Məhkəmə qərarları › İş №2-1(116)-38/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-38/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-38/2022 15.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin vəkili Vəkil, üçüncü şəxsin nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı cavabdeh Zaqatala rayon Bəhmətli bələdiyyəsinə qarşı “Zaqatala rayonu Bəhmətli bələdiyyəsinin 10.06.2020-ci il tarixli 12 saylı iclasının “bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı 53,95 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılması” barədə və 12.06.2020-ci il tarixli 13 saylı iclasının “11.06.2020-ci il tarixli müsabiqənin nəticələrinə uyğun olaraq 53,95 ha torpaq sahəsinin icarəyə verilməsi barədə "xxxx" MMC ilə icarə müqaviləsinin bağlanması” barədə aktlarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin binasında, məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Zaqatala rayonu Zaqatala bələdiyyəsinin 10.06.2020-ci il tarixli 12 saylı iclasının “bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı 53,95 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılması” barədə və 12.06.2020-ci il tarixli 13 saylı iclasının “11.06.2020-ci il tarixli müsabiqənin nəticələrinə uyğun olaraq 53,95 ha torpaq sahəsinin icarəyə verilməsi barədə "xxxx" MMC ilə icarə müqaviləsinin bağlanması” barədə aktlarının ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, cavabdehin iddia tələbində qeyd edilən aktlarına inzibati nəzarət qaydasında iddiaçı tərəfindən baxılan zaman qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilmişdir. Belə ki, müsabiqəyə çıxarılan torpaq sahəsinin illik icarə haqqının ilkin qiyməti müəyyən edilərkən bazar məzənnələri nəzərə alınmamış, icarə haqqının qiyməti bazar məzənnəsindən aşağı qiymətlə müəyyən edilmişdir. Eyni zamanda bələdiyyə üzvlərinin izahatlarına əsasən sözügedən aktların qəbulu ilə bağlı keçirilən iclaslarda bələdiyyə üzvlərinin iştirakının təmin edilmədiyi aşkar edilmişdir. Bundan başqa 10.06.2020-ci il tarixdə sözügedən 53 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılması, icarə haqqının ilkin qiymətinin müəyyən edilməsi barədə qərar qəbul edilmiş, bundan cəmi iki gün sonra, yəni 12.06.2020-ci il tarixdə həmin torpaq sahəsi ilə bağlı müsabiqə keçirilmiş, müsabiqədə iştirak etmiş "xxxx" MMC qalib gəlmişdir. Halbuki torpaq müsabiqələri və hərracların keçirilməsi qaydalarında əsasən torpaq sahəsinin müsabiqəyə çıxarılması barədə qərardan sonra müsaiqəni təşkil edən komissiya ilə bələdiyyə arasında müqavilə bağlanmalı, müsabiqə barədə elan “Mülkiyyət” qəzetində dərc edilməli, bu elandan 30 gün sonra müsabiqə keçirilməlidir. Lakin bələdiyyənin müsabiqənin keçirilməsi barədə qərarından cəmi iki gün sonra müsabiqənin keçrilməsi həmin qərarların formal xarakter daşıdığını göstərir. İddiaçı məhkəməyə 25.02.2021-ci il tarixində yeni iddia ərizəsi təqdim etmiş və “Zaqatala rayonu Bəhmətli bələdiyyəsinin 10.06.2020-ci il tarixli 12 saylı iclasının “bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı 53,95 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılması” barədə və 12.06.2020-ci il tarixli 13 saylı iclasının “11.06.2020-ci il tarixli müsabiqənin nəticələrinə uyğun olaraq 53,95 ha torpaq sahəsinin icarəyə verilməsi barədə "xxxx" MMC ilə icarə müqaviləsinin bağlanması” barədə aktlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09.03.2021-ci il tarixli 2-1(116)-581/2021 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair rəsmi münasibət (etiraz) bildirilməmişdir. Məhkəmənin 12.02.2021-ci il tarixli 2-1(116)-581/2021 nömrəli qərardadı ilə iş üzrə üçüncü şəxs qismində məhkəmənin icraatına cəlb edilmiş "xxxx" MMC iddia tələbinə dair 01.03.2021-ci il tarixli 01/03 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, 11.06.2020-ci il tarixdə Hərracların Təşkili üzrə X5 ərazi torpaq müsabiqə və hərrac komissiyası tərəfindən torpaq sahəsinin kənd təsərüfatı məhsullarının istehsalı üçün icarəsi ilə bağlı müsabiqə keçirilmişdir. Bu müsabiqənin keçirilməsi daha öncəki aylarda müəyyən edilmiş və bu barədə kütləvi informasiya vasitələrində bildiriş dərc edilmişdir. Lakin sonradan koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq plkədə tətbiq edilən və mütəmadi olaraq sərtləşdirilən karantin rejimi şəraitində müsabiqə hər dəfə ertələnmiş və müsabiqənin ertələnməsi barədə bildiriş kütləvi informasiya vasitələrində dərc edilmişdir. MMC etirazında həmçinin qeyd edir ki, Qaydaların 8-ci maddəsində istənilən fiziki və ya hüquqi şəxsin müsabiqədə iştirak edə biləcəyi əks olunmuşdur. MMC bu hüququndan istifadə edərək, keçiriləcək müsabiqədə iştirak etmək üçün ərizə ilə müraciət etmişdir. Ərizəni təqdim edərkən MMC möhürlü zərfdə təklifini də təqdim etmişdir. MMCnin təklifində qeyd etdiyi məbləğ digər iştirakçıların təklif etdikləri məbləğlərdən ən yüksək olduğuna görə MMC müsabiqənin qalibi elan edilmiş və təşkilatçı tərəfindən MMC-yə AM seriyalı 011611 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında MMC və cavabdeh arasında 12.06.2020-ci il tarixli müqavilə bağlanmışdır. Üçüncü şəxs "xxxx" MMC etiraz ərizəsində iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 15.02.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, hazırkı iddia tələbi üzrə işə xitam verilməsini xahiş etmişdir. Ərizədə qeyd edilir ki, Zaqatala rayonu Bəhmətli bələdiyyəsinin İddiaçınə daxil olmuş 11.02.2022-ci il tarixli müraciətində göstərilmişdir ki, sözügedən icarə müqaviləsinin şərtlərinə, icarə haqqının artırılması məsələsinə yenidən baxılır. Belə olan təqdirdə işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından hazırkı iddia üzrə icraatın davam etməsinə zərurət qalmır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizə təqdim etməkdə məqsədlərinin iddianın geri götürülməsi əsası ilə iş üzrə icraata xitam verilməsi ilə bağlı olduğunu bildirmiş, cavabdehin nümayəndəsi, üçüncü şəxsin nümayəndəsi və vəkilləri iddiaçının nümayəndəsinin təqdim etdiyi ərizənin təmin olunmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, nümayəndə müraciəti ilə faktiki olaraq iddiaçının iddianı geri götürmək niyyətini ifadə etmişdir. İddianın geri götürülməsi qanuna zidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddia tərəfi iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də, öz aktiv hərəkəti ilə iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini ifadə etmiş olur. Belə olan halda, məhkəmə iddiaçının iradəsinə uyğun olaraq iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə görə, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər; 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir; 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi nəzərdə tutulmasa da, iddianın geri götürülməsinin bu formada həyata keçirilməsi iddiaçının maraqlarının müdafiəsi baxımından normativ tənzimetmənin hüquqi məzmununa zidd deyildir. Belə ki, hər iki hal son nəticədə iddiaçının ərizəsinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini, işin nəticəsində hüquqi marağının olmadığını ifadə edir. Eyni mövqedən yanaşan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-21/2021 nömrəli inzibati iş üzrə 02.02.2021-ci il tarixli qərardadında göstərmişdir ki, “...Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir...”. Həmçinin məhkəmə bildirir ki, M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29.04.2014-cü il tarixli qərarına əsasən, “...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə dair” 8 iyul 2013cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...”. Sözügedən qərarın apellyasiya şikayətinə münasibətdə mövqeyinin ifadə olunduğu nəticə hissəsinə görə, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 55, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Zaqatala rayon Bəhmətli bələdiyyəsinə qarşı “Zaqatala rayonu Bəhmətli bələdiyyəsinin 10.06.2020-ci il tarixli 12 saylı iclasının “bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı 53,95 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılması” barədə və 12.06.2020-ci il tarixli 13 saylı iclasının “11.06.2020-ci il tarixli müsabiqənin nəticələrinə uyğun olaraq 53,95 ha torpaq sahəsinin icarəyə verilməsi barədə "xxxx" MMC ilə icarə müqaviləsinin bağlanması” barədə aktlarının ləğv edilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar