Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-379/2024 02.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2002-ci il üçün sosial sığorta haqları üzrə ödədiyi (10000 manat) sığorta haqqı nəzərə alınmaqla 52 yaşının bitdiyi xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il nəzərə alınmaqla hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlər DSMF-nun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “2002-ci il üçün sosial sığorta haqları üzrə ödədiyi (10000 manat) sığorta haqqının və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi əmək müqaviləsi əsasında işləyərək sosial sığorta üzrə fəaliyyət göstərdiyi aylar üçün ödədiyi 243 manat sosial sığorta ödənişlərinin məcburi dövlət sosial sığorta stajına əlavə edilməsi öhdəliyinin DSMF-nun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının, məhkəmə qərarları və sosial ödənişləri nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yəni 58 yaşdan - xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək, DSMF-nun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının cavabdehlər siyahısından çıxarılmasını “2002-ci il üçün sosial sığorta haqları üzrə ödədiyi (10000 manat) sığorta haqqı nəzərə alınmaqla 52 yaşının bitdiyi xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il nəzərə alınmaqla hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələb hüququnu aşağıdakı kimi əsaslandırmışdır: - onun cavabdeh orqana qarşı “1981-1997-ci illərdə Şəki rayonu Qoxmuq kənd 1 May kolxozunda tütünçü olaraq işlədiyi illərin (həmin illərin 10 ildən çoxunu zərərli və ağır işlər olmaqla), 3 uşağa qulluq göstərərək kolxozda işləyən zaman analıq məzuniyyətində olduğu illərin və xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək 1 saylı Peşə məktəbində aşpaz qənnadı ixtisası üzrə tam kursu oxuduğu illərin sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq 55 yaşdan xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-461/2022 saylı Qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(107)- 211/2022 saylı qərarı ilə Şəki İnzibati Məhkəməsinin sözügedən qərarı qüvvəsində saxlanılmışdır. Şəki inzibati Məhkəməsinin və Şəki Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarları ilə (iddia ərizəsinə əlavə edilir) məhkəmələr tərəfindən onun ümumi iş stajı 19 il 9 ay 20 gün olaraq müəyyən edilmişdir Bununla ona pensiya təyin edilməsi üçün lazım olan ümumi iş stajına 3 aylıq iş stajı lazım idi. O, iş stajına əlavə edilməsi üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi əmək müqaviləsi əsasında fərdi qaydada işləmiş və sosial sığorta üzrə xx.xx.2022xx.xx.2023-cü il tarixlərində işlədiyi aylar üzrə 243 manat sosial sığorta ödənişini həyata keçirmişdir. Bununla da onun ümumi iş stajı 20 ildən çox olmuşdur. Bundan əlavə o, bu yaxınlarda sənədlərinin arasından məcburi sığorta üçün ödəniş etdiyi 31 yanvar 2003-cü il tarixli Seriya 004584 saylı “Məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzi”ni tapmışdır. Həmin qəbzə nəzər yetirərkən məlum olur ki, o, daha əvvəl 2003-cü ildə Məcburi dövlət sığorta haqqı ilə əlaqədar olaraq 2002-ci il üçün 10 000 manat sığorta pulu ödəmişdir və həmin ödəniş üzrə onun 1 illik iş stajı ümumi iş stajına əlavə edilməlidir. O həmin sənədlər üzrə yeni açılmış hallarla bağlı Şəki İnziabti Məhkəməsinə müraciət etsə də, ərizəsi təmin edilməmiş, ona ödənişlərinin sosial sıöğorta stajına əlavə edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialına müraciət etməyi tövsiyə edilmişdir. Yeni açılmış hallarla bağlı ərizəsinə baxılarkən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinə göndərdiyi ərizəsinə etirazında onun pensiya hüququnun 58 yaşdan, yəni xx.xx.2020-ci ildən yarandığını bildirmişdir. O bunu əsas alaraq güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialından xahiş etsə də, oradan ərizəsi diqqətə alınmadan xx.xx.2023-cü il tarixli imtina məktubu ilə əvvəl iddia tələbi rədd edildiyindən pensiya təyin edilməsindən imtina edilmişdir. Bundan başqa digər cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialına müraciət edərək 31 yanvar 2003-cü il tarixli Seriya 004584 saylı “Məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzi və xx.xx.2022-ci İİ tarixdən xx.xx.2023-cü il tarixədək fərdi əmək müqaviləsi əsasında fərdi qaydada işləyərək sosial sığorta üzrə xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində işlədiyi aylar üzrə ödədiyi 243 manat sosial sığorta ödənişlərinin fərdi şəxsi hesabına işlənilməsi və ümumi sosial sığorta stajına daxil edilməsinə köməklik göstərilməsini xahiş etsə də, müraciətinə cavab verilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - daha əvvəl İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Şəki İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli 2-1(116)-461/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2020-ci il tarixli 2-1(107)-211/2022 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İşə baxan məhkəmələr iddia tələbini rədd edərkən mövqelərini onunla əsaslandırmışlar ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 20 il ümumi iş stajına (sığorta stajına) malik deyildir. Belə ki, iş materiallarında olan arxiv arayışları və iddiaçıya məxsus kolxozçunun əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, İddiaçı 1981-1997-ci illərdə Şəki rayonu Qoxmuq kənd “1 May kolxozu”nda işləmişdir. İddiaçının işlədiyi illər ərzində 1986-1988-ci illərdə analıq məzuniyyətində olduğu müddət nəzərə alınmaqla ümumi iş stajına hesablansa 17 il ümumi iş stajı vardır. Həmçinin A seriyalı 116736 nömrəli “peşə tahsili haqqında” diploma əsasən iddiaçının xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək “aşpazqənnadçı” ixtisası üzrə təhsil müddəti (2 il 9 ay 20 gün) əmək stajı hesablanmaqla, o, 19 il 9 ay 20 gün ümumi iş stajına malikdir. Buna baxmayaraq iddiaçı Şəki İnzibati Məhkəməsinə “yeni açılmış hallara” dair ərizə ilə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-461/2022 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. Hazırda iddiaçı yenidən “ödədiyi sosial sığorta ödənişlərinin onun sosial sığorta stajına əlavə edilməsi və ona xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, iş stajına əlavə edilməsi üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi əmək müqaviləsi əsasında işləmiş və sosial sığorta üzrə işlədiyi müddətdə 243 manat məcburi dövlət sosial sığorta haqları ödəmiş və bununla da, onun ümumi iş stajı 20 ildən çox olmuşdur. Bundan əlavə, o ödəniş qəbzlərini evdəki sənədlərin saxlanıldığı çəkməcəyə yerləşdirərkən orada sənədlərinin arasında 31 yanvar 2003-cü il tarixli 004584 saylı “məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbz”ni aşkar etmişdir. Həmin qəbzə nəzər yetirərkən onun daha əvvəl 2002-ci il üçün həmin vaxtın pulu ilə 10 000 manat məcburi dövlət sosial sığorta haqqını ödədiyini xatırlamışdır. Sözügedən dövr üzrə ödədiyi məcburi dövlət sosial sığorta haqları nəzərə alınarsa, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranacaqdır. İddiaçının dəlillərinə münasibətdə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 9.1 -ci maddəsinə əsasən, (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyası) axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən, hazırda qadınların güzəştli şərtlərlə yasa görə əmək pensiyası almaq hüququ 58 yasdan yaranır, həmçinin əvvəlki redaksiyadan fərqli olaraq qadınların güzəştli şərtlərlə yasa görə pensiya hüququnun yaranması üçün 25 il ümumi iş stajı tələb olunur. Belə ki, iddiaçının sonradan ödədiyi məcburi dövlət sosial sığorta haqları “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə dəyişiklik edilməsindən sonraki dövrə aid olduğundan (xx.xx.2022-xx.xx.2023) sözügedən maddənin yeni redaksiyasının tələbləri nəzərə alınmalıdır. Qeyd edilmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqları nəzərə alınsa belə, onun ümumi is stajı qanunvericiliklə tələb olunan 25 ildən az olacaqdır. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən pensiya hüququnun yaranması üçün is stajından əlavə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Həmçinin iddiaçının Qanunun 9.8-ci maddəsinə əsasən pensiya hüququna münasibətdə qeyd edilməlidir ki, inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış əmək pensiyasının təyin edilməsindən imtina edilməsi barədə məktubda və ilkin icraat zamanı iddiaçının güzəştli iş stajına malik olmadığı da, qeyd edilmişdir. Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Yeyinti sənayesi bölməsinin (27) Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı bəndində (27.5) tütün istehsalı yarımbəndində (27.5.1) fəhlələr müvafiq olaraq: - tütün üzrə kupajçılar; - pnevmatik qurğu maşinistləri; - papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri; - tənzimləşdirici maşinistlər; - tütünkəsən maşın maşinistləri; - tütün keşinin presləyiciləri; - tütünyumşaldanlar; - tütün yarpaqlarını düzənlər; - tütünü çəkib bükənlər; - tütün çeşidləyiciləri; - tütün quruducuları; - istehsalat binalarının yığışdırıcıları; - avadanlığın təmizləyiciləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə tütünçü vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi tütüncü vəzifəsi yuxarıda göstərilən vəzifələrə uyğun olmadığından onun güzəştli is stajı yoxdur. Xüsusilə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: z) kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: kişilər—55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa; sağıcı (maşınla sağım operatoru), quşabaxan, donuzabaxan-operator işləyən qadınlar—50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. İddiaçıya məxsus kolxozçunun əmək kitabçasından müəyyən olunur ki, kolxozçu vəzifəsində “1 May” kolxozunda 1981 -ci ildə 190, 1982-ci ildə 204, 1983-cü ildə 298, 1984-cü ildə 239, 1985-ci ildə (xx.xx.1986-xx.xx.1986 analıq məzuniyyəti) 244, 1986-cı ildə (xx.xx.1986-xx.xx.1987 məzuniyyət) 171, 1987-ci ildə (xx.xx.1988- xx.xx.1988 məzuniyyət; xx.xx.1987-xx.xx.1987 analıq məzuniyyəti) 134, tütüncü vəzifəsində isə 1988ci ildə 253, 1989-cu ildə 259, 1990-cı ildə 252, 1991-ci ildə 245, 1992-ci ildə 225, 1993-cü ildə 293, 1994-cü ildə 294, 1995-ci ildə 277, 1996-cı ildə 237, 1997-ci ildə 210 gün işləmişdir. Göründüyü kimi, iddiaçının tütünçü vəzifəsində işlədiyi dövr 15 ildən (güzəşti iş stajı) və ümumi iş stajı 20 ildən az olduğunda onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Əlavə olaraq qeyd edilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə xx.xx.2006-cı il tarixdən başlandığı üçün xx.xx.2003-cü il tarixli ödəniş qəbzində qeyd olunan məcburi dövlət sosial sığorta haqqının iddiaçının fərdi şəxsi hesabında əks olunması mümkün deyildir. Həmçinin, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Birbaşa daxil olan ödənişlərin uçotu) altsistemində iddiaçı tərəfindən 2023-cü ilin mart ayı üzrə 174,00 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının ödənildiyi, lakin 2023-cü ilin İ rübü üçün 0734 fəaliyyət növünün kodu üzrə (Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər-kənd yerlərində) “Arayış” tipli (fəaliyyətin olmaması barədə) hesabat təqdim edildiyindən fərdi şəxsi hesabında ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumat öz əksini tapmadığı müəyyən edilmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə hesabat təqdim etmək sığortaedənin vəzifəsidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 2023-cü ilin İ rübünə dair ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatın onun fərdi şəxsi hesabında işlənilməsi üçün sözügedən rüb üzrə “Dəqiqləşdirilmiş” tipli hesabatı uçotda olduğu vergi orqanına təqdim edə biləcəyi hüququ Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialının 3- 17-1/2-C-146300/2023 nömrəli məktubu ilə iddiaçıya izah edilmişdir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.2003-cü il tarixli, 004584 nömrəli Məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən torpaqdan sosial sığorta haqqı qeyd edilməklə, 2002-ci il üçün 10000 manat pul məbləği DSMF-nun Şəki şəhər şöbəsinə ödənilmişdir. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-461/2022 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "1981-1997-ci illərdə Şəki rayonu Qoxmuq kənd 1 May kolxozunda tütünçü olaraq işlədiyi illərin (həmin illərin 10 ildən çoxunu zərərli və ağır işlərdə işləmiş), 3 uşağına qulluq göstərərək kolxozda işləyən zaman analıq məzuniyyətində olduğu illərin və xx.xx.1998-ci ildən 21,06.2001-ci ilədək 1 saylı Peşə məktəbində aşpaz qənnadı ixtisası üzrə tam kursu oxuduğu illərin sosial sığorta stajına daxil edilməklə iddiaçıya hüququ yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. - Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(107)-211/2022 nömrəli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli 2-1 (116)- 461/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - JN-325 kod 40400048 Dövlət Aktından görünür ki, Şəki rayon AİK-nın xx.xx.1997ci il tarixli 41 nömrəli qərarı ilə X3 və ailə üzvlərinə (X1, X5, X4 və X2) birlikdə 1,08 ha torpaq sahəsi ayrılmışdır. - Dövlət Sosial Müdafiə Fonunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sığortaedənə aid iş qovluğunda müraciətə əlavə edilmiş İddiaçı aid 2003-cü il 31 yanvar tarixli 004584 nömrəli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzi və hesabat məlumatları aşkar edilməmişdir. Məlumat üçün bildirilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra-Qanun) əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinə 2006-cı il 1 yanvar tarixdən etibarən başlanılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 2003-cü il 31 yanvar tarixli 004584 nömrəli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzinin çap olunduğu “Zirvə-VG" Firması xx.xx.1999cu il tarixdə 2123 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddianın xüsusi bir növü olan “müəyyən hərəkətləri etməkdən çəkinməyə dair” iddia (İPM-in 2.2.4 və 34.2-ci maddələri) qismində mümkün iddiadır. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia inzibati orqanın inzibati akt olmayan əlverişsiz hərəkətlərini aradan qaldırmaq və ya onların qarşısını almaq məqsədi daşıyır. Qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir (34.3). Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: (-); z)kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: kişilər—55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa; sağıcı (maşınla sağım operatoru), quşabaxan, donuzabaxan-operator işləyən qadınlar—50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddəti (lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq) iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”nın 27-ci bəndində aşağıda müvafiq ardıcıllıqla verilmiş qeyd olunan yeyinti sənayesinin 27.5.1 və 27.5.2-ci yarımbəndlərində tütün istehsalı: a) fəhlələr: tütün üzrə kupajçılar, pnevmatik qurğu maşinistləri, papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, tənzimləşdirici maşinistlər, tütünkəsən maşın maşinistləri, tütün keşinin presləyiciləri, tütünyumşaldanlar, tütün yarpaqlarını düzənlər, tütünü çəkib bükənlər, tütün çeşidləyiciləri, tütün quruducuları, istehsalat binalarının yığışdırıcıları, avadanlığın təmizləyiciləri, b) mütəxəssislər: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar və bərpa olunmuş tütünün istehsalı, a) fəhlələr: tortanı buxara verənlər, bərpa edilmiş tütün xətlərində məşğul olan fermentasiya kameralarının doldurucuları-boşaldıcıları, kağız (karton) düzəldən maşının maşinistləri (torçuları), kağız və kağız məmulatlarının hopdurucuları, üyüdücülər, tütün quruducuları, tütün xammalını nəmləşdirənlər, b) mütəxəssislər: bərpa edilmiş tütün sexlərində məşğul olan ustalar, böyük ustalar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növü hesab edilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Ali Məhkəmənin İnzibati kollegiyası 2- 1(102)-2629/2018 saylı 5 dekabr 2018-ci il tarixli, 2-1(102)-686/2019 saylı 26 fevral 2019- cu il tarixli, 2-1(102)-1107/2019 saylı 10 aprel 2019-cu il tarixli və 2-1(102)-499/2020 saylı 18 fevral 2020-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı 8 oktyabr 2020-ci il tarixli qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.14-cü bəndinə əsasən (4. Sosial sığorta stajının hesablanması) 2006-cı il yanvarın 1-dək olan dövr üzrə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət – 2006-cı il yanvarın 1-dək məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən, 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə isə fərdi uçot məlumatlarına əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsindən ibarətdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 52 yaşının bitdiyi xx.xx.2014-cü il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1962-ci ildə doğulub). Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 15 il güzəştli iş stajının mövcud olması. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)- 461/2022 nömrəli və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli 2-1(107)-211/2022 nömrəli qərarlarından görünür ki, iddiaçının 1981-1997-ci illərdə Şəki rayonu Qoxmuq kənd 1 May kolxozunda işləməsi, iddiaçının koxozda işlədiyi 1986-1988-ci illərdə analıq məzuniyyətində olduğu müddət nəzərə alınmaqla ümumi iş stajına hesablanaraq 17 il ümumi iş stajının olması müəyyən edilmişdir. Həmçinin, A seriyalı 116736 nömrəli “peşə təhsili haqqında” diploma əsasən iddiaçının xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək “aşpaz-qənnadçı” ixtisası üzrə təhsil müddəti ümumi iş stajına nəzərə alınmaqla ona əlavə olaraq 2 il 9 ay 20 gün əmək stajı hesablanmaqla, ümumi iş stajı olaraq 19 il 9 ay 20 gün hesablanmışdır. Beləliklə, ilkin məhkəmə icraatı zamanı iddiaçının ümumi stajı tələb olunan 20 il müddətdən 2 ay 10 gün az olmuşdur. Hazırkı məhkəmə icraatı zamanı iddiaçı tərəfindən xx.xx.2003-cü il tarixli, 004584 nömrəli Məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzi təqdim edilmişdir. Həmin qəbzin məzmununda torpaqdan sosial sığorta haqqı olaraq iddiaçı tərəfindən 2002-ci il üçün 10000 manat pul məbləğinin DSMF-nun Şəki şəhər şöbəsinə ödənilməsi öz əksini tapmışdır. Cavabdeh orqan tərəfindən sözügedən qəbzin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim edilməmiş, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli məktubunda isə qeyd edilmişdir ki, sığortaedənə aid iş qovluğunda müraciətə əlavə edilmiş İddiaçı aid 2003-cü il 31 yanvar tarixli, 004584 nömrəli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzi və hesabat məlumatları aşkar edilməmişdir. Hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinə 2006-cı il 1 yanvar tarixdən etibarən başlanılmışdır. Məhkəmə qeyd edir ki, sığortaolunan haqqında məlumatların uçotunun təşkilinin 2006-cı il 1 yanvar tarixdən etibarən başlanılması və sığortaedənə aid iş qovluğunda müvafiq məlumatların aşkar edilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, həmin məlumatların saxlanması və uçotun təşkili iddiaçının yox, Dövlət Sosial Müdafiə Fondunun məsuliyyət sferasına aiddir. Yuxarıda istinad olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.14-cü bəndinin tələbləri baxımından 2006-cı il yanvarın 1-dək olan dövr üzrə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddətin 2006-cı il yanvarın 1-dək məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzləri əsasında sığorta stajına daxil edilməsi təsbit edilmişdir. Məhkəmə tərəfindən iddiaçının mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinin olub-olmaması, habelə tədqiq edilən qəbzin çap olunduğu mətbəənin mövcud olub-olmaması yoxlanılmışdır (“Zirvə-VG" Firması xx.xx.1999-cu il tarixdə 2123 nömrə ilə dövlət qeydiyyatına alınmışdır). Müəyyən edilmişdir ki, iddiaçıya digər ailə üzvləri ilə birlikdə Şəki rayonu Qoxmuq kəndində Şəki rayon AİK-nın xx.xx.1997-ci il tarixli 41 nömrəli qərarı ilə 1,08 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı, məhz həmin torpaq sahəsinə münasibətdə 2003-cü ildə məcburi dövlət sosial sığorta haqqı üçün 2002-ci il üzrə 10000 manat pul məbləği ödəmişdir. İddiaçı, ödənilən vəsait nəzərə alınmaqla sosial sığorta stajına 1 il (2002-ci il) müddətin əlavə edilməsini tələb edir. Lakin, nəzərə alınmalıdır ki, 2002-ci ilin yanvarın 1-dən qüvvəyə minmiş “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən torpaqların 2-ci keyfiyyət qrupu üzrə hər ailə üzvü üçün məcburi dövlət sosial sığorta haqqının məbləği orta aylıq əmək haqqının - 4 faizi miqdarında müəyyən edilmişdir (ödənişin icra edildiyi dövrdə qüvvədə olan redaksiya). İddiaçının ümumibirgə mülkiyyətində olan, Şəki rayonu Qoxmuq kəndində yerləşən 1,08 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-325 kod 40400048 Dövlət Aktında torpaq sahəsinin ikinci keyfiyyət qrupuna aid olması qeyd edilmişdir. Həmçinin 2002-ci ildə orta aylıq əmək haqqı 60 min manat məbləğində olmuşdur. Odur ki, hər bir ailə üzvü üçün ödənilməli olan məbləğ 2400 manat müəyyən edilir (60 min manatın 4 faizi miqdarında). İddiaçı 1,08 ha torpaq sahəsinə münasibətdə 5 ailə üzvündən biri olmuş və cəmi 10 000 manat ödəmişdir. Aylıq ödənilməli olan məbləğ 2400 manat (illik 28800 manat), faktiki olaraq illik ödənilmiş məbləğ isə 10 000 manat olduğundan, ödənilmiş 10 000 min manat məbləğ - 4 ay, 5 günlük müddət üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi kimi qəbul edilməlidir. Yuxarıda qeyd edildiyi kimi əvvəlki məhkəmə araşdırması zamanı iddiaçının 19 il 9 ay 20 gün ümumi sosial sığorta stajı müəyyən edildiyindən, həmin müddətin üzərində hazırda müəyyən edilmiş 4 ay 5 gün toplandıqda iddiaçının 20 il 1 ay 6 gün sosial sığorta stajı yaranır. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 15 il güzəştli iş stajının mövcud olması ilə bağlı şərtə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının iddiaçı körpə uşaqlara qulluq etdiyinə görə məzuniyyətdə olduğu müddətlə birlikdə onun minimum 10 il ərzində zərərli sahədə (tütünçülük) işləməsi sübuta yetirilir. Dövlət Sosial Müdafiə Fondunun sədrinin yerli şöbələrinə ünvanladığı 8 noyabr 2007-ci il tarixli xx/xx-3402 №-li məktubunun 4-cü bəndinə əsasən Siyahıda nəzərdə tutulan işlərdə çalışan qadınların Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün sosial sığorta stajına daxil edilir (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 817/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında istinad olunub). Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddiaçının zərərli sahədə iş stajının 15 il yox, 10 il olması da, onun iddia tələbinin uğurlu sayılması üçün kifayət edəcəkdi. Belə ki, 1 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinin redaksiyasının mənasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlərsə, onda iddiaçının bu hüquqa malik olması tanınmaya bilməz (oxşar inzibati mübahisə üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-817/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe). Beləliklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan ümumi və xüsusi iş stajı ilə bağlı tələblər yerinə yetirildiyindən, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə, hazırkı icraat zamanı tədqiq edilmiş İddiaçı aid 31 yanvar 2003-cü il tarixli, 004584 nömrəli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzi və hesabat məlumatlarının saxlanmasının cavabdeh orqanın vəzifəsinə aid olmasını nəzərə alaraq qeyd edir ki, iddiaçı, hazırkı tələblə ilk dəfə xx.xx.2021-ci il tarixdə cavabdeh orqana müraciət etdiyindən iddia tələbinin “cavabdehə müraciət edilən tarixdən əvvəlki üç il üçün pensiyanın hesablanması hissəsi” də, əsaslıdır. Göstərilən qaydada iddiaçıya ödəniləcək pensiyanın hesablanmasının əvvəli xx.xx.2018-ci ildən sayılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 2002-ci il üçün sosial sığorta haqları üzrə ödədiyi (10000 manat) sığorta haqqı nəzərə alınmaqla 52 yaşının bitdiyi xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il nəzərə alınmaqla hesablanıb ödənilməsi vəzifəsi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
HakimVüqar Musayev.