Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-387/2025 20.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “52 yaşının tamam olduğuna görə, xx.xx.1994-cü il tarixdən xx.xx.2012-ci il tarixədək “28 may” Neft və Qazçıxarma İdarəsinin qaldırıcıların maşinisti, xx.xx.2012-ci il tarixdən isə hal-hazıradək həmin müəssisənin neft və qaz qazma qurğusunun maşinisti vəzifəsində-əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməsi nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək cavabdeh orqanın Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göstərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1859/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı, xx xxxx 1970-ci ildə İsmayıllı rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra - 10 iyun 1088 - 28 iyun 1990-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Ordu sıralarından tərxis olunduqdan sonra xx.xx.1990-cı ildə İsmayıllı rayon 100 saylı TSMD-də fəhlə işinə qəbul olunmuşdur, xx.xx.1991-ci il tarixdə öz ərizəsi əsasında həmin işdən azad edilmişdir. 01 oktyabr 1991-ci il tarixdən 09 mart 1993-cü ilədək Azərbaycan Respublikası Dövlət Hidrometorologiya Komitəsinin Hərbiləşdirilmiş Xidmətinin İsmayıllı hərbiləşdirilmiş dəstəsində traktorçu-çilingər vəzifəsində işləmişdir. 02 may 1994-cü il tarixdən 31 avqust 2012-ci il tarixədək ”28 may” Neft və Qazçıxarma idarəsininin qaldırıcıların maşinisti, 01 sentyabr 2012-ci il tarixdən isə halhazıradək həmin müəssisənin neft və qaz qazma qurğusunun maşinisti vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 saylı qərarı ilə təsbit edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" na əsasən onun pensiya yaşı çatmış və buna əsas verən iş stajı ilə bağlı sənədləri müvafiq “Dost Mərkəzinə” təqdim etmişdir. Bundan sonra həmin mərkəzdən ondan digər sənədlər də, istənilmiş və həmin sənədləri də əldə edərək təqdim etmişdir. Bununla belə cavabdeh orqan ona imtina cavabı vermişdir. O, imtinanı qəbul etmir və aşağıda göstərdiyi hallara və əsaslara görə hesab edir ki, ona yaşa görə əmək pensiyası təyin olunmalıdır. İsmayıllı rayon 100 saylı TSMD-nin 1991-ci ilin əmr kitablarında və əmək haqqı ödənişi üzrə hesablaşma cədvəllərində onun xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək işə qəbul və işdən çıxma əmrlərinin olmadığı və əmək haqqı ödənişi cədvəllərində adının qeyd olunmaması onun günahı deyil. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı xx.xx.2023-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli 3-17- 1/2-K-187064/2023 nömrəli məktubunda iddiaçının qanunvericiliklə tələb olunan 20 il ümumi stajının olmaması səbəbindən pensiya təyinatının mümkün olmadığı bildirilmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: İncəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır, “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında" Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bununla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edirik ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normalarının tətbiqi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruri hesab olunur:
1. Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilərin xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 il olmalı;
2. Bu müddətin azı 10 ilini əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmalıdırlar. Birinci şərtə münasibətdə qeyd olunur ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunmuş məlumatlara əsasən ümumi iş stajı 20 ildən az (19 il 12 gün (xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir. Cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 21.2.1-ci maddələrinə istinad edərək iddanın təmin edilməməsini xahiş etmiş, qeyd etmişdir ki, əmək pensiyası vətəndaşların aldığı əmək haqqından itirdiyi gəlirlərin kompensasiyası məqsədilə təyin edilir. İş materiallarına əlavə edilmiş əmək kitabçasında iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək İsmayıllı rayon 100 saylı TSMD-də fəhlə vəzifəsində işlədiyi qeyd olunmuşdur İddiaçının sözügedən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün cavabdeh tərəfindən aidiyyəti üzrə sorğu göndərilmiş, sorğuya cavab olaraq müəssisənin 1991-ci ilin əmr kitabında və əməkhaqqı ödənişi üzrə hesablaşma cədvəllərində xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək işə qəbul olma və işdən çıxma əmrlərinin olmadığı və əməkhaqqı cədvəllərində iddiaçının adının qeyd edilmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə əməkhaqqı alınmayan dövrlərin sosial sığorta stajına daxil edilməsini nəzərdə tutan hər-hansı bir müddəa olmadığından, həmçinin iddiaçının İsmayıllı rayon 100 saylı TSMD-də əmək fəaliyyəti ilə məşğul olub-olmadığını müəyyən etmək mümkün olmadığından xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək olan dövrlər sosial sığorta stajına daxil edilməmişdir. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan xx.xx.2006-cı il tarixədək 20 il ümumi is stajı olmadığından ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, AR Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il, xx.xx.2025-ci il tarixli Arayışları, Н3 ******* nömrəli hərbi bilet, İT-İ ******* nömrəli Əmək kitabçası, xx.xx.2024-cü il tarixli xidməti məktub və ona əlavə edilmiş İsmayıllı rayon Dövlət Arxivinin 13 iyul 2023-cü il tarixli məktubu.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260- İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Həmin normaların tələbləri nəzərə alındıqda, 1 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə) 52 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 2006-cı il 1 yanvar tarixədək tamamlamış olmalıdır. İddiaçının peşə təhsili aldığı (2 il, 10 ay), hərbi xidmətdə olduğu (2 il, 6 gün) və əmək kitabçasında qeyd olunan mötəbərliyi şübhə doğurmayan (xx.xx.1991-xx.xx.1993 və xx.xx.1993-xx.xx.2006-cı illər) əmək fəaliyyəti müddətinin (14 il, 2 ay, 15 gün) cəmi 19 il 21 günə bərabərdir. İddiaçının 1992-ci ildə peşə təhsili aldığı müddət onun əmək fəaliyyəti müddəti ilə üst-üstə düşdüyündən təkrarən sosial sığorta stajı kimi nəzərə alına bilməz. Cavabdeh orqan iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək əmək fəaliyyəti müddətini sosial sığorta stajı kimi nəzərə almamışdır. Məhkəmə tərəfindən həmin dövr tədqiq edilərkən müəyyən edilmişdir ki, əmək kitabçasında iddiaçının işdən azad edildiyi dövrlərə sonradan müdaxilə edilmişdir. Belə ki, xx.xx.1991-ci il olaraq qeyd olunmuş həmin tarixdə “09” qeydinə və buna müvafiq olaraq əmrin tarixinin qeyd edildiyi qrafada “İV” qeydinin sonradan “İX” şəklində düzəliş edilməsi aşkar visual baxışla müəyyən edilir. Həmin dövrün (1 il 4 gün) iddiaçının ümumi stajının tamamlanmasında həlledici rol oynaması nəzərə alınaraq əmək kitabçasında icra edilmiş qeydlərin mötəbərliyinin yoxlanılması zərurəti yaranmışdır. Belə ki, iddiaçının işdən azad edilmə əmrlərində yol verilmiş qaralama və düzəliş sözügedən əmək kitabçasının mübahisələndirilən dövrə münasibətdə əmək stajını təsdiq edən mötəbər sənəd kimi qiymətləndirilməsini mümkünsüz edir. İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubunda İsmayıllı rayon Kolxozlararası Tikinti İdarəsinin (100 saylı TSMD-nin) 32№-li arxiv fondunda saxlanılan 1991-ci ilin əmr kitabında və əmək haqqı ödənişi üzrə hesablaşma cədvəllərində xx.xx.1991-ci il tarixdən – xx.xx.1991-ci il tarixədək iddiaçının adının işə qəbul, işdən azad olma əmrləsində və cədvəllərində aşkar edilmədiyi qeyd olunmuşdur. Beləliklə, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasında icra edilmiş qeydlərin mötəbərliyi mübahisələndirilən dövrə münasibətdə sübut olunmadığından və həmin müddət nəzərə alınmadan iddiaçının ümumi stajı 20 ilə tamamlanmadığından məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı, ümumi stajla bağlı tələbə cavab vermədiyindən və bu hal iddia tələbinin rədd edilməsi üçün əsas olduğundan iddiaçının xüsusi iş stajının əlavə olaarq yoxlanılmasına lüzum olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.