Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-372/2025 24.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qıznınn katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhər Hərbi Komisarlığı tərəfindən hərbi toplanışa çağırılaraq xx.xx.1993-cü ilə kimi N saylı hərbi hissənin tərkibində Laçın və Ağdərə istiqamətlərində döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin vaxtdan Mingəçevir Şəhərində qayıtmış və öz işinə bərpa olunmuşdur. Heç bir cinayət məsuliyyətinə cəlb edilməmişdir. Sözügedən tarixlərdə N saylı Hərbi hissədə 2-ci bölüyün 2ci tağımında leytenant rütbəsi ilə xidmət etmiş və xidmət etdiyi dövründə zabit kimi əmək haqqı almışdır. Əvvəllər müharibə iştirakçısı kimi müavinətlərdən və müəyyən güzəştlərdən yararlansa da sonradan həmin güzəştlər kəsilmişdir. Bundan sonra iddiaçı cavabdehə ərizə ilə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etdi, lakin cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli qərarla müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Cavabdeh orqanın məhkəməyə ünvanladığı etiraz məktubunda bildirilir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-1945 nömrəli məktubunun surətindən görünür ki, N nömrəli hərbi hissənnin sənədləri Mərkəzi Arxivə daxil olmadığından İddiaçı xidməti barədə araşdırma aparmaq mümkün olmamışdır. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirakı və qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması Arxiv arayışı və nizami hissə üzrə əmrlərlə təsdiq edilmir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: • Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu. • İddiaçıya məxsus ГP seriyalı 045068 nömrəli hərbi biletin surəti. • Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubu • SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunan sənədlər. • Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli etiraz məktubu; Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddiaçının hüquqi marağı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən ibarətdir. İddia mümkün iddiadır, iddiaçı ilkin olaraq inzibati orqana müəyyən etmiş, tələbininn icrasından imtina edildiyi üçün məhkəməyə müraciət etmişdir. Lakin iddia əsaslı deyil. Verilmiş sorğuya cavab olaraq SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2024cü il tarixli məktubuna əlavə edilmiş arxiv arayışından görünür ki, N saylı hərbi hissənin sənədləri MN Arxivinə daxil olmamışdır. Bu səbəbdən də İddiaçı həmin hərbi hissədə xidmətini təsdiq edilmir. Göründüyü kimi iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirakı və ordu sıralarından qanuni əsaslarlarla tərxis olunması arxiv arayışlra və nizami hissə üzrə əmrlərlə təsdiq edilmir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Hazırkı halda cavabdehin imtinasının əsasını iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirakı və ordu sıralarından qanuni əsaslarlarla tərxis olunması arxiv arayışlra və nizami hissə üzrə əmrlərlə təsdiq edilməməsi təşkil edir. Oxşar işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il tarixli, 2- 1(102)-1989/2023 nömrəli qərarında məhkəmə kollegiyasının mövqeyi belə əsaslandırılmışdır ki, “….Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilərazılaşmayaraq qeyd edir ki, bu qərarın 17-ci bəndində istinad edilən normaya görə, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.”. Başqa sözlə, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmətkeçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda, yuxarıda istinad edilən normaların müddəalarına görə, “Müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir. İşin müəyyənedilmiş hallarına görə, arxiv sənədlərində iddiaçının hərbi xidməti barədə müəyyən məlumatlar vardır. Lakin buna baxmayaraq, onun hərbi hissənin siyahısından çıxarılması, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması və tərxis olunması iş üzrə materiallarla təsdiq edilmir. Bu barədə hər hansı əmr və ya sənəd, eləcə də hər hansı məlumat aşkar edilməmiş, buna dair iddiaçı tərəfindən də məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev.
Məhkəmə qərarları › İş №2-1(116)-372/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-372/2025
24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver