Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3816/2024 24.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Günel Soltan qızının sədrliyi, məhkəmə iclas katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə1, İddiaçı3 nümayəndəsi X1, İddiaçı2 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1, X3 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi və Ağsu rayonu Rəhimli bələdiyyəsinə qarşı «torpaq sahəsinin sənədləşdirilməsi və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İ. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddiaçılar İddiaçı1, X3 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi və Ağsu rayonu Rəhimli bələdiyyəsinə qarşı «torpaq sahəsinin sənədləşdirilməsi və reyestrdən çıxarışın verilməsi» barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İddia ərizəsinin məzmunundan görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçıların hüquqi marağı hər birinə 1.51 hektar olmaqla cəmi 4.53 hektar torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaqdır. İddia tələbində cavabdeh olaraq iki inzibati orqan göstərilmişdir: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi və Ağsu rayonu Rəhimli bələdiyyəsi. Ağsu rayonu Rəhimli bələdiyyəsinə qarşı iddiaçıların tələbi hər birinə 1.51 hektar olmaqla cəmi 4.53 hektar torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlıdır. Həmin tələbə münasibətdə məhkəmə qeyd edir ki, icraat materiallarına əlavə edilmiş Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, iddiaçı X4 cavabdehlər DTXK-nin Ağsu rayon şöbəsinə və Ağsu rayonu Rəhimli kənd Bələdiyyəsinə qarşı “pay torpağının Bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən ayrılıb verilməsinə, torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının bərpa edilərək torpağa mülkiyyət hüququna dair sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, İddiaçı2, X5 və X2 1997-ci ildə Ağsu rayonunun Şahbəyli kolxozunda torpaq islahatı aparılan verilməyən hər birinə 1,51 hektar olmaqla cəmi 4,53 hektar torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə verilmiş torpaqlardan ödənilməsinin təmin edilməsi və bu barədə sənədləşdirmə aparılması, qətnamənin icrasının Ağsu rayon İcra Qrupuna, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi Ağsu rayon şöbəsinə və Ağsu rayonu Rəhimli Bələdiyyəsinə həvalə edilməsi qət edilmişdir. Sözügedən qətnaməyə dair xx.xx.2011-ci ildə icra vərəqəsi verilmişdir lakin qətnamə icra edilməmişdir. Bələdiyyə tərəfindən sözügedən torpaq sahəsinin iddiaçılara ölçülüb verilməsi göstərilsə də, hansı torpaq sahəsinin hansı qaydada verilməsi icraat materialları ilə müəyyən olunmur. İddiaçıların hazırkı iddia tələbi ilə qaldırdığı məsələ məhz Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(016)-278/2011 saylı qətnaməsində nəzərə tutulmuş məsələnin icrası ilə bağlıdır. Odur ki, iddiaçılar, sözügedən qətnamənin icrasını tələb etmək əvəzinə eyni məzmunlu öhdəliyin inzibati məhkəmə icraatı qaydasında yenidən cavabdeh orqanın üzərinə qoyulmasını tələb edə bilməz. Başqa sözlə, iddiaçılar arzuladığı məqsədə Ağsu Rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli, 2(016)-278/2011 saylı qətnaməsi ilə artıq nail olmuşdur. Bu qətnamə ilə müəyyən edilmiş hüquqları tam icra edilmədiyi halda, iddiaçılar icra mexanizminin işə salınması və müvafiq qərarın tam icrasının təmin edilməsi üçün qəbul edilmiş qətnamə üzrə məhkəmə nəzarətini həyata keçirən aidiyyəti məhkəməyə (Ağsu Rayon Məhkəməsinə) müraciət etməli və müvafiq icra tədbirlərinin həyata keçirilməsinə nail olmalıdır. Ağsu Rayon Məhkəməsinin istinad olunan qətnaməsi cavabdeh orqanların hər birinin konkret öhdəliklərini müəyyən etmişdir. Hazırkı iddia tələbi isə əslində bu öhdəliklərin bir daha inzibati məhkəmə icraatı qaydasında təsbit edilməsini tələb edir ki, qeyd olunan yanaşma hüquqi sabitlik prinsipinə birbaşa ziddir. Məhkəmə hesab edir ki, qəbul edilmiş qətnamənin tam icra edilməməsi hallarında iddiaçının hüquqi müdafiə marağı, yenidən eyni tələbləri qaldırmaqla deyil, həmin qətnamənin icrasını tələb etməklə reallaşdırılmalıdır. Hazırkı iddia isə ilkin qətnamə ilə təmin olunmuş tələblərin təkrar qaldırılmasına xidmət edir. Yəni, iddiaçıların faktiki gözlədiyi hüquqi nəticə əvvəlki qətnamənin nəticəsinin təkrarlanmasıdır. Lakin hüquqi müdafiə marağı yalnız mövcud hüquqi zərurət şəraitində ortaya çıxır. Əgər həmin hüquq artıq təmin edilibsə, yenidən məhkəmə icraatı qaydasında eyni məqsədə nail olmaq hüquqi maraq hesab olunmur. İddia tələbinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı yönəlmiş “torpaq sahəsinin sənədləşdirilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, istinad olunan qətnamə ilə iddiaçıların arzuladığı torpaq sahəsinin ayrılması ilə, sənədləşdirmə aparılması (torpaq sahəsinin naturada yerinin müəyyən olunması) öhdəliyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi Ağsu rayon şöbəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin hüquqi varisi hazırki iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi olduğundan və Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(016)-278/2011 saylı qətnaməsi ilə hazırki iş üzrə iddiaçılara torpaq sahəsinin ayrılaraq sənədləşdirmə işlərinin aparılması Dövlət Torpaq və Xəritəçəkmə komitəsinə həvalə edildiyindən məhz həmin qətnamə icra edildikdən sonra iddiaçılar onlara məhkəmə qətnaməsinin icrası qaydasında ayrılmış torpaq sahəsi üzərində əmlak hüquqlarının dövlət qeydiyyatına alınması tələbi ilə hazırkı cavabdehə, müraciətləri təmin edilmədikdə isə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Yəni, hazırkı mərhələdə cavabdehin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı vəzifəsi Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin hüquqi varisi kimi Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(016)-278/2011 saylı qətnaməsindən irəli gəlir. Beləliklə istinad olunan qətnamənin müvafiq sənədləşmə işlərinin aparılması ilə bağlı hissəsi də, cavabdeh orqan tərəfindən icra olunmadığından, bütövlükdə ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məhz Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(016)-278/2011 saylı qətnaməsinin icrasından asılı olduğundan hazırkı mərhələdə iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün deyildir. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. İİ. İddianın mümkünlüyü Qaldırılmış iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi xx.xx.2024-cü il tarixli inzibati işin məhkəmə iclasında iddiaçıların nümayəndələrinə izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir İddia tələbi mümkünsüz olduğundan məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsini zəruri hesab etmir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, X3 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi və Ağsu rayonu Rəhimli bələdiyyəsinə qarşı «torpaq sahəsinin sənədləşdirilməsi və reyestrdən çıxarışın verilməsi» barədə iddia tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. X12 Əsədova.
Məhkəmə qərarları › İş №2-1(116)-3816/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3816/2024
24.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver