Məhkəmə qərarları › İş №2-1(116)-3889/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-3889/2025

07.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3889/2025 07.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Şəki rayonu, Baş Zəyzid kəndi) cavabdeh – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (yerləşdiyi yer: Bakı şəhəri, Xətai rayonu, F.Əliyev küçəsi 5) qarşı «əlilliyin müəyyən edilməsi» barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 2002-ci il təvəllüdlüdür, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və xəsarət almışdır. Bu səbəblə ona 29 aprel 2023-cü il tarixdə 2 il müddətinə əlillik təyin edilmişdir. Əlillik müddəti başa çatdıqdan sonra iddiaçı aidiyyəti tibb müəssisəsində müayinə olunmuş və onun sağlamlıq vəziyyəti barədə tibbi göndəriş əlilliyin qiymətləndirilməsi məqsədilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Cavabdeh 15 may 2025-ci il tarixdə iddiaçıya əlillik dərəcəsi təyin etməkdən imtina etmiş və imtinanın səbəbini diaqnozun əlillik əlaməti təyin etməməsi ilə əsaslandırmışdır. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin təyin olunmasından imtina barədə qərarın ləğvi, əlilliyin yenidın qiymətləndirilməsi və əlillik dərəcəsinin bərpa olunması» tələbini irəli sürməklə Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə icraatının gedişində iddiaçının müraciəti əsasında məhkəmənin qərardadı ilə iddia dəyişdirilərək «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar iddiaçının orqanizmin funksiyalarının 65 – 80 faiz pozulması ilə bağlı 2 il müddətinə əlilliyinin müəyyən olunması» kimi qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, hazırkı sağlamlıq vəziyyəti əvvəlkindən daha da ağırdır. Fiziki hərəkət imkanları məhdudlaşmış, ağrıları güclənmişdir. Mütəmadi müalicəyə ehtiyacı var. Bu səbəbdən cavabdehin imtina qərarı ilə razılaşmır. Qərarın ləğvini və əlilliyinin yenidən qiymətləndirilməsini tələb edir. Cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya etiraz edir və mövqeyini belə əsaslandırır ki, İddiaçı əlillik vəziyyətinə sonuncu dəfə əyani müayinəsi həyata keçirilərək Şəki Rayon Psixiatriya Xəstəxanasının 5 may 2025-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Üzvi (İİ Qarabağ müharibəsi zamanı) mənşəli şəxsiyyət pozuntusu depressiv epizodlar qıcolma tutmaları nitq qüsuru ilə. İmtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnozun əlillik əlamətləri aşkar edilmir. Nəzərinizə çatdırırıq ki, Şəki rayon sakini 2002-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) OFP faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində 29 aprel 2023-cü il tarixdə qiymətləndirilmiş və OFP 35% 2 il müddətinə əlillik təyini barədə qərar qəbul edilmişdir. İddiaçıya OFP faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, ona Müdafiə Nazirliyinin MHHK tərəfindən 2 mart 2022-cü il tarixli 2765 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi. Mülayim dərəcədə ifadə olunmuş orta dərəcəli depressiv pozuntu. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Barotravma (8 noyabr 2020-ci il), soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 4 m, sağ qulaqda 6 m məsafədən eşitməsi ilə. Sağ bud, hər iki baldırın qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün akomadasiyasının spazmı. 11, 12, 22, 23-cü dişlərin adentiyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlik” kimi müəyyənləşdirilmişdir. Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023 – xx.xx.2023-cü il tarixli 9799/23 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Fəlakətdən sonrakı davamlı şəxsiyyət dəyişikliyi, orta depressiv epizod” kimi müəyyənləşdirilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 515/24 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, qıcolma tutmaları, nitq qüsuru ilə” kimi müəyyənləşdirilmişdir. X2 Psixiatr Komissiyasının 22 yanvar 2024-cü il tarixli 3351 nömrəli tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, qıcolma tutmaları, nitq qüsuru ilə” kimi müəyyənləşdirilmişdir (təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 13035579 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Həmin Xəstəxananın xx.xx.2024-xx.xx.2024-cü il tarixli 13668332 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. X2 Psixiatr Komissiyasının 2 dekabr 2024-cü il tarixli 545 nömrəli tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, qıcolma tutmaları, nitq qüsuru ilə” kimi müəyyənləşdirilmişdir (təyin edilən diaqnoz 2 il müddətinə qüvvədədir). Şəki rayon Psixiatriya Xəstəxanasının xx.xx.2025-xx.xx.2025-ci il tarixli 14515474 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sürətli danışaraq, əsəbi halda ”Adım orda yazılıb, baxın da” deyərək qıcıqlanmış, sonra özünü təqdim etmiş, qıcolma tutmalarının olmasından şikayətlənmişdir. Dərmanlardan depakin, ketilept, amitriptillin qəbul etdiyini demişdir. Teztez qıcolma tutmalarının olduğunu, huşunu itirdiyini, dilinin tutulduğunu, 3 gündən bir xəstəxanaya aparıldığını demişdir. Tutmalarının həyəcan fonunda baş verdiyini və 6 – 7 saat davam etdiyini demişdir. Heç kəslə yola gedə bilmədiyini, dəfələrlə özünü asmaq istədiyini, bir neçə dəfə intihar məqsədi ilə dərman qəbul etdiyini, hətta 1 dəfə komaya düşdüyünü qeyd etmişdir. Valideynlərinin ona görə xəstələndiyini deyərək kövrəlmişdir. Suallara əsəbi halda, səs tonunu yüksəldərək cavablar vermişdir. Nümayişkar olaraq özünü nalayiq aparmış, ayağa qalxmış, stola təpik vurmuş, sonra polislər tərəfindən otaqdan çıxarılmışdır. Psixi status: Ünsiyyətə əsəbi və aqressiv halda qoşulmuşdur. Ümumi vəziyyəti həyəcanlı olmuşdur. Nümayişkar olmuş, nalayiq ifadələrdən istifadə edərək həkimləri təhqir etmişdir. Öyrədilmiş cümlə ilə ”Sizə görə vuruşmuşuq da” deyərək aqressiya nümayiş etdirmişdir. Təfəkkürü ardıcıllığını, məntiqiliyini tam qorumuşdur. Maraqlarına uyğun olaraq məqsədliliyi, mühakiməsi aşkar olmuşdur. Təqdim etməyə çalışdığı klinika heç bir diaqnoza uyğun olmamışdır. Çağırışçı olmuş, xidmətini 1 yanvar 2022-ci il tarixdə tamamlayaraq ehtiyata buraxılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra yüngül dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi. Məqsədyönlü nümayişkar və aqressiv davranışlar” kimi müəyyənləşdirilmişdir, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə «Əlilliyin müəyyən olunması meyarları»na uyğun olaraq “diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir. Göstərilənlərə və «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanununa, «Əlilliyin qiymətləndirilməsi Qaydası»na və «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»na əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı və nümayəndəsi gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın müddəalarına görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir (1.1), Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir (1.2). Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının əlilliyinin təyin olunması ilə bağlı müvafiq tibb müəssisəsi vasitəsilə daxil olmuş müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Şəki rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən iddiaçının yaşayış yeri Şəki rayonunun Baş Zəyzid kəndidir. Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı hazırkı mübahisə üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdehin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı əlillik təyinatından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Həmin Meyarların 7-ci “Psixi və davranış pozuntuları” bölməsinin F07.0 kodu altında üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi aşağıdakı qiymətləndirmələr üzrə əlilliyin dərəcəsinin 2 il müddətinə təyininə əsas verir: - (7.6.2.1) əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – orqanizmin funksiyalarının 35 – 60 % pozulması; - (7.6.2.2) məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti – orqanizmin funksiyalarının 65 – 80 % pozulması. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən tibbi-sosial ekspert komissiyasının qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İşdə olan Şəki Rayon Psixiatriya Xəstəxanasının 5 may 2025-ci il tarixli göndərişinin surətindən görünür ki, hazırkı İddiaçı həmin tarixdə müayinəsi zamanı onda aşağıdakı xəstəliklər müəyyən edilmişdir: - Əsas diaqnoz – XBT kodu F07.0, Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İİ Qarabağ müharibəsi zamanı) mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, qıcolma tutmaları nitq qüsuru ilə. Səbəbli əlaqəsi – Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi. Göndərişdə həmçinin köməkçi diaqnostik müayinələrin (beyin MRT) nəticəsi kimi İddiaçı sol beyin yarımkürəsində 0,5-1.0 mm ölçülü qliotik ocaqların aşkar olunduğu, sağ temporalpay ön polusunda yerləşən içərisində septasiyası və ətraf beyin parenximasında qliotik dəyişikliklər izlənən, ölçüsü 30x24x31 mm olan ensofalomalyasiyası lehinə kistoz görüntünün olması, mikroanqiopatik makroanqiopatik ocaqların, kəllədaxili pipertenziyanın aşkar olunduğu da göstərilmişdir. Bundan başqa, göndərişin “Status lokalis” qrafasında İddiaçı barəsində aşağıdakılar qeyd olunmuşdur: - Zahirən narahat və gərgindir, kontakta həvəssiz qoşulur, verilən suallara ləng, gözləyərək, həvəssiz və asta səslə cavablar verir. Təfəkkürü ləngimişdir, ünsiyyətə həvəs göstərmir, söhbət uzandıqca yorulur, suallar təkrar verildikdə əsəbiləşir, tez özündən çıxır, əsassız mübahisəyə qoşulur, emosional davamsızdır, adi qıcığa qeyri-adekvat reaksiya verir, əhval-ruhiyyəsi enik fondadır, özünə qapanıbdır, maraq dairəsi daralıb, heç nə ilə maraqlanmır, intihar fikirləri səsləndirir, bələdçiliyi qismən saxlanılıb, yuxusu pozulub, dərmanladır. İş materiallarında olan Müdafiə Nazirliyinin MHHK tərəfindən verilmiş 2 mart 2022cü il tarixli 2765 nömrəli şəhadətnamədə İddiaçı diaqnozu “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi. Mülayim dərəcədə ifadə olunmuş orta dərəcəli depressiv pozuntu. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Barotravma (8 noyabr 2020-ci il), sol tərəfli xroniki koxlear nevrit, sol tərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 4 m, sağ qulaqda 6 m məsafədən eşitməsi ilə. Sağ bud, hər iki baldırın qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” göstərilmiş, travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Məhkəmə işdə olan sənədlərə və mövcud qanunvericiliyin müddəalarına əsasən mübahisəyə qiymət verərək, cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır. Belə ki, İPM-in 14.3-cü maddəsinə (ikinci cümləsi) əsasən sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan hazırkı məhkəmə icraatında imtinasını formal şəkildə xüsusatlarla əsaslandırmış, sadəcə “diaqnoz əlillik təyin etmir” səbəbi göstərmişdir. Yalnız əyani müayinə üzrə 26 may 2025-ci il tarixli qərarda “şəxsin hazırkı psixi vəziyyətinin mütəxəssislər tərəfindən fəlakətdən sonra yüngül dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, məqsədyönlü, nümayişkar və aqressiv davranışlar kimi müəyyənləşdirilmişdir, əlillik təyinatına əsas verən davranış pozuntuları psixoproduktiv əlamətlər qeyd olunmamışdır” qeyd edilmişdir. Məhkəmə diqqətə çəkir ki, məhkəmə icraatında sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan tərəfindən İddiaçı barəsində Şəki Rayon Psixatriya Xəstəxanasının tibbi göndərişində göstərilən xəstəlik xüsusatlarını təkzib edəcək heç bir tutarlı sübut və ya arqumet gətirilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazında İddiaçı əlillik vəziyyətinin Şəki Rayon Psixiatriya Xəstəxanasının 5 may 2025-ci il tarixli göndərişi əsasında qiymətləndirildiyini bildirmişdir. Cavabdehin imtinasını əsaslandırmaq üzrə təqdim etdiyi dəlil (diaqnoz əlilik təyin etmir) formal mülahizələrə söykənən haldır. Nəzərə alınmmalıdır ki, göndərişə əsasən iddiaçıda sol beyin yarımkürəsində 0,5-1.0 mm ölçülü qliotik ocaqlar, mikroanqiopatik makroanqiopatik ocaqlar, kəllədaxili pipertenziya aşkar olunmuşdur, o, zahirən narahat və gərgindir, kontakta həvəssiz qoşulur, verilən suallara ləng, gözləyərək, həvəssiz və asta səslə cavablar verir, təfəkkürü ləngimişdir, ünsiyyətə həvəs göstərmir, tez özündən çıxır, əsassız mübahisəyə qoşulur, emosional davamsızdır, adi qıcığa qeyri-adekvat reaksiya verir, əhval-ruhiyyəsi enik fondadır, özünə qapanıbdır, maraq dairəsi daralıb, heç nə ilə maraqlanmır, intihar fikirləri səsləndirir. Ümumiləşdirilərək, belə nəticə yaranır ki, iddiaçıda olan yuxarıda sadalanan hallar qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə «Əlilliyin müəyyən olunması meyarları»nın 7-ci bölməsində F-07.0 kodu altında nəzərdə tutulur. Halbuki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Rayon Psixiatriya Xəstəxanasının 5 may 2025-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətini qiymətləndirərkən, göndərişdə iddiaçıda F07.0 XBT kodu ilə xəstəliyinin mövcudluğu göstərildiyi halda, buna səthi yanaşmış və doğru nəticəyə gəlməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaya qarşı yazılı etirazında tibb müəssisəsinin yeni göndərişinin rəsmiləşdirildiyi və onun əsasında iddiaçının əlavə əyani müayinəsinin araşdırılmasının aparıldığı qeyd edilsə də, buna dair təsdiqedici sənədlər, habelə bunun nəticəsi barədə hər hansı hal, xüsusat məhkəmə icraatına təqdim olunmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq İddiaçı müvafiq əlillik təyinatından imtina etmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsi (orqanizmin funksiyalarının 65 – 80 % pozulması ilə) müəyyən edilməlidir. Beləliklə məhkəmə İPM-in 52, 68-ci maddələrinin də tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli və İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 65 – 80 faiz pozulması ilə bağlı 2 il müddətinə əlilliyin müəyyən olunması öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 65 – 80 faiz pozulması ilə bağlı 2 il müddətinə əlilliyin müəyyən olunması öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar