Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-378/2020 22.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X1 qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “01.09.1970-ci il tarixdən 16.07.1976-cı il tarixədək M.Əzizbəyov adına X2 Ordenli Azərbaycan Neft Kimya İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “01.09.1970-ci il tarixdən 16.07.1976-cı il tarixədək M.Əzizbəyov adına X2 Ordenli Azərbaycan Neft Kimya İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1952-ci il tarixdə Laçın rayonunda anadan olmuşdur. O, 1970-ci ildə M.Əzizbəyov adına X2 Ordenli Azərbaycan Neft Kimya İnstitutunun “energetika” fakultəsinin əyani şöbəsinə daxil olmuşdur. İddiaçı 16.07.1976-cı il tarixdə təhsilini “mühəndis-elektrik” ixtisası üzrə bitirərək Б-İ seriyalı 006394 nömrəli diplom almışdır. İddiaçıya 17.04.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir, lakin təhsil aldığı illər sosial sığorta stajına daxil edilməmişdir. İddiaçı əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi üçün cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsini əsas gətirərək imtina etmişdir. Cavabdehin etirazı: Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri nəzərdə tutulmuşdur. Həmin maddədə vətəndaşın təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəİİə ilə nəzərdə tutuİmuş prosessual prinsiplərə zidd oİmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Müİki Prosesssual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Müİki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman, yəni vətəndaş pensiya yaşına çatdığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda vətəndaşın təhsil müddətinin onun sosial sığorta stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh orqan bu səbəbdən vətəndaşın iddiasını əsassız hesab edir və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh orqan məlumat üçün bildirir ki, iddiaçıya yaşa görə əmək pensiyası 16.04.2015-ci il tarixdən təyin olunmuşdur. İddiaçının əyani təhsil illəri sosial sığorta stajına daxil ediləcəyi təqdirdə əmək pensiyasının məbləğində artım olacaqdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surəti, DSMF-nin 08.11.2019-cu il tarixli ********** nömrəli imtina məktubu, Б-İ seriyalı 006394 nömrəli diplomun təsdiq edilmiş surəti, AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin 25.12.2019-cu il tarixli **********9 nömrəli məktubu, DSMF-nin 25.12.2019-cu il tarixli **********5 nömrəli etirazı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 21.02.2020-ci il tarixli 06-37 nömrəli məktubu, ЕЛ seriyalı 050096 nömrəli hərbi biletin surətiaiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin qismən əsaslıdır. İşdə olan Б-İ seriyalı 006394 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1970-ci il tarixdən 16.07.1976-ci il tarixədək M.Əzizbəyov adına X2 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. İş materiallarında olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 21.02.2020-ci il tarixli 06-37 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçı 1971-ci ildə M.Əzizbəyov adına X2 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunun “Energetika” fakültəsinin əyani şöbəsininin “Sənaye müəssisələrinin, şəhərlərin və kənd təsərrüfatının “elektrik təchizatı” ixtisası üzrə İ kursa qəbul olunmuş (əmr 012/663, 31.08.1971-ci il) və 1976-cı ildə həmin ixtisas üzrə tədris planını tam yerinə yetirərək “mühəndis-elektrik” ixtisas dərəcəsi almışdır (əmr 012/760, 30.07.1976-cı il). İş materiallarında olan Cavabdeh 25.12.2019-cu il tarixli **********9 nömrəli məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası 16.04.2015-ci il tarixdən təyin edilmiş və həmin tarixdən 214,65 manat, 01.01.2016-cı il tarixdən 219.24 manat, 01.02.2016-cı il tarixdən 229.24 manat, 01.01.2017-ci il tarixdən 244.03 manat, 01.01.2018-ci il tarixdən 257.94 manat, 01.01.2019-cu il tarixdən 265.68 manat pensiya verilmişdir. Təhsil illəri sosial sığorta stajına daxil edilərsə pensiyasında 16.27 manat artım olacaq. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı təhsil müddətinin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə pensiyasının artmasından ibarətdir. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının 01.09.1970-ci il tarixdən 16.07.1976-cı il tarixədək M.Əzizbəyov adına X2 Ordenli Azərbaycan Neft Kimya İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi qismən təmin edilməli, cavabdehin üzərinə iddiaçının 01.09.1971-ci il tarixindən 16.07.1976-cı il tarixinədək M.Əzizbəyov adına X2 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalıdır. Belə ki, iddiaçının diplomunun təsdiq edilmiş surətində onun əyani təhsilə 1970-ci ildən başladığı qeyd olunsa da, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 21.02.2020-ci il tarixli 06-37 nömrəli məktubundan görünür ki, iddiaçı müvafiq ixtisas üzrə İ kursa 012/663 nömrəli əmrlə 31.08.1971-ci ildən qəbul olunmuşdur. Həmçinin 30.07.1976-cı ildə həmin ixtisas üzrə tədris planını tam yerinə yetirərək “mühəndis-elektrik” ixtisas dərəcəsi alsa da iddia tələbində 16.07.1976-cı ilə kimi müddətin daxil edilməsini tələb etdiyi üçün və məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığı üçün həmin müddətə qədər olan dövr təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 01.09.1971-ci il tarixindən 16.07.1976-cı il tarixədək M.Əzizbəyov adına X2 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-378/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-378/2020
22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver