Məhkəmə qərarları › İş №2-1(116)-384/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-384/2021

19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-384/2021 19.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh rəisi polis polkovniki Nadir Məmmədov tərəfindən verilmiş, onun X2 xaric edilməsi barədə 20 oktyabr 2020-ci il tarixli, Ə117 ş/h- 144-20 nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh rəisi polis polkovniki Nadir Məmmədov tərəfindən verilmiş, onun X2 xaric edilməsi barədə 20 oktyabr 2020-ci il tarixli, Ə117 ş/h-144-20 nömrəli əmrinin ləğv edilməsi" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 16.11.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 28.08.2011-ci il tarixdə Cavabdeh post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsinə işə qəbul edilmişdir. Avqust 2019-cu il tarixdə öz ərizəsi əsasında həmin polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə polis nəfəri vəzifəsinə keçirilmişdir. İddiaçı hazırkı vəzifəyə keçirildikdən bir müddət sonra tabeliyində olduğu İTB-nin rəisi Hümbətəliyev Nicat tərəfindən təqib olunmağa başlanılmışdır. Son vaxtlar pandemiya dövrü olduğu üçün H.Nicat iddiaçıdan tələb etməyə başlamış ki, hər gün olmaqla tibbi maskadan istifadə etməyən ən azı 5 obyektin şəklini çəkərək ona gətirməlidir. Bir neçə gündən sonra iddiaçı N.Hümbətəliyevə bildirmiş ki, xidmət göstərdiyi ərazidə tibbi maskadan istifadə etməyən obyektlər aşkar etməmişdir. Obyektlərə daxil olan zaman vətəndaşlar lazımi qaydada tibbi maskadan istifadə edirlər. Oktyabr ayının 17-si günü səhər təlimatından sonra rəis Nicat Hümbətəliyev iddiaçını kobud qaydada təhqir edərək “mənə dəxli yoxdur, necə edirsən et, tibbi maskadan istifadə etməyən obyektlər aşkarlamalı və şəklini çəkib mənə gətirməlisən" demişdir (Qeyd: N.Hümbətəliyev tibbi maskadan istifadə etməyən obyektlərin şəklini aldıqdan sonra, həmin obyektlərin sahibi ilə iddiaçıya məlum olmayan söhbətlər aparırdı. İddiaçı güman edir ki, onları qanunda nəzərdə tutulmayan qaydada cəzalandırırdı). Həmin vaxt iddiaçı rəisin İİİ müavini polis mayoru Elvin Rizvanova yaxınlaşaraq bildirmiş ki, N.Hümbətəliyev onu təhdid və təqib edir, tez-tez təhqir edir, xidməti vəzifəsini normal həyata keçirməyə imkan vermir. Daha sonra iddiaçı səhər yeməyi üçün şöbənin kafesinə getmişdir. Yeməyə başlayan zaman Polis baş leytenantı Əmircanov Kazım iddiaçının mobil nömrəsinə zəng vuraraq bildirmiş ki, N.Hümbətəliyev onu yanına çağırır. İddiaçı yeməyini yeyib tez gələcəyini bildirmişdir. 1-2 dəqiqə keçməmiş Ə.Kazım kafeyə gələrək yeməyi buraxıb H.Nicatın yanına getməli olduğunu iddiaçıya bildirmişdir. İddiaçı dərhal N.Hümbətəliyevin yanında getmişdir. N.Hümbətəliyev iddiaçının üstünə qışqıraraq, guya gec gəldiyini bildirərək, iddiaçının üstünə yeriyib onu vurmaq istəmişdir. Bu zaman sahə rəisi polis kapitanı Xalis Kərimov onu tutaraq saxlamışdır. N.Hümbətəliyev nalayiq söyüşlərlə iddiaçını söyməyə, onun şərəf və ləyaqətini alçaltmağa başlamışdır. İddiaçı da öz növbəsində bir cəsur və qorxmaz, öz şərəf və ləqaqətinə lazımı qiymət verən polis əməkdaşı olaraq qarşılığında N.Hümbətəliyevi söymüşdür. Bundan sonra N.Hümbətəliyev dərhal rəisin yanına gedərək baş verənləri təhrif etməklə yalandan iddiaçını günahlandıraraq məruzə etmişdir. Təqribən beş dəqiqə sonra rəis iddiaçını çağıraraq bildirmiş ki, o, təlimat zamanı şəxsi heyətin önündə N.Hümbətəliyevdən üzr istəməli, bildirməlidir ki, çox böyük səhv etmiş, həm də könüllü işdən çıxması barədə ərizə yazmasını istəmişdir. Əks təqdirdə iddiaçını maddə ilə işdən azad edəcəyini İddiaçı bildirmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, özünün polis əməkdaşı qürurunu, şərəf və ləyaqətini alçaltmadığına, bu tələbdən imtina etdiyinə görə işdən azad edilməsi barədə yuxarıda göstərdiyi əmr verilmişdir. İddiaçı hesab edir ki, əmr qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və o, əvvəlki işinə bərpa edilməlidir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 15.12.2020-ci il tarixli məktubda qeyd edilir ki, İddiaçı X2 xaric edilməsi barədə Qəbələ RPŞ-in 20.10.2020-ci il tarixli Ə117ş/h144-20 nömrəli əmrinin əsassız və qanunsuz olması, həmin əmrin ləğv edilməsi və xidmətə bərpa olması barədə tələbi əsassızdır. Belə ki, Cavabdeh ictimai təhlükəsizlik bölməsinin sabiq sahə polis nəfəri polis serjantı İddiaçı İTB-nin əməkdaşları tərəfindən 07.07.2020-ci il tarixdə rayon ərazisində xüsusi karantin rejimi qaydalarına riayət edilməsinin yoxlanılması məqsədilə keçirilən reydlərdə xidmətdən yayınmış, 08.07.2020-ci il tarixdə bölmə rəisi polis kapitanı Nicat Hümbətalıyev tərəfindən tutulan iradı səmimi qəbul etməmiş və sonuncunu DİN-in rəhbərliyinə şikayət etməklə hədələyərək qapını çırparaq otağı tərk etmiş, faktla bağlı xidməti yoxlama aparılmış və İddiaçı DİN-in “X5”nin 9, 11 və 14-cü maddələrinin tələblərini pozduğu üçün barəsində toplanmış material kollektiv təsir imkanlarından istifadə edilməsi məqsədilə şöbənin sıravi və kiçik rəis heyəti yığıncağına verilmişdir. Yığıncaqda İddiaçı intizam məsuliyyətinə cəlb olunması barədə qərar qəbul olunmuş və qərar şöbə rəhbərliyi tərəfindən qüvvədə saxlanılaraq 11.08.2020-ci il tarixli Ə197-144-20 nömrəli əmrlə “Töhmət” intizam tənbehi elan edilmişdir. Sabiq sahə polis nəfəri polis serjantı İddiaçı DİN-in 18.08.2014-cü il tarixli G53-001- 14 nömrəli göstərişin tələblərini pozaraq etibarnamə olmadan idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətdiyi üçün barəsində xidməti yoxlama aparılmış, polis serjantı İddiaçı qüvvədə olan intizam tənbehi nəzərə alınaraq kifayətlənilmişdir. İddiaçı intizamsızlığını davam etdirərək 17.10.2020-ci il tarixdə İTB-nin əməkdaşlarının iştirakı ilə keçirilən təlimata dəvət edilmiş, sonuncuya xidməti ərazidə tibbi maska və gigiyenik qaydalara riayət etməyən obyeklərin və şəxslərin aşkar edilməsi sahəsində fəaliyyətinin zəif olması barədə bölmə rəisi polis kapitanı N.Hümbətalıyev irad tutmuş, lakin polis serjantı İddiaçı iradı səmimi qəbul etməyərək bölmə rəisini şərəf və ləyaqətini alçaldacaq şəkildə təhqir etmiş, İddiaçı daha sonra dəhlizdə intizamsız hərəkətlərini davam etmişdir. Faktla bağlı Qəbələ RPŞ-də xidməti yoxlama aparılmış, təlimatda iştirak edən polis sahə rəisləri və YYÇPİTQ-nin inspektorlarının, polis kapitanı N.Hümbətalıyevin, İddiaçı izahatları alınmış, digər müvafiq sənədlər toplanmış və araşdırmanın nəticələrinə dair rəy tərtib edilmişdir. Polis serjantı İddiaçı xidmətində mənfi xarakterizə olunduğuna, rütbəcə və vəzifəcə özündən böyük olan rəisin iradlarını səmimi qəbul etmədiyinə, ona tutulan iradlara dözümsüzlük göstərərək polis sahə rəislərinin qarşısında bölmə rəisini şərəf və ləyaqətini alçaldacaq şəkildə təhqir etdiyinə, 24.09.2020ci tarixdə üzürsüz səbəbdən xidmətdən yayındığına, il ərzində xidməti intizamı kobuncasına təkrar pozduğuna, qüvvədə olan “Töhmət” intizam tənbehindən nəticə çıxartmadığına və bununla “X5”nin 1,9 və 14 maddələrinin, “İntizam Nizamnaməsi”nin 2.3, 3.8 və 53-cü bəndlərinin tələblərini pozduğuna görə Qəbələ RPŞ-nin 116ş/h-144-20 nömrəli əmri ilə DİO-da “xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9cu və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Qəbələ RPŞ-də aparılan araşdırma zamanı İddiaçı xidmətdə təqib olunması xüsusatları öz təsdiqini tapmamışdır. İddiaçı Qəbələ RPŞ-də xidmətdən əsassız olaraq xaric edilməsi barədə DİN-in rəhbərliyinə ünvanladığı müraciət əsasında DİN-in Daxili Təhqiqatlar İdarəsində xidməti araşdırma aparılmış və Qəbələ RPŞ-in intizam əmri qüvvədə saxlanılmışdır. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh orqan İddiaçı Cavabdehnə qarşı tələbi əsassız olduğu üçün iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş araşdırma materiallarına dair etiraz məktubu ünvanlamış və məktub məhkəməyə 08.04.2021-ci il tarixdə daxil olmuşdur. Məktubda qeyd edilir ki, İddiaçı X2 xaric edilməsi haqqında Ə116 ş/h-144-20 nömrəli 18.10.2020-ci il tarixli Əmrdən və əmrin qəbul edilməsinə əsas olmuş araşdırma materialları əsasında çıxarılmış Rəydən görünür ki, İddiaçı X2 xaric edilməsi üçün aşağıdakı 4 fakt əsas götürülmüşdür:

1. İddiaçı koronavirusla bağlı 5 nəfər maskasız şəxsin 16.10.2020-ci il tarixdə aşkar olunması və şəklinin çəkilərək gətirilməsi barədə Hümbətəliyev Nicat tərəfindən tapşırıq verilmişdir. İddiaçı verilmiş tapşırığı yerinə yetirimədiyinə görə 17.10.2020-ci il tarixdə saat 09:30 radələrində N.Hümbətəliyev İddiaçı otağına dəvət etmiş, sonuncu bu zaman yeməkxanada səhər yeməyində olduğundan dərhal gəlməmiş, N.Hümbətəliyev onun arxasınca adam göndərmiş, bundan sonra 5 dəqiqə gecikməklə İddiaçı gəlmiş, N.Hümbətəliyev bunu tabesizlik kimi qəbul etmiş, əsəbləşmiş və nə üçün dünənki tapşırığın, yəni 5 nəfər maskasız şəxsin aşkar edilərək şəklini çəkib gətirmədiyini İddiaçı irad tutmuş, xidməti fəaliyyətinə məsuliyyətsiz yanaşdığını, funksional vəzifələrinin öhdəsindən layiqincə gəlmədiyini, vətəndaşlarla davranışda kobudluğa yol verdiyini göstərmişdir. İddiaçı bu iradları qəbul etməmişdir. Qeyd olunan Rəydə İddiaçı sözlərindən yazılmışdır ki, N.Hümbətəliyev ilk olaraq onu vurmaq üçün üstünə hücum çəkmiş, orada olan sahə rəisləri isə onu saxlayaraq vurmağa mane olmuşlar, nalayiq sözlərlə onu təhqir etmişdir. İddiaçı qarşılıqlı olaraq N.Hümbətəliyevə söyüş söymüşdür. Ə116 ş/h -144-20 saylı 18.10.2020-ci il tarixli əmrdən görünür ki, bu fakt əvvəlki 3 faktı da nəzərə almaqla İddiaçı X2 xaric edilməsi üçün əsas olmuşdur. Beləliklə, iddiaçının vəkili əmrin qanunsuz və əsassız olması ilə bağlı aşağıdakıları qeyd edir: Əvvəla N.Hümbətəliyevin 5 nəfər maskasız şəxsin aşkar edilməsi və özünün telefonu ilə onların şəklini çəkərək N.Hümbətəliyevə gətirməsi barədə tapşırığı qanunsuz olmuşdur. Belə ki: - Polis nəfərinə inzibati xəta hallarının sayının aşkarlanması barədə plan qoyulması qanunvericiliklə nəzərdə tutulmamışdır. Əgər ərazidə maskasız şəxs aşkarlanmırsa, habelə xüsusi reyd zamanı da aşkarlanmamışdırsa, bu müsbət hal kimi hesab edilməlidir. Əgər xüsusi reyd zamanı çoxsaylı maskasız şəxslər aşkarlanarsa, bu halda polis nəfərinin öz ərazisində profilaktika işlərinin zəif aparılması barədə nəticəyə gəlmək olar. - İddiaçı xidmət göstərdiyi 7 saylı ərazidə müxtəlif vaxtlarda keçirilmiş reydlər zamanı da maskasız şəxslərin aşkarlanması faktını cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. - Polis nəfərinə inzibati xəta faktının aşkarlanaraq özünə məxsus telefon vasitəsi ilə şəklinin çəkib gətirilməsi tapşırığının verilməsi İXM-nin 99.1.1-ci maddəsinin (inzibati xətanın səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi), İXM-nin 100.1.8-ci maddəsinin (inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunan xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer ,ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt ( bunu edilən sənədlərin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar), İXM-nin 101.1-ci maddəsinin (inzibati xəta törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir) tələblərinə ziddir. Ona görə də görünən odur ki, N.Hümbətəliyevin özünün hərəkətlərində qanunauyğunsuzluq vardır. N.Hümbətəliyev tabeliyində olan İddiaçı qanunsuz hərəkətlər etməyə sövq etməyə çalışmış, qanunsuz tapşırıq vermiş, daha sonra isə onu təqib edərək barəsində polis şöbəsinin rəisinə raport yazaraq düzgün olmayan məlumatlar vermişdir. Bundan başqa, araşdırmanın nəticələri barədə rəydən görünür ki, ilkin olaraq N.Hümbətəliyev İddiaçı nalayiq sözlər demiş, vurmaq üçün onun üstünə yerimiş, hətta heç bir fövqəladə hal olmadığı halda, 17.10.2020-ci il tarixdə səhər yeməyini yeməyə belə İddiaçı şərait yaratmamışdır. Onun tabeliyində olan polis nəfərinə qarşı bu kimi qanunsuz, qeyri-obyektiv və ədalətsiz hərəkətləri İddiaçı pis təsir etmişdir. Bu səbəbdən də İddiaçı N.Hümbətəliyevin tələblərini qeyri-qanuni tələb kimi, nalayiq sözlərini və hərəkətlərini isə şərəfinə və ləyaqətinə hörmətsizlik kimi qəbul etmişdir. Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 109-cu maddəsinə görə daxili işlər orqanlarının vəzifəli şəxsləri (rəislər) öz tabeliyində olan əməkdaşların xidməti intizamının vəziyyətinə görə məsuliyyət daşıyırlar. Onlar əməkdaşlara qarşı yüksək tələbkarlıq göstərməklə yanaşı: tabeliyində olan əməkdaşların xidməti fəaliyyəti, istirahəti və onların peşə hazırlığının artırılması üçün lazımi şərait yaratmalı; tabeliyində olan əməkdaşların xidməti fəaliyyətini qiymətləndirərkən aşkarlığı və obyektivliyi təmin etməli; tabeliyində olan əməkdaşların şərəf və ləyaqətinə hörmət etməli; şəxsi heyətlə işdə şəxsi münasibətlər zəminində himayəçiliyə, həmçinin fəaliyyətindəki nöqsanların tənqidinə görə əməkdaşların təqib olunmasına yol verməməlidirlər. Məsələnin hallarını, qanunvericiliyin tələblərini, xüsusilə də N.Hümbətəliyevin İddiaçı qanunsuz tələblərini təhlil edərək belə nəticəyə gəlmək olur ki, 16.07.2020- 17.07.2020-ci il tarixlərdə rəis N.Hümbətəliyevlə onun tabeliyində olan İddiaçı arasında baş vermiş insidentə görə N.Hümbətəliyevin tələbləri qanunsuz olduğundan İddiaçı X2 xaric edilməsi üçün əsas ola bilməz. Daha əvvəl verilmiş töhmətə münasibət: İddiaçı “intizam məsuliyyətinə cəlb edilməsi barədə” 18.10.2020-ci il tarixli Ə116 ş/h -144-20 nömrəli Əmrdə göstərilmişdir ki, "07.07.2020-ci il tarixdə axşam saatlarında Qəbələ rayonu ərazisində kafe, restoran, mağaza və sair obyektlərin xüsusi karantin rejimi qaydalarına riayət edilməsi məqsədilə keçirilən reyd zamanı Qəbələ RPŞnin sahə polis nəfəri polis serjantı İddiaçı xidmətdən yayınmışdır. Həmin fakt üzrə Nicat Hümbətəliyevin yazdığı 08.07.2020-ci il tarixli raportda göstərilmişdir ki , Qəbələ RPŞ-nin İTB-nin sahənin polis nəfəri serjant İddiaçı təşkil olunan reyddə iştirak etməmişdir. Buna səbəb kimi içkili olduğunu bildirmişdir. Ertəsi günü, yəni 08.07.2020-ci il tarixdə saat 10:00 radələrində fərdi söhbət aparan zaman, işvaxtının bitdiyini, qonağı olduğunu və spirtli içki qəbul etdiyini, bu səbəbdən də reyddə iştirak etmədiyini bildirmiş və otağın qapısını çırparaq çıxmışdır. Əslində isə reydin təşkil olunacağı barədə İddiaçı 07.07.2020-ci il saat 23:00 radələrində xəbər verilmişdir. Həmin vaxt İddiaçı səmimi olaraq bildirmişdir ki, onun qonaqları var, axırıncılarla spirtli içki qəbul etmişdir, bu səbəbdən də reydə çıxa bilməz. Reydin təşkil olunacağı barədə ona qabaqcadan xəbər verilməmişdir. Bu fakt üzrə daxili araşdırmanın aparılması haqqında material və araşdırmanın nəticələri barədə rəy məhkəməyə təqdim edilməmişdir. Lakin 07.07.2020-ci il tarixdə qeyd olunmuş fakta görə verilmiş raport əsasında İddiaçı 11.08.2020-ci il tarixdə, yəni faktın aşkarlandığı vaxtdan 10 gündən, hətta bir aydan sonra töhmət verilmişdir. Daxili işlər orqanalarında xidmət keçmə haqqında Əsasnamənin 120-ci maddəsinə əsasən intizam tənbehi xidməti intizam qaydalarının pozulması məlum olan gündən 10 gün ərzində verilir. Xidməti yoxlama keçirildiyi və ya cinayət işi başlandığı halda isə onun başa çatdırıldığı gündən 1 aydan gec olmayan müddətdə verilməlidir. Qanunvericiliyin tələbindən görünən odur ki, İddiaçı 07.07.2020-ci il tarixdə verilmiş intizam tənbehi bu tənbehin əsasız olması ilə yanaşı, müddəti keçdikdən sonra verilmişdir. Ə116 ş/h-144-20 nömrəli 18.10.2020-ci il tarixli İddiaçı “intizam məsuliyyətinə cəlb edilməsi barədə" Əmrdə göstərilmişdir ki, 31.08.2020-ci il tarixdə İddiaçı xidmət etdiyi Qəbələ rayonu, Nic qəsəbəsində etibarnamə olmadan idarə etdiyi VAZ 2106 markalı **- DO-*** qeydiyyat nömrəli avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuş, xidməti yoxlama aparılmış və polis serjantı İddiaçı qüvvədə olan "Töhmət" intizam tənbehi nəzərə alınmaqla kifayətlənmişdir. Bununla bağlı bildirirəm ki, qanunvericilikdə "nəzərə alma" növündə tənbeh tədbiri nəzərdə tutlmamışdır. Qeyd edilməlidir ki, İddiaçı idarə etmiş olduğu avtomobil onun atasına məxsus olmuş, etbarnamədən başqa digər sənədlər yerində olmuş, İddiaçı xidməti vəzifəsini yerinə yetirməklə bağlı hərəkət edən zaman hadisə törətmişdir. Bunula bağlı ona intizam tənbehi tətbiq edilməmişdir. Həmin Əmrdə və İddiaçı DİO-dan xaric edilməsi ilə əlaqədar araşdırmanın nəticələri barədə Rəydə göstərilmişdir ki, İddiaçı 24.09.2020-ci il tarixdə xidmət etdiyi 7 saylı inzibati ərazini özbaşına tərk edərək xidmətdən yayınması müəyyən olunmuşdur. Bu halla bağlı qeyd edirəm ki, məhkəməyə təqdim edilmiş araşdırma materialları ilə İddiaçı 24.09.2020-ci il tarixdə xidmət göstərdiyi 7 saylı ərazini tərk etməsi təsdiq edilmir. Bu halla baxlı heç bir araşdırılma aparılmamış, İddiaçı tənbeh tədbiri tədbiq edilməmişdir. İddiaçı ifadəsindən məlum olur ki, o, həmin günü bütün iş günü ərzində xidmət etdiyi ərazidə olmuş, onun telefonu açıq olmuş, gün ərzində ona zənglər gəlib-getmiş, onun işdə olması ilə bağlı heç bir yoxlama olmamış, telefon nömrəsinə zəng edilməmişdir. Lazım olarsa bu barədə “Azərcell” mobil operatorundan müvafiq çıxarışlar əldə etmək mümkündür. İddiaçı DİO-dan xaric edilməsi üçün 18.10.2020-ci il tarixli Ə116ş/h-144-20 nömrəli Əmrdə göstərilmiş əsaslar qanunun tələbləri ilə ziddiyyət təşkil edir, Əmrin özü isə əsassız və qanunsuzdur. Ona görədə həmin əmr ləğv edilməlidir. Məhkəmə iddaçının vəkili Vəkil etirazını münasibət bildirilməsi üçün cavabdeh orqana göndərmiş və cavabdeh orqan 03.06.2021-ci il tarixdə bununla bağlı etiraz məktubunu məhkəməyə ünvanlamışdır. Məktubda qeyd edilir ki, İddiaçı X2 xaric edilməsi barədə Qəbələ RPŞ-in 20.10.2020-ci il tarixli Ə117ş/h 144-20 nömrəli əmrinin əsassızlığı və qanunsuzluğu ilə bağlı etirazda göstərilən dəlilləri cavabdeh orqan qəbul etmir. Belə ki, “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarından irəli gələn tələblərin pozulması hallarının aşkarlanaraq Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib olunması məqsədilə DİN-in rəhbərliyi tərəfindən Qəbələ RPŞ-nin İTB-nin əməkdaşlarına “RedMİ NOTE 8” markalı “25421/60PW02926” seriyalı planşetlər verilmişdir. İnzibati ərazilərdə qeyd edilən Qərarın tələblərinin pozulması hallarının və profilaktikası sahəsində bölmənin digər əməkdaşlarının fəaliyyəti qənaətbəxş hesab olmuş, lakin sabiq polis sahə nəfəri polis serjantı İddiaçı bu sahədə xidmətinə səhlənkar yanaşmış və o, xidmətində olan nöqsanların aradan qaldırılması ilə bağlı rütbəcə və vəzifəcə özündən böyük rəisin iradlarını səmimi qəbul etməmiş və intizamsızlığa yol vermişdir. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarının icrası ilə bağlı Qəbələ RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən axşam saatlarında rayon ərazisində mütəmadi reydlərin keçirilməsi İddiaçı məlum olsa da, sonuncu reyddə iştirakdan yayınmış, növbəti gün birbaşa rəisinin haqlı iradlarına dözümsüzlük göstərərək bölmə rəisini şikayət etməklə hədələmiş və qapını möhkəm çırpmaqla xidməti otağı tərk etmişdir. Faktla bağlı xidməti araşdırma aparılmış və İddiaçı DİN-in “X5”nin 9, 11 və 14-cü maddələrinin tələblərini pozduğu üçün barəsində toplanmış material kollektiv təsir imkanlarından istifadə edilməsi məqsədilə şöbənin sıravi və kiçik rəis heyəti yığıncağına verilmiş, yığıncaqda İddiaçı intizam məsuliyyətinə cəlb olunması barədə qərar qəbul olunmuş və qərar şöbə rəhbərliyi tərəfindən qüvvədə saxlanılaraq 11.08.2020-ci il tarixli Ə197-144-20 nömrəli əmri ilə ona “Töhmət” intizam tənbehi elan edilmişdir. Etiraz qeydlərində göstərilən İddiaçı intizam məsuliyyətinə cəlb edilərkən “DİO-da xidmətkeçmə haqqında Əsasnamə”in 120-ci maddəsinin tələblərinin pozulması faktları ilə bağlı bildirilir ki, Əsasnamənin 120-ci maddəsində xidməti yoxlamanın başa çatdığı vaxtdan 1 ay müddətinə intizam tənbehinin verilməsi nəzərdə tutulmuşdur. İddiaçı törətdiyi intizam pozuntuları faktlarını “Xidməti yoxlamaların aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsinə dair” DİN-in 2010-cu il tarixli 637 nömrəli əmrinə əsasən xidməti araşdırma aparılmış və intizam məsuliyyətinə cəlb edilmişdir. 31.08.2020-ci il tarixdə İddiaçı etibarnamə olmadan idarə etdiyi “VAZ 2106” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Nic qəsəbəsində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuş nəticədə əks istiqamətdən hərəkətdə olan “VAZ 2106” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və sonuncu barəsində AR İXM-nin 332.1 və 327.2-ci maddəsi ilə İXP3500629 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, İddiaçı “DİO əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına riayət edilməsinə dair” DİN-in 18.08.2014-cü il tarixli G53-001-14 nömrəli göstərişinin tələblərini pozaraq avtomobili etibarnamə olmadan idarə edərək yol-nəqliyyat hadisəsi törətdiyi üçün barəsində xidməti araşdırma aparılmış və YNH-nin maddi ziyanla nəticələndiyi, qarşı tərəfin şikayətçi olmaması və eyni zamanda qüvvədə intizam tənbehinin olması nəzərə alınaraq barəsində aparılan xidməti araşdırma ilə kifayətlənilmişdir. 24.09.2021-ci il tarixdə İddiaçı barəsində xidməti inzibati ərazini özbaşına tərk etməsi faktı üzrə xidməti araşdırma aparılan zamanı barəsində təkrar xidməti araşdırma materialı daxil olduğu üçün xidməti araşdırma materialları birləşdirilmiş və nəticəsi barədə rəy tərtib edilərək DİO-da xidmətdən xaric edilmişdir. İddiaçı barəsində aparılan xidməti yoxlamalar zamanı sonuncunun bölmə rəisi N.Hünbətalıyev tərəfindən təqib olunması, maskasız şəxslərin aşkarlanmasında plan qoyulması, ona tutulan iradlar zamanı təhqir olunması və onu vurmaq istəməsi faktları öz təsdiqini tapmamışdır. İddiaçı Qəbələ RPŞ-də xidmətdən əsassız olaraq xaric edilməsi barədə DİN-in rəhbərliyinə ünvanladığı müraciəti əsasında DİN-in Daxili Təhqiqatlar İdarəsinə xidməti araşdırma aparılmış və Qəbələ RPŞ-in intizam tənbehi əmri qüvvədə saxlanılmışdır. Cavabdeh orqan İddiaçı Cavabdehnə qarşı tələbi əsassız olduğu üçün iddianın təmin olunmamasını və rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Ə117 ş/h-144-20 nömrəli, 20.10.2020-ci il tarixli əmrdən görünür ki, İddiaçı “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu və 10-cu bəndlərinə müvafiq olaraq xidmətdən xaric edilmişdir. İş materiallarında olan Qəbələ RPŞ-nin İTB-nin rəisi polis kapitanı X1 RPŞ-nin rəisi polis polkovniki Nadir Məmmədova təqdim etdiyi 08.07.2020-ci il tarixli raportun surətində qeyd edilir ki, “Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq olunmuş karantin rejimi ilə əlaqədar xüsusi karantin rejimi elan olunmuş rayon və şəhərlərdən gələn şəxsləri müəyyən etmək üçün və vətəndaşlara xidmət göstərən obyekt işçilərinin tibbi maskasız işləməsi hallarının müəyyən edilməsi məqsədilə Qəbələ RPŞ-nin İTB-si tərəfindən rayon ərazisində mütəmadi olaraq xüsusi reydlər təşkil olunur. Qəbələ RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis serjantı İddiaçı Xamməd oğlu təşkil olunan reyddə iştirak etməmiş, buna səbəb kimi içkili olduğunu bildirmişdir. 08.07.2020-ci il tarixdə saat 10:00 radələrində İTB-nin polis sahə rəisləri ilə iclas keçirən zaman polis serjantı İddiaçı Xamməd oğlu ilə dünənki tədbirdə iştirak etməməsi ilə bağlı fərdi-tərbiyəvi söhbət aparan zaman o, iş vaxtının bitdiyini, işdən sonra istədiyini edə biləcəyini və qonağı gəldiyi üçün spirtli içki qbul etdiyini bildirdi. Ondan bu barədə niyə icazə almadığını soruşduqda o, uca səslə atası vasitəsilə Daxili İşlər Nazirliyinə mənim barəmdə işdən sonra onu xidmətə cəlb etdiyim üçün şikayət edəcəyini bildirərək xidməti otağın qapısını möhkəm çırpıb çıxıb getmişdir. Odur ki, Qəbələ RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis serjantı İddiaçı Xamməd oğlu barəsində tədbir görülməsi üçün aidiyyəti əməkdaşa göstəriş verməyinizi Sizdən xahiş edirəm”. İş materiallarında olan Qəbələ RPŞ-nin ŞHİÜ rəis köməkçisi polis mayoru X3 RPŞnin rəisi polis polkovniki Nadir Məmmədova təqdim etdiyi raportun surətində qeyd edilir ki, “Qəbələ RPŞ-nin 08.07.2020-ci il tarixli 144-16667-1120 nömrəli raport əsasında Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi polis serjantı İddiaçı barəsində xidməti yoxlama aparılmış və İddiaçı «DİO əməkdaşlarının X5”nin 9, 11 və 14-cü maddələrinin tələblərini pozması faktı əsasında toplanmış material şöbədə intizamın təmin edilməsində kollektiv müzakirənin əhəmiyyətliyini nəzərə alaraq sıravi və kiçik rəis heyəti yığıncağında müzakirə olunması üçün rəy tərtib olunmuşdur. Odur ki, toplanmış materialın Cavabdeh sıravi və kiçik rəis heyəti yığıncağına çıxarılmasına göstəriş verməyinizi xahiş xahiş edirəm”. İş materiallarında olan Cavabdeh ŞHİÜ rəis köməkçisi polis mayoru Elvin Rizvanov tərəfindən 18.10.2020-ci il tarixdə tərtib edilən rəydə qeyd edilir ki, “DİO əməkdaşlarının X5”nin 1, 9, 14-cü maddələrinin və «İntizam Nizamnaməsi»nin 3.2, 3.8 və 53-cü bəndlərinin tələblərini pozaraq rütbəcə və vəzifəcə özündən böyük olan İTB-nin rəisi polis kapitanı N.Hünbətalıyevin xidməti fəaliyyətlə bağlı iradlarını səmimi qəbul etmədiyinə, ona tutulan iradlara dözümsüzlük göstərərək polis sahə rəislərinin qarşısında bölmə rəisi N.Hünbətalıyevin şərəf və ləyaqətini alçaldacaq şəkildə təhqir etdiyinə, habelə 24.09.2020-ci il tarixdə xidmətdən yayındığına, xidmətində mənfı xarakterizə olunduğuna, əvvələr də yol verdiyi qəbahətlərə görə barəsində aparılmış xidməti yoxlamalardan və eləcə də RPŞ-nin rəisinin 11.08.2020-cı il tarixli Ə197-144-20 nömrəli əmri ilə ona elan olunmuş «Töhmət» intizam tənbehindən nəticə çıxarmadığına görə Qəbələ RPŞ-nin İTBnin sahə polis nəfəri polis serjantı İddiaçı daha ciddi intizam tənbehinə cəlb olunması məqsədə müvafiqdir. İş materiallarında olan 2020-ci ilin oktyabr ayında (dəqiq tarix göstərilməmişdir) tərtib edilən “Xidməti xasiyyətnamə”nin surətində qeyd edilir ki, polis serjantı İddiaçı 2011-ci ildən DİO-da, 2019-cu ildən isə Cavabdeh ictimai təhlükəsizlik bölməsində sahənin polis nəfəri vəzifəsində xidmət aparır. Xidmət müddəti ərzində özünü qismən bacarıqlı və intizamlı bir polis əməkdaşı kimi tanıtmışdır. Xidməti işinə dair və digər hüquqi-normativ aktların öyrənilməsində, qanunun tələblərinə riayət edilməsində, işgüzarlıqda, təşəbbüskarlıqda və tələbkarlıqda zəifliyi ilə fərqlənir, xidməti işinə məsuliyyət hissi kafidir. Ailədə və kollektivdə hörməti, xidməti sirləri saxlamaq bacarığı, dövlətə sədaqəti, vətənpərvərlik hissi və mənəvi saflığı qismən yaxşıdır, siyasi cərəyanlara meyilli deyil. Peşə hazırlığı səviyyəsi və ekstremal vəziyyətdə qərar qəbul etmək bacarığı zəifdir, insanlarla ünsiyyətdə davranışı kobuddur, hər hansı bir məsələnin həllində müstəqilliyi, qətiyyəti qənabəxş deyil. Peşə səriştəsi, işgüzar keyfiyyəti kafidir. Peşəsinə və ixtisasına dair nəzəri bilik səviyyəsini artırmaq üçün çalışmır, texniki və xüsusi vasitələrdən, tabel silahından istifadə bacarığı qismən vardır. Xüsusi geyim formasını daşıma qaydalarına qismən riayət edir, səliqəli və sağlamlığı qənaətbəxşdir. Polis serjantı İddiaçı xidmət etdiyi müddət ərzində müxtəlif vaxtlarda 6 dəfə intizam məsuliyyətinə cəlb edilib. Sonuncu dəfə 11.08.2020-ci il tarixində Qəbələ RPŞ rəisinin Ə197-144-20 nömrəli əmrinə əsasən “Töhmət” intizam tənbehi ilə cəzalandırılmışdır. İş materiallarında olan Qəbələ RPŞ-nin İTB-nin rəisi polis kapitanı X1 RPŞ-nin rəisi v.m.i.e polis polkovnik-leytenantı Azər Cəfərova təqdim etdiyi 24.09.2020-ci il tarixli raportun surətində qeyd edilir ki, “24 sentyabr 2020-ci il tarixdə saat 16:30 radələrində Qəbələ RPŞ-nin İTB-nin YYÇPİTQ-nin baş inspektoru, polis kapitanı Azər Hüseynovla birlikdə xidməti ərazini yoxladığı zaman Cavabdeh ictimai təhlükəsizlik bölməsinin sahə polis nəfəri polis serjantı İddiaçı 7 saylı inzibati ərazisində olmamış, ona dəfərlərlə zəng etsək də, telefonuna zəng çatmamışdır. Odur ki, Qəbələ RPŞ-nin İTB-nin sahə polis nəfəri polis serjantı İddiaçı barəsində tədbir görülməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirəm”. İş materiallarında olan Qəbələ RPŞ ŞHİÜ rəis köməkçisi polis mayoru Elvin Rizvanovun arayışının surətində qeyd edilir ki, DİN-in 18.08.2014-cü il tarixli G53-001-14 nömrəli göstərişinin tələblərini pozaraq etibarnamə olmadan idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətdiyinə görə ciddi intizam tənbehinə layiq olan Qəbələ RPŞ-nin İTBnin polis sahə nəfəri polis baş serjantı İddiaçı qüvvədə olan RPŞ-nin 11.08.2020-ci il tarixli Ə197 nömrəli əmri ilə elan olunmuş ”Töhmət” intizam tənbehi ilə kifayətlənməsi məqsədə müvafiqdir. İş materiallarında olan Qəbələ RPŞ DYPB-nin rəisi polis mayoru X4 RPŞ-nin rəisi polis polkovniki Nadir Məmmədova ünvanladığı raportda qeyd edilir ki, “31.08.2020-ci iİ tarixdə saat təxminən 14:15 radələrində Qəbələ RPŞ İTB-nin polis sahə nəfəri polis baş serjantı İddiaçı etibarnamə olmadan idarə etdiyi Vaz-21060 markalı **-DO-*** d.q.n-lı avtomaşınla Nic qəsəbəsində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuş, nəticədə Vaz-21061 markalı **-BL-*** d.q.n-lı avtomaşınla toqquşmuşdur. Qəbələ RPŞ İTB-nin polis sahə nəfəri polis baş serjantı İddiaçı barəsində AR İXM-nin 332.1 və 327.2 maddəsi ilə İXP ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, raportum barəsində aidiyyəti üzrə göstəriş verməyinizi sizdən xahiş edirəm”. İş materiallarında olan Qəbələ RPŞ-nin İTB-nin rəisi polis kapitanı X1 RPŞ-nin rəisi polis polkovniki Nadir Məmmədova təqdim etdiyi 17.10.2020-ci il tarixli raportun surətində qeyd edilir ki, “koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq olunmuş karantin rejimi ilə əlaqədar xüsusi karantin rejimi elan olunmuş rayon və şəhərlərdən gələn şəxsləri müəyyən etmək üçün və vətəndaşlara xidmət göstərən obyekt işçilərinin tibbi maskasız işləməsi hallarının müəyyən edilməsi məqsədilə Qəbələ RPŞ-nin İTB-si tərəfindən rayon ərazisində mütəmadi olaraq xüsusi reydlər təşkil olunur. 16.10.2020-ci il tarixdə səhər təlimatı zamanı Qəbələ RPŞ-nin İTBnin sahənin polis nəfəri, polis serjantı İddiaçı xidməti ərazisində qanun pozuntularını aşkar edərək raportla məruzə etməsi barədə göstəriş vermişdim. 17.10.2020-ci il tarixdə saat 09:30 radələrində İTB-nin polis sahə rəisləri ilə iclas keçirən zaman polis serjantı İddiaçı 3 dəfə xidməti otağa dəvət etdikdən sonra o, xidməti otağıma gəldi və ondan verdiyim göstərişi niyə icra etmədiyini soruşdum. İTB-nin sahənin polis nəfəri, polis serjantı İddiaçı göstərişi icra etmədiyini bildirdi və xidməti otağımda məni uca səslə nalayiq ifadələrlə təhqir edərək məni vurmaq məqsədilə üzərimə hücum çəkdi. Bu zaman xidməti otağımda olan İTB- nin sahə rəisləri onun qarşısını aldı. Odur ki, Qəbələ RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis serjantı İddiaçı barəsində tədbir görülməsi üçün aidiyyatı əməkdaşa göstəriş verməyinizi Sizdən xahiş edirəm”.

Əsaslandırma hissəsi:

Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin əmri ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin əmri mübahisələndirmişdir. Həmçinin iddiaçı mübahisəli əmrin ləğvi ilə bağlı iddia ərizəsini 16.11.2020-ci il tarixində məhkəməyə vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün olsa da, əsassızdır. DİN-in 08.04.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının X5”nin; Ümumi müddəalarına əsasən dövlətin ictimai-siyasi həyatının mühüm sahələrindən olan hüquq-mühafizə fəaliyyətinin məqsədyönlü təşkili və həyata keçirilməsi, hüquqmühafizə orqanları əməkdaşlarının şəxsi, mənəvi və işgüzarlıq keyfiyyətlərindən, insanlarla ünsiyyət yaratmaq, onların inam və etibarını qazanmaq bacarığından bilavasitə asılıdır. Yalnız bu kimi keyfiyyətlərə, o cümlədən dəyanətə və saf mənəviyyata, öz həmkarları və əhali arasında hörmətə və nüfuza malik, dövlətə, xalqa və xidməti borca sədaqətli olan daxili işlər orqanlarının əməkdaşları insanların etibarını qazanıb onların dəstəyinə arxalana bilər. Daxili işlər orqanları əməkdaşlarının X5 (bundan sonra Davranış kodeksi) əməkdaşların göstərilən meyarlara cavab verməsinin, cəmiyyətdə qəbul olunmuş mənəviəxlaqi və mədəni davranış qaydalarına əməl etməsinin ifadəsi olan norma və müddəaları müəyyən edir. Hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və Davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları Davranış kodeksini dərindən öyrənməli və onun tələblərinə sözsüz əməl edəcəkləri barədə üzərlərinə öhdəlik götürməlidirlər. Öhdəlik əməkdaşın şəxsi işinə əlavə olunur. Daxili işlər orqanlarında xidmətə qəbula namizədin yoxlanılması prosesində, Davranış kodeksində müəyyən olunmuş prinsip və qaydalara zidd hərəkətləri barədə təsdiqləyici məlumatların daxil olması, onun xidmətə qəbulunun rədd edilməsi üçün əsas sayıla bilər. 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. 9-cu maddəsinə əsasən çalışqanlığı, intizamlığı və təşəbbüskarlılığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır. Xidməti geyim formasını şərəf və ləyaqətlə daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir. 11-ci maddəsinə əsasən sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda belə, xidməti geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. 14-cü maddəsinə əsasən iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə çağırışsız xidmət yerinə gəlməlidir. Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir. 22-ci maddəsinə əsasən davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 108-ci bəndinə əsasən daxili işlər orqanlarında xidməti intizam əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Əsasnamənin 114-cü bəndinə əsasən xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə. Əsasnamənin 123-cü bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşına verilmiş intizam tənbehi, bir il müddətində qüvvədə olur və əməkdaşa il ərzində yeni intizam tənbehinə tətbiq edilmədikdə o, qüvvədən düşmüş hesab olunur. Əsasnamənin 135-ci bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; Məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi hallar təsdiqini tapmamış, əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xidməti araşdırma materialı ilə iddiaçının “Daxili işlər orqanları əməkdaşlarının X5”nin 1, 9, 11 və 14-cü maddələrinin tələblərini pozması müəyyən olunmuş, bununla da “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci bəndinin 9 və 10-cu hissələrinə əsasən xidmətdən xaric edilməsi barədə cavabdeh tərəfindən qanuni əmr verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə əmrin qanuni və əsaslı olması müəyyən olunmuş, cavabdeh orqan əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “Cavabdeh rəisi polis polkovniki Nadir Məmmədov tərəfindən verilmiş, onun X2 xaric edilməsi barədə 20 oktyabr 2020-ci il tarixli, Ə117 ş/h- 144-20 nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.”

Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar