Məhkəmə qərarları › İş №2-1(116)-373/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-373/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-373/2025 27.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçıya doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçıya doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı doğum haqqında şəhadətnamənin verilməsi barəsində cavabdehə müraciət etsə də, tələbi təmin edilməmişdir. Bu səbəbdən də hazırda şəxsiyyət vəsiqəsini ala bilməmişdir. İddiaçının ilkin doğum şəhadətnaməsi yanmışdır.Odur ki, iddia ərziəsi ilə müraciət edərək doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair məhkəmə qərarının çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. Yevlax şəhər İcra Hakimiyyətinin başçısının Yevlax Şəhər 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyinin Aktı;

3. AR Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş doğum haqqında akt qeydlərinin təsdiq edilmiş surətləri;

4. AR Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş materiallar;

5. AR Yevlax Şəhəri İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubu;

6. Yevlax Rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu; Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və imtina cavabı aldığı üçün məhkəməyə iddia vermişdir. İddianın qaldırılmasında iddiaçının hüquqi marağı şəxsiyyət vəsiqəsinin alınması üçün zəruri olan, İddiaçı barəsində təkrar doğum haqqında şəhadətnamənin cavabdeh tərəfindən ona verilməsinə nail olmaqdır. İddia mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Yuxarıda sadalanan qanuvericiliyin tələblərindən göründüyü kimi, təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edə bilər. Maraqlı şəxslər dedikdə isə yalnız barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özləri nəzərdə tutulmur. Belə ki, Qaydaların 9.3.3-cü bəndinə əsasən, təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı göstərilməsi ona dəlalət edir ki, maraqlı şəxs dedikdə tək şəxsin özü deyil haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin əri, arvadı, atası, anası, uşaqları, bacıları, qardaşları və sair şəxslər də müraciət edə bilərlər. Cavabdeh inzibati orqan müraciətin təmin olunmasından imtinasını iddiaçının şəxsiyyət vəsiqəsinin olmaması ilə izah etmişdir. İşin hallarından göründüyü kimi müvafiq doğum haqqında şəhadətnamənin verilməsi üçün şəxs şəxsiyyət vəsiqəsinı təqdim etməlidir. Şəxsiyyət vəsiqəsini almaq üçü isə doğum haqqında şəhadətnamənin təqdim edilməsi lazımdır. Hazırki mübahisə də məhz iddiaçının doğum haqqında şəhadətnaməsinin məhv olması və bununla əlaqədar olaraq da şəxsiyyət vəsiqəsinin olmaması ilə bağlı yaranmışdır. İddiaçı barəsində Yevlax şəhər İcra Hakimiyyətinin başçısının Yevlax Şəhər 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyinin tərtib etdiyi şəkilli aktdan görünür ki, Yevlax Şəhər sakinlərindən X2, X3, X4, Əmiraslanova Hicran Məhyəddin qızı, X1 Əfsanə Ticarət qızının Yevlax şəhəri G.Əliyev küçəsi 9 saylı evdə yaşadığını və fotoşəkilin həmin şəxsə aid olmasının imza edərək təsdiq etmişdirlər. Beləliklə, məhkəmə tərəfindən iddiaçının doğum haqqında akt qeydi tədqiq edilmiş, araşdırma nəticəsində şəxs barəsindəki məlumatlar öz təsdiqini tapmışdır. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə prosessual qənaət prinsipi baxımından yanaşan məhkəmə hesab edir ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2005-cı il tarixli 1138 nömrəli Doğum aktı qeydinə əsasən təkrar Doğum haqqında şəhadətnamə iddiaçıya verilməlidir.Həmin Akt qeydindən görünür ki,inzibati orqan tərəfindən həmin sənəd əsasında Doğum haqqında şəhadətnamə iddiaçının adına tərtib edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddia təmin edilir. İddiaçı barəsində tərtib olunmuş xx.xx.2005-cı il tarixli 1138 nömrəli Doğum haqqında akt qeydinə əsasən İddiaçı təkrar Doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar