Məhkəmə qərarları › İş №2-1(116)-390/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-390/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-390/2024 02.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X8, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab rayonu Şahhüseynli kəndində yerləşən, istifadəsində olan 0,8453 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Zərdab rayonu Şahhüseynli kəndində 0,2395 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-390/2024 nömrəli qərardadı ilə Zərdab rayonu Şahhüseynli bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Zərdab rayonu Şahhüseynli kəndində yerləşən istifadəsində olan 0,03 ha torpaq sahəsinin də, daxil olduğu cəmi 0,8753 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-390/2024 nömrəli qərardadı ilə iddia tələbinin “Zərdab rayonu Şahhüseynli kəndində yerləşən, iddiaçının istifadəsində olan 0.03 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - Zərdab rayon Aqrar İslahat Komissiyasının 19 iyul 1998-ci il tarixli, 10 saylı qərarı ilə mərhum bacısı X1 mülkiyyətinə 0,03 ha torpaq sahəsi verilmişdir (sənəddə ata adı "Oruc" olaraq qeyd edilmişdir.) Bacısı xx.xx.2022-ci il tarixdə vəfat etmiş, bu barədə 26 sentyabr 2022-ci il tarixli şəhadətnamə verilmişdir. "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında" reyestr nömrəsi 2v-375 saylı şəhadətnaməyə görə bacısının yeganə vərəsəsi kimi tanınmışdır. JN-335A saylı "Torpağa mülkiyyət hüququna dair şəhadətnamədə göstərilən 0,03 ha torpaq sahəsinə ona cavabdeh tərəfindən çıxarış verilmişdir. Lakin bacısının digər daşınmaz əmlaklarına mülkiyyət hüququna dair çıxarış verilməsindən cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-m-00xx-xx/2023-cü il tarixli məktubla imtina etmiş, imtinanı digər torpaq sahələrinə dair məlumatın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 16 saylı Ucar Ərazi idarəsində olmaması ilə əsaslandırmışdır. Cavabdehin imtinası əsaslı sayıla bilməz. Belə ki, xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-m-00xx-xx/2023-cü il tarixli məktubda ləğv edilmiş DTXK-nin Zərdab rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində, Ərazi idarəsinin arxiv məlumatlarında mərhum bacısı X5 məxsus, Zərdab rayonu Şahhüseynli kəndində yerləşən 0,2395 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair heç bir məlumat aşkar olunmadığı, bu səbəbdən sözügedən torpaq sahələrinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasının mümkün olmaması göstərilmiş, Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komissiyasının qərarından şikayət verilməsi tövsiyyə edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu əsaslı araşdırma aparılmadan tərtib edilmişdir. Belə ki, mərhum bacısı X5 məxsus, Zərdab rayonu Şahhüseynli kəndində yerləşən həyətyanı torpaq sahəsinin faktiki ölçüsü 0,2395 hektardan da artıqdır. Bundan başqa, Zərdab rayon Dövlət Arxivi tərəfindən verilmiş, cavbdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 245 saylı arxiv arayışında mərhum bacısı X5 məxsus, Zərdab rayonu Şahhüseynli kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin olması barədə qeyd olduğu göstərilmişdir. Yəni, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-m-00xx-xx/2023-cü il tarixli məktubu əsaslı araşdırma aparılmadan tərtib edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - araşdırma zamanı Ərazi İdarəsinin arxiv məlumatlarında və kadastr elektron baza xəritələrində mərhum X6 təqdim edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-335A nömrəli şəhadətnamədə 0,03 ha torpaq sahəsinin qeyd olunması faktı müəyyən edilmişdir. Bu səbəbdən də, vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Bildirilmişdir ki, X6 məxsus Zərdab rayonu, Şahhüseynli kəndində yerləşən JN- 335A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,03 ha torpaq sahəsinə xx.xx.2022-ci il tarixdə **********20 reyestr nömrəli elektron çıxarış işlənmişdir. Həmçinin bildiririk ki, ləğv edilmiş DTXK-nin Zərdab rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində, Ərazi idarəsinin arxiv məlumatlarında X6 məxsus Zərdab rayonu, Şahhüseynli kəndində yerləşən 0,2395 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə torpaq sahəsi verilməsinə dair heç bir məlumat aşkar olunmamışdır. Bu səbəbdən sözügedən torpaq sahələrin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddia ələbinin təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Zərdab rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 245 nömrəli arayışından görünür ki, Şahhüseynli kənd inzibati ərazi vahidliyinin 1996-2000-ci illərə aid “Təsərrüfatbaşına kitab”ına əsasən, X2 xüsusi mülkiyyətində 0,12 ha torpaq sahəsi və fərdi yaşayış sahəsi barədə qeyd vardır. (Əsas: Fond: N91, Kitab N5, iş N39, Şəxsi hesab N18) - AZ-İİ 291723 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. - Ucar rayonu notariat ofisi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli V353/2022 nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, Zərdab rayonu Şahhüseynli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2014 -cü il tarixdə təsdiq edilən və reyestrdə 16 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş - X3 vəsiyyət üzrə vərəsəsi Azərbaycan Respublikası, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan bacısı- İddiaçıdır (AZE0*******, xx.xx.2012 - Xətai RPİ, FİN:xxxxxxx, d/t:xx.xx.1961) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə verilmiş **********20 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Zərdab rayonu, Şahhüseynli kəndində yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsindən ibarətdir. ... - xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Zərdab rayonu Şahhüseynli kəndində yerləşən 0,03 ha torpaq sahəsi üzərində X3 tam mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. - Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş Zərdab rayonu Şahhüseynli kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin dürüstləşmiş siyahısından görünür ki, X3 adının qarşısında faktiki “torpaq sahəsi” qrafasında - 0,2395 ha, “ümumi torpaq sahəsi” qrafasında - 0,2395 ha, “bələdiyyənin ehtiyat fondu” qrafasında -0,2095 ha, “mülkiyyətə verilən torpaq sahəsi” qrafasında - 0,0300 ha qeyd edilmişdir. - JN-335A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Zərdab rayon AİK-nın xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarı ilə X13 Zərdab rayonu Şahhüseynli kəndindən 0,03 ha torpaq sahəsi ayrılmışdır. - cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdyini bildirdiyi 0,87 ha torpaq sahəsinin 0,84 ha hissəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Baxış zamanı iddiaçının naturada göstərdiyi 0,87 ha torpaq sahəsinin 0,03 ha hissəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla, JN-335A nömrəli “Torpağın mülkiyətə verilməsinə dair şəhadətnamə” ilə Süleymanova Nabat (Oruc) Orucəli qızının mülkiyyətinə verilmişdir. X11 **********20 reyestr nömrəli çıxarışla mülkiyyət hüququnu daşınmaz əmlakın Dövlət reyestrində mülkiyyət hüququnu rəsmişləşdirmişdir. **********20 X4 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilməmişdir. Lakin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi və AzCad məlumatlarında iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 0,87 ha torpaq sahəsi yerləşən ərazi faktiki istifadə vəziyyəti ilə birlikdə 0,03 ha torpaq sahəsinin yerləşdiyi ərazi kimi JN-335A nömrəli şəhadətnamə olaraq göstərilmişdir. Zərdab rayonu Şahhüseynli kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq, konfiqurasiya və bucaq fərqləri mövcud olduğu üçün islahat layihəsinə görə 0,03 ha torpaq sahəsinin yerləşdiyi ərazini müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, iddiaçının iddia tələbində qeyd etdiyi 0,2395 ha torpaq sahəsi ilə bağlı idarə tərəfindən araşdırma aparılmış və aparılmış araşdırmanın nəticəsi olaraq ləğv edilmiş DTXK-nin Zərdab rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində, Ərazi İdarəsinin arxiv məlumatlarında heç bir hüquqməyyənedici sənəd aşkar olunmamışdır. Ərazi idarəsi tərəfindən alt sənədlərin alınması ilə bağlı aydiyyatı üzrə müraciət edilmiş və cavab olaraq X4 faktiki 0,2395 ha, zəbt kimi 0,03 ha torpaq sahəsinin olması bildirilmişdir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. - Zərdab rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 150 nömrəli Zərdab rayonu Şahhüseynli kənd Kirov adına kolxozun 1950-1960-cı illərə aid Şahhüseynli kəndi üzrə Torpaqlarına dair Qaytanlanmış kitabdan çıxarışdan görünür ki, X12 adının qarşısında 0,12 ha torpaq sahəsi qeyd edilmişdir. Həmin məktuba əlavə olunmuş xx.xx.2024-cü il tarixli 98 nömrəli arayışdan görünür ki, mərhumun nümayəndəliyin 4 nömrəli təsərrüfatbaşına kitabının 320-ci şəxsi hesab üzrə fərdi yaşayış evi və torpaqları aşağıdakı kimidir: həyətyanı torpaq sahəsi- 0,09 ha. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Belə ki, cavabdeh orqan tərəfindən təqdim edilmiş iddiaçının xx.xx.2023-cü il tarixli ilkin müraciət ərizəsindən görünür ki, iddiaçının hüquqi marağı JN-335A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş 0.03 ha torpaq sahəsindən əlavə faktiki istifadəsində olan 0,84 ha torpaq sahəsi ilə bağlı sənədləşmə işlərinin aparılmasına yönəlmişdir. Yəni, iddiaçı JN-335A nömrəli Şəhadətnamədə qeyd edilmiş 0.03 ha torpaq sahəsi də, daxil olmaqla cəmi 0.87 ha torpaq sahəsi üzərində hüquqların qeydiyyatında maraqlıdır. Bununla belə JN-335A nömrəli Şəhadətnamədə qeyd edilmiş 0.03 ha torpaq sahəsi ilə bağlı iddiaçı və cavabdeh orqan arasında mübahisə yoxdur. Mübahisə qalan 0,84 ha torpaq sahəsinə münasibətdə yaranmışdır. Cavabdeh orqan aparılan inzibati icraat çərçivəsində iddiaçının tələbini konkret müəyyən etməsə də, hər bir halda iddiaçının ilkin müraciət ərizəsinin məzmununu və hüquqi marağını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırda irəli sürülmüş tələb ilkin müraciətin məzmununa uyğundur. İddiaçı tərəfindən sözügedən torpaq sahəsinə dair mərhum X12 adının qeyd olunduğu Kirov adına kolxozun qaytanlanmış torpaq kitabından çıxarış (0,12 ha), mərhum X2 1996-2000-ci illər üzrə təsərrüfatında olan torpaq sahəsinə dair (0,12 ha) təsərrüfatbaşına kitabdan çıxarış təqdim edilərək sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi tələbi irəli sürülmüşdür. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun hansı subyektə məxsus olması ilə bağlı tələbin dəqiqləşdirilməsi iddiaçıya təklif edilmiş (mülkiyyət hüququnun mərhum X14 və ya mərhum X7 məxsusluğu, o cümlədən iddiaçının özünün mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına münasibətdə), iddiaçı, Ucar rayonu notariat ofisi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli V353/2022 nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə istinad edərək sözügedən torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İş materiallarından və iddia ərizəsinin məzmunundan görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı faktiki istifadəsində olan Zərdab rayonu Şahhüseynli kəndində yerləşən, istifadəsində olan 0,8453 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsinə nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olaraq xx.xx.2022-ci il tarixli V353/2022 nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə istinad edir. Lakin, həmin şəhadətnamə Zərdab rayonu, Şahhüseynli kəndində yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinə münasibətdə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Qalan 0.8453 ha torpaq sahəsinə münasibətdə isə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hər hansı hüquqi əsas mövcud deyil. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində öz əksini tapmışdır. Sözügedən Qanunun 8.0.8-ci maddəsində bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin də daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olduğu təsbit edilmişdir. Daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər dedikdə isə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” nəzərdə tutulur. İddia olunan torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənəd iddiaçıya münasibətdə mövcud deyil. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcud olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab rayonu Şahhüseynli kəndində yerləşən istifadəsində olan 0,8453 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar