Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-390/2023 10.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Qaramanlı Bələdiyyəsi və Yevlax Rayon İcra Hakimiyyəti Başçısının Qaramanlı İƏV üzrə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş aktla onlara təhvil verilmiş 1,36 ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarını təsdiq edən sənədin dövlət reyestrindən Çıxarışın və həmin torpaq sahəsinə dair plan-cizgi sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu Qaramanlı Bələdiyyəsi və Yevlax Rayon İcra Hakimiyyəti Başçısının Qaramanlı İƏV üzrə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş aktla onlara təhvil verilmiş 1,36 ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarını təsdiq edən sənədin dövlət reyestrindən Çıxarışın və həmin torpaq sahəsinə dair plan-cizgi sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar xx.xx.2022-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Qaramanlı Bələdiyyəsi və Yevlax Rayon İcra Hakimiyyəti Başçısının Qaramanlı İƏV üzrə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş aktla onlara təhvil verilmiş 1,36 ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarını təsdiq edən sənədin dövlət reyestrindən Çıxarışın və həmin torpaq sahəsinə dair plan-cizgi sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-2175/2022 saylı qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Respublikada torpaq islahatı keçirilən zaman onlar da digər ailə üzvüləri kimi torpaq payı alan subyektlər siyahısında olmuşlar. Yevlax rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1998- ci il tarixli 32 nömrəli qərarı ilə, ailə başçısı hesab edilən subyekt - X2, X3, onlara (hər ikisinə), X4 və X5 3.2718 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Və bununla bağlı JN 0050 saylı 90107058 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Daha sonra isə xx.xx.2015ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən №0590763 Çıxarış əldə etmişlər. Həmin Çıxarışa əsasən mülkiyyətçilər, yuxarıda adları göstərilən şəxslərdir, eyni zamanda torpaq sahəsinin ölçüsü 3.2718 hektardır. Lakin yaşadıqları ərazi üzrə bölgədə - Yevlax rayonu Hacımahmudlu kəndində torpaq islahatı keçirilən zaman, onların ailəsinə faktiki olaraq verilən torpaq sahəsi 1.36 ha ölçüdə əskik verilmişdir. Səhv qeydə alınmış zəbtə görə Mübariz və Kəmaləyə aid olan torpaq sahələri faktiki olaraq ayrılmamışdır. Bununla bağlı, ailənin başçısı İddiaçı1 çoxsaylı müraciətlərindən sonra Yevlax rayonu Qaramanlı Bələdiyyəsi xx.xx.2001-ci il tarixdə Akt tərkib etmiş və şahidlərin iştirakı ilə əksik gələn torpaq sahəsinin əvəzi olaraq 1.36 hektar torpaq sahəsi onlara verilmişdir. Akta əsasən torpaq sahəsi onlara təhvil verilməsinə baxmayaraq, hal- hazıradək həmin torpaq sahəsindən maneəsiz istifadə etməylərinə baxmayaraq, qeyd edilən sahəyə münasibətdə, onlara mülkiyyət hüququnu təsdiq edən sənəd və plan - cizgi sənədi verilməmişdir. Bu hal isə onların mənafeylərinə toxunduğundan onlar cavabdeh - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək Yevlax rayonu Qaramanlı Bələdiyyəsi və icra nümayəndəliyi tərəfindən tərtib edilmiş aktla onlara təhvil verilmiş 1.36 ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarını təstiq edən sənədin - Dövlət reyestrindən Çıxarışın və həmin torpaq sahəsinə dair plan - cizgi sənədinin verilməsini xahiş etmişlər. Müraciətləri cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 10 avqust 2022- ci il tarixdə cavablandırılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Yuxanda qeyd edilən qaydada maraqlarının təmin edilməməsi onların mənafeylərinə ziyan vurur. Odur ki, onlar məhkəməyə müraciət etməli olmuşlar. Cavabdeh xx.xx.2022-ci il tarixli **********32 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Müraciət müəllifinə Yevlax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə JN- 0050 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 3.2718 ha torpaq sahəsi 6 nəfər ailə üzvlərinin adına verilmişdir. Bu torpaq sahəsindən əlavə onlara 1.36 ha torpaq sahəsinin mülkiyyətə verilməsi barədə digər Yevlax rayonu Aqrar İslahat Komissiyasının qərarın mövcud olması aşkarlanmamışdır. Nəzərinizə çatdırırıq ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələri ilə əsas kimi müəyyən edilmiş sənədlər əsasında həyata keçirilir. Sözügedən torpaq sahəsinin iddiaçının istifadəsində olmasına baxmayaraq, həmin torpaq sahəsinin iddiaçı və ailə üzvlərinin mülkiyyətində olmasını təsdiq edən hər hansı hüquq müəyyən edici sənəd mövcud deyil. Qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqları dövlət qeydiyyatına alınmamış hüquqlaın müdafiəsinə və toxunulmazlığına təminat verilmir. Nəzərinizə çatdırırıq ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-cı il tarixli, 32 nömrəli qərarı ilə artıq bir dəfə torpaq payı naturada pay almaq hüququndan istifadə edərək iddiaçı və 6 nəfər ailə üzvülərilə birgə Yevlax rayonu, Hacımahmudlu kəndində 3.2718 ha torpaq sahəsinə dair çıxarışla rəsmiləşdirilmişdir. xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən də iddiaçının tələb etdiyi əlavə 1.36 ha torpaq sahəsi üzərində bələdiyyə tərəfindən tərtib edilmiş akt əsasında mülkiyyət hüququnn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Xüsusi ilə qeyd etmək istəyirik ki, hazırda bələdiyyələrin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri qanunvericiliklə müəyyən olunmuş prosedur qaydalara uyğun olaraq yalnız istifadə və icarəyə verilə bilər. Odur ki, yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının inzibatı prossesual məcəlləsinin 68,69,75,78.81 və 85-ci maddələrini rəhbər tutaraq iddia tələbinin rədd olunması barədə qərar çıxarmasını xahiş edirik. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Yevlax rayonu Qaramanlı kəndi üzrə torpaq payı almaq hüquqi olan subyektlər siyahısından İddiaçı1 və ailə üzvlərinə aid hissədən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, X6 və 5 nəfər ailə üzvünə torpaq sahəsi verilmişdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli **********77 nömrəli məktubuna əlavə edilmiş JN-0050 KOD 90107058 nömrəli dövlət aktından görünür ki, X6 və 5 nəfər ailə üzvünün adına Yevlax rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 20 iyun tarixli 32 nömrəli qərarı ilə 3.27 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı iə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 12.4-cü maddəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir; 13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir; 13.3-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir; 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 14-cü maddəsinin müddəalarına əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir və hər bir subyekt yalnız bır dəfə torpaq payı ala bilər. Həmin Qanunun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçılar iddia tələbində qeyd edilən 1,36 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərə malik deyillər. Belə ki, iddiaçılar iddia ərizəsinə sözügedən torpaq sahələrinin onların mülkiyyətinə verilməsinə dair hüquqmüəyənedici sənədləri əlavə etməmiş, həmçinin məhkəmə araşdırması ilə həmin torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. Cavabdeh orqanın imtina məktubu və məhkəməyə ünvanladığı etiraz məktubundan da görünür ki, ləğv edilmiş DTXK tərəfindən İdarəyə təhvil verilmiş elektron baza məlumatlarında, elektron xəritələrdə və arxiv fondunda iddiaçıların iddia tələbində qeyd etdikləri torpaq sahəsi barədə məlumat aşkar edilməmişdir. JN-0050 KOD 90107058 nömrəli dövlət aktının təsdiqlənmiş surətində görünür ki, X6 və 5 nəfər ailə üzvünün,o cümlədən hazırkı iddia tələbi üzrə iddiaçıların adına Yevlax rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 20 iyun tarixli 32 nömrəli qərarı ilə 3.27 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi qeydiyyata alınmış və dövlət aktı tərtib edilmişdir.İddiaçılara 3,2718 ha torpaq sahəsinə dair DTXK tərəfindən tərtib edilmiş Dövlət Aktı əsasında daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınaraq RX ******* seriyalı çıxarış verilmişdir. xx.xx.2001-ci il tarixli Akt isə iş iddiaçıların mülkiyyət hüququnun mövcudluğunu sübut edən hüquqi sənəd kimi qəbul edilə bilməz. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Qaramanlı Bələdiyyəsi və Yevlax Rayon İcra Hakimiyyəti Başçısının Qaramanlı İƏV üzrə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş aktla onlara təhvil verilmiş 1,36 ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarını təsdiq edən sənədin dövlət reyestrindən Çıxarışın və həmin torpaq sahəsinə dair plan-cizgi sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə