Məhkəmə qərarları › İş №2-1(116)-389/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-389/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-389/2022 09.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəylər qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0,07 ha torpaq sahəsinə verilmiş ******* nömrəli çıxarışda göstərilən bələdiyyə mülkiyyət növünün dəyişdirilərək onun xüsusi mülkiyyətində olması barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********38 reyestr nömrəli çıxarışın qismən ləğv edilməsi, Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0,07 ha torpaq sahəsinə verilmiş ******* nömrəli çıxarışda göstərilən bələdiyyə mülkiyyət növünün dəyişdirilərək onun xüsusi mülkiyyətində olması barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Balakən Rayon Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli, 05 saylı qərarına əsasən iddiaçı və ailə üzvlərinə Balakən rayonu Sarıbulaq kəndində 0,92 ha torpaq sahəsi verilmiş torpaq sahəsi üzərinə 21 avqust 2000ci il tarixdə JN-254 nömrəli dövlət aktı verilmişdir. İddiaçı JN-254 nömrəli dövlət Aktının 254-Q hissəsindəki 0,07 ha qaytanlanmış torpaq hissəsində ev tikmiş, həmin evə texniki pasport və həmin torpaq sahəsinə ******* nömrəli çıxarış almışdır. Sözügedən çıxarışda Torpaq sahəsinin mülkiyyət növü “Bələdiyyə mülkiyyəti” olaraq göstərilmişdir. 05.03.2021ci il tarixli arxiv arayışına əsasən 0,07 ha torpaq sahəsinin 1982-ci ilin qaytanlanmış torpaq kitabında iddiaçının adına olması qeyd edilmişdir. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, ******* nömrəli çxıarışda dəyişiklik edərək torpaq sahəsinin mülkiyyət növünün “xüsusi mülkiyyət” olaraq qeyd edilməsini və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 06.08.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinin təyinatının dəyişdirilməsi (bir kateqoriyadan başqa kateqoriyaya keçirilməsi) 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Cavabdeh 16.11.2021-ci il tarixli etirazında qeyd etmişdir ki, qeyd olunan ünvan 1i ünvanında yerləşən 0,07 ha torpaq sahəsinin yerləşdiyi ərazi 0,1599 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi Balakən rayon Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli, 05 saylı qərarı ilə iddiaçının və onun ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmiş və həmin qərara əsasən 0,1599 ha torpaq sahəsi üzərində onların mülkiyyət hüquqları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-254 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ilə rəsmiləşdirilmişdir. Həmin 0,1599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd olunan JN-254 nömrəli Dövlət Aktının 254Q planşet hissəsində göstərilmişdir. Buna görə də iddiaçıya qeyd olunan torpaq sahəsinin təyinatı qanunla müəyyən edilmiş qaydada dəyişdirildikdən sonra məsələyə baxılması barədə 06.08.2021-ci tarixli, **********52 nömrəli məktub göndərilmişdir. İddia ərizə ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, mübahisə predmetinə aid olan ünvan 1ində 0,07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Balakən RİHB-nın Sarıbulaq kənd ərazi nümayəndəsinin 25.08.2008-ci il tarixli, 776 nömrəli arayışına və Balakən rayon Dövlət Arxivinin 01.09.2008-ci il tarixli, 418 nömrəli arayışına əsasən mərhum X6 adına 16.09.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra, həmin daşınmaz əmlak notarial qaydada təsdiq edilmiş 25.09.2008-ci il tarixli, 2V-181 reyestr nömrəli, “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə və 25.09.2008-ci il tarixli, 2V-182 reyestr nömrəli, “Ərarvadın ümumi əmlakda paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında Şəhadətnamə”yə əsasən X1 (payı 3/4 hissə üzrə) və İddiaçı Zubahir oğlunun (payı 1/4 hissə üzrə) adlarına paylı mülkiyyət hüququ üzrə 24.10.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra, X2 həmin daşınmaz əmlakdakı özünə aid 3/4 hissə üzərində olan payını notarial qaydada təsdiq edilmiş 18.12.2008-ci tarixli, 4Ə- 418 reyestr nömrəli bağışlanma müqaviləsi ilə İddiaçı Zubahir oğluna bağışlamışdır. Həmin bağışlama müqaviləsinə əsasən qeyd olunan daşınmaz əmlak tam mülkiyyət hüququ üzrə İddiaçı Zubahir oğlunun adına 02.02.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh orqan etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə etiraza uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşdə olan JN-254 nömrəli Dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 12.05.1999-cu il tarixli 05 nömrəli qərarı ilə 0,92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8, X3 və İddiaçı Zübayir oğlunun ümumi birgə mülkiyyətinə verilmişdir. Dövlət aktının 254Q planşet hissəsində qeyd edilən torpaq sahəsinin 1599,66 kv.m olduğu qeyd edilmişdir. İşdə olan 30.01.2010-cu il tarixdə tərtib edilmiş inventar nömrəsi 177 olan fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Balakənr ayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Texniki pasportda evin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə 0,07 ha, faktiki 0,0733 ha olduğu qeyd edilmişdir. İşdə olan 02.02.2010-cu il tarixli Ma seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Balakən rayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir, evin yerləşdiyi 0,07 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MMC-nin 21.12.2021-ci il tarixli məktubunda qeyd edilir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi JN-254 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən kənd təsərrüfatı təyinatlı, uqodiyası çoxillik əkmələr olmaqla sahəsi 0,1599 ha olan yaşayış məntəqələri daxilində yerləşən xüsusi mülkiyyətdir. Mülkiyyətçiləri X9, X3 və İddiaçı Zubahir oğludur. Faktiki istifadəçisi isə İddiaçı Zubahir oğludur. Həmçinin bildirilir ki, ünvan 1ində yerləşən 1982-ci ildə inşa edilmiş fərdi yaşayış evi üzərində ilkin olaraq mərhum X6 mülkiyyət hüququ 16.09.2008-ci ildə **********13-10301 saylı reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Balakən rayonu Dövlət Notariat Kontorunun 2V-181 və 2V-182 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında həmin fərdi yaşayış evi üzərində X2 və İddiaçı ümumipaylı olmaqla 24.10.2008-ci ildə **********13-10301 saylı reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Daha sonra Balakən rayonu Dövlət Notariat Kontorunun 4Ə-418 saylı, 18.12.2008-ci il tarixli bağışlanma müqaviləsi əsasında İddiaçı mülkiyyət hüququ 02.02.2010-cu il tarixdə **********13-10301 saylı reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sxeminin surətindən görünür ki, fərdi yaşayış evi JN-254 nömrəli Dövlət aktının 254Q nömrəli planşet hissəsində qeyd edilən 0,1599 ha torpaq sahəsinin 0,07 ha hissəsi üzərində inşa edilmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir; 9.2-ci maddəsinə görə, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları; 9.3-cü maddəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; 12.4-cü maddəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir; 13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir; 13.3-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 56.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün istifadəyə və icarəyə verilə bilər. Qeyd olunan normaların tələblərinin işin göstərilən hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı və onun ailə üzvlərinə Balakən rayonunun Sarıbulaq kəndində aqrar islahat aparılan zaman 0,92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair JN-254 nömrəli Dövlət aktı tərtib edilmişdir. Dövlət aktının 254Q planşet hissəsində qeyd edilən 0,1599 ha torpaq sahəsinin 0,07 ha hissəsində iddiaçı fərdi yaşayış evi tikdirmişdir. Sözügedən fərdi yaşayış evi dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı evin texniki pasportu tərtib edilmiş və MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. Verilmiş çıxarışda fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyətində olması qeyd edilsə də, evin yerləşdiyi 0,07 ha torpaq sahəsinin onun mülkiyyətində olması göstərilməmişdir. Belə ki, aqrar islahat komissiyalarının müvafiq qərarlarının qəbul edildiyi dövrdə vətəndaşların mülkiyyətinə həyətyanı torpaq sahələrinin verilməsi Şəhadətnamə, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin verilməsi isə müvafiq Dövlət aktları ilə rəsmiləşdirilirdi. İddiaçının fərdi yaşayış evinin yerləşdiyi mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq etmək üçün istinad etdiyi JN-254 nömrəli Dövlət aktında torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrıldığı qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı ona və ailə üzvlərinə aqrar islahat zamanı verilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən təyinatı üzrə istifadə etməyərək orada fərdi yaşayış evi tikdirmişdir ki, bu da yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə zidd olmaqla, konkret halda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin yuxarıda qeyd edilən müvafiq maddələrinin kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İddiaçının nəzərinə çatdırılır ki, torpaq sahələrinin bir kateqoriyadan digərinə keçirilməsi “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında göstərildiyi hallarda və qaydada mümkündür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə görə, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0,07 ha torpaq sahəsinə verilmiş ******* nömrəli çıxarışda göstərilən bələdiyyə mülkiyyət növünün dəyişdirilərək onun xüsusi mülkiyyətində olması barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar