Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-385/2025 20.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki şəhəri F.X.Xoyski küçəsində yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyata allnması, texniki pasport və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri F.X.Xoyski küçəsində yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyata allnması, texniki pasport və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçıların səhmdarı olduğu “X6” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İqtisadı İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departametinin 18 may 2004-cü il tarixli, 123 nömrəli sərcamına əsasə yaradılmaqla, cəmiyyətin fəaliyyət növü “Sintetik və ya süni liflərlə birlikdə ipək lifinin hazırlanması və sarınması”ndan ibarət olmuşdur. Ləğv edilmiş "xxxx" X4 İpək Şirkətinin tabeliyində olmuş, Şəki şəhəri, F.X.Xoyski küçəsində yerləşən “Aynur” icarə müəssisəsinin bazasında “X6” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən “Aynur” icarə müəssisəsinin (hazırda “X6” Açıq Səhmdar Cəmiyyəti) adına qeyd edilən qeyri-yaşayış sahəsi- yardımçı təsərrüfat sahəsinin 19 may 2004-cu il tarixli Müəssisə və Obyektin Daşınmaz Əmlakının Texniki Pasportu verilmişdir. “X6” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının xx.xx.2019- cu il tarixli qərarına əsasən cəmiyyət ləğv edilmişdir. Cəmiyyətin əsas səhm sahibi İddiaçı1 və İddiaçı2dır. Hazırda “X6” Açıq Səhmdar Cəmiyyətinin balansında olmaqla, Şəki şəhəri, F.X.Xoyski küçəsində yerləşən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi müraciətimizə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, sözügedən qeyri-yaşayış binasına ərazi idarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş, qeyriyaşayış binasının söküldüyü və yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. Bu səbəbdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. Cavabdeh orqan iddiaya münasibətində bildirmişdir ki, “ərizəyə baxılması zamanı sözügedən qeyri-yaşayış binasına ərazi idarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilərkən binanın söküldüyü və yararsız vəziyyətdə olduğu müəyyən edildiyindən ərizəçiyə xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-2890/2023 N-li imtina məktubu verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Şəki şəhəri, F.X.Xoyski küçəsində yerləşən qeyriyaşayış binası üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi tərəfimizdən qanunamüvafiq hesab olunmamışdır. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na uyğun olaraq, ləğv edilmiş “Xalq üçün mallar” X3 İpək şirkətinin “Aynur” icarə müəssisəsinin bazasında keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi departamentinin xx.xx.2004-cü il tarixli, 123 nömrəli sərəncamı ilə “X6” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2007-ci il tarixində tam özəlləşdirilmişdir. Məlumat üçün diqqətinizə çatdırırıq ki, “X6” Açıq Səhmdar Cəmiyyətinin səhmləri “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq əmək kollektivinə güzəştli satışda, ixtisaslaşdırılmış çek hərracında və pul hərracında özəlləşdirilmişdir. Eyni zamanda “X6” Açıq Səhmdar Cəmiyyətinə məxsus emissiya prospekti (özəlləşdirmə planı) və digər hüquqmüəyyənedici sənədlər müəssisə özəlləşdirilərkən cəmiyyətin icra orqanlarına təqdim olunduğu üçün səhmdar cəmiyyətinə müraciət etməyinizi məqsədəuyğun hesab edirik. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. • Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. • Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu. • Milli Depozit Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu. • Azırbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli məktubu. • 19.05.2004-cü il tarixli Müsəssisə və Obyektin Texniki pasportu. • X6” Açıq Səhmdar Cəmiyyətinin Ləğvetmə komissiyasının vəmiyyətin qalıq əmlakın bölünməsi planını əks etdirın xx.xx.2019-cü il tarixli hesabat planı. • Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2004-cü il tarixli 123 nömrəli sərəncamının surəti. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia mahiyyət etibarı ilə əsaslı deyil. İddiaçının hazırkı iddia tələbinə əsasən hüquqi marağı Şəki şəhəri F.X.Xoyski küçəsində yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyata allnması, texniki pasport və çıxarış verilməsindən ibarətdir. Məhkəmə cavabdehin imtinasına münasibətdə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X1 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 13.1. Dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. Maddə 13.9. Dövlət reyestrinin hər bölməsi aşağıda göstərilən üç fəsildən ibarətdir: 13.9.1. obyektin ünvanı (olduğu yer), adı (növü), sahəsi, onun təyinatı və digər zəruri məlumatlar; 13.9.2. mülkiyyət və digər əşya hüquqları, hüquq sahibinin adı, fiziki şəxsin şəxsiyyət vəsiqəsindən məlumat və hüquqi şəxsin rekvizitləri. Hüquq sahibinin göstərdiyi ünvan, payın miqdarı, hüququ təsdiq edən sənədlərin adı və digər zəruri məlumatlar; 13.9.3. mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması (servitut, ipoteka, uzufrukt, etibarlı idarəetmə, icarə, istifadə, lizinq, daşınmaz əmlakın üzərində həbs qoyulması, daşınmaz əmlaka dair tələblər və sairə), məhdudiyyətin qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər, məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədə olma tarixi, əqdlər üzrə öhdəliklərin icrasının şərtləri və müddəti. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeyd olunan normalardan göründüyü kimi hüquqların dövlət qeydiyyatı zamanı qanunla müəyyən edilmiş sənədlər təqdim edilərək, sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilir. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda dövlət reyestrinə müvafiq məlumat daxil edilir. Məhkəmə cavabdehin “binanın söküldüyü və yararsız vəziyyətdə olduğu” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, təkçə daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqları, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsi, onlara xitam verilməsi barədə məlumatların dövlət reyestrinə daxil edilməsi ilə məhdudlaşmır. Burada reyestr məlumatları vahid məlumat bazası olmaqla, orada daşınmaz əmlak obyektinin ünvanı, daşınmaz əmlak obyektinin adı, daşınmaz əmlak obyektinin təyinatı, daşınmaz əmlak obyektinin ümumi sahəsinin, bina və qurğularla bağlı xüsusi məlumatları, müəssisənin tərkibinə daxil olan daşınmaz əmlak barədə xüsusi məlumatları, daşınmaz əmlak obyektinin məhv olması barədə məlumatların toplusunu özündə ehtiva edir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 1-ci bəndinə əsasən Dövlət reyestrinin aparılması dedikdə, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqları, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsi, onlara xitam verilməsi barədə məlumatların dövlət reyestrinə daxil edilməsi başa düşülür. Həmin Qaydaların 19-25-ci bəndlərində məhz sözügən məlumatların reyestrə daxil edilməsi qaydası müəyyən edilmişdir. Belə ki, Qaydaların 23.2-ci və 23.4-cü bəndlərinə görə daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Hazırkı halda mübahisəli əmlakla bağlı iddiaçılar tərəfindən əsaslı dəyişikliklər aparılmasa da, əmlakın uzun müddət istismarsız qalması, onun yararsız vəziyyətə düşməsi ilə nəticələnmiş, bu isə öz növbəsində əmlakın sənəd üzrə texniki göstəriciləri ilə mövcud vəziyyətdə olan göstəriciləri arasında kəskin uyğunsuzluqla nəticələnmişdir. Bu halın mövcudluğunu iş üzrə təqdim edilmiş foto şəkillərldən də görmək mümkündür. Belə olan halda mövcud vəziyyətdə Şəki şəhəri F.X.Xoyski küçəsində yerləşən qeyri-yaşayış binasına dair hüquqların qeydiyyatının dəqiqliyindən söhbət gedə bilməz. Göründüyü kimi iddia olunan qeyri-yaşayış binasının hazırkı vəziyyəti sonuncu texniki göstəricilərə münasibətdə dəyişdiyindən onun barəsində məlumatları dövlət reyestrinə daxil edilməsi mümkün deyil. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında”Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki şəhəri F.X.Xoyski küçəsində yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyata allnması, texniki pasport və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev.
Məhkəmə qərarları › İş №2-1(116)-385/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-385/2025
20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver