Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-375/2020 11.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X3, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon Şöbəsinə qarşı “1971, 1972 və 1975-1998-ci illərdə Zaqatala rayonu keçmiş “S.Vurğun” adına kolxozda və X5 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. X6 Qanuna əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Belə ki, ərizəyə əlavə etdiyi arxiv arayışların surətlərindən görünür ki, onun kifayət qədər sığorta stajı vardır. Sənədləri cavabdeh təşkilata təqdim etmiş, lakin ona əmək pensiyası təyin etməkdən və işlədiyi illəri sığorta stajı kimi qəbul etməkdən imtina edilmişdir. Səbəbi isə işlədiyi illərin əmək kitabçasında olmamasıdır. O, 1971, 1972 və 1975-1998-ci illərdə keçmiş “S.Vurğun” adına kolxozda və X5 işləmişdir. Qeyd olunan səbəbdən işlədiyi illəri cavabdeh sığorta stajı kimi qəbul etmir. Cavabdehin nümayəndəsinin izahatı: İddiaçının yaşa görə pensiya almaq hüququ 18.02.2019-cu il tarixində yaranmışdır. İddiaçının əmək kitabçası olmadığına görə mübahisələndirilən sığorta stajı 23 il 2 ay təşkil edir. İddiaçının 2 il hərbi xidmətlə birlikdə ümumi stajı 25 il 2 ay olmuşdur. İddiaçının arxiv arayışına əsasən Zaqatala rayonu keçmiş “S.Vurğun” adına kolxozda 22 il 4 ay, X5 9 ay 22 gün, cəmi 23 il 2 ay stajı var. Əmək kitabçası olmadığına görə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ********* nömrəli X1 surəti, Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon Şöbəsinin 13.11.2019-cu il tarixli **********1 nömrəli imtina məktubu və 10.02.2020-ci il tarixli **********0 nömrəli məktubu, Azərbaycan Respublikası Arxiv İdarəsi Zaqatala Rayon Dövlət Arxivinin 29.05.2019-cu il tarixli 262 nömrəli arxiv arayışın təsdiqlənmiş surəti, НЗ seriyalı ******* nömrəli Hərbi biletin təsdiqlənmiş surəti, 10.09.2019-cu il tarixli və 11.09.2019-cu il tarixli aktların təsdiqlənmiş surəti, 11.02.2019-cu il tarixli cavabdehin nümayəndəsinin yazılı izahatı aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizə təqdim edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak etməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia, həmçinin qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının kolxozlarda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. İddiaçının 1971, 1972 və 1975-1998-ci il tarixinədək Zaqatala rayonu keçmiş “S.Vurğun” adına kolxozdavə X5 işləməsi 29.05.2019-cu il tarixli 262 nömrəli arxiv arayışları və həmin arxiv arayışlarının yoxlanmasına dair 10.09.2019-cu il tarixli və 11.09.2019-cu il tarixli aktların təsdiqlənmiş surəti ilə öz təsdiqini tapmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon Şöbəsinin 10.02.2020-ci il tarixli **********0 nömrəli məktubundan görünür ki, Səməd Vurğun kolxozunda minimum əmək iştirakı norması 1971-1976-cı illər üçün 220 adam günü,1977-1983-cü illər üçün 250 adam günü, 1984- 1987-ci illər üçün 220 adam günü, 1988-1998-ci illər üçün isə 210 adam günü norması tutulmuşdur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X4 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. 11.02.2019-cu il tarixli cavabdehin nümayəndəsinin yazılı izahatından görünür ki, iddiaçının arxiv arayışlarına əsasən Zaqatala rayonu keçmiş “S.Vurğun” adına kolxozda 22 il 4 ay, X5 9 ay 22 gün, cəmi 23 il 2 ay stajı var. Onun əmək kitabçası olmadığına görə mübahisələndirilən sığorta stajı 23 il 2 ay, 2 il hərbi xidmətlə birlikdə ümumi stajı 25 il 2 ay təşkil edir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1971, 1972 və 1975-1998-ci illərdə Zaqatala rayonu keçmiş “S.Vurğun” adına kolxozda və X5 işlədiyi 23 il 2 ay müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon Şöbəsinin üzərinə İddiaçı 1971, 1972 və 1975-1998-ci illərdə Zaqatala rayonu keçmiş “S.Vurğun” adına kolxozda və X5 işlədiyi 23 il 2 ay müddətinsosial sığorta stajına daxil edilməsi öhdəliyiqoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-375/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-375/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver