Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-388/2024 25.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “İddiaçı Ziyyətinovnaya məxsus Balakən rayonu, Qasbinə kəndində yerləşən 1998-ci ildə inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin üzərinə JN seriyalı 001 B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” İddiaçı Ziyyətinovnaya məxsus Balakən rayonu, Qasbinə kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, İddiaçı Ziyyətinovnaya məxsus Balakən rayonu, Qasbinə kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi və 1998-ci ildə inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-2498/2023 nömrəli qərardadı ilə X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-388/2024 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin üzərinə JN seriyalı 001 B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” İddiaçı Ziyyətinovnaya məxsus Balakən rayonu, Qasbinə kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və Balakən rayonu, Qasbinə kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin qoyulması” hissəsində mümkün sayılmamışdır. İddia ərizəsinin əsaslarına görə, iddiaçının Balakən rayonu, Qasbinə kəndində 1998-ci ildə inşa edilmiş fərdi yaşayış evi və 0,08 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı, qeyd olunan daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı məqsədi ilə cavabdehə müraciət etmiş və məlum olmuşdur ki, iddiaçının qanuni istifadəsində olan 0,08 ha həyətyanı torpaq sahəsi JN seriyalı 001B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən başqa şəxsin (şəxslərin) mülkiyyətinə verilmişdir. Nəticədə, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi 13 noyabr 2020-ci il tarixli, **********91 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Bundan sonra iddiaçı, cavabdeh orqana müraciət edərək, JN seriyalı 001B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin qanuni istifadəsində olmuş və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən mülkiyyətinə verilmiş Balakən rayonu, Qasbinə kəndində yerləşən 0,08 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsini xahiş etmişdir. Lakin, cavabdeh orqan 24 fevral 2022-ci il tarixli, **********92 nömrəli məktubla ərizənin icrasından imtina etmişdir. İddiaçının hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi iş üzrə cavabdeh orqanın üzərinə JN seriyalı 001B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” iddiaçıya məxsus Balakən rayonu, Qasbinə kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, sonuncuya məxsus Balakən rayonu, Qasbinə kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi və 1998-ci ildə inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alması öhdəliyinin qoyulmasını istəməsidir. Cavabdeh orqan iddia tələbinə münasibətində aşağıdakıları qeyd etmişdir: - İddiaçı Balakən rayonu Mahamalar kəndi “Musabəyov" adına kolxozun 30 dekabr 1994-cü il tarixli, 4 nömrəli qərarına əsasən verilmiş 0,08 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində hüququların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrindən çıxarışla rəsmiləşdirilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, ərizəyə torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (Torpaq sahəsinin planı və ölçüsü, müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim akt) və fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd əlavə olunmamışdır. Bundan əlavə, ərizənin obyektiv araşdırılması üçün ərazi idarəsinin aidiyyəti əməkdaşları iddia olunan ərazidə olmuş və aparılmış ölçmə işləri və kadastr ekspertizası zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi də daxil olmaqla 0,26 ha torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 saylı qərarı ilə X2, X6, X1 və X3 mülkiyyətinə verilmiş və Ləğv olunmuş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən qeyd olunan torpaq sahəsinə JN-001B saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə’’ sənədi tərtib edilmişdir. Həmin sənədə əsasən torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reystrində əməliyyatlar aparılmışdır. Qeyd olunanlara əsasən iddiaçının ərizəsinin icrası mümkün olmamamış və bu barədə xx.xx.2020-ci il tarixli, **********91 nömrəli və xx.xx.2021-ci il tarixli, **********83 nömrəli məktublar ona ünvanlanmışdır. Daha sonra, iddiaçı hazırki iddia predmetində mübahisələndirilən daşınmaz əmlakla bağlı əvvəllərdə ərazi idarəsinə qarşı oxşar iddia tələbi ilə Şəki inzibati Məhkəməsinə müraciət etmişdir. Lakin, Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2- 1(116)-642/2021 nömrəli qərarı ilə iddiaçının iddia tələbi mümkün sayılmamışdır. Bundan sonra, İddiaçı - X5 və digərlərinin adına tərtib edilmiş JN-001B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinin iddiaçıya məxsus 0,08 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəçinin müraciətində qaldırılan məsələnin həlli ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığı üçün onun müraciətinə baxılması mümkün olmamış və bu barədə ona xx.xx.2022-ci il tarixli, **********92 nömrəli məktub göndərilmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu, yanvar 1999-cu il tarixli, 748 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu, Balakən rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli arxiv arayışı. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, cavabdeh orqanın iddia tələbinə etirazından və iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl anoloji tələblə cavabdeh orqana müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların qeydə alınması üçün əsas olaraq müəyyən edilmişdir. İş materiallarında olan yanvar 1999-cu il tarixli, 748 inventar nömrəli texniki pasportdan görünür ki, Balakən rayonu Qasbinə kəndində yerləşən, iddiaçının hüquq subyekti olaraq qeyd edildiyi yaşayış sahəsi 1998-ci ildə inşa edilmişdir. İstinad olunan Siyahının 2.3-cü bəndinin tələbləri baxımından iddia olunan fərdi yaşayış evi kənddə yerləşməklə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evi hesab olunduğundan cavabdeh orqan təsərrüfatbaşına kitabdan çıxarış məlumatına istinad etməklə sözügedən daşınmaz əmlak obyekti üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını təmin etməli idi. Belə ki, iş materiallarında olan Balakən rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçının uçotda olduğu təsərrüfat üzrə 1996-2000-ci illər üzrə təsərrüfatbaşına kitabda evin tikildiyi il 1997-ci il qeyd olunmuş, həmçinin iddiaçının ailə üzvləri və istifadəsində olan torpaq sahəsi ilə bağlı məlumatlar öz əksini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı, sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlı olmuşdur. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə cavabdehin üzərinə Balakən rayonu, Qasbinə kəndində yerləşən 1998-ci ildə inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.