Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-389/2023 16.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə iddiaçı “Ağdaş-məişət ASC”nin cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə qarşı “on bir nəfər Ağdam məcburi köçkünlərinin “Ağdaşməişət ASC”yə məxsus qeyri-yaşayış binası olan əmlak kompleksindən dərhal çıxarılaraq Komitəyə məxsus məcburi köçkünlər üçün nəzərdə tutulmuş ünvanlara köçürülməsi və məcburi köçkünlərin cinayət əməlləri nəticəsində ona ümumilikdə 124.000 (yüz iyirmi dörd min) manat ziyanın ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, on bir nəfər Ağdam məcburi köçkünlərinin “Ağdaş-məişət ASC”yə məxsus qeyri-yaşayış binası olan əmlak kompleksindən dərhal çıxarılaraq Komitəyə məxsus məcburi köçkünlər üçün nəzərdə tutulmuş ünvanlara köçürülməsi və məcburi köçkünlərin cinayət əməlləri nəticəsində ona ümumilikdə 124.000 (yüz iyirmi dörd min) manat ziyanın ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, X17 2007-ci ildən “Ağdaş-məişət ASC”nin sədridir, 96,8702 faiz pay sahibidir, yerdə qalan pay on nəfər şəxsə məxsusdur. “Ağdaş-məişət ASC”yə məxsus əmlak kompleksi adlanan 450,5 kv.m sahəsi olan 2 mərtəbəli qeyriyaşayış binası və 250 kv.m sahəsi olan qaraj tikilisi xüsusi mülkiyyətdir, ünvan 1 ünvanında 0,13 ha torpaq sahəsində yerləşir. Əmlak Kompleksi adlanan binanın 200 kv.m sahəsi olan 2-ci mərtəbəsində 1992-ci ilin sonundan zəbt olunmuş və hazırda bu günə qədər Ağdam məcburi köçkünləri bu ünvanda yaşayır. 2009-cu il tarixdə Natiq Yaralıyev payçıların da razılığı ilə "xxxx"dən (indiki Aqroservis ASC) lizinq yolu ilə 90.000 manat dəyərində, 50.000 tutumu olan inkubator avadanlığını alaraq, əmlak kompleksinin birinci mərtəbəsinə yerləşdirmiş və istifadəyə tam hazır vəziyyətə gətirmişdir. Bütün bu işləri görmək üçün Natiq Yaralıyev tərəfindən “Aqrarkredit” Səhmdar Kredit Təşkilatından birinci dəfə 8000, ikinci dəfə 20.000 kredit alaraq təyinatı üzrə yəni, quşçuluq təsərrüfatının yaradılması üçün lazımi avadanlıqların alınmasına sərf olunmuşdur. Natiq Yaralıyev bütün bu işləri görməzdən öncə məcburki köçkünlərlə söhbət aparmış, görəcəyi işlər barədə onlara güvəndiyini və həyat şəraitlərinin yaxşılaşacağında bu işlərin əhəmiyyətli rolu olacağını bildirmişdir. Lakin Ağdam məcburi köçkünləri bu işdə ona nəinki kömək olmuş, əksinə bu avadanlığın bir dəfə də olsun belə işləməsinə imkan verməmişlər. Onlarla insanların iş yerinə çevrilə biləcək bu ünvanda avadanlığa məxsus bütün hər şeyi dağıtmış, işıq, su xəttləri, havalandırma sisteminə aid olan bütün hissələri satmışlar. Ağdam məcburi köçkünlərinin cinayət əməlləri barədə dəfələrlə Azərbaycan Respublikası Qaçqınlar və X15 üzrə Dövlət Komitəsinə yazılı sürətdə müraciətlər etmiş, lakin bu barədə heç bir tədbir görülməmişdir. Axırıncı dəfə 2021-ci ilin dekabr ayında “Ağdaş-məişət ASC”yə məxsus inkubator avadanlığının yerləşdiyi əmlak kompleksinin 1-ci mərtəbəsinin pəncərələrini qırıb dağıtmaqla kifayətlənməyərək, binanın həyət tərəfdən olan dəmir və taxta qapısını sındırıraraq 250 kv.m sahəsi olan 1-ci mərtəbəni də zəbt etmişlər. Bütün bu cinayət əməllərinin başında dayanan 1934-cü il təvəllüdlü X1r və hal-hazırda zəbt etdikləri binada Allahverdinin qızı, oğlu ailəsi ilə və bacısı oğlu X8 ailəsi ilə birlikdə 11 nəfər məskunlaşmışdır. "xxxx"nin (indiki Aqroservis ASC) iddiası əsasında 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 50.206 manat pulun ödənilməsi ilə bağlı Natiq Yaralıyev barəsində 17 mart 2017-ci il tarixli qərar qəbul olunmuşdur. Ağdam məcburi köçkünlərinin törətdikləri cinayət əməlləri nəticəsində Natiq Yaralıyev "xxxx" (indiki Aqroservis ASC) qarşısında 80.000 manat, “Aqrokredit” Səhmdar Kredit Təşkilatına 28000 manat əsas borc, 7000 manat faiz borcu olaraq borclu vəziyyətə düşmüşdür. "xxxx" (indiki Aqroservis ASC) tərəfindən inkubatorun alınması üçün ayrılmış 90000 manatın 9000 manatı, yəni 10%-i Natiq Yaralıyev tərəfindən ödənilmişdir. X16 vurulmuş ziyanın ümumi miqdarı 124.000 (yüz iyirmi dörd min) manat olmuş və “Ağdaş-məişət ASC”nin üzvləri 16 il ərzində əldə edəcəkləri qazancdan məhrum olmuşlar. Qeyd olunanlara əsasən iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, 26 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin ünvan 3 ünvanında yerləşən və “Məişət evi” adlanan binada müvəqqəti məskunlaşmış məcburi köçkünlərin alternativ ünvana yerləşdirilməsi hal-hazırda mümkün deyil. Ölkə rəhbərliyinin verdiyi tapşırıqlar əsasında, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün aparılan tikinti-quruculuq işləri yalnız işğaldan azad olunmuş ərazilərdə həyata keçirilir. Yuxarıda göstərilən ünvanda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin köçürülməsi, öz yurd-yuvalarına qayıdış prosesinin ilkin mərhələsində həyata keçiriləcəkdir. Həmçinin, dəymiş ziyanın ödənilməsi ilə bağlı məsələyə gəldikdə isə bu məsələ Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin səlahiyyətləri xaricindədir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 02/2745 nömrəli iddia tələbinə dair etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı "xxxx" ASC-nin müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı "xxxx" ASC-in sədri X6 “Ağdam rayonundan olan məcburi köçkünlərin "xxxx" ASC-yə məxsus qeyri-yaşayış binası olan əmlak kompleksindən çıxarılaraq Komitəyə məxsus məcburi köçkünlər üçün nəzərdə tutulmuş ünvanlara köçürülməsi və dəymiş ziyanın ödənilməsi” barədə Komitəyə daxil olmuş müraciəti Komitənin 01/2015 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə aidiyyəti üzrə baxılması üçün Ağdaş Rayon İcra Hakimiyətinə və Komitənin Ağsu-Ağdaş-Kürdəmir rayonları üzrə yerli bölməsinə göndərilmişdir. Komitənin Ağsu-Ağdaş-Kürdəmir rayonları üzrə yerli bölməsinin məktubunda da qeyd olunduğu kimi Komitənin ünvan 4 ünvanında yerləşən və “Məişət evi” adlanan binada müvəqqəti məskunlaşmış məcburi köçkünlərin alternativ ünvana yerləşdirilməsi hal-hazırda mümkün deyil. Qeyd olunan ünvanda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin köçürülməsi, öz yurd-yuvalarına qayıdış prosesinin ilkin mərhələsində həyata keçiriləcəkdir. Həmçinin, dəymiş ziyanın ödənilməsi ilə bağlı məsələ Komitənin səlahiyyətləri xaricindədir. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı profilaktik təhlükəsizlik tədbirləri həyata keçirilir ki, növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış verləri inşa edilməklə, bütün məcburi köçkünlər, o cümlədən yuxarıda qeyd olunan ünvanda yaşayan 11 məcburi köçkün də uzun illər yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürüləcəklər. Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Əsasnaməsi”nin tələblərinə əsasən, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə faktiki məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirilir. Həmçinin iddiaçı ərizəsində “...kredit təşkilatından birinci dəfə 8.000, ikinci dəfə 20.000 kredit alaraq təyinatı üzrə, yəni quşçuluq təsərrüfatının yaradılması üçün lazımi avadanlıqların alınmasına sərf olunmuşdur. ...məcburi köçkünlərin cinayət əməlləri nəticəsində mənə ümumillikdə, 124.000 manat ziyanın ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Bildirilir ki, Komitə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzilməişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Əsasnaməsi”ndə nəzərdə tutulan hüquq və vəzifələrə malikdir. İddiaçının qeyd olunan xərclərin cavabdehdən tutulması ilə bağlı vəzifəsi isə adıçəkilən Əsasnamədə nəzərdə tutulmadığından cavabdehin həmin xərcləri ödəməsi ilə bağlı öhdəliyinin olmaması, hazırkı inzibati iş üzrə isə Komitənin cavabdeh qismində çıxış etməməsinə əsas verir. Həmçinin məhkəmənin diqqətinə çatdırırıq ki, Komitənin qaçqın və məcburi köçkünlər üçün ayrılmış büdcə vəsaitindən səmərəli istifadənin təmin edilməsi ilə baqlı qüvvədə olan və qüvvədən düşmüş normativ hüquqi və normativ xarakterli aktlarda ayrılmış büdcə vəsaitindən iddiaçının ödənilməsini tələb etdiyi xərclərin, məhz iddiaçı və onun kimi müəssisə və fiziki şəxslərə yönəldilməsi ilə baqlı heç bir icra tədbiri nəzərdə tutulmamış, eyni zamanda ödənilmə mexanizmi də göstərilməmişdir. Odur ki, məcburi köçkünlərin əməlləri nəticəsində iddiaçıya vurulduğu ehtimal edilən 124.000,00 manat ziyanın ödənilməsi ilə bağlı xərclərin cavabdeh tərəfindən ödənilməli olması cavabdeh Komitənin öhdəliyi qismində çıxış edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatfna əsasən dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatı dövlət büdcəsindən onun üçün ayrılmış vəsaitdən təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatdan kənar hər hansı məqsədlə vəsait xərcləyə bilməz. Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikasının dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız “Azərbaycan Respublikasının vahid büdcə təsnifatfna əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Göründüyü kimi iddiaçı "xxxx" ASC-və dəymiş ziyan bilavasitə Komitənin qəbul etdiyi inzibati akt və ya hərəkət (hərəkətsizliyi) nəticəsində baş verməmişdir. Həmçinin qeyd edilir ki, ünvan 5 ünvanında müvəqqəti məskunlaşmış Ağdam rayonundan 11 məcburi köçkün həmin ünvanda Komitə tərəfindən yerləşdirilməmişdir. Xüsusilə vurğulanır ki, hazırkı halda Komitənin üzərinə hər hansı öhdəliyin qoyulması üçün tərəflər arasında bununla bağlı müqavilə olmalıdır. Belə bir müqavilə isə tərəflər arasında bağlanmadığından mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 mart tarixli, 2-1(102)-291/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-2340/2018 saylı 26 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, iddiaçılar X31 və X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Kollegiya öz qərarını aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr əsaslı olaraq qeyd etmişlər ki, iddiaçıların mənzilində müvəqqəti məskunlaşmış X13 ailəsi məcburi köçkün ailəsi kimi iddiaçıların mənzilində müstəqil şəkildə məskunlaşıb, onun ailəsi həmin mənzildə cavabdeh Komitə tərəfindən yerləşdirilməyib və Komitə ilə iddiaçı arasında hər hansı bir öhdəliyinin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlanılmayıb. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatları dövlət büdcəsindən onun üçün ayrılmış vəsaitdən təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatdan kənar hər hansı məqsədlə vəsait xərcləyə bilməzlər. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi dövlət büdcəsi hesabına maliyyələşən mərkəzi icra hakimiyyəti orqanı olduğundan, Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikasının dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız Azərbaycan Respublikasının vahid büdcə təsnifatına əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Komitənin Əsasnaməsinə görə, Respublika ərazisində qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası işlərinin yerinə yetirilmə funksiyasının - işlərin yerinə yetirilməsi yalnız təsdiqlənmiş xərclər smetasına uyğun olaraq həyata keçirilir və təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlardan kənar hər hansı işlərin görülməsi mümkün deyildir. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulması üçün tərəflər arasında bununla bağlı müqavilə olmalıdır. Belə bir müqavilə isə tərəflər arasında bağlanılmamışdır.” Eyni zamanda iddia ərizəsinə əlavə olunan sənədlərdən də göründüyü kimi Ağdaş rayon Polis Şöbəsi tərəfindən 17 dekabr 2021-ci il tarixində “Ağdaş şəhəri, S.Vurğun küçəsi, ev 47-də qeydiyyatda olan X6 xx.xx.2021-ci il tarixdə DİN-in 102 Xidməti-Zəng sisteminə müraciəti əsasında toplanılmış materiallarda cinayət hadisəsi olmadığından toplanılmış materiallar üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Komitədə yaradılmış məcburi köçkünlər haqqında elektron məlumat bazasına əsasən, X7, X2, X18, X25, X26, X14, X9, X22, X3 və X4 məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malikdirlər. Cavabdeh qeyd olunanlara əsasən etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və cavabdeh bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. X17 xx.xx.2023-cü il tarixdə, saat 12:01-də məhkəməyə daxil olmuş teleqramında təyin olunmuş məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: MA seriyalı ******* nömrəli xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Ağdaş şəhəri, S.Vurğun küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 450,50 kv.m olan əmlak kompleksi kimi müəssisə “Ağdaş-məişət ASC”nin xüsusi mülkiyyətindədir. Əmlak kompleksinin yerləşdiyi 0,13 ha torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla icarədədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Göyçay bölgə şöbəsinin xx.xx.2007-ci il tarixli “Kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarışından görünür ki, “Ağdaş-məişət ASC” xx.xx.2007-ci il tarixdə 0707-A4-284 nömrə ilə dövlət qeydiyyatına alınmış, qanuni təmsilçi X27, Müşahidə Şurasının üzvləri X17, X28 və X23r. Cəmiyyət Ədliyyə Nazirliyində xx.xx.1998-ci il tarixdə D-2485 nömrə ilə dövlət qeydiyyatına alınmış “Ağdaş-məişət ASC”nin hüquqi varisidir. xx.xx.2010-cu il tarixli İpoteka müqaviləsinin surətindən görünür ki, “Aqrarkredit Səhmdar Kredit Təşkilatı ilə fiziki şəxs X17 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış 230 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan, əsas müqavilə üzrə borcalana 8000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Kredit (faizlə) qaytarılana qədər xx.xx.2010-cu il tarixli, 230 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka qoyan xx.xx.2008-ci il tarixli ******* saylı mülkiyyət hüququnu təsdiq edən sənəd əsasən “ünvan 7 ünvanında mülkiyyətində olan 0,13 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 girişli qeyri-yaşayış binasını ipoteka ilə yükləməyi öhdəsinə götürmüşdür. xx.xx.2010-cu il tarixli 286 saylı kredit müqaviləsindən görünür ki, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Ucar rayon filialı tərəfindən fiziki şəxs X10 20000 manat məbləğində 24 ay müddətinə kredit verilmişdir. xx.xx.2009-cu il tarixli, 55 nömrəli “inkubator avadanlığının alınması barədə satınalma müqaviləsi”nin surətindən görünür ki, "xxxx" ASC- müqavilənin tərkib hissəsi olan 1 nömrəli əlavədə göstərilən təsnifata və şərtlərə uyğun 50 min ədəd yumurta tutan inkubator avadanlıqlarının alınması barədə ümumi məbləği ƏDV ilə birlikdə 90000 manat olan "xxxx" ASC-nin Nizamnaməsi əsasında fəaliyyət göstərən Müşahidə Şurasının sədri X6 təklifini qəbul etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(82)-56/2017 nömrəli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh X10 qarşı pul məbləğinin tələbi barədə iddiası qismən təmin edilmiş, cavabdeh X5 46297,0 manat əsas borc, 3909,0 manat cərimə, cəmi 50206,0 manat məbləğin və 25 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, iddia tələbi cavabdeh X5 iddiaçı "xxxx" ASC-nin xeyrinə 35177,0 manat cərimənin tutulması hissəsində rədd edilməsi qərara alınmışdır. Ağdaş rayon Polis Şöbəsi tərəfindən 17 dekabr 2021-ci il tarixində “Ağdaş şəhəri, S.Vurğun küçəsi, ev 47-də qeydiyyatda olan X6 xx.xx.2021-ci il tarixdə DİN-in 102 Xidməti-Zəng sisteminə müraciəti əsasında toplanılmış materiallarda cinayət hadisəsi olmadığından toplanılmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı ona əmlak zərərinin məcburi köçkünlərin cinayət əməlləri nəticəsində vurulduğunu və cavabdehin buna görə məsuliyyət daşıdığını iddia etsə də, nə cinayət faktının təsdiqi ilə bağlı, nə də cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olaraq ona zərər dəyməsi ilə bağlı Məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə aşağıdakı qanunvericilik normalarına istinadən hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən (Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmişdir) məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qaydaların 1.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının Qaçqınların və X15 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. Həmin Qaydaların 4.1.1-ci bəndinə görə sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün vəsiqəsi verilir. “İnzibati icraat haqqında” AR Qanununun 67 və 68-ci maddələri ilə maraqlı şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ki, kompensasiya maraqlı şəxsin müraciətinə əsasən və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olaraq ödənilir. Həmin Qanunun 89.1-ci maddəsinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə bildirir ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM- 2.2.7) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır (İPM-34.1, ikinci cümlə). İnzibati orqanların qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinin əsaslı sayılması üçün: 1. inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2. inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3. inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4. hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalı; 5. maraqlı şəxsə zərər vurulmuş olmalı, onun hüquqi vəziyyəti inzibati orqanın öz vəzifələrini pozması vasitəsilə pisləşmiş olmalıdır (inzibati orqanın daşıdığı vəzifəni pozması və zərərin meydana gəlməsi arasında səbəbli əlaqə mövcud olmalıdır). Başqa sözlə, zərərin əvəzinin ödənilməsi tələb edilərkən ilk əvvəl hüquq pozuntusunun baş verməsi sübut edilməli, bu sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması təsdiqini tapmalıdır. Lakin sadalanan şərtlərdən üçüncü və beşinci şərtə, yəni inzibati orqanın öz fəaliyyəti ilə qanunla daşıdığı vəzifələrini pozması, inzibati orqanın daşıdığı vəzifəni pozması ilə zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması şərtinə iş üzrə əməl olunmur. Bu da o deməkdir ki, iddiaçıların hüquqlarının pozuntusuna cavabdeh tərəfində yol verilməmişdir. Çünki, inzibati orqan kimi fəaliyyəti ümumi hüququn tənzimləmə predmetinə aid olan cavabdehin öz fəaliyyəti ilə qanunla daşıdığı vəzifələri iddiaçılara münasibətdə pozması, eləcə də iddia ərizəsində vurulduğu irəli sürülən zərərin cavabdehin hərəkətləri nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifələrini pozması ilə pisləşmiş olması, yəni, cavabdehin hərəkətləri ilə vurulduğu güman olunan zərərin meydana gəlməsi və onlar arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. İddiaçı ona dəymiş ziyanın cavabdeh orqanın qanunsuz və əsassız hərəkətləri nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu, zərərin cavabdeh tərəfindən və onun hərəkətlərinin nəticəsi olaraq yaranması, məcburi köçkünlərin məhz cavabdeh tərəfindən mübahisəli əmlakda yerləşdirilməsi öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd deyil və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM 58.7 və 68.2). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “Ağdaş-məişət ASC”nin cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə qarşı “on bir nəfər Ağdam məcburi köçkünlərinin “Ağdaşməişət ASC”yə məxsus qeyri-yaşayış binası olan əmlak kompleksindən dərhal çıxarılaraq Komitəyə məxsus məcburi köçkünlər üçün nəzərdə tutulmuş ünvanlara köçürülməsi və məcburi köçkünlərin cinayət əməlləri nəticəsində ona ümumilikdə 124.000 (yüz iyirmi dörd min) manat ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-389/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-389/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver