Məhkəmə qərarları › İş №2-1(116)-391/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-391/2020

04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-391/2020 04.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “19.05.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət edərkən həlak olmuş oğlu X5 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, məhkəmə hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “19.05.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət edərkən həlak olmuş oğlu X5 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum oğlu X10 04 yanvar 1980-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. Oğlu 15 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi (keçmiş Ağdaş rayon Hərbi komissarlığı) tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq hərbi xidmət keçmək üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Gədəbəy rayonunun Şurabad kəndi ərazisində yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. Hərbi hissə döyüş bölgəsində yerləşir. Hərbi hissənin hərbi qulluqçusu, gizir X1 17 oktyabr 2005-ci il tarixdə işçi qrupunun rəhbəri kimi tabeliyində olan işçi qrupunun tərkibinə daxil edilmiş əsgərlərin, o cümlədən də oğlu X7 odun tədarükü məqsədi ilə meşəyə göndərmiş, gizir işçi qrupunun başçısı kimi qrupla getməmiş, oğlu odun tədarükündən qayıtmadığı təqdirdə onun axtarışını təşkil etməmiş, nəzarətdən kənar qalmış oğlu naməlum şəraitdə, daha doğrusu qar uçqununa düşərək “bronxernevmoniya xəstəliyi və hipotrofiya nəticəsində orqanizmin ümumi müqavimət qabiliyyətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri'' ilə bədənin ümumi soyuqlaması nəticəsində 19 oktyabr 2005-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N oktyabr 2005-ci il tarixli, 959 saylı arayışı ilə oğlu X5 19 oktyabr 2005-ci il tarixdə hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi təsdiqlənmişdir. Həmin arayışa əsasən mərhum oğlunun ölümü Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 22 oktyabr 2005-ci il tarixli ölüm haqqında akt qeydləri kitabında 169 nömrə ilə qeyd edilmiş və bu barədə həmin tarixli, seriya AZ-İ, 138987 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə də oğlu X5 Gədəbəy rayonu, Şurabad kəndində bədəninin ümumi soyuması səbəbindən öldüyü göstərilmişdir. Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N oktyabr 2005-ci il tarixli, 959 saylı arayışına və Səfərbərlik və Hərbi xidmətə çağrış üzrə Dövlət Xidmətinin Ağdaş rayon Şöbəsinin 412 saylı 07 dekabr 2009-cu il tarixli arayışına əsasən 09 dekabr 2009-cu ildə mərhum oğluna şəhid statusu verilmiş, o və 2013-cü ildə Ağdaş şəhərində vəfat etmiş arvadı X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında DSMF-nun Ağdaş rayon şöbəsi (keçmiş ƏSMM-nin Ağdaş rayon şöbəsi) tərəfindən şəhid ailəsi kimi tanınmışlar və bu barədə hər birinin adına müvafiq olaraq 003322 və 003323 saylı 09 dekabr 2009-cu il tarixli vəsiqə verilmiş və şəhid ailəsi kimi onlara şəhid oğullarına görə Prezident təqaüdü müəyyən edilmişdir. Şəhid ailəsi kimi onlara təyin olunmuş Prezident təqaüdünü bir müddət aldıqdan sonra, yəni 2010-cu ilin avqust ayında təqaüd onlara məlum olmayan səbəblərdən dayandırılmışdır. Bunun səbəbini cavabdeh orqandan öyrənəndə onlara bildirilmişdir ki, guya onların oğullarına şəhid, onlara isə şəhid ailəsi statusu verilməyib. Həmin vaxt bir neçə aidiyyəti orqanlara müraciət etsə də, arvadı X4 mərhum oğlunun ölüm acısına dözməyərək ağır, sağalmaz xəstəliyə tutulduğuna, vaxtını onun müayinə və müalicəsinə sərf etdiyinə görə həmin vaxt mərhum oğlunun şəhid adının əbədiləşdirilməsi ilə əlaqədar hərəkət edə bilməmişdir. Son vaxtlar ona məlum olmuşdur ki, mərhum oğlunun şəhid adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı maddəsinə görə üzərindən götürülmüş və ona görə də şəhid ailəs kimi onlara edilən güzəştlər dayandırılmışdır. Cavabdeh orqan tərəfindən ona şifahi formada bildirilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı bəndində atəşkəs dövründə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxslər kateqoriyasına yalnız döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olanlar aid edildiyi üçün onun oğluna şəhid statusu verilə bilməz. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, iddiaçı və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, SHXÇDX-nin Ağdaş rayon şöbəsinin 02.06.2020-ci il tarixli 477 nömrəli məktubundan görünür ki, Qazax hərbi prokurorluğunun 08.09.2010-cu il tarixli HP-3724 nömrəli məktubuna əsasən Elçin Hacıyev işçi qrupunun tərkibində odun tədarükünə göndərilmiş, lakin qərərgaha qayıtmamış və naməlum şəraitdə ölmüşdür. Meyitin məhkəmə-tibbi ekspertizası zamanı onun ölümünə bilavasitə səbəb onda olmuş ocaqlı bronxopnevioniya xəstəliyi və hipotrofiya nəticəsində orqanizmin ümumi müqavimət qabiliyyətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri ilə əlaqədar bədənin ümumi soyuması göstərilmişdir. Hərbi xidmət dövrü səhhəti ilə əlaqədar xəstəlikdən vəfat etmiş şəxslərin şəhid hesab edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmadığı üçün, mərhum Elçin Hacıyevə şəhid statusunun verilməsi hazırda mümkün deyil. İşdə olan SHXÇDX-nin 05.08.2019-cu il tarixli H/2804 nömrəli məktubundan görünür ki, aparılan araşdırmalara, Qazax Hərbi Prokurorluğunun 08.09.2010-cu il tarixli 12/HP-3724 nömrəli məktubunda N saylı hərbi hissənin hərbi qulluqçusu, gizir X1 işçi qrupunun rəhbəri kimi tabeliyində işçi qrupunun tərkibinə daxil edilmiş əsgərlərin, o cümlədən 17.10.2005-ci il tarixdə odun tədarük edilməsinə göndərdiyi əsgər X5 üzərində başçı kimi getməmiş, onun odun tədarükündən işçi qrupunun qərargahına qayıtmadığı təqdirdə axtarışını təşkil etməyərək xidməti borcuna səhlənkar yanaşmış və nəzarətdən kənarda qalmış Elçin Hacıyevin naməlum şəraitdə ölümünə səbəb hadisə baş vermişdir. Belə ki, məhkəmə tibbi ekspertizasının 22.10.2005-ci il tarixli 26 nömrəli ölüm haqqında tibbi şəhadətnaməsinə əsasən, mərhum Elçin Hacıyev bronxopnevmoniya xəstəliyi və hipotrofiya nəticəsində orqanizmin ümumi müqavimətətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri ilə bədənin ümumi soyuqlaması nəticəsində vəfat etmişdir. Əlavə olaraq, Müdafiə Nazirliyinin Mərkəzi Arxivnin 21.10.2010-cu il tarixli 10/2-2540 və 07.06.2019-cu il tarixli 9/2-7668 nömrəli arayışlarında X5 vəfat etməsinə dair məlumatın aşkar edilmədiyi bildirilmişdir. İşdə olan DSMF-nun Ağdaş rayon şöbəsinin 29.08.2019-cu il tarixli **********1 nömrəli məktubundan görünür ki,İddiaçı Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə müraciət edərək, oğlu mərhum X5 şəhid ailəsinə verilən Prezident təqaüdünün 2009-cu ildə təyin olunub və 2010-cu ilin avqust ayında nə səbəbdən dayandırıldığı haqqında məlumat verilməsini xahiş etmişdir. Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən şəhidin anası mərhum X2 təyin olunmuş Prezident təqaüdü hansı əsaslara görə verildiyi və dayandırıldığını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan idarə 2016-cı ildə ləğv olunduğu üçün vəsiqəni təsdiq edən sənədlərin tapılması mümkün olmamışdır. İşdə olan SHXÇDX-nin Ağdaş rayon şöbəsinin 23.01.2020-ci il tarixli 81 nömrəli məktubundan görünür ki, Cavabdehndə olan uçot sənədlərinə əsasən, 1980-ci il təvəllüdlü X10 15.04.2005-ci il tarixdə keçmiş Ağdaş rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissənin 21.10.2005-ci il tarixli 959 nömrəli bildirişinə əsasən, X10 19 oktyabr 2005-ci il tarixdə hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etmişdir. Gəncə-Qazax Regional MTE-sının 22.10.2005-ci il tarixli 26 nömrəli ölüm haqqında şəhadətnaməsinə əsasən, ölümün səbəbi “Bədənin ümumi soyuması, aşağı temperaturun orqanizmə təsiri” olmuşdur. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 07.06.2019cu il tarixli 9/2-7668 nömrəli məktubunda N nömrəli hərbi hissənin 2005-ci ilə aid sənədləri MN-nin Mərkəzi Arxivinə daxil olmadığı üçün X5 vəfat etməsi barədə araşdırmanın mümkün olmadığı bildirilir. İşdə olan N nömrəli hərbi hissə komandirinin 23.11.2005-ci il tarixli 327 nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü minaatan batareyanın əsgəri X10 19 oktyabr 2005-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən bədənin ümumi soyuması, aşağı temperaturun orqanizmə təsiri nəticəsində həlak olduğuna görə 19 oktyabr 2005-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılsın. Ölümü hərbi xidmət borcunu yerinə yetirməsi ilə bağlıdır. 1980-ci il təvəllüdlü Ağdaş rayonunda anadan olmuş, Azərbaycanlı 15 aprel 2005-ci il tarixdə Ağdaş RHK tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 22 oktyabr 2005-ci il tarixdə Ağdaş rayon qəbristanlığında dəfn olunmuşdur. Atası İddiaçı, ünvan 1 ünvanında yaşayır. İşdə olan Gəncə Hərbi Məhkəməsinin 25.08.2006-ci il tarixli hökmünün surətindən səh. 4-5) görünür ki, məhkəmə-tibb ekspertizasının 22.10.2005-ci il tarixli 26 saylı rəyi ilə təsdiq edilir ki, meyidin məhkəmə-tibbi və meyidə məxsus orqan tikələrinin histoloji müayinələri zamanı aşkar olunmuş ocaqlı bronxopnevmaniya xəstəliyi etiopatogenizinə görə mərhumun ölümündən az əvvəl xarici şərait amillərinin (soyuq hava şəraitinin və s.) təsirindən əmələ gəlməyə xarakterikdir. İşdə olan Ağdaş RİH-nin 04.03.2020-ci il tarixli 04-172 nömrəli məktubundan görünür ki, rayon üzrə 185 nəfər şəhid vardır, X10 şəhiddir və Ağdaş şəhəri şəhidlərinin siyahısında 32-cidir. İşdəolan SHXÇDX-nin Ağdaş rayon şöbəsinin 07.03.2020-ci il tarixli 374 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdaş rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən 04 yanvar 1980-ci il təvəllüdlü, mərhum X8 09.12.2009-cu il tarixdə şəhidlik statusu verilmiş, lakin bu statusun nə vaxt və hansı səbəbdən ləğv edilməsi barədə Cavabdehndə məlumat yoxdur. İşdə olan DSMF-nun Ağdaş rayon şöbəsinin 19.03.2020-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinentinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına” uyğun olaraq Şəhid və şəhid ailəsi statusunun verilməsi qaydasının 4.1 hissəsini əsas tutaraq Ağdaş rayon Hərbi komissarlığının “07.12.2009”-cu il tarixli arayışına əsasən Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Ağdaş rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən şəhid X5 anasına və atasına şəhid ailəsi vəsiqəsi verilmişdir. Şəhidin anası X3 “003322” nömrəli vəsiqə, şəhidin atası Sədrəddin oğluna isə “003323” nömrəli vəsiqə “09.12.2009”cu ildə verilmişdir. Səhid statusunun ləvğ edilməsi ilə bağlı şöbə tərəfindən heç bir məlumat tapılmamışdır. Məhkəmə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsinin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30.12.2008-ci il tarixli qərarının tələblərini nəzərdən keçirmiş və müəyyən etmişdir ki, şəhid statusunun və şəhid ailəsi statusunun verilməsi qaydası qanunvericilikdə nəzərdə tutulsa da, həmin statusun ləğv edilməsi qaydası nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin tələblərinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Məhkəmə qeyd edilən qanunvericiliyin tələbindən məsələyə yanaşaraq hesab edir ki, X5 şəhid statusunun ləğv edilməsi barədə qərar möcud deyil, yəni iddiaçının mərhum oğlunun şəhid statusu ləğv edilməmişdir.Ağdaş rayon Hərbi komissarlığının “07.12.2009”cu il tarixli arayışına əsasən Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Ağdaş rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən şəhid X5 anasına və atasına şəhid ailəsi vəsiqəsi verilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki,iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). İşin hallarından müəyyən olunmuşdur ki. İddiaçının hüquqi marağı şəhid ailələrinə verilən təqaüdün bərpa edilməsindən ibarətdir. Bununla bağlı iddiaçıya məhkəmə iclasında yardım edilmiş, təqaüdün verilməsinin bərpa edilməsi üçün DSMF-nun Ağdaş rayon şöbəsinə müraciət etməsi, onların imtina edəcəyi təqdirdə isə məhkəmə iddia qaldırmaq hüququ izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “19.05.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət edərkən həlak olmuş oğlu X5 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar