Məhkəmə qərarları › İş №2-1(116)-386/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-386/2020

30.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-386/2020 30.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi x6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və x17 Nazirliyi yanında Dövlət x19 və Reabilitasiya Xidmətinə (üçüncü şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanası) qarşı "cavabdehin imtinasının ləğv edilməsi və x7 yenidən müayinə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı qızı x10 30.01.2003-cü ildə anadan olmuşdur. x10 "anadangəlmə hemipleqik spastik serebral iflic; sol tərəfli hemiparez; simptomatik epilepsiya" diaqnozu ilə "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" x21 dispanser qeydiyyatdadır. O, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi yanında Dövlət x20 Zaqatala rayon şöbəsindən 19.07.2004-cü ildən sosial müavinət almışdır. Sonuncu dəfə ona Dövlət x19 və Reabilitasiya Xidmətinin sonuncu müayinəsinə dair arayışına əsasən 11.09.2016-cı ildən 11.09.2019-cu ilədək sosial müavinət ödənilmişdir. Bundan sonra növbəti müayinə vaxtı çatdığı üçün x1 imkanlarının məhdudluğu vəziyyətinin qiymətləndirilməsi üçün "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" x22 tərəfindən Azərbaycan Respublikası Əmək və x17 Nazirliyi yanında Dövlət x19 və Reabilitasiya Xidmətinə elektron qaydada 0344003AAHGK nömrəli göndəriş ünvanlanmışdır. Azərbaycan Respublikası Əmək və x17 Nazirliyi yanında Dövlət x19 və Reabilitasiya Xidmətinin 03.10.2019-cu il tarixli qərarına əsasən, əlilliyin müəyyən olunmasından imtina edilmiş və bunun səbəbi kimi, "Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: son illərdə aldığı stasionar müalicə qeyd edilməyib, instrumental diaqnostik müayinələr və psixiatr rəyi yazılmayıb" göstərilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və x17 Nazirliyi yanında Dövlət x19 və Reabilitasiya Xidmətinə qarşı "x2 imkanının məhdudluğunun" müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra o, iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdehin imtinasının ləğv edilməsi və x7 yenidən müayinə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, qızı x8 həkim komissiyalarının rəyinə əsasən, sağlamlıq imkanları məhdud uşaq kimi müavinət təyin olunmuşdur. Lakin heç bir əsas və səbəb olmadan həmin müavinətin verilməsi dayandırılmışdır. x2 imkanları məhdudluğunun yenidən müəyyən edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan əsassız olaraq imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və x17 Nazirliyi yanında Dövlət x19 və Reabilitasiya Xidməti iddianı qəbul etməmiş və iddiaya qarşı 26.02.2020-ci il tarixli və 23.04.2020-ci il tarixli etirazlarında bildirmişdir ki, dövlət səhiyyə müəssisəsinin göndərişi natamam olduğuna görə göndəriş geri qaytarılmışdır. Səhiyyə müəssisəsi tərəfindən x10 müayinə edilərək keyfiyyətli və dolğun göndəriş rəsmiləşdiriləcəyi halda, sağlamlıq imkanları məhdudluğu onun iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcək. Üçüncü şəxs "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" x22 isə məhkəməyə göndərdiyi 25.02.2020-ci il tarixli məktubda bildirmişdir ki, göndərişdə heç bir natamamlıq yoxdur. Uşaq serebral iflici anadangəlmə xəstəlikdir, müasir təbabətdə tam müalicəsi mümkün deyil. İddiaçı iddiasında haqlıdır və onun övladı x4 imkanları məhdud uşaqdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, x11 05.11.2019-cu il tarixli 949 nömrəli rəyindən görünür ki, x10 05.11.2019-cu il tarixdə x12 müayinədən keçirilmiş və ona hemipleqik spastik serebral iflic, sol tərəfli hemiparez və simptomatik epilepsiyası diaqnozu qoyulmuşdur. - İşdə olan, Azərbaycan Respublikası Əmək və x17 Nazirliyi yanında Dövlət x19 və Reabilitasiya Xidmətinin 23.04.2020-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, x3 imkanları məhdudluğu vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0344003AAHGK nömrəli göndərişi əsasında 03.10.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0344003AAHGK nömrəli göndərişin təhlili göstərir ki, xəstəlik 30.01.2003-cü ildə, yəni anadangəlmə başlamışdır. Həmin göndərişdə nevropatoloqun rəyi epilepsiyanı təsdiq etmir, həmçinin epilepsiya köməkçi diaqnostik müayinə ilə, yəni EEQ müayinəsi ilə təsdiq edilmir. Həmçinin, göndərişin "Funksional pozğunluğu" və "xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri" bölməsində sol tərəfli hemiparez təsdiq edən müayinələr - sümüküstlüyü vətər refleksləri, əzələ gücü barədə məlumatlar qeyd edilməmişdir. Eləcə də göndərişdə son illərdə xəstənin hansı müayinə və müalicələr keçməsi barədə məlumatlar göstərilməmişdir. Buna görə də sağlamlıq imkanları məhdudluğu təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Əmək və x17 Nazirliyi yanında Dövlət x20 Zaqatala rayon şöbəsinin 11.03.2020-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, x8 19.07.2004-cü il tarixdən sağlamlıq imkanları məhdud uşaq kimi müavinət təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və x17 Nazirliyi yanında Dövlət x19 və Reabilitasiya Xidmətinin sonuncu müayinəsinə dair arayışa əsasən, ona 11.09.2016-cı ildən 11.09.2019-cu ilədək müavinət təyin olunmuşdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. İddiaçının qızı x7 əlilliyi cavabdeh tərəfindən qiymətləndirildiyi vaxt (03.10.2019-cu il) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə" qüvvədə olmuşdur. Həmin Əsasnamənin 4.1-ci bəndinə görə, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Əsasnamənin 4.2-ci bəndinə görə, göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. Əsasnamənin 4.16-cı bəndinə görə, TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Əsasnamənin 4.22-ci bəndinə əsasən, göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. Bundan başqa, Əsasnamənin 3.1.15-ci bəndinə görə, əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərilməsi TSEK-in vəzifələrindən biri kimi məzərdə tutulmuşdur. Sadalanan normalardan göründüyü kimi, Əsasnamədə səhiyyə müəssisəsinin göndərişi keyfiyyətsiz doldurulduğu halda, əlilliyin müəyyən olunmasından imtina etmək imkanı nəzərdə tutulmamışdır. Əsasnaməyə görə, bu halda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunmalı və göndəriş sistem tərəfindən geri qaytarılmalıdır. Eyni zamanda, əlilliyi qiymətləndirilən şəxsə dair tibbi-sosial ekspertiza üçün hər hansı bir sənədə zərurət yarandığı halda, TSEK bununla bağlı səhiyyə müəssisələrinə sorğu göndərməlidir. Cavabdeh iddiaya qarşı etirazlarında göndərişin geri qaytarıldığını bildirsə də, işdə olan "x5 sonuncu müayinəyə dair məlumatın verilməsi" sənədindən görünür ki, həmin sənəddə göndərişin geri qaytarılması barədə heç bir qeyd yoxdur, sənəddə yalnız əlilliyin müəyyən edilməsindən imtina olunduğu göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nın 14.1.3-cü bəndinə görə, Azərbaycan Respublikası Əmək və x17 Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti inzibati orqan sayılır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununda deyilir ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. (1.1-ci maddə) Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. (1.2-ci maddə) İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. (24.1-ci maddə) İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (24.2-ci maddə) İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (24.3-cü maddə) Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. (24.4-cü maddə) Sadalanan normaların birgə təhlilindən görünür ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.9-cu maddəsində deyilir ki, nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. x14 2.2-ci maddəsində deyilir ki, normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V hissəsinin birinci cümləsində deyilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 10.1-ci maddəsinə görə, normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır. Sadalanan normalardan görünür ki, "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə" "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununa zidd olmamalıdır. Məhkəmə qeyd edir ki, belə olan halda, cavabdeh Azərbaycan Respublikası Əmək və x17 Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti "Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə"də araşdırma aparmaq vəzifəsinin olmamasına istinad edə bilməz, inzibati orqan olduğuna görə "İnzibati icraat haqqında" Qanunun tələblərinə riayət etməli və inzibati icraatı həmin Qanunda nəzərdə tutulmuş qaydada aparmalıdır. Lakin cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, əlavə sübutlara zərurət olmasına baxmayaraq onları öz təşəbbüsü ilə toplamadan əlilliyi müəyyən etməkdən imtina etmişdir ki, bu imtina qanuni sayıla bilməz. Eyni zamanda, məhkəmə aşağıdakıları da qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 2.9-cu bəndinə görə, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Göründüyü kimi, hazırda qüvvədə olan normalarda da göndərişin natamam və ya yanlış doldurulması əlilliyin müəyyən olunmasından imtinaya deyil, altsistemin xüsusi bölməsində müvafiq qeyd aparılmaqla bu barədə bildirişin göndərişi rəsmiləşdirmiş komissiyaya göndərilməsinə əsas verir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçı imtinanın ləğv olunmasını və qızının yenidən müayinə olunmasını tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı qızı x7 əlilliyinin müəyyən olunmasından imtina barədə cavabdeh Azərbaycan Respublikası Əmək və x17 Nazirliyi yanında Dövlət x19 və Reabilitasiya Xidmətinin 03.10.2019-cu il tarixli qərarı ləğv edilsin. x7 yenidən müayinə olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və x17 Nazirliyi yanında Dövlət x19 və Reabilitasiya Xidmətinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar