Məhkəmə qərarları › İş №2-1(116)-39/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-39/2025

04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-39/2025 04.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Yevlax rayonu Aran qəsəbəsində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı, **********61 reyestr nömrəli çıxarışına əsasən iddiaçının mülkiyyətində olan 2,48 ha torpaq kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xəritə materialları üzrə torpaq islahatının nəticəsini özündə əks etdirən kompleks Yerquruluşu layihə ilə natura arasında uyğunsuzluğun (konfiqurasiya və sahə fərqi) naturaya uyğun müəyyən etməklə aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu Aran qəsəbəsində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı, **********61 reyestr nömrəli çıxarışına əsasən iddiaçının mülkiyyətində olan 2,48 ha torpaq kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xəritə materialları üzrə torpaq islahatının nəticəsini özündə əks etdirən kompleks Yerquruluşu layihə ilə natura arasında uyğunsuzluğun (konfiqurasiya və sahə fərqi) naturaya uyğun müəyyən etməklə aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh 17 saylı Yevlax ərazi idarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia ərizəsinə əsasən İddiaçı İsrafil oğlu bildirir ki, onun mülkiyyətində olan torpaq sahəsinin xəritə materialları üzrə torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluş layihəsi ilə natura arasında uyğunsuzluq (konfiqurasiya və sahə fərqi) mövcuddur. Həmin uyğunsuzluğun aradan qaldırılması barədə cavabdeh inzibati orqana müraciət edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 2,48 ha torpaq sahəsi üzərində hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İddiaçı bildirir ki, bundan sonra torpaq sahəsi ilə bağlı mübahisə yaradılaraq torpağın idarə edilməsinə maneə törədilmiş, həmin torpaq sahəsinin xəritə materialları üzrə torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluş layihəsi ilə natura arasında uyğunsuzluq olduğu iddia edilmişdir. İddiaçı qeyd edir ki, həmin uyğunsuzluğun aradan qaldırılması üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən müxtəlif bəhanələrlə məsələ həll edilməmiş, ərazidə torpaq payı almış digər şəxslərin mövcudluğu göstərilmiş və bunun nəticəsində mübahisə yaradılmışdır. İddiaçı hesab edir ki, ona məxsus torpaq sahəsinin verilməsi təmin edilməli və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan halların aradan qaldırılması üçün tədbirlər görülməlidir. Bu səbəbdən iddiaçı mülkiyyət sənədinə uyğun olaraq 2,48 ha torpaq sahəsinin xəritə materialları üzrə torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluş layihəsi ilə natura arasında uyğunsuzluğun aradan qaldırılmasını, real vəziyyətə uyğun olaraq konfiqurasiya və sahə fərqinin aradan qaldırılmasını xahiş edir. Cavabdeh orqan iddiaya münasibətində bildirir ki, iddiaçı Yevlax rayonu, Aran qəsəbəsi ərazisində yerləşən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 2.48 ha torpaq sahəsinin xəritə materialları üzrə, torpaq islahatının nəticələrini özündə əks etdirən Kompleks Yerquruluşu layihəsi ilə natura arasında olan uyğunsuzluqların (konfiqurasiya və sahə fərqi) aradan qaldırılmasını və rəsmi qanuni sənədlərin tərtib edilərək verilməsi ilə bağlı ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Yevlax rayonu Aran bələdiyyəsinin xəritə materialları (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) ilə natura arasında uyğunsuzluqlar mövcuddur. Uyğunsuzluqların aradan qaldırılması məqsədilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X2 X4nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X2 X4nin yaradılmasının və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Yevlax rayonu Aran bələdiyyəsini əhatə edən (“X2 X4”ndə olan) xəritə hazırlanmışdır. Sözügedən ərazidə torpaq payı almış 14 mülkiyyətçiyə verilmiş torpaq sahəsində (həmin massivdə) 3.84 ha torpaq sahəsinin çatışmazlığı səbəbindən, müvafiq akt tərtib edilərək mülkiyyətçilər tərəfindən imzalanması üçün Yevlax rayonu Aran bələdiyyəsinə təqdim edilmişdir. Yevlax şəhər İcra Hakimiyyətinin nümayəndəsinin, Yevlax rayonu, Aran bələdiyyəsinin, iddiaçı və digər vətəndaşların iştirakı ilə dəfələrlə görüş keçirilmiş, maarifləndirmə işləri aparılmışdır. Həmin ərazidə pay almış vətəndaşın birinin həmin ərazidən könüllü çıxması və ya bölgünün hər bir payçının payından azalmaqla işlərin tamamlanması diqqətinizə çatdırilmışdır. Əlavə məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1455 nömrəli Fərmanına uyğun olaraq torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının onların müraciəti əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və dövlət reyestrindən çıxarışların, torpaq sahəsinin planı və ölçüsünün təqdim olunması zamanı yaranmış uyğunsuzluqların həll olunması üçün müvafiq tədbirlər görülməkdədir. Tərtib edilmiş akt sözügedən ərazidə torpaq payı almış 14 mülkiyyətçı tərəfindən imzalandıqdan sonra iddiaçının iddiasında qaldırılan məsələlərə qanunamüvafiq qaydada “X2 X4”ndə olan xəritələrə əsasən baxılacaqdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-Q-00xx-xx/2023 nömrəli imtina məktubu;

2. Kadastr və Reyestr PHŞ-i 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********90 nömrəli məktubu

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarış və onun verilməsinə əsas olan sənədlər;

4. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1189/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı;

5. Cavabdehin xx.xx.2023-cü il tarixli etirazı və ona əlavə edilmiş sənədlər;

6. Kadastr və Reyestr PHŞ-i 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi;

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı ifadə tərzindən asılı olmayaraq mülkiyyətində olan torpaq sahəsinin çıxarışda göstərilən deyil,iddia olunan əraziyə uyğunlaşdırılmasından və burada yeni texniki sənədin verilməsindən ibarətdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki,iddiaçı xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3 və qeyrilərinin ümimi birgə mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən 2.48 ha torpaq sahəsini əldə etmişdir. X1 və qeyrilərinin ümimi birgə mülkiyyət hüququ isə JN-0289 nömrəli Dövlət Aktına əsasən xx.xx.2015-ci il tarixində qeydə alınmış və RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1189/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən iddiası təmin edilmiş və xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli çıxarışla əldə olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə İPM-in 12-ci maddəsinin tələbləri baxımından işi hərtərəfli araşdırlmalıdır.İddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin araşdırılması ilə bağlı sorğuya əsasən cavabdeh orqan tərtib etdiyi mütəxəssis rəyində qeyd etmişdir ki : Sözügedən ərazidə torpaq sahələri üzəridə mübahisə olduğundan naturada boş qalmış və tərəflər tərəfindən illərdir və faktiki olaraq istifadə olunmur. İddiaçının faktiki istifadəsində torpaq sahəsi olmadığından xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı Çıxarış və onun əsasında verilmiş plan-ölçü sənədinin koordinatları ilə üst-üstə düşübdüşmədiyini müəyyən etmək mümkün olmadı. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı Çıxarış və onun əsasında verilmiş plan-ölçü sənədinin koordinatları ilə üst-üstə düşmür. İddiaçının faktiki istifadəsində torpaq sahəsi olmadığından JN-0289 nömrəli Dövlət Aktında göstərilmiş sxem üzrə qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi JN-0289 nömrəli Dövlət Aktında göstərilmiş sxem üzrə qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsinin mülkiyyətçiləri JN-0287 və JN-0577 nömrəli Dövlət Aktı əsasında verilmiş torpaq sahələrinin mülkiyyətçiləri. Torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası əkin, İddia olunan torpaq sahəsi 3.2 ha təşkil edir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Digər subyektlərə məxsus torpaq sahələri ilə üstüstə düşür. xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı Çıxarış və onun əsasında verilmiş plan-ölçü sənədinin koordinatlarında göstərilən torpaq sahəsi TEKUİS-ə əsasən JN 287, JN-288, JN- 577 və JN- 382 nömrəli Dövlət Aktı əsasında mülkiyyətə verilmiş torpaq sahələri ilə üst-üst düşür. Məhkəmə müəyyən edir ki,iddiaçının mülkiyyətində olan torpaq sahəsinin Çıxarış və torpaq sahəsinin plan-ölçüsü sənədi ilə uyğunsuzluq mövcuddur.Yəni,verilmiş çıxarış faktiki istifadə vəziyyətinə,o cümlədən TEKUİS-ə uyğun dürüstləşməyə uyğun deyildir.Bununla belə iddia olunan torpaq sahəsi də JN-0289 nömrəli Dövlət Aktında göstərilmiş sxem üzrə dürüstləşdirilmiş torpaq sahəsi ilə eyni deyildir. Təqdim olunan ortofotodan görünür ki,iddia olunan torpaq sahəsinin ölçüsü naturada 3,22 ha təşkil edir ki,bu da qeydə alınmış hüquqla eynilik təşkil etmir.Nəticə etibarı ilə iddia olunan,düzəliş edilməsi tələb edilən torpaq sahəsi iddiaçının satın aldığı torpaq sahəsinin nə ilkin islahat,nə də faktiki istifadə vəziyyətinə uyğun deyildir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsassız hesab edir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək etməkdən ibarətdir. Fərmanın 2.3-cü bəndinə əsasən X2 X4nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki .... torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməlidir. Fərmanın 2.3.1 və 2.3.2-ci bəndlərinə əsasən torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X2 X4nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının 1.3-cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Həmin Qaydaların: 1.4. Sistemin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işləri aşağıdakı ardıcıllıqla həyata keçirilir: 1.4.1. hazırlıq işləri; .... 1.4.4. torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi; 4.1. Sərhəd xətlərində, onların həndəsi ölçülərində, topologiyasında, döngə nöqtələrində və onların koordinatlarında baş verə biləcək xətaların qarşısını almaq məqsədi ilə rəqəmsal kadastr xəritəsi tərtibi və bu xəritəyə məlumatların daxil edilməsi xüsusi proqram təminatı vasitəsilə yerinə yetirilən nəzarət işləri aparılmaqla həyata keçirilir. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsi

1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.

2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.

3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq, torpaqların səmərəli istifadəsinin və mühafizəsinin planlaşdırılmasının təşkili; ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması; torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi; kompleks və təsərrüfatdaxili yerquruluşu layihələrinin hazırlanması; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin rəsmiləşdirilməsi; xüsusi təbiəti mühafizə, istirahət və qoruq rejimləri olan ərazilərin ayrılmasının və sərhədlərinin müəyyən edilməsinin əsaslandırılması; şəhər, qəsəbə və kənd yaşayış məntəqələri hüdudlarının müəyyən edilməsi və dəyşdirilməsinə dair sənədlərin rəsmiləşdirilməsi; xüsusi təyinatlı geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin, torpaq, geobotanika, digər tədqiqatların və axtarışların aparılması; torpaqların inventarlaşdırılmasının aparılması, istifadəsiz, habelə səmərəli və ya məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi müvafiq iqtisadi və texniki tədbirlərin aparılması; torpaqların qiymətləndirilməsi üzrə müvafiq iqtisadi və texniki tədbirlərin aparılması; təbii və antropogen proseslər nəticəsində korlanmış torpaqların rekultivasiyasına dair işçi layihə-smeta sənədlərinin hazırlanması; torpaq münasibətlərinin nizama salınması və torpaqların səmərəli istifadəsi və mühafizəsi üzrə digər tədbirlər.

4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır.

5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə torpaq mülkiyyətçiləri tərəfindən təsdiq edilir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, iddia olunan torpaq sahəsi ilə mülkiyyətə verilmiş torpaq sahəsi eyni olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən,düzəliş apararaq yeni texniki sənəd verməkdən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Yevlax rayonu Aran qəsəbəsində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı, **********61 reyestr nömrəli çıxarışına əsasən iddiaçının mülkiyyətində olan 2,48 ha torpaq kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xəritə materialları üzrə torpaq islahatının nəticəsini özündə əks etdirən kompleks Yerquruluşu layihə ilə natura arasında uyğunsuzluğun (konfiqurasiya və sahə fərqi) naturaya uyğun müəyyən etməklə aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar