Məhkəmə qərarları › İş №2-1(116)-3922/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3922/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3922/2025 08.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “JN-271 və JN-266 saylı dövlət aktlarının ləğv edilməsi və istifadəsində Göyçay rayonun Şəkili kəndində yerləşən elektron üçütu aparılarkən adına qeydə alınmış 4.60 ha torpaq sahəsinə iddiaçının və ailə üzvlərinin hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “JN-271 və JN-266 saylı dövlət aktlarının ləğv edilməsi və istifadəsində Göyçay rayonun Şəkili kəndində yerləşən elektron uçotu aparılarkən adına qeydə alınmış 4.60 ha torpaq sahəsinə iddiaçının və ailə üzvlərinin hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14 may 1999cu il tarixli 50 nömrəli qərarı ilə iddiaçıya və ailə üzvlərinə 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir, (torpağın mülkiyyətə verilməsinə dair JN-271 saylı dövlət aktı(kod ********) Lakin, onun və ailəsinin istifadəsində 4.50 ha torpaq sahəsi var. Halbuki, ailəsi 6 nəfərdən ibarətdir və Göyçay rayonu Q.Qasımov adına kolxozun yerli aqrar islahat komissiyasının 10 may 1999-cu il tarixli iclas protokolu ilə müəyyən edilmişdir ki, kolxozun 1115 hektar torpaq sahəsi var və həmin torpaq sahəsi 1578 nəfər subyekt arasında bölünməlidir. Göyçay rayonunun Şəkili kəndində yaşayan mərhum X4 tək yaşadığı halda onun mülkiyyətinə 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Yəni, islahat zamanı onun 6 nəfərdən ibarət ailəsinə verilmiş həmin torpaq sahəsinin mülkiyyət sənədi səhvən tək yaşayan mərhum X2 adına çap edilmişdir.Bu hal Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin 11 iyul 2011-ci il tarixli 29 saylı məktubu və arxiv arayışları ilə təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin 11 iyul 2011-ci il tarixli 29 saylı məktubunda keçmiş Q Qasımov adına təsərrüfat üzrə hər adam başına orta torpaq normasının fiziki ölçüdə 0,70 ha təşkil etdiyi, bizə naturada 4,26 ha pay torpağının ayrıldığı, 2000-ci ildə sənədləşmə aparılan zaman istifadəyə verilmiş 4.26 ha pay torpağının sənədinin texniki səhv nəticəsində qonşu mülkiyyətçi X4 ilə dəyişik çap edilməsi. Gözəl Məmmədovanın təsərrüfatda tək olması, həyətində 0,10 ha zəbt torpaq sahəsi nəzərə alınmaqla ona “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq naturada 0,55 ha pay torpağının ayrılmasına baxmayaraq texniki səhv nəticəsində JN-266 saylı dövlət aktı ilə 4,50 ha pay torpağının ayrılması, halbuki G.Məmmədovamn naturada istifadəsində orta norma daxilində 0,55 ha torpaq sahəsinin olduğu göstərilir. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı JN-271 və JN-266 saylı dövlət aktlarının ləğv edilməsi və istifadəsində Göyçay rayonun Şəkili kəndində yerləşən 4.60 ha torpaq sahəsi üzərində iddiaçının və ailə üzvlərinin mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Məhkəmə qeyd edir ki,iddiaçı tərəfindən hazırkı iddia tələbinin predmeti olan torpaq sahəsi bir neçə dəfə inzibati məhkəmə mübahisənin predmeti olmuşdur. Belə ki,İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonunun Şəkili kəndində yerləşən, istifadəsində olan, elektron uçotu aparılarkən adına qeydə alınmış 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası Şəki İnzibati Məhkəməsinin 2-1(116)-961/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarı ilə təmin edilməmişdir.İddiaçı tərəfindən həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş,qərar qanuni qüvvəsini almışdır. Hazırkı iddiaçının üçüncü şəxs qismində cəlb olunduğu, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa” (********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli) əsasən iddiaçı X1 mülkiyyətində olan Göyçay rayonu Qızılağac kəndində yerləşən 4,5 (dörd tam onda beş) ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi” tələbinə dair iddiası Şəki İnzibati Məhkəməsinin 2-1(116)-997/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarı ilə təmin edilmişdir. Üçüncü şəxs İddiaçı tərəfindən həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş,qərar qanuni qüvvəsini almışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonunun Şəkili kəndində yerləşən, istifadədə olan, elektron uçotu aparılarkən iddiaçının adına qeydə alınmış 4.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X1 mülkiyyət hüququnun qeydə alınmasına dair ********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-936/2025 saylı xx.xx.2025-ci il tarixli Qərardadı ilə mümkün sayılmamış, qərardad qanuni qüvvəsini almışdır. Göründüyü kimi,hazırkı iddia tələbinin predmeti olan JN-271 və JN-266 saylı Dövlət aktlarına əsasən mülkiyyətə verilmiş torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması məhkəmələr tərəfindən dəfələrlə araşdırılmış,həmin Akt əsasında X3 və ailə üzvlərinin mülkiyyət hüququ qeydə alınmışdır.Hazırkı iş üzrə iddiaçı həmin məhkəmə mübahisələrində iddiaçı və ya üçüncü şəxs qismində iştirak etmişdir. Məhkəmə İddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. "C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. Belə ki, işin araşdırılmış hallarına görə, Göyçay rayonu Qızılağac kəndi üzrə həyətyanı və pay torpaq sahələri alan subyektlər siyahısı tərtib edilmiş, həmin siyahıda İddiaçı və 6 nəfər ailə üzvünün adı qeyd edilmişdir. Həmin siyahı əsasında isə mübahisələndirilən JN-271 KOD 40808018 saylı Dövlət aktı tərtib edilmiş, verilmiş torpaq sahəsinin ölçüsü 0,55 ha göstərilmişdir. Göründüyü kimi sözügedən Dövlət aktı hüquqi əsasının mövcudluğu araşdırma nəticəsində öz təsdiqini tapmışdır. Eyni zamanda iddiaçı ona və ailə üzvlərinə verilməli olan torpaq sahəsinə dair səhvən X2 adına JN 266 KOD 40808018 saylı Dövlət aktı tərtib edildiyini qeyd edir və bu aktı da mübahisələndirir. Artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1396/2024 nömrəli, xx.xx.2024-cü il və 2- 1(102)-571/2024 nömrəli xx.xx.2024 tarixli qərarlarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X5: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “JN-271 və JN-266 saylı dövlət aktlarının ləğv edilməsi və istifadəsində olan Göyçay rayonun Şəkili kəndində yerləşən 4.60 ha torpaq sahəsinə iddiaçının və ailə üzvlərinin hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün hesab edilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar