Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-392/2022 29.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Balakən rayonu Talalar kəndində yerləşən 0,0894 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ərizə ilə Balakən Rayonu Talalar Bələdiyyəsinə müraciət edərək, fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Balakən Rayonu Talalar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 nömrəli qərarına əsasən, İddiaçı "Tülülər axı" adlı sahədən 0,10 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. İddiaçı tərəfindən Balakən Rayonu Talalar Bələdiyyəsinin hesabına xx.xx.2006-cı ildə torpağın satış pulu kimi 380 manat pul ödənilmişdir. Balakən Rayonu Talalar Bələdiyyəsi ilə İddiaçı arasında 0,10 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Balakən rayon Talalar kəndində yerləşən 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və adına reyestrdən çıxarış verilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli **********11 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Balakən Rayonu Talalar Bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin "Torpaqların alqısatqısına dair akt"ı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin möhürü ilə təsdiq edilməmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Balakən Rayonu Talalar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə ona satılmış Balakən rayonu Talalar kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, 0,10 ha torpaq sahəsi ona qanuni yolla satılmışdır və hazırda onun sahibliyindədir. Bundan sonra İddiaçı iddianı dəyişdirmiş və məhkəməyə ərizə verərək iddia tələbini "Balakən rayonu Talalar kəndində yerləşən 0,0894 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. İddianın dəyişdirilməsi Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qəbul edilmişdir. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Üçüncü şəxs Balakən Rayonu Talalar Bələdiyyəsi iddia ilə bağlı xx.xx.2021-ci il tarixli 61 nömrəli məktubunda bildirmişdir ki, iddia tələbinə heç bir etirazı yoxdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs Balakən Rayonu Talalar Bələdiyyəsinin sədri isə məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ona görə də şifahi məhkəmə baxışı cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan keçirildi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Balakən Rayonu Talalar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 nömrəli qərarından görünür ki, İddiaçı "Tülülər axı" adlı sahədən 0,10 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. - İşdə olan, xx.xx.2006-cı il tarixli 103 nömrəli "Kassa mədaxil orderinin qəbzi"ndən görünür ki, İddiaçı tərəfindən Balakən Rayonu Talalar Bələdiyyəsinin hesabına xx.xx.2006-cı ildə torpağın satış pulu kimi 380 manat pul ödənilmişdir. - İşdə olan, "Torpaqların alqı-satqısına dair akt"dan görünür ki, həmin sənəd xx.xx.2006-cı ildə Balakən Rayonu Talalar Bələdiyyəsi ilə İddiaçı arasında 0,10 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Cavabdehin imtina məktubundan və etirazından aydın olur ki, 0,10 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan onun imtinasının səbəbi xx.xx.2006-cı il tarixli "Torpaqların alqı-satqısına dair akt"ın Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin möhürü ilə təsdiq edilməməsi olmuşdur. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Balakən Rayonu Talalar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı qəbul edilən vaxt qüvvədə olmuş redaksiyasında deyilirdi ki, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Lakin bununla yanaşı, "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, "İnzibati icraat haqqında" Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır ("İnzibati icraat haqqında" Qanunun 64.2-ci maddəsi)." Bundan başqa, Plenumun Qərarında qeydiyyat aparmaqdan inzibati orqanın verdiyi imtinalarla bağlı aşağıdakı hüquqi mövqe ifadə edilmişdir: "Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir." Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 66.2-ci maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsi torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina edərkən, xx.xx.2006-cı il tarixli "Torpaqların alqı-satqısına dair akt"ın Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin möhürü ilə təsdiq edilməməsinə istinad etməkdə haqlı olmamışdır. Bundan başqa, məhkəmə tərəfindən Balakən Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək qeyd olunan torpaq sahəsinin İddiaçı satılmasının həmin sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olub-olmaması barədə məlumat tələb olunmuşdur. Balakən Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 02-2105 nömrəli cavab məktubu ilə məhkəməyə xx.xx.2021-ci il tarixli ayrıc aktı və Balakən Rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin xx.xx.2021-ci il tarixli 104 nömrəli rəyi göndərilmişdir. Həmin sənədlərdə göstərilmişdir ki, İddiaçı Talalar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 nömrəli qərarı ilə satılmış torpaq sahəsinə yerində baxış keçirilərkən məlum olmuşdur ki, torpaq sahəsi 897 kv.mdir, şimaldan və cənubdan həyətyanı torpaq sahələri ilə, şərqdən kəndarası yol ilə, qərbdən pay torpaq sahəsi ilə həmsərhəddir. Ərazidə heç bir tarixi və təbiət abidələri yoxdur, sahənin relyefi şimaldan cənuba doğru maillidir. Ərazidən həyətyanı üçün torpaq sahəsinin ayrılması məqsədə uyğundur. Eyni zamanda, məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilmiş sorğuya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarla cavab verilmişdir. Həmi cavablarla müəyyən edildi ki, torpaq sahəsi naturada 0,0894 ha olmaqla Balakən Rayonu Talalar Bələdiyyəsinin mülkiyyətinə aid fərdi yaşayış evlərinin tikintisi məqsədilə ayrılmış kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidə yerləşir və döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: Döngə Döngə Məsafə nöqtələrinin X Y nöqtələri (metrlə) nömrəsi 1 610690,55 4617346,16 1-2 19,1 2 610703,05 4617331,70 2-3 45,7 3 610667,14 4617303,42 3-4 202 4 610654,21 4617318,91 4-1 45,4 Göründüyü kimi, nə Balakən Rayon İcra Hakimiyyətindən, nə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış cavablar 0,10 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olmur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdeh 0,10 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmamışdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsində deyilir ki, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən göründüyü kimi, prosessual xərclər İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin bank hesabına xx.xx.2022-ci ildə ödənilmiş 120 manat məbləğində xidmət haqqından ibarətdir. Məhkəmə bu qərara gəldi ki, iddia tələbi təmin olunduğuna görə prosessual xərclər cavabdehə aid edilməli və 120 manat məbləğində pul ondan alınaraq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Balakən rayonu Talalar kəndində yerləşən, Balakən Rayonu Talalar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 nömrəli qərarı ilə satılmış və döngə nöqtələrinin koordinatları aşağıda göstərilən 0,0894 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulsun: Döngə Döngə Məsafə nöqtələrinin X Y nöqtələri (metrlə) nömrəsi 1 610690,55 4617346,16 1-2 19,1 2 610703,05 4617331,70 2-3 45,7 3 610667,14 4617303,42 3-4 202 4 610654,21 4617318,91 4-1 45,4 Prosessual xərclər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə aid edilsin və 120 manat məbləğində pul ondan alınaraq İddiaçı ödənilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-392/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-392/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver