Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-386/2022 17.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı 1992-ci ilin noyabr ayında İsmayıllı rayon keçmiş Hərbi Komissarlığından hərbi xidmətə çağırılaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində xidmət etmiş, ölkəmizin müdafiəsi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı xidmət etdiyi hərbi hissənin tərkibində Tərtər və Ağdərə rayonlarının bir sıra yaşayış məntəqələri istiqamətlərində gedən döyüşlərdə, həmçinin Murovdağ istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Bununla bağlı onun hərbi biletində müvafiq qeydiyyat aparılaraq Ağdərə rayonunun Mehmanə kəndi və Murovdağ bölgələrində aparılmış döyüşlərdə iştirakı göstərilmişdir. Birinci Qarabağ müharibəsində məlum atəşkəs elan olunduqdan sonra iddiaçı bir müddət xidmətini döyüş bölgələrində davam etdirmiş və 1996-cı ilin fevral ayında qanunveriliklə müəyyən edimiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibindən tərxis olunmuşdur. İddiaçı cavabdeh orqana müraciət edərək, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı 29.05.2021-ci il tarixli məktubda qeyd edilir ki, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 15.03.2017-ci il tarixli iclasında baxılmış və 415 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. Cavabdeh məhkəmənin sərəncamının icrasının təmin edilməsi məqsədilə ünvanladığı 15.12.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, inzibati iş materiallarından, həmçinin etiraza əlavə edilmiş Mərkəzi Arxiv tərəfindən təqdim edilmiş 25 noyabr 2021-ci il tarixli arxiv arayışı və əmrlərdən çıxarışlardan müəyyən edilir ki, iddiaçı Hərbi Polis İdarəsi rəisinin 16 noyabr 1992-ci il tarixli əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, 06 fevral 1993-cü il, 03 aprel 1993-cü il, 20 iyul 1993-cü il tarixli əmrlərlə döyüş əməliyyatları rayonuna göndərilmişdir. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin 04 avqust 1993 - dekabr 1994-cü il tarixli, fevral 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Bununla əlaqədar olaraq, qeyd etmək zəruridir ki, iddiaçının xidmət keçdiyi Gəncə Şəhər Hərbi Polis Şöbəsi “Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”na əsasən döyüş əməliyyatlarında iştirak etməmişdir (müvafiq arayış etiraza əlavə edilir). Digər tərəfdən etiraza əlavə edilmiş Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 25 noyabr 2021-ci il tarixli arxiv arayışında və müvafiq əmrlərdən çıxarışlarda iddiaçının Ağdərə, Toğana, Seyfəli döyüş əməliyyatları rayonuna ezamiyyətə göndərilməsi qeyd edilsə də, ezamiyyətin məqsədi döyüş tapşırığı və ya döyüş təminatının yerinə yetirilməsi ilə əlaqəli olmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 iyul 2015-ci il tarixli qərarı ilə qüvvəyə minmiş “Quru Qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş Təlimatı”nın 8.2-ci bəndinə əsasən döyüş təminatı-briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədi ilə keçirilən kompleks tədbirlərdir. Növləri: Kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometeoroloji (meteoroloji) təminatı. Beləliklə də iddiaçının xidmət keçdiyi Gəncə Şəhər Hərbi Polis Şöbəsi bilavasitə döyüş əməliyyatlarında iştirak etmədiyindən, iddiaçının döyüş zonasına ezamiyyətinin məqsədi döyüş tapşırığının və ya döyüş təminatının yerinə yetirilməsi ilə əlaqəli olmadığından, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən iddiaçıya “Müharibə veteranı” statusu verilə bilməz. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqana məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıda qeyd edilən və iş materiallarında olan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşdə olan iddiaçıya məxsus ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətində 3cü səhifədə iddiaçının 19.01.1996-cı il tarixli müvafiq sərəncamla ordudan tərxis edildiyi qeyd edilmişdir. İşdə olan Daxili İşlər Nazirliyinin 17.05.2021-ci il tarixli arayışında qeyd edilir ki, İddiaçı məhkumluğu yoxdur. İşdə olan Tərtər Hərbi Prokurorluğunun 04.11.2021-ci il tarixli 22HP5835 nömrəli məktubunda qeyd edilir ki, 1974-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Tərtər hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və araşdırma aparılmamışdır. İşdə olan Ağdam Hərbi Prokurorluğunun 10.11.2021-ci il tarixli 18/5921 nömrəli məktubunda qeyd edilir ki, vətəndaş İddiaçı barəsində Ağdam Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin 18.11.2021-ci il tarixli 1378 nömrəli məktubuna əlavə edilmiş arxiv arayışında qeyd edilir ki, iddiaçı Hərbi Polis İdarəsi rəisinin 16 noyabr 1992-ci il tarixli 153 №-li əmrilə (əsas: səh.-44, §-3, sıra-18) hərbi xidmətini Gəncə şəhər 1 №-li Ərazi dəstəsində davam etdirmək üçün şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilərək sıravi hərbi rütbəsi verilməklə atıcı vəzifəsinə təyin edilmişdir. Gəncə Hərbi Polis rəisinin 06.02.1993-cü il tarixli 28 №-li əmrində (əsas: səh.-16, sıra-17; qeyd: əmrdə atasının adı yazılmamışdır) sıravi X3 döyüş əməliyyatları bölgəsinə göndərilməsi və 08.02.1993-cü il tarixli 30 №-li əmrində (əsas: səh.-19, sıra-13; qeyd: əmrdə ''atasının adı yazılmamışdır) sıravi X3 döyüş əməliyyatları bölgəsindən qayıtması barədə məlumat vardır. Gəncə Hərbi Polis rəisinin 03.04.1993-cü il tarixli 72 №-li əmrində (əsas: səh.-49; qeyd: əmrdə atasının adı yazılmamışdır) 02.04.93-cü ildən sıravi X4 kəndi döyüş əməliyyatları bölgəsinə göndərilməsi və 06.04.1993-cü il tarixli 74 №-li əmrində (əsas: səh.-51; qeyd: əmrdə atasının adı yazılmamışdır) 05.04.93-cü ildən sıravi Ceyhun Mirzəliyevin döyüş əməliyyatları bölgəsindən qayıtması barədə məlumat vardır. Arxiv arayışında qeyd edilir ki, Gəncə Hərbi Polis rəisinin 06.02.1993-cü il tarixli 28, 08.02.1993- cü il tarixli 30, 03.04.1993-cü il tarixli 72 və 06.04.1993-cü il tarixli 74 №-li əmrlərində atasının adı yazılmadığından məlumatın X1 aid olmasını təsdiq edilə bilinmir. Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanununun 18-ci maddəsinin “D” bəndinə əsasən (ailə vəziyyətinə görə) Baş Qərargah rəisinin 3/5-208 №-İi 19.01.96-cı il tarixli sərəncamına əsasən ehtiyata tərxis olunmuş sıravi C.M.Mirzəliyev Şəmkir Hərbi Polis Şöbəsi rəisinin 09 fevral 1996-cı il tarixli 40 №-li əmrilə (əsas: səh.- 28, §-5) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün İsmayıllı RHK-na göndərilmişdir. İşdə olan cavabdeh orqanın etiraz məktubuna əlavə edilən 23.11.2021-ci il tarixli 4/3-1552 nömrəli məktubda qeyd edilir ki, Hərbi Polis İdarəsinin Gəncə şəhər şöbəsi döyüş əməliyyatlarında iştirak etməmişdir. İşdə olan cavabdeh orqanın etiraz məktubuna əlavə edilən 25.11.2021-ci il tarixli 4/2-1898 nömrəli məktubda qeyd edilir ki, Hərbi Polsi İdarəsi rəisinin 16.11 1992-ci il tarixli 153 №-li əmrilə (əsas: səh 15, sıra 18) İddiaçı “sıravi” hərbi rütbəsi verilərək Gəncə şəhəri Hərbi Polis şöbəsinin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək atıcı vəzifəsinə təyin edilmişdir. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin 17.11.1992-ci il tarixli 67 №-li əmrində (əsas: səh 40, §3, əmr rus əlifbası ilə yazılmış, adı və atasının adı tam yazılmamışdır) «Д.M.Mиpзaлиев» in qazan təminatına daxil edilməsi barədə məlumat vardır. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin 06.02.1993-cü il tarixli 28 №-li əmrində (əsas: səh 16, əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı Ağdərə döyüş əməliyyatları rayonuna göndərilməsi barədə məlumat vardır. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin 08.02.1993-cü il tarixli 30 №-li əmrində (əsas; səh 19. əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı Ağdərə döyüş əməliyyatları rayonundan gəlməsi barədə məlumat vardır. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin 03.04.1993-cü il tarixli 72 №-iı əmrində əsas səh 49, əmrdə atasının adı yazılmamışdır) sıravi Ceyhun Mirzaliyevin Toğana döyüş əməliyyatları rayonuna göndərilməsi barədə məlumat vardır. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin 06.04.1993-cü il tarixli 74 №-li əmrində (əsas: səh 51, § 2, əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı döyüş əməliyyatları rayonundan gəlməsi barədə məlumat vardır. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin 20.07.1993-cü il tarixli 164 №-li əmrində (əsas: səh 33, əmr rus əlifbası ilə yazılmış, adı tam və atasının adı yazılmamışdır) « Д.M.Mиpзaлиев» in Seyfəliyə göndərilməsi barədə məlumat vardır. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin 03.08.1993-cü il tarixli 176 №-li əmrində (əsas: səh 45. əmr rus əlifbası ilə yazılmış, adı tam və atasının adı yazılmamışdır) « Д.M.Mиpзaлиев» in Seyfəlidən qayıtması barədə məlumat vardır. Qeyd edilir ki, Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin 04.08.1993-dekabr 1994-cü il tarixli, fevral 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı Gəncə Hərbi Polis İdarəsində xidmət etmişdir. Müəyyən edilmişdir ki, Gəncə Hərbi Polis İdarəsi döyüş əməliyyatlarında iştirak etməmişdir. Bu səbəblə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, iddiaçıya “Müharibə veteranı” adının verilməsindən cavabdeh orqanın imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Həmçinin, Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin 04.08.1993-dekabr 1994-cü il tarixli, fevral 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün döyüş əməliyyatlarında iştirak etdiyini sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının döyüşlərdə iştirak etməsi sübut edilmədiyindən inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-386/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-386/2022
17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver