Məhkəmə qərarları › İş №2-1(116)-376/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-376/2024

04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-376/2024 04.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “A seriyalı 199773 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş məkan göstəriciləri ilə bağlı texniki səhvlərin aradan qaldırılaraq, faktiki istifadə (yerləşmə) vəziyyətinə uyğunlaşdırılmaqla Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 saylı qərarına əsasən iddiaçının mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 1155,26 kv.m həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, A seriyalı 199773 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş məkan göstəriciləri (torpaq sahəsinin koordinatları, ölçüləri, yerləşmə vəziyyəti və s.) ilə bağlı texniki səhvlərin aradan qaldırılaraq, faktiki istifadə (yerləşmə) vəziyyətinə uyğun olaraq Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 saylı qərarına əsasən iddiaçının mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 1155,26 kv.m həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 06 nömrəli qərarına əsasən İddiaçı mülkiyyətinə ünvan 1ində 1155,26 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Sonuncunun həmin torpaq sahəsi üzərində hüquqları A seriaylı 199773 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-M-0060-8/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ünvan 1i ünvanında 0,1155 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması və torpaq sahəsinin dövlət reyestrində qeydiyyatı ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizənin icrası ilə əlaqədar aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və torpaq sahəsinə yerində baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə yerləşmə yeri ilə faktiki istifadə olunan yerin fərqli olduğu və faktiki istifadə olunan torpaq sahəsinin DWG xəritələrində “Kəndin perspektiv inkişafı” üçün nəzərdə tutulmuş torpaq sahəsi kimi qeyd olunduğu məlum olmuşdur. Torpaq sahəsinin sənəd üzrə yerləşmə yeri ilə faktiki istifadə olunan yeri fərqli olduğundan xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-166/2023 nömrəli bildirişlə xx.xx.2022-ci il tarixli, **********7 nömrəli ərizənin icrasından imtina olunmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-2672/2023 nömrəli etiraz məktubunda iddiaçı ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddia tələbinə dair yazılı münasibətini bildirmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-376/2024 nömrəli qərardadı ilə Balakən rayonu Katex bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Balakən rayonu Katex bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “A seriyalı 199773 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş məkan göstəriciləri ilə bağlı texniki səhvlərin aradan qaldırılaraq, faktiki istifadə (yerləşmə) vəziyyətinə uyğunlaşdırılmaqla Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 saylı qərarına əsasən iddiaçının mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 1155,26 kv.m həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-2660/2023 nömrəli “sənədlərin surətlərinin təqdim edilməsi barədə” məktubuna əlavə olunmuş: Balakən rayon AİK-nın xx.xx.2001-ci il tarixli 06 saylı iclasının protokolunun təsdiq olunmuş surətindən görünür ki, həmin iclasda Katex kolxozu YAİK-nın xx.xx.2001-ci il tarixli 01 saylı iclasının qərarı təsdiq olunmuşdur. Dövlət Torpaq və Xəritçəkmə Komitəsi tərəfindən tərtib olunmuş A seriyalı 199773 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq olunmuş surətindən görünür ki, Balakən rayon AİK-nın xx.xx.2001-ci il tarixli 06 nömrəli qərarı ilə 1155,26 kv.m həyətyanı torpaq sahəsi X4 verilmişdir. Təqdim edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin subyektlər siyahısında iddiaçı X3 adının önündə 1 qeydi aparılmış, 214 sıra nomrəsi ilə qeydiyyata alınmışdır. “Dövlət torpaq kadastr planlarının qeydiyyat kitabı”nda qeydiyyat aparılmış səhifənin təsdiq olunmuş surətindən görünür ki, kitabda X3 adı qeyd olunmuş, “ümumi sahə” qrafasında “1155,3” yazılmışdır. Sənəd nömrəsi olaraq 199773 qeyd edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-3650/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddia olunan torpaq sahəsinin naturada ölçüləri 0,1155 ha olmaqla Balakən rayonu, Katex bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqları daxilində (KPİ) kəndin perspektiv inkişafına saxlanılan fərdi yaşayış evinin tikintisi məqsədi ilə həyətyanı üçün nəzərdə tutulan ərazidir, iddia olunan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür, ancaq sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi eyni ərazidə yerləşmir. Ləğv edilmiş DTXK tərəfindən hazırlanmış X2 adına A seriyalı 199773 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən 1155,26 kv.m torpaq sahəsinin koordinatlarına əsasən torpaq sahəsi başqa vətəndaşın naturada istifadə etdiyi ərazinin hüdudları daxilində yerləşir. İddia olunan torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, A seriyalı 199773 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən 1155,26 kv.m torpaq sahəsinin yerləşmə vəziyyəti, koordinatları və ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Üçüncü şəxs Balakən rayonu Katex bələdiyyəsi 237 nömrəli xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçı Məmmədov X1 özünəməxsus 1156,26 kv.m həyətyanı torpaq sahəsi və ona bitişik JN-1198 saylı Dövlət Aktı üzrə pay olaraq verilmiş 0,10 ha kənd daxili pay torpaq sahəsindən torpaq islahatından əvvəl və sonra özü istifadə edir. Lakin bələdiyyəyə təqdim olunmuş xəritələrdə texniki səhv olaraq onun faktiki istifadə etdiyi həmin torpaq sahəsi təqribən 200 metr məsafədə başqa ərazidə göstərilmişdir. Balakən RİH Katex kənd inzibati ərazi idarəsi üzrə nümayəndəliyin 91 nömrəli xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı ona A199773 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə verilmiş həyətyanı sahəsi verildiyi vaxtdan istifadə edir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-471/2024 nömrəli “Mütəxəssis rəyinə aydınlıq gətirilməsi barədə” məktubunda qeyd olunmuşdur ki, TEKUİS məlumat bazasına əsasən iddia olunan torpaq sahəsinin naturada ölçüləri 0,1155 ha olmaqla Balakən rayonu Katex bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqları daxilində (KPİ) kəndin perspektiv inkişafına saxlanılan fərdi yaşayış evinin tikintisi məqsədi ilə həyətyanı üçün nəzərdə tutulan ərazidir. İddiaçının naturada istifadəsində olan torpaq sahəsi başqa şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür, ancaq sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi eyni ərazidə yerləşmir. Sənəd üzrə ayrılmış torpaq sahəsi digər vətəndaşın istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Həmin Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə hesab edir ki, iş üzrə mübahisəli torpaq sahəsi üzərində hüquqların qeydiyyatının aparılması və hüquqmüəyyənedici sənədlərin hazırlanması “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanının tələbləri baxımından həyata keçirilməlidir. Belə ki, iş üzrə mütəxəssis rəyindən də göründüyü kimi, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 1155,26 kv.m olub, həmin torpaq sahəsi TEKUİS baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqəsi torpaqları daxilində, kəndin perspektiv inkişafına saxlanılan fərdi yaşayış evinin tikintisi məqsədi ilə həyətyanı üçün nəzərdə tutulan ərazidir. İddiaçının naturada istifadəsində olan torpaq sahəsi başqa şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür, ancaq sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi eyni ərazidə yerləşmir. Sənəd üzrə ayrılmış torpaq sahəsi digər vətəndaşın istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Balakən rayonu Katex bələdiyyəsi mübahisəli torpaq sahəsinin aqrar islahatın keçirilməsindən əvvəl və sonra iddiaçının istifadəsində olduğunu bildirmiş, bu məlumat həmçinin icra nümayəndəliyinin məktubu ilə də öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, torpaq sahəsinin koordinatlarını əks etdirən plan və ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırılması yolu ilə həmin uyğunsuzluq və üst-üstə düşmə aradan qaldırıla bilər. Həmin Fərmana əsasən: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; ... Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 43-cü maddəsinə əsasən:

1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.

3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: ... torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi; ...

4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. ...

6. Yerquruluşu işlərinin aparılması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən göründüyü kimi iddiaçıya tələbində göstərildiyi mübahisəli torpaq sahəsi Balakən rayon AİK qərarı ilə ayrılmışdır. TEKUİS məlumat bazasına əsasən iddia olunan torpaq sahəsinin naturada ölçüləri 0,1155 ha olmaqla Balakən rayonu Katex bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqları daxilində (KPİ) kəndin perspektiv inkişafına saxlanılan fərdi yaşayış evinin tikintisi məqsədi ilə həyətyanı üçün nəzərdə tutulan ərazidir. İddiaçının naturada istifadəsində olan torpaq sahəsi başqa şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Torpaq sahəsi üzərində qeydiyyatın aparılması zamanı sənəd üzrə uyğunsuzluqlar isə cavabdeh tərəfindən “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanının tələbləri baxımından həll edilərək aradan qaldırılmaqla həyata keçirilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə A seriyalı 199773 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş məkan göstəriciləri ilə bağlı texniki səhvlərin aradan qaldırılaraq, faktiki istifadə (yerləşmə) vəziyyətinə uyğunlaşdırılmaqla Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 saylı qərarına əsasən iddiaçının mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 1155,26 kv.m həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilsin. A seriyalı 199773 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş məkan göstəriciləri ilə bağlı texniki səhvlərin aradan qaldırılaraq, faktiki istifadə (yerləşmə) vəziyyətinə uyğunlaşdırılmaqla Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 1155,26 kv.m həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar