Məhkəmə qərarları › İş №2-1(116)-38/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-38/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-38/2024 23.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Ağdaş rayon İcra Hakimiyyəti Başçısının 05 yanvar 2006-cı il tarixli 01 saylı Sərəncamı əsasında Ağdaş şəhərində ona ayrılan və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən Dövlət Torpaq və Kadastr kitabında xx.xx.2011-ci ildə 3/384 nömrə ilə uçota alınıb A№327647 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” işlənən 999,2 kv.metr torpaq sahəsinin koordinatlarına və elektron baza məlumatlarına düzəliş edilməklə mövcud vəziyyətə uyğun olaraq mülkiyyət hüquqlarının Dövlət reyestrində qeydə alınaraq reyestrdən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon İcra Hakimiyyəti Başçısının 05 yanvar 2006-cı il tarixli 01 saylı Sərəncamı əsasında Ağdaş şəhərində ona ayrılan və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən Dövlət Torpaq və Kadastr kitabında xx.xx.2011-ci ildə 3/384 nömrə ilə uçota alınıb A№327647 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” işlənən 999,2 kv.metr torpaq sahəsinin koordinatlarına və elektron baza məlumatlarına düzəliş edilməklə mövcud vəziyyətə uyğun olaraq mülkiyyət hüquqlarının Dövlət reyestrində qeydə alınaraq reyestrdən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-38/2024 nömrəli qərardadı ilə Ağdaş rayon X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir İddia ərizəsinin əsaslarına görə iddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Ağdaş Rayonu İHB-nin 05 yanvar 2006-cı il tarixli 01 nömrəli Sərəncamı ilə mülkiyyətinə verilən 999.2 kv m torpaq sahəsinə çıxarış verilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Aparılan araşdırma nəticəsində, sözügedən torpaq sahəsinin elektron xəritə bazasında kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması müəyyən edilmişdir. Eyni zamanda əlavə olaraq bildiririk ki, torpaq sahəsinin cənub hissəsindən 18.0 metr məsafəsindən 220 kvt-luq yüksək gərginlikli hava elektrik xəttləri keçdiyi aşkarlanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən torpaq sahəsi ilə elektrik xətti arasında olan mühafizə zolağı müvafiq olaraq 25 metr təşkil edir. Qeyd olunanlara əsasən iddiaçının ərizəsinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. A seriyalı 327647 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı həyətyanı məqsədi ilə 999.2 kv. m torpaq sahəsi ayrılmış, X3 kitabında xx.xx.2011-ci il tarixli 3/384 nömrə ilə uçota alınmışdır.

3. Ağdaş rayon İH Başçısının xx.xx.2006-cı il tarixli 01 saylı sərəncamının surəti.

4. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 fililalının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Yerində baxış zamanı və "xxxx" ASC-nin “Mingəçevir REŞ" MMC-nin 13-9/118/01-09-99 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən torpaq sahəsi "xxxx" MMC-nin balansında olan, 1949-cu ildə istismara verilmiş və hal-hazırda gərginlik olmayan köhnə 220 kV-luq “ 1-ci Mingəçevir” HEVX-nin mühafizə zonasında yerləşir. Belə ki, həmin HEVX-dən torpaq sahəsinin cənub hüduduna qədər olan məsafə təqribən 18 metrdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq olunmuş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarf’nın 5-ci bəndinə əsasən, 220 kV-luq HEVX-nin mühafizə zonası hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən 25 metr məsafədə şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklindədir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-5169/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi .

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia mahiyyət etibarı ilə əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “X3, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən X3nın məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı istifadəsində olan 999,2 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, çıxarışın və plan-ölçü sənədinin verilməsinə nail olmaqdır. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, hüquqmüəyyənedici sənəd kimi Ağdaş rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında tərtib edilmiş A 327647 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi onun torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquq əsas kimi qəbul edilməli idi. A 327647 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində belə akt Ağdaş rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 01 saylı sərəncamına istinad edilmişdir. Məhkəmə araşdırması zamanı Ağdaş rayon İcra Hakimiyyəti Başçısının 05 yanvar 2006-cı il tarixli 01 saylı Sərəncamının arxiv nüsxəsi əldə edilmiş,həmin sərəncam əsasında torpaq sahəsinin ayrılması və ya şəxslərin mülkiyyətinə verilməsinin nəzərdə tutulmadığı müəyyən edilmişdir.Dİgər tərəfdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3- 35/2-5169/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin, həmçinin İddiaçı adına tərtib edilmiş A seriyalı 327647 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 999.2 kv. m torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı (kənd təsərrüfatına yararlı) torpaq sahəsi , uqodiyası təmiz örüş, mülkiyyətçisi Ağdaş rayonu, X2dir. Göründüyü kimi iddiaçı tərəfindən torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmiş,iddia olunan torpaq sahəsi isə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş uqodiyalı torpaq sahəsidir. Yəni istinad edilmiş sənədin əsas mahiyyəti – torpaq sahəsinin ölçüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. Həmin sənəd özü-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranamasını təsdiq edən sənəd hesab olunmadığından, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 187/2020 nömrəli qərarında əks olunmuş hüquqi mövqe). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar qeyd olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. İddia olunan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair iddiaçı tərəfindən yuxarıda qeyd olunan normativ hüquqi aktlarda qeyd olunan hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim olunmamış, məhkəmə araşdırması zamanı da belə bir sənəd aşkar olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi idarəsinə qarşı “Ağdaş rayon İcra Hakimiyyəti Başçısının 05 yanvar 2006-cı il tarixli 01 saylı Sərəncamı əsasında Ağdaş şəhərində ona ayrılan və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən Dövlət Torpaq və Kadastr kitabında xx.xx.2011-ci ildə 3/384 nömrə ilə uçota alınıb A№327647 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” işlənən 999,2 kv.metr torpaq sahəsinin koordinatlarına və elektron baza məlumatlarına düzəliş edilməklə mövcud vəziyyətə uyğun olaraq mülkiyyət hüquqlarının Dövlət reyestrində qeydə alınaraq reyestrdən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar