Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-39/2024 06.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “xüsusi mülkiyyətində olan 0.2498 ha torpaq sahəsi üzərində inşa edilmiş 5.3mX3.5m və 11.1m..X5.1m olan 2 ədəd qeyri yaşayış binalarına Balakən rayon Kortala kənd sakini İddiaçı adına Hüquqların Dövlət qeydiyyatından Çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan 0.2498 ha torpaq sahəsi üzərində inşa edilmiş 5.3mX3.5m və 11.1m..X5.1m olan 2 ədəd qeyri yaşayış binalarına Balakən rayon Kortala kənd sakini İddiaçı adına Hüquqların Dövlət qeydiyyatından Çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçının şəxsi mülkiyyətində 0.2498 ha torpaq sahəsi var. Bu torpaq sahəsinə dair adına DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* saylı “ Çıxarış” verilmişdir. Balakən rayon İcra Hakimiyyəti Başçısının 03 aprel 2015-ci il tarixli 30 saylı Sərəncamı ilə xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi haqqında qərar qəbul edilmişdir. Sərəncam verildikdən sonra həyətyanı torpaq sahəsində 5.3mX3.5m və 11.1m..X5.1m olmaqla 2 ədəd qeyri yaşayış binası tikdirmişdir. Həmin binalarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Hal-hazırda həmin qeyri yaşayış binalarına əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd “ Çıxarış” almaq üçün cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının ərizəsinin icrası ilə bağlı aparılan araşdırma zaman məlum olmuşdur ki, iddiaçı ərizəsinə qeydiyyata alınması nəzərdə tutulan qeyri-yaşayış binasnın inşa edilməsinə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı, tikinti obyektinin istismarına icazə, qeyri-yaşayış binasının layihəsinin, torpaq sahəsinə dair hər hansı bır sənədin və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə etməmişdir. Qeyd olunanlara əsasən iddiaçının ərizəsinin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. 1.Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. 2.Balakın rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2015-ci il tarixli 10 nömrəli mətkubu. 3.Balakın rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2015-ci il tarixli 11 nömrəli tikinti işlərinə başlanması üçün əsas olan xüsusi nişan. 4.Balakən rayon Kortala bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 32 nömrəli arayışı. 5.Balakən rayon İH Başçısının 03 aprel 2015-ci il tarixli 30 saylı sərəncamının surəti. 6.401 inventar nömrəli xx.xx.2014-cü il tarixli fərdi yaşayış evinin texniki pasportunun surəti. 7.X4 rayon filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qax rayon İH Başçısının 03 mart 1997-ci il tarixli 42 saylı sərəncamı təqdim edilmiş və bildirilmişdir ki, sənədin əslində bəzi düzəlişlər edilmişdir. O cümlədən sərəncamın 3-cü bəndində X1, adı, atasının adı və fəaliyyət ünvanı düzəliş edilərək yazılmışdır. Qax şəhəri üzrə 1995-2000-ci illərə aid təsərrüfatbaşına kitablar arxivə təhvil verilməmişdir. 8.37 nömrəli 1997-ci il tarixli Qeyri yaşayış binasının texniki pasportunun surəti. 9.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb edilən tikilinin ümumi sahəsi 75 16 kv.m-dir. İddia olunan tikililər iddiaçının mülkiyyətində olan 0.2395 ha olan torpaq sahəsi üzərində yerləşir. İddia olunan tikilinin yerləşdiyi torpaq sahəsi Balakən rayonu, Kortala kəndində İddiaçı və ailə üzvlərinin adına yaşayış məntəqələri torpaqlarına aid həyətyanı məqsədilə hüquqları dövlət reyestrində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarış sənədində göstərilən 0.2395 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddia olunan tikililər başqa şəxslərin mülkiyyətində olan torpaq sahələrinin hüdudları daxilində yerləşmir və iddiaçının həyətyanı məqsədilə xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsinin cizgiləri daxilində yerləşir. Torpaq sahəsinin yerləşmə vəziyyəti ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.Qeyri-yaşayış binalarına aid Memarlıq planlaşdırma layihəsi təqdim olunmadığına görə qeyri yaşayış binalarının layihəyə uyğun inşa olunmasını müəyyən etmək olmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İddiaçının hazırkı iddia tələbinə əsasən hüquqi marağı mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binaları üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,həmin binalar Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmişdir.Buna görə də həmin tikililərə münasibətdə müvafiq normalara tətbiq edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Balakən rayon İH Başçısının 03 aprel 2015-ci il tarixli 30 saylı sərəncamdan müəyyən edilir ki, Balakən rayon Kortala kəndi ərazisində qeyri yaşayış binalarının inşasına icazə verilmişdir. Bunun əsasında layihə planı hazırlanmışdır. Lakin,iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binaları layihəyə uyğun inşa edilməmişdir.Bu səbəbdən də həmin tikililərin Balakən rayon İH tərəfindən istismara qəbul edilməsindən imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 101. Tikinti obyektinin istismarına icazənin məqsədi 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Göründüyü kimi qeyri-yaşayış binaları müvafiq layihəyə uyğun inşa edilmədiyindən,istismara qəbulu təmin edilmədiyindən həmin qeyri-yaşayış binaları üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “xüsusi mülkiyyətində olan 0.2498 ha torpaq sahəsi üzərində inşa edilmiş 5.3mX3.5m və 11.1m..X5.1m olan 2 ədəd qeyri yaşayış binalarına Balakən rayon Kortala kənd sakini İddiaçı adına Hüquqların Dövlət qeydiyyatından Çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-39/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-39/2024
06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver