Məhkəmə qərarları › İş №2-1(116)-390/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-390/2020

07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-390/2020 07.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə əlaqədar təqdim etdiyi sübutlara istinad edərək əməlinə qiymət verilərək onun Qarabağ müharibəsi veteranı adının almasının təsdiq edilməsindən ötrü müvafiq Qətnamə çıxarılması və ya qeyri-rəsmi hərbi birləşmənin tərkibində erməni qəsbkarlarına qarşı silahlı mübarizə apardığına görə və ya bilərəkdən yalan məlumat verdiyinə görə barəsində cinayət işinin qaldırılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.1992-ci il tarixdə keçmiş Ağdaş rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar Azərbaycan Ordu sıralarına xidmətə göndərilmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda Laçın, Kəlbəcər rayonlarında, Murov dağında gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı Qarabağ müharibəsi veteranı adı və vəsiqəsini almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya müraciət etmiş, lakin komissiya iddiaçının N saylı hərbi hissədə xidmət keçməsi ilə əlaqədar arxivdə məlumat olmadığı üçün veteran adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. İddiaçıya xx xxxxxx 2020-ci il tarixdə yardım məktubu göndərilərək nəzərinə çatdırılmışdır ki, xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddianın dəqiqləşdirilməsinə dair ərizəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən bildirilir ki, həmin ərizə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, həmin maddənin tələbinə görə iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Məhkəməyə ünvanladığı ərizədə cavabdeh qismində hər hansı inzibati orqan müəyyən edilməmişdir. Ona görə də cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyini qeyd etmək, həmçinin, iddia tələbində dəqiqləşmə aparmaq, tələbini “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi göstərmək iddiaçıya təklif olunmuşdur. İddiaçı xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsinə dair məhkəməyə ərizə təqdim edərək “Ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iclasda ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı xidməti barədə araşdırma aparılması mümkün olmamışdır. İş materiallarında olan Şəki şəhər(rayon) Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 189- 4136-1120 nömrəli iddiaçının məhkumluğuna dair məktubu və ona əlavə edilmiş 2 saylı Əlavədən müəyyən edilir ki, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olan İddiaçı barəsində Azərbaycan Respublikası DİN BƏSİİ əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 58 nömrəli məktubu, xx.xx.2020-ci il tarixli, 174 nömrəli məktubu və ona əlavə edilmiş “qeydiyyat kartası”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1992-ci il tarixdə səfərbərlik ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmışdır. N nömrəli hərbi hissəni özbaşına tərk etmiş və AR HP-nin xx.xx.2006-cı il tarixli, HP-01/36 nömrəli və Tərtər HP-nin 19HP 3946 nömrəli, xx.xx.2007-ci il tarixli məktubuna əsasən hərbi uçota götürülmüşdür. İş materiallarında olan Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 16/513 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçı barəsində Qarabağ hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətinin 6-cı səhifəsində iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N saylı hərbi hissədə xidmət etdiyi, 13-cü səhifəsində isə 1992-ci ildə N gün toplanışda olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 580 nömrəli məktubu və ona əlavə edilmiş iddiaçının xx.xx.2007-ci il tarixli izahatının təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçı 1992-ci ilin mart ayında Ağdaş RHK tərəfindən Milli Ordu sıralarına göndərilmiş, N saylı hərbi hissənin tərkibində N il N ay xidmət etmiş və 1993-cü ildə evə buraxılmışdır. İddiaçının izahatında əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi tərəfindən MN Mərkəzi Arxivinə sorğular edilmiş və sorğulara cavab olaraq MN-nin Mərkəzi Arxivinin xx.xx.2007-ci tarixli, 26/2-7331 saylı və xx.xx.2007-ci il tarixli, 26/2-9236 saylı məktublarında N saylı hərbi hissənin sənədlərinin MN-nin Mərkəzi Arxivinə daxil olmadığı bildirilmişdir. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli,19HP2519 nömrəli məktubundan müəyyən edilir ki, 1968-ci il təvəllüdlü, N saylı hərbi hissədə xidmət etmiş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amtistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AR SHXÇDX Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 58 nömrəli məktubu, AR SHXÇDX Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 174 nömrəli məktubu və ona əlavə edilmiş “qeydiyyat kartası”nın təsdiq edilmiş surəti, Şəki şəhər(rayon) Polis Şöbəsinin xx.xx.2020ci il tarixli 189-4136-1120 nömrəli iddiaçının məhkumluğuna dair məktubu və ona əlavə edilmiş 2 saylı Əlavə, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli, 1/M-2974 nömrəli imtina məktubu, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli,19HP2519 nömrəli məktubu, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 580 nömrəli məktubu və ona əlavə edilmiş iddiaçının xx.xx.2007-ci il tarixli izahatının təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli, 9/2-7503 nömrəli məktubu aiddir.Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh orqan xx.xx.2020-ci il tarixli, 11/1199 nömrəli ərizə ilə məhkəməyə müraciət edərək hazırkı işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus hərbi biletin 6-cı səhifəsində onun N saylı hərbi hissədə xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək xidmət etməsi ilə yanaşı 1992-ci il tarixdə həmin hərbi hissədə N gün toplanışda olması həmin hərbi biletin 13-cü səhifəsində qeyd edilmişdir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 580 nömrəli məktubu və ona əlavə edilmiş iddiaçının xx.xx.2007-ci il tarixli izahatının təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçı 1992-ci ilin mart ayında Ağdaş RHK tərəfindən Milli Ordu sıralarına göndərilmiş, N saylı hərbi hissənin tərkibində N il N ay xidmət etmiş və 1993-cü ildə evə buraxılmışdır. Göründüyü kimi iddiaçının özünün yazdığı və imzası ilə təsdiq etdiyi İzahatında qeyd etdiyi N il N ay xidmət etməsi onun hərbi biletində öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçıya məxsus ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətinin 6-cı səhifəsində olan qeydlərlə 13-cü səhifəsində olan qeydlər ziddiyyət təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı qanuni əsaslarla tərxis olunmamışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar