniş etmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********37 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı iddiasında göstərilən torpaq sahəsi naturada 1227 kv.m olub döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi TEKUİS (X3 X5 ) məlumat bazasına əsasən Yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası Tikinti altında olan torpaqlar olmaqla, fərdi yaşayış evlərinin tikilməsi üçün nəzərdə tutulmuş ərazidir. Faktiki istifadə olunan 1227 kv.m torpaq sahəsinin 44 kv.m hissəsi **********05 nömrəli çıxarışla üst-üstə düşür. Yerdə qalan 1183 kv.m hissəsi isə Qax rayonu Marsan bələdiyyəsinin mülkiyyətinə aid ərazidir. Məhkəmə tərəfindən sxem təqdim edilmədiyindən sənəd üzrə ayrılmış torpaq sahəsi ilə iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin eyni olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə ilkin müraciətində Qax rayonu Marsan bələdiyyəsinin 13 mart 2006-ci il tarixli 03 nömrəli qərarı ilə kənd ərazisində 0,12 ha torpaq sahəsinə çıxarışın verilməsinə köməklik edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddia tələbi ünvan 1ində yerləşən ona məxsus 0.12 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən evin adına vahid mülkiyyət hüququ ilə qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsindən ibarətdir.Məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək fərdi yaşayış evinə aid ilkin müraciətinin olmadığı izah olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini dəyişdirərək “Qax rayonu Marsan bələdiyyəsinin 13 mart 2006-ci il tarixli 03 nömrəli qərarı ilə ona satılmış 0.12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. İddiaçı Qax rayonu Marsan bələdiyyəsinin 13 mart 2006-ci il tarixli 03 nömrəli qərarı ilə kənd ərazisində 0,12 ha torpaq sahəsinin ayrıldığını iddia edir və hesab edir ki, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Cavabdeh isə qeydiyyat aparmaqdan imtinasını həmin qərarın mülkiyyət hüququnun yaranması üçün kifayət etməməsi, bələdiyyə qərarının, torpaq sahəsinin planı və ölçüsünün, DTXK və bələdiyyə tərəfindən təsdiq edilmiş alqı-satqı aktının və aktın qeydiyyat kitabında qeydiyyatının olmaması ilə əsaslandırır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qax rayonu Marsan bələdiyyəsinin 13 mart 2006-ci il tarixli 03 nömrəli qərarı ilə iddiaçıya torpaq sahəsinin ayrılması müəyyən edilmir. Təqdim edilmiş Qax rayonu Marsan bələdiyyəsinin iclas protokolundan çıxarışın tarixi “13 mart 2006-cı il tarixli 03 saylı” kimi qeyd edilmiş, “Torpaqların alğı-satqısına dair” Aktda isə qərarın tarixi “09 noyabr 2007-ci il tarixli 03 nömrəli” kimi qeyd edilmiş və aktın tarixi qeyd olunmamış, həmçinin iddiaçı torpaq sahəsi almaq üçün 620 manat ödənişi 17 dekabr 2007-ci il tarixdə etmişdir. İş materiallarına əlavə olunan Qax rayonu Marsan bələdiyyəsinin sədrinin DTXKnın Qax rayon şöbəsinə ünvanlanmış xx.xx.2008-ci il və xx.xx.2008-ci il tarixli məktublarına əsasən İddiaçı 0.12 ha torpaq sahəsinin verilməsinə köməklik edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ №-li Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin zamana görə qüvvədə olmuş redaksiyasında deyilir ki, bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər (11-ci bənd). Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir (15-ci bənd). Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir (16-cı bənd). Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir (17-ci bənd). Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir (18-ci bənd). Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır (19-cu bənd). Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını və cizgisini təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir (21-ci bənd). Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir (22-ci bənd). Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir (23-cü bənd). Qeyd olunan normaların birgə təhlili onu deməyə əsas verir ki, şəxs torpaq sahəsinin ayrılması barədə ərizə ilə bələdiyyəyə müraciət etdikdən sonra bələdiyyə torpaq sahəsinə yerində baxış keçirir, torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir, şəxsin müraciətindən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir, zəruri sənədləri həmin orqandan aldıqdan sonra isə torpaq sahəsinin dəyəri ödənildiyi halda, torpağın mülkiyyətə verilməsi barədə qərar qəbul edir. Yalnız bundan sonra sahənin sərhədləri naturada müəyyən edilir. Bundan başqa, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin zamana görə qüvvədə olan redaksiyasında deyilirdi ki, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alğı-satqı aktı tərtib edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində isə torpaq sahəsi üzərində hüquqi və fiziki şəxslərin hüquqlarının yaranma əsaslarından biri kimi, bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi, iddiaçıya torpaq sahəsinin satılması ilə bağlı ziddiyyətli məqamlar vardır.Belə ki, iddiaçıya Qax rayonu Marsan bələdiyyəsinin 13 mart 2006-ci il tarixli 03 nömrəli qərarı ilə torpaq sahəsinin ayrıldığı göstərilməsinə baxmayaraq iddiaçı tərəfindən 17 dekabr 2007-ci il tarixdə bələdiyyənin bank hesabına ödənilmişdir. Qax rayonu Marsan bələdiyyəsinin sədrinin DTXK-nın Qax rayon şöbəsinə ünvanlanmış xx.xx.2008-ci il və xx.xx.2008-ci il tarixli məktublarına əsasən İddiaçı 0.12 ha torpaq sahəsinin verilməsinə köməklik edilməsi xahiş olunmuşdur. Belə olan halda cavabdeh inzibati orqan qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanuni olduğundan,iddiaçıya torpaq sahəsinin satılması ilə bağlı qərarın ziddiyyətli olması səbəbindən iddia tələbi rədd edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Marsan bələdiyyəsinin 13 mart 2006-ci il tarixli 03 nömrəli qərarı ilə ona satılmış 0.12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar