Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-392/2020 08.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi X1 katibliyiilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona vurulmuş maddi ziyan əvəzi olaraq 20000 manat, mənəvi ziyan olaraq 15000 manat pulun alınıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 16 aprel 1995-ci ildə Ağcabədi rayonu Türk Çadır qəsəbəsində anadan olmuşdur. Ailəsi Ağdam rayonundan məcburi köçkündür. 23 aprel 2013-cü ildə hərbi xidmətə yararlı hesab edilərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmışdır. 24 yanvar 2014-cü ildən 26 yanvar 2014-cü ilədək N saylı hərbi hissədə, N yanvar 2014cü ildən 05 may 2014-cü ilədək N saylı hərbi hissədə stasionar müalicədə olmuşdur. «Hərbi Həkim Komissiyasının» rəyi əsasında 05 may 2014-cü il tarixdə şəhadətləndirilərək sağ ciyərin yuxarı payının infiltrativ vərəmi, sorulma və bərkimə mərhələsində KB mənfi diaqnozu ilə xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır qərarı qəbul edilərək tərxis olunmuşdur. Hazırki müddətə qədər müalicələr alsa da səhhətini bərpa edə bilməmişdir. Ağır xəstəliyi ilə, əlaqədar hazırki müddətə qədər müraciət edə bilməmişdir. Bu müddət ərzində Müdafiə Nazirliyindən bir kəs də olsun onunla maraqlanmamışdır. Sağlamlığını bərpa edə bilməsə də mütəmadi müalicələr məcburiyyətindədir. Hərbi xidmətdə olarkən düzgün tibbi yardım almadığından xəstələnmişdir. Halbuki, sağlamlığı qorunmasına məsuliyyət daşıyan orqan Müdafiə Nazirliyi olmuşdur. Bu səbəbdən mənəvi əziyyət çəkmişdir. Vurulmuş ziyanın ödənilməsi barədə iddiaçı iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: İddiaçının “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini qəbul etmir, hesab edir ki, iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilə bilməz. Belə ki, iddiaçı maddi və mənəvi zərərin vurulmasını sübut edə bilməmişdir. AR MM-nin 21.2.-ci maddəsinə əsasən: “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.İddiaçı mənəvi zərərlə bağlı beş ildən sonra məhkəməyə müraciət etməsi artıq iddianın əsassız olduğunu sübut edir. Çünki “Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur.” (“AR MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31,05.2002-ci il tarixli qərarı). Yuxarıda qeyd olunmuş şərhdə qərara alınmışdır ki, “AR MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.” İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******* nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin surəti, AR Dövlət Sığorta Kommersiya Şirkətinin 19.09.2019-cu il tarixli 08/04-689 nömrəli məktubu, SX seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, 05.05.2014-cü il tarixli 310 nömrəli xəstəlik haqqında şəhadətnamənin surəti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin 14.02.2018-ci il tarixli 185 nömrəli arayışın surəti, AR Müdafiə Nazirliyinin 04.02.2020-ci il tarixli 11/597 nömrəli etirazı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara dair iddiadır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl ərizə ilə cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün olsa da, mahiyyət etibarı ilə əsassızdır. İşdə olan, Azərbaycan Respublikası Dövlət Sığota Kommersiya Şirkətinin 19.09.2019-cu il tarixli 08/H-689 nömrəli məktubundan görünür ki, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli qanununa dəyişikliklər edilməsi barədə 03 dekabr 2013-cü il tarixli Qanununun 5-ci maddəsinin “d” bəndinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kantuziya) aldıqda sığorta ödənişiverilir. İddiaçının ərizəsindən məlum olduğu kimi, 05 may 2014-cü il tarixdə xəstəlik ilə əlaqədar hərbi xidmətdən tərxis olunmuşdur ki, bu da “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən sığorta hadisəsi sayılmır. İşdə olan 05.05.2014-cü il tarixli 310 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçı sülh dövründə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlıdır. İşdə olan 14.02.2018-ci il tarixli 185 nömrəli AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin arayışından görünür ki, iddiaçı 26.04.2013-cü ildən 21.05.2014-cü ilə qədər Azərbaycan Respblikası Silahlı Qüvvlərində həqiqi hərbi xidmətdə olmuşdur. 21.05.2014-cü ildə Xəstəliklər cədvəlinin İ qrafasının 2 “b” maddəsinə NK-nın 29.02.2008-ci il tarixli 59 saylı qərarına əsasən MN-nin MHHK-nın 05.05.2014-cü il tarixli 310 nömrəli xəstəlik haqqında şəhadətnaməsi ilə dinc dövrü hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İşdə olan N saylı hərbi hissənin çıxarış epikrizindən görünür ki, iddiaçı 14.03.2008ci il tarixli 123 saylı əmrinin 2b maddəsinin İİ qrafası ilə HHK-ya təqdim olunmuş Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlıdırqərarı qəbul olunmuşdur. Qərar MN-nin Ştatlı Hərbi Həkim Komissiyası təsdiq olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. İş materiallarında olan sənədlərdən də müəyyən olunur ki, 24 yanvar 2014-cü ildən 26 yanvar 2014-cü ilədək N saylı hərbi hissədə, N yanvar 2014-cü ildən 05 may 2014-cü ilədək N saylı hərbi hissədə stasionar müalicədə olmuşdur və onun düzgün müalicə olunmamasına dair heç bir sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı ümumiyyətlə ona tələbində qeyd etdiyi 20000 manat maddi zərərin dəyməsinə dair heç bir sübut təqdim etməmişdir. İddiaçı ona dəymiş maddi və mənəvi ziyanın cavabdeh orqanın onun hərbi xidmətdə olarkən düzgün tibbi yardım almaması nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu məhkəmə tərəfindən öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona vurulmuş maddi ziyan əvəzi olaraq 20000 manat, mənəvi ziyan olaraq 15000 manat pulun alınıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-392/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-392/2020
08.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver