Məhkəmə qərarları › İş №2-1(116)-39/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-39/2021

19.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-39/2021 19.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X29 İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdehin nümayəndəsi Hacı-X15 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Şəki rayonu Cəfərabad Bələdiyyəsi) “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilmiş şəxslərin adına faktiki istifadələrində olan 6,08 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: Şəki rayonu, Təpəcənnət kəndində islahat zamanı hər bir şəxsin payına 0.76 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. İddiaçıların ailə üzvləri 10 nəfərdən ibarət olduğu üçün onların mülkiyyətinə 7.60 ha torpaq sahəsi verilməli olduğu halda səhvən 0.76 ha torpaq sahəsi sənədləşdirilərək verilmişdir. Yol verilmiş nöqsanın aradan qaldırılması məqsədilə YAİK xx.xx.2001-ci il tarixli qərarı ilə iddiaçıların payına düşən, lakin verilməmiş torpaq sahəsinin Təpəcənnət bələdiyyəsinin ehtiyat fondundan ayrılaraq iddiaçıların mülkiyyətinə verilmişdir. Bundan sonra Təpəcənnət bələdiyyəsinin xx.xx.2007ci tarixli qərarı ilə bələdiyyənin ehtiyat fondundan 6.08 ha əkinə yararlı torpaq sahəsi ayrılmışdır. İddiaçılar sözügedən torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsini xahiş etsələr də, onların müraciəti təmin edilməmişdir. Cavabdehin etirazının dəlilləri: Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********52 nömrəli məktubunda qeyd etmişdir ki, vətəndaşın ərazi idarəsinə müraciəti zamanı əlavə etdiyi kod 40411028, JN-107 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının (torpaq sahəsi 2 konturda olmaqla JN-107N-0.6703 ha və JN-107-0.7602 ha) arxiv nüsxəsi ləğv edilmiş DTXK-nın Şəki şəhər şöbəsi tərəfindən ərazi idarəsinə təhvil verilməmiş, şəhadətnamə və torpaq sahəsinin planı və ölçüsü işlənilməmişdir. Torpağa mülkiyyət hüququna dair dövlət aktında mülkiyyətçilər sırasında 10 nəfərin adı olsa da, ərazi idarəsinə müraciət zamanı X16 və X4 adlarından müraciət edilməmişdir. Müraciətə sözügedən təsərrüfatda torpaq islahatı zamanı pay torpağı alacaq subyektlərə düşən torpaq payı normasının 0.76 ha oduğu göstərilsə də, təsdiqləyici sənəd və rayon aqrar islahat komissiyasının qərarı əlavə edilmədiyindən vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Daha ətraflı araşdırma aparılması üçün sözügedən təsərrüfatda torpaq islahatı zamanı vətəndaşlara adambaşına verilməli pay torpaq sahəsinin norması və həmin ailəyə verilməli pay torpaq sahəsinin ölçüsü haqda məlumatların alınması, torpaq sahəsinin koordinatlarının, təyinatının, plan-sxeminin alınması və istifadədə olan torpaq sahəsinin qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin dəqiqləşdirilməsi üçün “xxxx” MMC-nin və Şəki rayonu Cəfərabad bələdiyyəsinin prosesə cəlb edilməsini məqsədəuyğun hesab edirlər. Məhkəmə iclasında iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan “Nəsimi” adına kolxozun YAİK-nın xx.xx.2001-ci il tarixli, 19 nömrəli iclas protokolundan görünür ki, Təpəcənnət kənd sakini X1 müraciət edərək, ailə üzvlərinə verilməli olan ancaq verilməmiş torpaq sahəsinin ayrılmasını xahiş etmiş, Komissiyanın qeyd olunan qərarı ilə B.Əbdürrəhimov və digər 8 nəfər ailə üzvlərinin adına bələdiyyənin əkinə yararlı torpaq sahəsindən torpaq sahəsinin verilməsi qərara alınmışdır. İş materiallarında olan Təpəcənnət bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli iclas qərarının təsdiq edilmiş surətindən görünür ki, X13 bələdiyyənin ehtiyat fondundan 6.08 ha pay torpaq sahəsinin verilməsi qərara qlınmışdır. İş materiallarında olan X35 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, **********32 nömrəli məktubuna əlavə edilən Cədvəlin təsdiq edilmiş surətindən görünür ki, X21 və onun ailə üzvlərinin mülkiyyətinə 0.27 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məktuba əlavə edilən “xx.xx.1996-cı il tarixədək yaşayan və torpaq payı almaq hüququ olan vətəndaşların Siyahısı”nın təsdiq edilmiş surətindən görünür ki, X21 və onun ailə üzvlərinin mülkiyyətinə təsərrüfatbaşı kitabı üzrə 0.27 ha həyətyanı torpaq sahəsinin verilmişdir. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli, **********51 nömrəli məktubunda qeyd edilir ki, vətəndaş tərəfindən ərazi idarəsinə təqdim olunan ərizəyə əlavə edilmiş kod 40411028, JN107 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının arxiv nüsxəsi ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən ərazi idarəsinə təhvil verilməmişdir. Ərazi idarəsinin arxiv məlumatlarında 0.27 ha həyətyanı torpaq sahəsinə kod 40411028, JN-007A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməsi barədə məlumat mövcuddur. Ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən təhvil verilmiş torpaq islahatı zamanı Şəki rayonu, Təpəcənnət kəndində həyətyanı torpaq alacaq subyektlərin siyahısında sözügedən ailə üzvləri 7-ci sırada, pay torpaq alacaq subyektlərin siyahısında 108-ci sırada olmaqla, 0.27 ha qanuni həyətyanı torpaq sahəsi olduğu göstərilmiş, pay torpağından çıxılmış zəbt torpağı göstərilməmişdir. Müraciətə sözügedən təsərrüfatda torpaq islahatı zamanı pay torpağı alacaq subyektlərə düşən torpaq pay normasının 0.76 ha oduğu göstərilsə də, təsdiqləyici sənəd, rayon aqrar islahat komissiyasının qərarı əlavə edilmədiyindən, vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. İş materiallarında olan X35 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********16 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir:

1. Şəki rayonu, Təpəcənnət kəndi ərazisində İddiaçılar X9, İddiaçı2 Bədrəddin oğlu, X10, X5, X6, X2, X7, X3 faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin naturada GPS aləti vasitəsi ilə koordinatları müəyyən edilmişdir.

2. Şəki rayonu, Təpəcənnət kəndi ərazisində təsərrüfatın xəritə materialları əsasında tərəfimizdən araşdırma zamanı məlum oldu ki, iddiaçılar X9, İddiaçı2 Bədrəddin oğlu, X10, X5,X6, X2, X8, X3 istifadəsində olan torpaq sahəsinin yerləşdiyi ərazi bələdiyyə mülkiyyətinə aiddir. Mütəxəssis rəyinə əlavə edilən sxemdən görünür ki, iddiaçıların faktiki istifadə etdiyi torpaq sahəsi 6.74 ha təşkil edir. İş materiallarında olan JN-007A nömrəli Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 39 saylı qərarı ilə 0.27 ha həyətyanı torpaq sahəsi X25 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan X35 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********95 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir:

1. Şəki rayonu, Təpəcənnət kəndi ərazisində yuxarıda adları çəkilən X9, İddiaçı2 Bədrəddin oğlu, X10, X5, X6, X2, X7, X3 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları tərtib edilmiş sxemdə göstərilmişdir. Faktiki istifadı edilən torpaq sahəsi faktiki olaraq 6.74 ha olmaqla kənd təsərrüfatı kateqoriyasına aid olub uqodiyası əkindir.

2. Şəki rayonu, Təpəcənnət kəndi ərazisində X9. İddiaçı2 Bədrəddin oğlu. X10,X5, X6, X2, Əbdürrəhmanova llhamə Bədrəddin qızı, X3 faktiki istifadəsində olan 6.74 ha torpaq sahəsinin koordinatları və döngə nöqtələri tərtib olunmuş sxemdə göstərilmişdir.

3. “Nəsimi'’ adına kolxozun X38 Komissiyasının xx.xx.2001-ci il tarixli qərarının təsdiqlənmiş surəti, həmçinin həmin qərarın təsdiq olunmasına dair Şəki rayonu X31 təsdiq edilmiş surəti “xxxx” MMC-nin Sənədlərlə iş və arxiv şöbəsində Şəki rayonu Təpəcənnət kəndinin “Nəsimi” adına kolxozun YAİK-nın xx.xx.2001-ci il tarixli, 19 nömrəli qərarı və həmin qərarı təsdiq edən Şəki RAİK-nın qərarı arxivdə aşkar edilməmişdir.

Əsaslandırma hissəsi:

Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, iddiaçıların tələbində qeyd etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər mövcud deyil. Həmçinin iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Şəki rayonu Təpəcənnət kəndinin “Nəsimi” adına kolxozun YAİK-nın xx.xx.2001-ci il tarixli, 19 nömrəli qərarı və həmin qərarı təsdiq edən Şəki RAİK-nın qərarı arxivdə aşkar edilməmişdir. Bundan başqa “Nəsimi” adına kolxozun YAİK-nın bələdiyyə mülkiyyətində olan torpaq sahəsi barədə qərar vermək səlahiyyəti olmamış, bələdiyyənin də kənd təsərrüfatına yararlı torpaq sahəsini verilməmiş pay torpaq sahəsinin əvəzinə iddiaçıların mülkiyyətinə vermək səlahiyyəti olmamışdır. Torpaq islahatı haqqında Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçıların hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Şəki rayonu Cəfərabad Bələdiyyəsi) ““Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilmiş şəxslərin adına faktiki istifadələrində olan 6,08 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi” tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc iddiaçılara aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 258 manat 76 qəpik iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X35 Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X36 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, xxxx MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar