Məhkəmə qərarları › İş №2-1(116)-391/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-391/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-391/2024 16.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Muğdat oğlunun Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Mingəçevir şəhəri X13 İcraiyyə Komitəsinin 22 sentyabr 1988-ci il tarixli, 318 saylı qərarı ilə Mingəçevir şəhər “Avtobaza”nın işçilərinə ayrılmış ərazidə mərhum atasına verilmiş 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Muğdat oğlu cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 17 saylı Yevlax ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mingəçevir şəhəri X13 İcraiyyə Komitəsinin 22 sentyabr 1988-ci il tarixli, 318 saylı qərarı ilə Mingəçevir şəhər “Avtobaza”nın işçilərinə ayrılmış ərazidə mərhum atasına verilmiş 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-391/2024 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Mingəçevir şəhər X13 İcraiyyə Komitəsinin 22 sentyabr 1988-ci il tarixli, 318 saylı qərarı ilə Mingəçevir şəhər “Avtobaza”nın işçilərinə torpaq sahəsi ayrılmışdır. İddiaçının atası X1 Avtobazanın “Gülşən” bağçılıq kollektivinin üzvü olmuş və ona 0,06 ha torpaq sahəsi ayrılmışdır. Mərhum atası Muğdat İbrahimov 13 oktyabr 2003-cü il tarixdə vəfat etmişdir. Bundan sonra o, cavabdeh idarəyə müraciət edərək qeyd olunan torpaq sahəsini mərhum atasının adına özəlləşdirmək istədiyini bildirsə də, cavabdeh orqanın ona ünvanladığı 07 məktubunda mərhum atasının Rusiya Federasiyasının vətəndaşı olması bildirilmiş və buna görə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən ərizəsinin icrasından imtina olunmuş və ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı Mingəçevir şəhərində yerləşən Mingəçevir şəhəri “Avtobaza”nın “Gülşən” kollektiv bağçılığı tərəfindən verilmiş 0,06 ha bağ torpaq sahəsinə dair X3 adına çıxarış və texniki pasportun verilməsinə köməklik edilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14 17 saylı Yevlax Ərazi idarəsiə müraciət etmişdir. İddiaçının müraciəti ilə bağlı təqdim edilən sənədlər toplusu (sürətləri) ekspertiza edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının istifadəsində olan bağ sahəsinə dair ləğv edilmiş Mingəçevir şəhər Bağlar idarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhəri “Avtobaza”nın “Gülşən" kollektiv bağçılığının adlı siyahısında Rusiya Federasiyasının vətəndaşı olmuş mərhum X3 adı mövcuddur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZ-İ 022547 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2003cü il tarixdə vəfat etmişdir. - X8 filialının xx.xx.2012-ci il tarixli 24/22 tarixli arxiv arayışından görünür ki, Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən 22 sentyabr 1988-ci il tarixli, 318 saylı qərarı ilə Avtobazaya bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir. - cavabdehin xx.xx.2023-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasında mövcud olan Mingəçevir şəhər, Mingəçevir bələdiyyəsinin “X7 X11”dəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Əlavə məlumat üçün bildirilmişdir ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətləri keçir. - cavabdehin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Mingəçevir şəhər X13 İcraiyyə Komitəsinin 22 sentyabr 1988-ci il tarixli 318 saylı qərarı ilə Avtobazanın “Gülşən” kollektiv bağçılığına ayrılmış 2,5 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. - Avtobazanın “Gülşən” kollektiv bağçılığına ayrılmış 2,5 ha torpaq sahəsi həmin bağçılığın 50 nəfər üzvü arasında bərabər olmaqla 0,05 ha ölçüdə ayrılmışdır. -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı Mingəçevir şəhəri XDS İK-nin xx.xx.1988-ci il tarixli 318 saylı qərarı ilə Avtobazanın “Gülşən” kollektiv bağçılıq sahəsindən X4 ayrılmış 0,06 ha torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir. - Avtobazanın “Gülşən” kollektiv bağçılığına aid adlı siyahıdan görünür ki, 32-ci sırada İbrahimov Muğdətin adı qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia qismən əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, iddiaçının mərhum atasının adı Mingəçevir şəhəri “Avtobaza”nın “Gülşən" kollektiv bağçılığının adlı siyahısında mövcuddur. Odur ki, istinad olunan maddi hüquq normasının tələbinə görə iddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olması barədə arayışın verilməsini tələb etməkdə haqlıdır. Cavabdeh orqan mərhum X2 Federasiyasının vətəndaşı olmasına istinad edərək müraciətin təmin edilməsindən imtina etsə də, hazırkı vəziyyətdə mərhumun sözügedən ölkənin vətəndaşı olub-olmamasının heç bir hüquqi əhəmiyyəti qalmamışdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü bəndinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Həmin Məcəllənin 49-cu maddənin 4-cü bəndinin tələbinə görə xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Göründüyü kimi hazırkı iş üzrə mərhum X6 vəfat etdiyindən cavabdeh orqan faktiki olaraq ölmüş şəxsə münasibətdə mülkiyyət hüququnun dövlət qeydiyyatını aparmayacaqdır. Yuxarıda istinad olunan Torpaq Məcəlləsinin 48 və 49-cu maddələrində isə məhz sağ olan xarici fiziki şəxslərə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair məsələləri tənzimləyir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Bu halda da, torpaq sahəsi vərəsəlik nəticəsində digər şəxsə keçəcəyindən hətta sonrakı subyekt də, xarici fiziki şəxs olarsa mülkiyyət hüququnun 1 il müddətinə özgəninkiləşdirilməsi şərtilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması təmin edilməlidir. Sözügedən torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 445/2021 nömrəli qərarında yuxarıda qeyd olunan hüquqi mövqe əks olunmuşdur). İddia olunan torpaq sahəsinin ölçüsünü münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı, həmin torpaq sahəsinin ölçüsünü 0.06 ha qeyd etsə də, cavabdehin təqdim etdiyi məlumatlar əsasında müəyyən edilir ki, Avtobazanın “Gülşən” kollektiv bağçılığına ayrılmış 2,5 ha torpaq sahəsi həmin bağçılığın 50 nəfər üzvü arasında bərabər olmaqla 0,05 ha ölçüdə ayrılmışdır. İddiaçı tərəfindən sözügedən torpaq sahəsinin məhz 0.06 ha ölçüdə ayrılmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi 0.05 ha torpaq sahəsinə münasibətdə təmin edilməlidir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə Mingəçevir şəhəri X13 İcraiyyə Komitəsinin 22 sentyabr 1988-ci il tarixli, 318 saylı qərarı ilə Mingəçevir şəhər “Avtobaza”nın işçilərinə ayrılmış ərazidə yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar