Məhkəmə qərarları › İş №2-1(116)-391/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-391/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-391/2021 24.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “41 ildən çox istifadəsində olan ünvan 1 ünvanında yerləşən 599 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “41 ildən çox istifadəsində olan ünvan 1 ünvanında yerləşən 599 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə 1979-cu ilin fevral ayından Mingəçevir şəhər C.Məmmədquluzadə küçəsi ev 23, mənzil 1-də yaşayır. İddiaçının yaşadığı mənzil Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 22.02.1990-cı il tarixli 363 saylı qərarı əsasında iddiaçıya satılmışdır. Bu haqda akt tərtib edilmiş və rəsmi olaraq iddiaçının yaşadığı mənzilin həyətyanı torpaq sahəsi 599 kv.metrdir. Bu haqda məlumat qərarda və aktda öz əksini tapmışdır. Mənzil özəlləşən zaman iddiaçıya məlum olmayan səbəblərdən torpaq sahəsinin özəlləşdirilməsi həyata keçirilməmişdir. Baxmayaraq ki, istifadəsində olan həyətyanı torpaq sahəsinin vergisi uzun müddətdir ki, iddiaçı tərəfindən ödənilmişdir. İddiaçının yaşadığı mənzilə 1991-ci ildə qeydiyyat vəsiqəsi, sonra isə 16.08.2016-cı il tarixdə cavabdeh tərəfindən RX № ******* saylı Çıxarış verilmişdir. İddiaçı 41 il müddətində istifadə etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı imtina məktubunda qeyd etmişdir ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi hazırda xüsusi mülkiyyət hüququ üzrə ona məxsus mənzilin yerləşdiyi torpaq sahəsinin əvəzsiz olaraq xüsusi mülkiyyətinə verilməsi barədə müddəa Mingəçevir şəhər XDS İK-nin qərarında qeyd olunmamışdır. Eyni zamanda onu da bildirmək istərdik ki, sözügedən torpaq sahəsi iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi tikinti altı sahəsidir və mühafizə zolağı olmaqla dövlət balansına aiddir. Odur ki, yuxarıda qeyd olunanları və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun mövcud tələblərini rəhbər tutaraq xüsusi mülkiyyət hüuququ ilə iddiaçıya məxsus mənzilin yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 14.12.2020-ci il tarixli, **********03 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Ərazi idarəsinin arxiv məlumatlarına, elektron xəritə və məlumat bazasına əsasən araşdırma aparılmış və məlum olmuşdur ki, Mingcəçevir şəhəri C.Məmmədquluzadə küçəsi 23 nömrəli evin, 1 nömrəli mənzili Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 22.02.1990-cı il tarixli 363 saylı qərar ilə mənzil kimi İddiaçı adına qeydiyyata alınmışdır. Mingəçevir şəhəri, C.Məmmədquluzadə küçəsi 23 nömrəli evin, 1 nömrəli mənzilinin istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair hər hansı ilkin hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Ümumiyyətlə mənzillərin yerləşdiyi yaşayış evləri Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil İstismar Sahələrinin balansında olduğu üçün onların yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətinə aiddir. Ona görə də İddiaçı üçün mənzilin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması torpaq qanunvericiliyinin tələblərinə uyğun həll edilə bilər. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələri, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə əsas kimi müəyyən edilmiş sənədlər əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. İş materiallarında olan Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 22.02.1990-cı il tarixli 363 saylı qərarından görünür ki, həmin qərarla Mingcəçevir şəhəri, C.Məmmədquluzadə küçəsi 23 nömrəli evin, 1 nömrəli mənzili iddiaçının adına qeydiyyata alınmışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli 16.08.2016-cı il tarixli çıxarışın və inventar nömrəsi 16708 olan **********99-05101-093002 reyestr nömrəli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, Mingcəçevir şəhəri, C.Məmmədquluzadə küçəsi 23 nömrəli evin, 1 nömrəli mənzili iddiaçının mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 05.05.2021-ci il tarixli **********43 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyində qeyd edilir ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi 568 kv. metrdir. Mingəçevir şəhəri elektron baza məlumatlarına əsasən həmin (568 kv.m.) torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir (sxem əlavə olunur). Torpaq sahəsində yerləşən yaşayış evinin mülkiyyətçisi İddiaçıdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində- Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində-Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Sadalanan maddi hüquq normalarının tələbindən göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahələrinin bələdiyyə və ya xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir və bu sahədə dövlət idarəetməsini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla dövlət mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsinin iddiaçıya verilməsi (ayrılması) barədə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş akt yoxdur. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 22.02.1990-cı il tarixli 363 saylı qərarı isə Mingəçevir şəhəri, C.Məmmədquluzadə küçəsi 23 nömrəli evin, 1 nömrəli mənzilinin İddiaçı şəxsi mülkiyyətinə verilməsi barədədir, torpaq sahəsinin ayrılmasına aid deyildir. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “41 ildən çox istifadəsində olan ünvan 1 ünvanında yerləşən 599 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 311 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X1 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar