Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-388/2021 09.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı "Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1976-cı ildə anadan olmuş və hazırda ünvan 1 mənzil 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. O, xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək Bakı Ali Hərbi Dənizçilik Məktəbində kursant kimi xidmət etmiş, xx.xx.1999-cu ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həqiqi hərbi xidmətə qəbul edilmiş, xx.xx.2007-ci ildə Müdafiə Nazirliyinin şəxsi heyətinin siyahısından çıxarılaraq Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin sərəncamına verilmiş, xx.xx.2016-cı ildə isə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "q" bəndinə əsasən (ştatların ixtisarına görə) polkovnikleytenant hərbi rütbəsi ilə ehtiyata buraxılmışdır. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə ərizə ilə müraciət edərək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti xx.xx.2020-ci il tarixli 23/M-7135 nömrəli cavab məktubunda bildirmişdir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin digər dövlət və ya yerli özünüidarəetmə orqanları ilə təhlükəsizlik orqanları əməkdaşlarının fərdi yaşayış mənzili ilə təmin olunmasına dair qarşılıqlı öhdəliyini müəyyən edən qanunvericilik aktı mövcud olmadığından qaldırılan məsələnin Xidmət tərəfindən həlli mümkün deyil. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmış və Fərmanın 2-ci hissəsinə əsasən, bu məqsədlə Komissiya yaradılmışdır. Həmin Komissiyanın sədri Azərbaycan Respublikasının Maliyyə naziri təyin edilmiş və Komissiyanın üzvləri sırasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti təmsil olunmamışdır. Bu baxımdan, İddiaçı mənzil növbəsinə götürülərək mənzillə təmin olunma barədə aidiyyəti quruma müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi xx.xx.2020-ci il tarixli 4175 nömrəli cavab məktubunda bildirmişdir ki, İddiaçı Azərbaycan Ordusu sıralarında 20 təqvim ilindən az xidmət etdiyinə görə onun adının Müdafiə Nazirliyində tərtib edilən adlı siyahılara əlavə edilməsi Müdafiə Nazirliyinin səlahiyyətləri xaricindədir. Bundan sonra İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı "Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilməsi və dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 22 il ərzində qüsursuz hərbi xidmət keçmiş, xidmət etdiyi dövrdə dəfələrlə komandanlıq tərəfindən həvəsləndirilmiş, medallarla təltif olunmuş, o cümlədən "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla, "Hərbi xidmətdə fərqlənməyə görə" medalın 3-cü, 2-ci, 1-ci dərəcələri ilə və Fəxri Fərmanlarla təltif olunmuşdur. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən, 20 ildən artıq qüsursuz xidmət keçmiş hərbi qulluqçu kimi dövlət hesabına mənzillə təmin olunmaq hüququ vardır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya qarşı xx.xx.2020ci il tarixli 11/6194 nömrəli etirazında iddianın rədd olunmasını xahiş etmiş və bildirmişdir ki, İddiaçı xx.xx.1994-cü ildən xx.xx.2007-ci ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hərbi xidmət keçmiş, Müdafiə nazirinin xx.xx.2007-ci il tarixli 0395 nömrəli əmri ilə isə Müdafiə Nazirliyinin şəxsi heyətinin siyahısından çıxarılaraq Milli Təhlükəsizlik Nazirliyinin sərəncamına verilmişdir. İddiaçının xx.xx.1994-cü ildən xx.xx.2007-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçdiyi müddət 20 ildən az, yəni 12 il 11 ay 4 gün təşkil edir. Bu səbəbdən iddiaçının dövlət tərəfindən mənzillə təmin olunacaq şəxslərin siyahısına daxil edilməsi "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun deyil. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti iddiaya qarşı xx.xx.2020-ci il tarixli 20/1080 nömrəli etiraz ərizəsində iddianın təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Həmin Fərmanın 2-ci hissəsinə əsasən, dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılmış, 3-cü hissəsində isə Komissiyaya həmin siyahının Maliyyə Nazirliyinə təqdim edilməsi tapşırılmışdır. Eyni zamanda, sözügedən Fərman qəbul edilərkən Müdafiə Nazirliyi tərəfindən təşkil olunan Silahlı Qüvvələrin hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi məsələlərinə şamil edildiyindən Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi Komissiyanın tərkibinə daxil edilməmişdir. Qeyd olunan Komissiyadan və Müdafiə Nazirliyindən bugünə kimi iddiaçının təhlükəsizlik orqanlarında xidməti barədə sorğu daxil olmamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli 11/04-20-679 nömrəli məktubda bildirmişdir ki, iddiaçının Azərbaycan Ordusu sıralarında 20 təqvim ilindən az xidmət etdiyi səbəbindən onun adı Müdafiə Nazirliyində tərtib edilən adlı siyahıya daxil edilməmişdir. Odur ki, iddiaçının tələbinə Müdafiə Nazirliyinin rəyi əsasında baxılması məqsədə müvafiqdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı iki öhdəliyin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir: 1) Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilməsi, 2) dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi. Məhkəmənin xx.xx.2021-ci il tarixli ayrıca qərardadı ilə iddianın ikinci hissəsi mümkün sayılmamışdır. Ona görə də hazırkı qərar iddianın yalnız birinci hissəsi ilə bağlı qəbul edildi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, İddiaçı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1999-cu ildən xx.xx.2016-cı ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan, İddiaçı EZ seriyalı A-0000157 nömrəli hərbi bilietinin surətindən görünür ki, o, xx.xx.1999-cu ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həqiqi hərbi xidmətə qəbul edilmiş, xx.xx.2007-ci ildə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində xidmətə qəbul edilmiş, xx.xx.2016-cı ildə isə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "q" bəndinə əsasən (ştatların ixtisarı) hərbi xidmətdən tərxis edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia qismən əsaslıdır. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən, bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılmışdır: Komissiyanın sədri: Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri. Komissiyanın üzvləri: Çingiz Məmmədov - Azərbaycan Respublikası müdafiə nazirinin müavini. Rafiq Cəlilov - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini. Rauf Pənahov - Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini. Ramiz Tahirov - Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi. Həmin Fərmanın 3-cü hissəsində Komissiyaya tapşırılmışdır ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanın 4-cü hissəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Fərmanda Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün iki əsas şərt müəyyən edilmişdir. Bunlardan biri hərbi qulluqçunun xidmət etdiyi müddətin 20 ildən az olmaması və bu xidmətin qüsursuz olmasıdır. "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanununun 1.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisatdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmədir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının başqa silahlı birləşmələri (bundan sonra - başqa silahlı birləşmələr) - Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar). Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 43 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə"nin 12-ci bəndində deyilir ki, Nazirliyin hərbi qulluqçuları "Hərbi xidmət haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, hərbi nizamnamələrə və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər. Nazirlikdə işçilərlə əmək münasibətləri müvafiq qanunvericiliyə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılmışdır. Sadalanan normaların birgə təhlilindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək Bakı Ali Hərbi Dənizçilik Məktəbində kursant kimi təhsil aldığı, xx.xx.1999-cu ildən xx.xx.2007-ci ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, bundan sonra xx.xx.2016-cı ilədək isə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində hərbi xidmətdə olduğu bütün müddət (21 il 5 ay 13 gün) onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddəti sayılır. Məhkəmə iddiaçının Azərbaycan Ordusu sıralarında 20 təqvim ilindən az xidmət etməsi səbəbindən onun adının dövlət tərəfindən mənzillə təmin olunacaq şəxslərin siyahısına daxil edilməli olmaması barədə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanında yalnız Azərbaycan Ordusunda deyil, ümumilikdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində etdiyi xidmətin qüsursuz olması cavabdehlər tərəfindən mübahisələndirilmir və onun hər hansı qüsura yol verməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanında göstərilən meyarlara cavab verir, bu səbəbdən də dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməlidir. İddiaçının adının həmin siyahıya cavabdeh inzibati orqanlardan məhz hansı tərəfindən daxil edilməsi məsələsinə gəldikdə isə məhkəmə hesab edir ki, bu öhdəliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi daşıyır. Belə ki, əvvəla, ölkədə başqa silahlı birləşmələrə aid bir neçə dövlət orqanı mövcud olduğu halda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın tərkibinə həmin orqanların hər birinin deyil, Azərbaycan Ordusunun aid olduğu Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi daxil edilmişdir. Digər tərəfdən, məhkəmənin xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli məktubları ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə sorğu edilərək sözügedən Komissiyanın fəaliyyətini tənzimləyən hüquqi aktlar tələb edilmiş, Maliyyə Nazirliyi isə xx.xx.2021-ci il tarixli 11/04-20-679 nömrəli cavab məktubunda bildirmişdir ki, iddia ərizəsində qaldırılan məsələyə Müdafiə Nazirliyinin rəyi əsasında baxılması məqsədə müvafiqdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, analoji mübahisələrlə bağlı bir neçə başqa inzibati iş üzrə (məsələn, 2-1(102)-3250/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il, 2- 1(102)-2910/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il, 2-1(102)-1297/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il, 2-1(102)-1887/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında da oxşar hüquqi mövqe ifadə edilmişdir. Beləliklə, iddia qismən təmin edilməli, İddiaçı adının Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalı, iddia cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə aid hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı adının Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. İddia cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə aid hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-388/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-388/2021
09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver