Məhkəmə qərarları › İş №2-1(116)-382/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-382/2025

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-382/2025 25.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçı X1, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Zaqatala rayonu Muxax kəndində yerləşən iddiaçıya məxsus ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0.1758 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Muxax kəndində yerləşən iddiaçıya məxsus ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0.1758 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh 18 saylı Zaqatala ərazi idarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Zaqatala rayon Muxax kəndində yerləşən 0.1758 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Həmin torpaq sahəsinə iddiaçı tərəfindən çıxarış alınmışdır. İddiaçı bildirir ki, ailə üzvlərilə birlikdə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. Həmin evdə müəyyən müddət ərzində ona məxsus evdə kirayəçi kimi başqa şəxslər də yaşamışdır. Zaqatala rayonunda 2012-ci ildə baş vermiş zəlzələ zamanı qeyd olunan fərdi yaşayış evi yararsız hala düşmüş və ölkə Prezidentinin tapşırığı ilə qəzalı vəziyyətə düşmüş evinin yerində Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni yaşayış evi tikilmişdir. FHN tərəfindən tikilmiş evlərə baxış keçirilən zaman həmin evdə kirayəçi kimi yaşayan şəxslərə görə siyahıya səhvən adı daxil edilmişdir. Həmin torpaq sahəsi üzərində FHN tərəfindən inşa edilmiş yeni fərdi yaşayış evinin tikintisi başa çatdıqdan sonra mən fərdi yaşayış evinə çıxarış alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir.Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-71-3-418-2-0001-181/2024 saylı imtina məktubu vermişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2022-ci il tarixli, 1656 nömrəli Fərmanı ilə müəyyən edilmiş tələblərə əsasən Müəyyən edilmişdir ki, Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilmiş (ərazi idarəsinin xidməti istifadəsində olan) siyahılarda iddiaçının adı aşkar edilməmişdir. Bu səbəbdən də onun ərizəsinin icrası tərəfimizdən mümkün olmamış və iddiaçıya bildirilmişdir ki, ünvan 1i ünvanında yerləşən 0,1758 ha torpaq sahəsində dövlət vəsaiti hesabına inşa edilmiş fərdi yaşayış evinin ona məxsus olması ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq məlumat (siyahı) təqdim edildikdən sonra yenidən müraciət etdiyi təqdirdə məsələyə baxılacaqdır.Bu barədə iddiaçıya xx.xx.2024-cü il tarixli, 3-21-3-4712-1-00xx-xx/2024 (**********24) nömrəli məktub ünvanlanmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı və onun vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məslələri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinin 3-21-3-47/2-L-0001-8/2024 nömrəli xx.xx.2024-cü il tarixli imtina məktubu;

2. Azərbaycan Respublikası Zaqatala rayon Hakimiyyəti başçısının xx.xx.2022ci il tarixli 9/1418 nömrəli sorğu və ona əlavə olunan sənədlər;

3. Azərbaycan Respublikası Zaqatala rayon Dövlət arxivinin xx.xx.2024-cü il tarixli 3-48-47RA/2-25/2024 tarixli məktubu və ona əlavə olunan sənədlər;

4. Azərbaycan Respublikası Zaqatala rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubu;

5. Zaqatala rayonu Muxax kəndində yerləşən iddiaçıya məxsus 0.1758 ha həyətyanı torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarış;

6. Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məslələri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin çıxarışı və ona əlavə olunan sənədlər;

7. xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın ******* nömrəli Alqı-satqı müqaviləsi;

8. Cavabdehin xx.xx.2024-cü il tarixli tarixli etirazı və ona əlavə olunan sənədlər;

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Zaqatala rayonu Muxax kəndində yerləşən iddiaçıya məxsus 0.1758 ha həyətyanı torpaq sahəsinə dair X2 adına ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. X4 ilə X2 arasında xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın ******* nömrəli alqısatqı müqaviləsi bağlanaraq torpaq sahəsi birinciyə satılmışdır.Həmin evin yerləşdiyi torpaq sahəsi xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi ilə iddiaçıya bağışlanmış və 0.1758 ha həyətyanı torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarış verilmişdir. İddiaçının hüquqi marağı Zaqatala rayonu Muxax kəndində yerləşən iddiaçıya məxsus 0.1758 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə iddianı əsaslı hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar;[11] 2.3. 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar; 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); İş materialları ilə müəyyən olunur ki, iddia olunan torpaq sahəsi iddiaçıya bağışlama qaydasına ötürülmüş, orada ona məxsus fərdi yaşayış evi olmuşdur. Həmin fərdi yaşayış evi Zaqatala rayonunda 2012-ci ildə baş vermiş zəlzələ zamanı yararsız hala düşmüş və qəzalı vəziyyətə düşmüş evinin yerində Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni yaşayış evi tikilmişdir.Hər bir halda iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yerində inşa olunan yeni evin mülkiyyıətçisi iddiaçıdır. Qeyd olunanlara əsasən iddia təmin edilməli, ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Zaqatala rayonu Muxax kəndində yerləşən iddiaçıya məxsus 0.1758 ha həyətyanı torpaq sahəsində dair inşa edilən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 üzərinə ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Zaqatala rayonu Muxax kəndində yerləşən iddiaçıya məxsus 0.1758 ha həyətyanı torpaq sahəsində FHN-nin tərəfindən inşa edilən fərdi yaşayış evi üzərində X1 mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq Çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar