Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-377/2020 12.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “1981-1997-ci illərdə sabiq “S.Vurğun” və “M.Müşfiq” adına kolxozlarda işlədiyi 17 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 27.03.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1955-ci il tarixdə Zərdab rayonu, Məlikumudlu kəndində anadan olmuşdur. O, yaşa görə əmək pensiyası almaq üçün DSMF-nin Zərdab rayon şöbəsinə rəsmi müraciət etmişdir. Cavabdeh orqan iddiaçının 1981-1997-ci illərdə keçmiş “S.Vurğun” və “M.Müşfiq” adına kolxozlarda işləməsi barədə əmək kitabçası təqdim edə bilməməsini əsas gətirərək göstərilən iş illərinin sosial sığorta stajına daxil edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı “1981-1997-ci illərdə sabiq “S.Vurğun” və “M.Müşfiq” adına kolxozlarda işlədiyi illərin sığorta stajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 12 avqust 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında ərizə təqdim edib iddia tələbində dəqiqləşmə apararaq “1981-1997-ci illərdə sabiq “S.Vurğun” və “M.Müşfiq” adına kolxozlarda işlədiyi 17 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 27.03.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabden orqanın nümayəndəsi ərizənin məhkəmənin icraatına qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Həmin tarixli məhkəmə iclasında ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehin münasibəti: İddiaçı yaşa görə pensiya hüququ 27.03.2019-cu il tarixdə yaranır. İddiaçı hərbi xidmətdə 02 il 01 gün, əmək kitabçasında 09 il 02 ay 27 gün, cəmi 11 il 02 ay 29 gün qəbul olunan və 02.04.2019-cu il tarixli 94 saylı arxiv arayışına əsasən 17 il qəbul olunmayan sığorta stajı vardır. İddiaçının 1981-1997-ci illərdə kolxozda işlədiyi müddət onun sığorta stajına daxil ediləcəyi halda ona 27.03.2019-cu il tarixdən pensiya təyin ediləcəkdir. İddiaçının ümumi sığorta stajı 25 il olduqda kapitaldan asılı olmayaraq təyinat aparılır. Sabiq “S.Vurğun” və “M.Müşfiq” adına kolxozlarda kişilər üçün minumum adam günü norması 1981-1982-ci illər dövrü 240 ,1983-1997-ci illər dövrü 200 adam günü olmuşdur. Məhkəmə iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Zərdab rayon Dövlət Arxivinin arxiv arayışı, ƏƏSMN yanında DSMF-nin Zərdab rayon şöbəsinin imtina məktubu, AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Zərdab rayon şöbəsinin 28.12.2019-cu il tarixli məktubu, hərbi biletin təsdiqlənmiş surəti, DSMF-nin Zərdab rayon şöbəsinin 07.08.2020-ci il tarixli məktubu və ona əlavə edilən akt aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Belə ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 27.03.2019-cu il tarixdən yaranmışdır. İddiaçı 1981-1997-ci illərdə kolxozlarda işlədiyi müddətləri özündə əks etdirən əmək kitabçasını cavabdeh orqana təqdim edə bilmədiyi üçün sonuncu 25 il sosial sığorta stajının olmadığını əsas gətirərək yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Ancaq iş materiallarında olan Zərdab rayon Dövlət Arxivinin arxiv arayışından iddiaçının 1981-1997-ci illərdə “S.Vurğun” və “M.Müşfiq” adına kolxozlarda əmək fəaliyyətinin olduğu müəyyən olunur. Bundan başqa iş materiallarında olan Zərdab rayon Dövlət Arxivində DSMF-nin Zərdab rayon şöbəsinin məsul işçiləri və arxiv müdirinin iştirakı ilə tərtib edilən 07 avqust 2020-ci il tarixli akta əsasən iddiaçının 1981-1997-ci illər dövrü sığorta stajına daxil edilən əmək stajı yerində yoxlanmış və iddiaçının Zərdab rayon Dövlət Arxivi tərəfindən verilmiş 02 aprel 2019-cu il tarixli 94 nömrəli arxiv arayışında göstərilən qaydada işləməsi faktı öz təsdiqini tapmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi 07 avqust 2020-ci il tarixli **********5 nömrəli sənədə əsasən iddiaçının 12 il 04 gün mübahisələndirilməyən sosial sığorta stajının olduğu müəyyən edilmişdir. İş materiallarında olan cavabdehin 28.12.2019-cu il tarixli ********** nömrəli məktubuna əsasən iddiaçının 1981-1997-ci illərdə kolxozlarda işlədiyi müddətlər (17 il) onun sığorta stajına daxil ediləcəyi təqdirdə iddiaçıya 27.03.2019-cu il tarixdən əmək pensiyası təyin ediləcəyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı kolxozlarda işlədiyi müddətin onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə 27.03.2019-cu il tarixindən yaşa görə əmək pensiyası almaq hüququnun reallaşmasından ibarətdir. 1 yanvar 2006-ci il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Baxılan işdə iş materiallarında olan ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətində iddiaçının kolxozlarda işlədiyi iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadığından həmin iş dövrü digər təsdiqedici sənədlərə əsasən müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının 1981-1997-ci illərdə “S.Vurğun” və “M.Müşfiq” adına kolxozlarda işləməsi Zərdab rayon Dövlət Arxivi tərəfindən verilmiş 02.04.2019-cu il tarixli 94 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapmışdır. Həmin sənədlər iddiaçının iş stajını təsdiq edir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bundan başqa, iddiaçı iddia tələbində yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 27.03.2019-cu ildə yaranmışdır. Qeyd olunan tarixə onun hərbi xidmət dövründə – 2 il 02 gün, sənaye tikinti materialları trestində – 11 ay 18 gün, Mingəçevir “Azərkabel” zavodunda - 01 il 11 ay, Zərdab rayonlararası DDİ birliyində - 02 il 02 ay 15 gün, Məlikumudlu bələdiyyəsində - 04 il 10 ay 29 gün, cəmi 12 il 04 gün və arxiv arayışına əsasən kolxozlarda 17 il olmaqla cəmi 29 il 04 gün sığorta stajının olması müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 1981-1997-ci illərdə keçmiş “S.Vurğun” və “M.Müşfiq” adına kolxozlarda işlədiyi 17 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 27.03.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-377/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-377/2020
12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver