Məhkəmə qərarları › İş №2-1(116)-383/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-383/2024

12.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-383/2024 12.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı “ödənilməmiş əkin subsidiyasının Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçılar cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ödənilməmiş əkin subsidiyasının Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddiaçılara xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, iddia tələbində ödənilməmiş əkin subsidiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmasını xahiş etmələrinə baxmayaraq, ərizə ilə hazırkı tələblə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmiş, müraciətlər Nazirliyin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubları ilə cavablandırılmışdır. Həmin cavablar isə imtina məzmunlu olmamaqla məlumat xarakterlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq iddiaçıların nəzərinə çatdırılmışdır ki, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl eyni məzmunlu tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. İş materiallarına əsasən hazırkı tələblə iddia ərizəsində cavabdeh qismində qeyd olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edilməsi və ya Agentliyin onların müraciətinə münasibəti müəyyən olunmur. Odur ki, iddiaçılara Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ərizə ilə müraciət etmələrini təsdiq edən poçt qəbzini, müraciətin təmin olunmasından imtina edilmişdirsə, müvafiq imtina məktubunun əslinin Şəki İnzibati Məhkəməsinə təqdim etmək təklif olunmuşdur. Məhkəmə zəruri qaydada tələb etmişdir ki, hazırkı iddia ərizəsi üzrə iddianın mümkünlük şərtlərinə cavab verməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin imtina məktubu iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2023-cü il tarixindən əvvələ aid olmalıdır. Qeyd olunan nöqsanların aradan qaldırılması və yuxarıda göstərilənlərə yazılı münasibət bildirmələri üçün iddiaçılara vaxt təyin edilmişdir. İddiaçılar məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini qeyd etmiş, “ödənilməmiş əkin subsidiyasının Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq hesablanaraq ödənilməsinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2471/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2471/2023 nömrəli qərardadı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər münasibət bildirilməsi üçün cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə göndərilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-22/2-97/2024 nömrəli “Məhkəmə sənədlərinə münasibət bildirilməsi barədə” məktubunda qeyd etmişdir ki, maraqlı şəxslər İddiaçı2 və İddiaçı1 torpaqların aqrokimyəvi analizi və əkin subsidiyasının ödənilməsinə dair Kənd Təsərrüfatı Nazirliyinə ünvanladıqları müraciətlərə Nazirliyin 2023-cü il 25 may tarixli 3- 22/2-M- 21xx-xx-2136/2023 nömrəli və 2023-cü il 26 may tarixli 3-22/2-M-21xx-xx- 2175/2023 nömrəli məktubları ilə cavab verilmiş və onlara bu Fərmanla təsdiq edilmiş Qaydaya uyğun olaraq torpaq sahələrinin aqrokimyəvi analizi verildikdən sonra istifadələrində olan torpaqlarda həyata keçirilmiş əkinə görə subsidiyanın verilməsi məsələsinə baxılacağı bildirilmişdir. Məhz Nazirliyin müvafiq cavab məktubları sözügedən maraqlı şəxsləri hüquqdan məhrum edən və ya onların hüququnu məhdudlaşdıran, yaxud onların üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan hər hansı əlverişsiz akt olmadığından və məlumat xarakterli olduğundan məhkəmədə mübahisələndirilə bilməz. Əlavə olaraq bildirilmışdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi bu Əsasnaməyə uyğun olaraq kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin, təminatların verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanıdır. Qeyd edilənləri nəzərə alaraq maraqlı şəxslərin müraciətlərində qaldırılan məsələlərlə bağlı müvafiq inzibati aktın qəbul edilməsi qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş Agentliyin səlahiyyətləri çərçivəsində həll edilə bilər. İddiaçılara yenidən xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl eyni məzmunlu tələblə inzibati orqana (cavabdehə) ərizə ilə müraciət edilməsi və cavabdeh tərəfindən müraciətin təmin olunmasından imtina edilməsi, yaxud hərəkətsizlik nümayiş etdirilməsidir. Eyni zamanda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bildirilmişdir ki, sözügedən məsələnin həlli Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyətləri çərçivəsində həll edilir. Odur ki, iddiaçılara cavabdehi dəqiqləşdirmək və Agentliyə müraciət etdiklərini təsdiq edən sənədləri məhkəməyə təqdim etmək təklif olunmuşdur. Lakin iş materiallarına iddiaçıların hazırkı tələblə Agentliyə müraciət etməsini təsdiq edən sənəd əlavə edilmədiyindən, daha əvvəl də onlara məhkəmə tərəfindən hüquqi yardım məktubu ünvanlanmış, iddiaçılar tərəfindən sözügedən müraciətləri təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmiş, əvəzində cavabdeh dəyişdirilməklə dəqiqləşdirilmiş iddia ərizəsi məhkəməyə təqdim olunmuşdur. Hüquqi yardım məktubunda iddiaçıların nəzərinə çatdırılmışdır ki, dəqiqləşdirmə aparılsa belə imtina təqdim edilməyəcəyi təqdirdə iddianın xüsusi mümkünlük şərtinə əməl edilməməsi müəyyən olunacaqdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubunda iddiaçılara yuxarıda göstərilənlərə münasibət bildirmələri və iddia tələbinin dəqiqləşdiriləcəyi halda müvafiq imtina məktubunun əslinin Şəki İnzibati Məhkəməsinə təqdim etmək təklif olunmuşdur. Məhkəmə zəruri qaydada tələb etmişdir ki, hazırkı iddia ərizəsi üzrə iddianın mümkünlük şərtlərinə cavab verməsi üçün imtina məktubu iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2023-cü il tarixindən əvvələ aid olmalıdır. İddiaçılar xx.xx.2024-cü il tarixdə məhkəməyə iddianın geri götürülməsi barədə ərizə ilə müraciət edərək, bildirmişlər ki, prosessual qaydaları bilmədiklərinə görə iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənədlər əlavə etməmişlər. Bu səbəblə iddiaçılar ərizədə iddia ərizəsini geri götürdüklərini qeyd etmiş və bununla bağlı qərar qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iddiaçıların ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, onlar hazırkı müraciəti ilə faktiki olaraq iddianı geri götürmək niyyətini ifadə etmişlər. İddianın geri götürülməsi qanuna zidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə ünvanlanan ərizədəngörünür ki, iddiaçılar iddia tələbinə baxılmasını arzu etmirlər. Məhkəmə qeyd edir ki, iddiaçı öz iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də, öz aktiv hərəkəti ilə iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini ifadə etmiş olur. Belə olan halda, məhkəmə iddiaçının iradəsinə uyğun olaraq iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”): 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi nəzərdə tutulmasa da, iddianın geri götürülməsinin bu formada həyata keçirilməsi iddiaçının maraqlarının müdafiəsi baxımından normativ tənzimetmənin hüquqi məzmununa zidd deyildir. Belə ki, hər iki hal son nəticədə iddiaçının ərizəsinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini, işin nəticəsində hüquqi marağının olmadığını ifadə edir. Eyni mövqedən yanaşan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-21/2021 nömrəli inzibati iş üzrə xx.xx.2021-ci il tarixli qərardadında göstərmişdir ki, “...Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir...”. Həmçinin məhkəmə bildirir ki, M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, “...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...”. Sözügedən qərarın apellyasiya şikayətinə münasibətdə mövqeyinin ifadə olunduğu nəticə hissəsinə görə, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İddiaçılara izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 16.3, 55, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın geri götürülməsi barədə ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı “ödənilməmiş əkin subsidiyasının Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar