Məhkəmə qərarları › İş №2-1(116)-376/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-376/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-376/2025 11.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Qanuni istifadəsinə verilmiş, Mingəçevir şəhəri şossesinin kənarında yerləşən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünə əsasən Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə 23 iyul 2004-cü il tarixli 293 nömrəli 499.92 kv.m həyətyanı torpaq sahəsi, X2 kitabında xx.xx.2009-cu il tarixində 2073 nömrə ilə uçota alınmış, A №198314 nömrəli kadastr göstəriciləri əsas döngə nöqtə koordinatları daxilində olan torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsi (mülkiyyətinə verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mingəçevir şəhəri şossesinin kənarında yerləşən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünə əsasən Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə 23 iyul 2004-cü il tarixli 293 nömrəli 499.92 kv.m həyətyanı torpaq sahəsi, X2 kitabında xx.xx.2009-cu il tarixində 2073 nömrə ilə uçota alınmış, A №198314 nömrəli kadastr göstəriciləri əsas döngə nöqtə koordinatları daxilində olan torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsi (mülkiyyətinə verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-376/2025 nömrəli qərardadı ilə Mingəçevir Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə,iddiaçı uzun müddət Mingəçevir şəhərində yaşadığına görə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamına əsasən Mingəçevir şəhəri şossesinin kənarında 499.92 kv.m həyətyanı torpaq sahəsi ona ayrılmış,bu barədə A seriyalı,198314 nömrəli Torpaq sahəsinin palnı və ölçüsü sənədi tərtib eilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquuqnun adına qeydiyyata alınaraq çıxarışın verilməsi üçün ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X3 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən tələbi təmin edilməmiş,xx.xx.2024-cü il tarixində imtina cavabı almışdır. Cavabdeh Məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının ərizəsinə əsasən torpaq sahəsinin elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim etdiyi sənədlər (surətləri) araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda qeyd olunan hüquqmüəyyənedici sənədlərdən hər hansı birini ərizəsinə əlavə etməmişdir. İddiaçının ərizəsinə əlavə etdiyi ləğv edilmiş DTXK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş A seriyalı,198314 nömrəli Torpaq sahəsinin palnı və ölçüsü sənədi 499.92 kv.m bağ sahəsinə dair torpaq sahəsinin planı və ölçü sənədi müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənəd olduğu üçün həmin sənədlər əsasında torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. A seriyalı,198314 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə 23 iyul 2004-cü il tarixli 293 nömrəli 499.92 kv.m həyətyanı torpaq sahəsi, X2 kitabında xx.xx.2009-cu il tarixində 2073 nömrə ilə uçota alınmışdır.

3. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamının surəti.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X1 Uçotu informasiya Sistemi”ndəki xəritəsinə əsasəsn, iddiaçının naturada göstərdiyi və iddia etdiyi 0,05 ha torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası - kənd təsərrüfatı təyinatlı torpaqlar, mülkiyyətçisi - Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin faktiki sahəsi, döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi A 198314 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında iddiaçıya verilmiş torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. İddiaçının naturada göstərdiyi və iddia etdiyi 0,05 ha torpaq sahəsi başqa subyektlərin torpaq sahələri ilə üst-üstə düşmür.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia mahiyyət etibarı ilə əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı istifadəsində olan Mingəçevir şəhəri şossesinin kənarında yerləşən 499.92 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə nail olmaqdır. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, hüquqmüəyyənedici sənəd kimi Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı əsasında tərtib edilmiş A seriyalı 198314 “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquq əsas kimi qəbul edilməli idi.

AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunuun 8.0.5-ci maddəsində 06 iyul 2006-cı il tarixədək vətəndaşlara verilmiş hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında torpaq sahələrinə mülkiyyət hüquqlarının qeydə alınmasını müəyyən edilmişdir ki, iddiaçıda hər-hansı hüquqmüəyyənedici sənəd mövcud olması müəyyən edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun) : - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddənin tələbindən göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş akt daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. İddiaçı belə akt kimi Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004cü il tarixli, 293 nömrəli sərəncamına istinad etmişdir. Azərbaycan Respublikası Torpq Məcəlləsinin (bundan sonra – Məcəllə): - 46-cı maddəsinin birinci-üçüncü bəndlərinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət ehtiyat fondu torpaqları. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir; - 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır; - 65-cı maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; - 68-cı maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddələrin ümumiləşdirilmiş tələblərinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilməlidir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. İddiaçının təqdim etdiyi sərəncamda torpaq sahəsinin dövlət ehtiyat fondu torpaqlarından fiziki şəxsə fərdi qaydada ayrılması müəyyən edilməmişdir. Həmin sərəncamın mətnindən göründüyü kimi, sərəncamla tənzimlənən məsələlər “Həyətyanı torpaq sahələrinin mülkiyyətə verilməsi” kimi adlandırılmaqla, bu müddətdən daha əvvəl fərdi qaydada fiziki şəxslərə qanuni qaydada verilmiş torpaq sahələri üzərində hüquqların müəyyən edilməsi ilə bağlı müxtəlif qurumlara verilmiş tapşırıqlarla əlaqədardır. İddiaçının “Torpaq sahəsinin plan və ölçüsü”nə dair bildirdiyi dəlillə bağlı məhkəmə izah edir ki, yuxarıda istinad edilmiş Torpaq Məcəlləsinin 65-ci maddəsindən də göründüyü kimi, həmin sənəd torpaq sahəsi üzərində hüququn yaranmasının hüquqi əsasını təşkil etmir, yalnız həmin torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasını təsdiq edir. Belə ki, zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2007- ci il 28 fevral tarixli, 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün Təsviri”nin 1-ci bəndində göstərilmişdir ki, bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir. Həmin Təsvirin 4.3, 4.5-ci, 4.6 və 4.9-cu bəndlərinə əsasən, torpaq sahəsinin yerləşdiyi inzibati ərazi, sahəsi və təyinatı, plan və ölçünün tərtib edilməsinə əsas olan sənədlərin rekvizitləri; torpaq sahəsi planının kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), əsas döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; yaşayış məntəqələrinin hüdudlarında yerləşən torpaq sahələri ilə bağlı tərtib edilmiş plan və ölçüdə baş plandan çıxarış, digər torpaq sahələri (o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqları) ilə bağlı tərtib edilmiş plan və ölçüdə isə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; torpaq sahəsinin qonşu sərhədləri Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən plan və ölçüdə göstərilir. Bu müddəalardan göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınarkən təqdim edilməli olan plan və ölçüdə həmin əmlakın yerləşməsi koordinatları və qonşu torpaq sahələri, plan və ölçünün tərtib edilməsinə əsas olan sənəd qeyd edilməlidir. Yəni istinad edilmiş sənədin əsas mahiyyəti – torpaq sahəsinin ölçüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. Həmin sənəd özü-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranamasını təsdiq edən sənəd hesab olunmadığından, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-187/2020 nömrəli qərarında əks olunmuş hüquqi mövqe). İddia ərizəsində iddiaçı ilk abzasında aşağıdakıları qeyd edir: “Uzun müddət Mingəçevir şəhərində yaşadığım və işlədiyim üçün mənə Mingəçevir şəhəri şossesindən torpaq sahəsi ayrılmışdır”. Göründüyü kimi iddiaçı özü də torpaq sahəsinin ilk dəfə ona Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncamı əsasında ayrılmasını etiraf edir. Yəni, sözügedən torpaq sahəsi 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncam qəbul edilməmişdən əvvəl iddiaçının qanuni istifadəsində olmamışdır. Yuxarıda qeyd edildiyi kimi Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncamı torpağı olmayan şəxslərə torpaq sahəsinin ayrılması barədə yox, əvvəllər fiziki şəxslərə qanuni qaydada verilmiş torpaq sahələri üzərində hüquqların müəyyən edilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıqların verilməsi ilə bağlı olmuşdur. Həmçinin 2004-cü ilə münasibətdə yerli icra hakimiyyəti orqanları həyətyanı torpaq sahələrinin ayrılmasında səlahiyyətli olmamışlar və həmin sərəncamda iddiaçıya fərdi qaydada torpaq sahəsinin ayrılması göstərilməmişdir. Odur ki, sözügedən sərəncamın torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranma əsası kimi nəzərdən keçirilməsi mümkün deyil. Digər tərəfdən nəzərə alınmalıdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasinin Qanunu 29 iyun 2001-ci il tarixdə qəbul edildiyindən və iddia olunan torpaq sahəsi Mingəçevir bələdiyyəsinin mülkiyyətində olduğundan Mingəçevir Şəhər İcra Hakimiyyətinin həmin torpaq sahəsini fiziki şəxslərə ayırması səlahiyyəti olmamışdır. A seriyalı 198314 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində belə akt kimi Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamına istinad edilmişdir. Məhkəmə bir daha xüsusi olaraq vurğulayır ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncamının iddia olunan torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədində qeyd edilməsi özlüyündə qanunsuzdur. Belə ki, həmin sənədi tərtib edən DT və XK-nin Mingəçevir şəhər şöbəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin kadastr göstəricilərinin qeyd olunduğu sənədə tamamilə başqa məsələləri nizamlayan və həmin torpaq sahəsinin ayrılmasını nəzərdə tutmayan Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncamını qeyd etməklə qanunsuz sənəd tərtib etmiş və iddia olunan torpaq sahəsinin Mingəçevir Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamı əsasında ayrılması görüntüsünü yaratmağa çalışmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmadığından və Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncamı hüququn yaranma əsası kimi qiymətləndirilmədiyindən cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Qanuni istifadəsinə verilmiş, Mingəçevir şəhəri şossesinin kənarında yerləşən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünə əsasən Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə 23 iyul 2004-cü il tarixli 293 nömrəli 499.92 kv.m həyətyanı torpaq sahəsi, X2 kitabında xx.xx.2009-cu il tarixində 2073 nömrə ilə uçota alınmış, A №198314 nömrəli kadastr göstəriciləri əsas döngə nöqtə koordinatları daxilində olan torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsi (mülkiyyətinə verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar