Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-383/2021 17.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Cavabdehin nümayəndəsi və vəkili X4, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı prosessual hüquq varisləri X5 və Cəfərova (Səmədova) Arzu Yusif qızının cavabdeh Yevlax rayonu Cırdaxan Bələdiyəsinə qarşı (üçüncü şəxs: 11 saylı Ərazi Vergilər Baş İdarəsi) “Yevlax rayonu, Cırdaxan bələdiyyəsinin 28 fevral 2020-ci il tarixli, 07 saylı qərarının ləğv edilməsi” tələbi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Yevlax rayonu Cırdaxan Bələdiyəsinə qarşı (üçüncü şəxs: 11 saylı Ərazi Vergilər Baş İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Yevlax rayonu, Cırdaxan bələdiyyəsinin 28 fevral 2020-ci il tarixli, 07 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə 16.11.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Yevlax rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövr ərzində iddiaçı vergi borclarını vaxtlı-vaxtında ödəmişdir. Lakin 11 saylı Ərazi Vergilər Departamentinin 03.07.2018-ci il tarixli **********155318 saylı qərarına əsasən 11 saylı Ərazi Vergilər Departamentinin kiçik sahibkarlıqla iş idarəsinin Vergi qanunverciliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi 2-ci dərəcəli müfəttiş X6 tərəfindən vergilər və digər icbari ödənişlərə dair qanunverciliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Aparılan yoxlama nəticəsində 31.07.2018-ci il tarixli, **********6155990 nömrəli səyyar vergi yoxlaması barədə akt tərtib edilmiş, həmin yoxlama ilə iddiaçının istehsal etdiyi tikinti qumunun həcmi "xxxx" MMC Konsaltinq və Qiymətləndirilməsi Şirkətinin 17.07.2018-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla hesablama aparılmış və iddiaçıya 147031,00 manat dəyərində mədən vergisi borcu yazılmışdır. İddiaçı bu borc və bələdiyyə qərarı barədə bu yaxınlarda məhkəmə icraçısı vasitəsilə xəbər tutmuşdur. Vergi orqanının aktı və "xxxx" MMC Konsaltinq və Qiymətləndirilməsi Şirkətinin 17.07.2018-ci il tarixli mütəxəssis rəyi ilə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsi tərəfindən 23.08.2019-cu il tarixli, 1-132 saylı məktubla icra üçün Yevlax rayonu Cırdaxan Bələdiyyəsinə göndərilmişdir. Cavabdeh 28 fevral 2020-ci il tarixli 07 saylı qərarla iddiaçıya 147031,00 manat dəyərində mədən vergisi tutulması barədə qərar qəbul etmişdir. Cavabdeh orqan Yevlax rayonu Cırdaxan bələdiyyəsi iddiaçıya ünvanladığı 12.11.2020-ci il tarixli, 23 nömrəli məktubunda qeyd etmişdir ki, iddiaçı vergi ödəyicisi olaraq Azərbaycan Respublikasının "Mədən vergisi haqqında" Qanununun 4-cü və 5-ci maddələrinin tələblərini kobud surətdə pozaraq istehsalat fəaliyyətindən asılı olaraq mədən vergisinin hesablanması qaydalarını və ödənilmə müddətini kobud surətdə pozmaqla vergidən yayınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 217.2-ci maddəsinə əsasən iddiaçının fəaliyyət göstərdiyi dövrdə faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq mədən vergisi ödənilməli və həmin Məcəllənin 217.3. maddəsinə əsasən bu barədə Cırdaxan Bələdiyyəsinə aylıq hesabat verməlidir. Lakin iddiaçı mədən vergisinin hesablanması, ödənilməsi və hesabatının verilməsi qaydalarını kobud surətdə pozmaqla qanunla müəyyən edilmiş hüquqi nəticələr yaradan inzibati xətanı törətmişdir. İddiaçı müvafiq iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan 08.09.2020-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Bu teleqramı nəzərə alan Şəki İnzibati Məhkəməsinin (hakim Cabbarov İlqar Hidayət oğlu) 08.09.2020ci il tarixli, 2-1(116)-919/2020 saylı qərardadı ilə iddiaçının iddia ərizəsi geri götürülmüş sayılmaqla iş üzrə icraata xitam verilmişdir. Ona görə də Cırdaxan Bələdiyyəsi olaraq mədən vergisinin ödənilməsi üzrə məcburi icra tədbirlərinin davam etdirilməsi üçün Yevlax rayon İcra və Probasiya şöbəsinə rəsmi qaydada müraciət edəcəyik. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və 02.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş vəsatətdən, həmçinin 170893 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən edilmişdir ki, İddiaçı 28.01.2021-ci il tarixdə vəfat etmişdir. Bununla bağlı məhkəmə tərəfindən müvafiq sorğular ünvanlanmış və X5 və Cəfərova (Səmədova) Arzu Yusif qızı İddiaçı prosessual hüquq varisləri olaraq müəyyən edilmiş və bu barədə məhkəmənin 14.06.2021-ci il tarixli, 2-1(116)-383/2021 nömrəli qərardadı qəbul edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı prosessual hüquq varisi X5 məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. İddiaçı digər prosessual hüquq varisi Cəfərova (Səmədova) Arzu Yusif qızına ünvanlanan poçt bildirişi “Bakı şəhərinə köçüb, bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iddiaçının prosessual hüquq varislərinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarında olan 2-1(116)-919/2020 nömrəli işdən görünür ki, İddiaçı cavabdeh Yevlax rayon Cırdaxan bələdiyyəsinə qarşı hazırkı iddia tələbi ilə 18.03.2020-ci il tarixdə məhkəmədə iddia qaldırmış, lakin sonradan iddiaçı özü məhkəməyə 08.09.2020ci il tarixdə AZ6600/********** nömrəli teleqram ünvanlayaraq əlavə sübutların toplanması və iddia tələbində dəqiqləşdirmə edilməsi ilə bağlı iddia tələbinə baxılmasını istəməmiş və iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 08.09.2020-ci il tarixli, 2-1(116)-919/2020 nömrəli qərardadı ilə iddia tələbi geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi iddiaçı ən azından məhkəməyə birinci dəfə müraciət etdiyi 18.03.2020-ci il tarixindən mübahisələndirilən qərardan məlumatlı olmuş, 08.09.2020-ci il tarixli, 2-1(116)-919/2020 nömrəli məhkəmə qərardadını almış, ondan şikayət verməmişdir. İddiaçı tərəfindən ilk dəfə verdiyi iddia ərizəsi geri götürülərək müvafiq məhkəmə qərardadının qəbul edilməsi ona münasibətdə iddia qaldırmaq müddətinin axımını dayandırmamışdır. İddiaçı yenidən 16.11.2020-ci il tarixində məhkəməyə iddia ərizəsi verməklə qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmüş, müddətin üzürlü səbəbdən buraxılmasına dair sübut təqdim etməmişdir. Ümumiyyətlə onun tərəfindən ilk dəfə iddia veriləndə iddia müddəti ötürülmədiyi üçün və onun öz iradəsinə uyğun olaraq ərizəsini geri götürməsi və bundan təqribən 2 ay sonra yenidən məhkəmədə iddia qaldırması onun hər hansı üzürlü səbəbinin olmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı prosessual hüquq varisləri X5 və Cəfərova (Səmədova) Arzu Yusif qızının cavabdeh Yevlax rayonu Cırdaxan Bələdiyəsinə qarşı (üçüncü şəxs: 11 saylı Ərazi Vergilər Baş İdarəsi) “Yevlax rayonu, Cırdaxan bələdiyyəsinin 28 fevral 2020-ci il tarixli, 07 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-383/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-383/2021
17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver