Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-394/2024 22.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Mingəçevir şəhəri Boz dağın ətəyində “Şəfa” kollektiv bağçılığı tərəfindən qanuni istifadəsinə verilmiş, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 2008-ci il tarixli 161 nömrəli sərəncamı əsasında tərtib edilmiş, X3 kitabında xx.xx.2010-cu il tarixdə 808 nömrə ilə uçota alınmış, A №296481 nömrəli, kadastr göstəriciləri, əsas döngə nöqtə koordinatları daxilində olan 619,28 kv.metr fərdi bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Mingəçevir şəhəri Boz dağın ətəyində “Şəfa” kollektiv bağçılığı tərəfindən qanuni istifadəsinə verilmiş, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünə əsasən Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə 619,28 kv.m fərdi bağ sahəsi, X3 kitabında xx.xx.2010-cu il tarixdə 808 nömrə ilə uçota alınmış, A №296481 nömrəli, kadastr göstəriciləri, əsas döngə nöqtə koordinatları daxilində olan torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsi (mülkiyyət sənədinin-çıxarış və Texniki Pasportun verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-394/2024 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək “Mingəçevir şəhəri Boz dağın ətəyində “Şəfa” kollektiv bağçılığı tərəfindən qanuni istifadəsinə verilmiş, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 2008-ci il tarixli 161 nömrəli sərəncamı əsasında tərtib edilmiş, X3 kitabında xx.xx.2010-cu il tarixdə 808 nömrə ilə uçota alınmış, A №296481 nömrəli, kadastr göstəriciləri, əsas döngə nöqtə koordinatları daxilində olan 619,28 kv.metr fərdi bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx xxxxxx 1949-cu ildə Şəki şəhərində anadan olmuşdur. 1973-cü ildən Şəki xəstəxanasında tibb bacısı kimi əmək fəaliyyətinə başlamışdır. Mingəçevir şəhərinə köçüb gəlmiş, 24 yanvar 1977-ci ildən də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında tibb bacısı olaraq işləmişdir. 20 fevral 2014-cü ildə pensiya yaş həddinə çatdığına görə işdən azad olunmuşdur. 41 il fasiləsiz səhiyyə işçisi olaraq dövlətə xidmət etmişdir. İşlədiyi müddətdə ona dövlət fondu mənzili verilməmişdir. 14 avqust 1986-cı il tarixli qərara əsasən Mingəçevir şəhəri Boz dağın ətəyində "Şəfa" kollektiv bağçılığı tərəfindən 0,06 torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinə Bağ pasportu verilmişdir. Torpaq sahəsi istifadəsindədir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ona Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 2008-ci il tarixli 161 nömrəli Sərəncamı ilə 619.28 kv.metr fərdi bağ sahəsi üçün tərtib edilmişdir. X3 kitabında xx.xx.2010-cu il tarixdə 808 nömrə ilə uçota alınıb. A №296481 Sənəddə torpaq sahəsinin kadastr göstəriciləri, əsas döngə nöqtə koordinatları göstərilmişdir. Qanuni əsasla ona verilmiş torpaq sahəsinin özəlləşdirilməsi, mülkiyyət hüququnun tanınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin arxivindən əldə edilmiş sənədin (adlı siyahı) surətindən görünür ki, Səhiyyə Sistemində işləyən "Şəfa" kollektiv bağçılığı üzvlərinin siyahısında şəhər mərkəzi xəstəxası üzrə siyahısında 34-cü sırada İddiaçı ad və soyadı qeyd edilmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı Mingəçevir şəhərində yerləşən, Mingəçevir şəhər Tibb İşçiləri "Şəfa” kollektiv bağçılığı tərəfindən ayrılmış 0,06 ha bağ torpaq sahəsinə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının nəzərinə çatdırılmışdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7. maddəsinə əsasən 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı İdarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. İddiaçının ərizəsinə əsasən torpaq sahəsi üzərində inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim edilən sənədlər (surətləri) araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlərdən hər hansı biri ilkin müraciət zamanı iddiaçının ərizəsinə əlavə edilməmişdir. Ləğv edilmiş Mingəçevir şəhər Bağlar idarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi idarəsinə təhvil verilmiş Mingəçevir şəhər Tibb işçiləri 'Şəfa” kollektiv bağçılığının adlı siyahısında İddiaçı adı qeyd edilməmişdir. Ərizəyə əlavə edilən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş 619.28 kv.m bağ sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü X3 kitabında 03.11,2010-cu il tarixində 808 nömrə ilə uçota alınmış A. seriyalı 296481 nömrəli, müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənəd olduğu üçün həmin sənəd əsasında torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - A 296481 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamına əsasən İddiaçı adına 619,28 kv.metr torpaq sahəsinə münasibətdə tərtib edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Arxivinin Mingəçevir filialının xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, filialda mühafizə olunan Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən 14 avqust 1986-cı il tarixli 241 saylı qərarı ilə şəhər xəstəxanasına bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir. - “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Səhiyyə şöbəsinin nəzdində fəaliyyət göstərən “Şəfa” kollektiv bağçılığın arxiv sənədlərində iddiaçının adı qeyd olunan 3 sənəd tapılmışdır. Sözügedən adlı siyahılar təqdim edilmişdir. - cavabdehin xx.xx.2023-ci il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyindən görünür ki, Elektron məlumat bazasında mövcud olan Mingəçevir şəhər, Mingəçevir bələdiyyəsinin “X1 X2”ndəki xəritəsinə əsasən, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi Mingəçevir şəhəri, Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan torpaq sahəsinin A 296481 plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsi arasında 15 metr məsafə mövcuddur, həmçinin konfiqurasiya və sahə fərqi vardır. A 296481 №-li plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin təyinatı - yaşayış məntəqələrinin torpaqları, uqodiyası - tikinti altında olan torpaqlar, mülkiyyətçisi - başqa şəxslərin mülkiyyətində və istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi idarəsinin səlahiyyətinə aid deyil. A 296481 №-li plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia qismən əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar - 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiya vətəndaşlara, idarə, müəssisə və təşkilatlarda DƏDRX-nin Mingəçevir bölməsində olan sənədlərə istinad edərək ilkin siyahıda dürüstləşdirmə aparmış, ailə başçılarının, ailə üzvlərinin soyadı, adı, atasının adı dəqiləşdirərək, vətəndaşların istifadələrində olan bağ torpaq sahələrinin qanuni ölçülərini müəyyənləşdirməklə yekun siyahı hazırlamış, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahı təsdiq edilmişdir. İş materiallarında olan, “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən təqdim edilmiş “Şəfa” kollektiv bağçılığın arxiv sənədləri ilə müəyyən edilir ki, iddiaçının adı sözügedən bağçılığın üzvlərinin siyahısında olmuşdur. Qeyd olunan hal iddiaçının “Şəfa” kollektiv bağçılığının üzvü olmasını təsdiq edir. Odur ki, iddia olunan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olduğundan Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı əsasında torpaq sahəsi iddiaçının adına sənədləşdirilərək, A seriyalı 296481 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İddia olunan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi olduğundan, yuxarıda istinad olunan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.1-ci maddəsinə əsasən sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Digər tərəfdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair tələb edilən sənədlərin siyahısından görünür ki, maddi hüquq normasının mahiyyəti - torpaq sahəsinin həqiqətən də bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşa ayrılıb ayrılmamasının, o cümlədən torpaq sahəsi ayrılmış şəxsin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olub-olmamasının müəyyən edilməsindən və yalnız bundan sonra mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasından ibarətdir. Bunun üçün isə torpaq sahəsi ayrılan şəxslər müvafiq ayrılmanı və kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olmasını təsdiq edən sübutları (icarə müqaviləsi, sərəncam və order, üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış) təqdim etməlidirlər. Yəni, istinad olunan norma bağ təsərrüfatı idarələri tərəfindən kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvü olan şəxslərə ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyatını nəzərdə tutur. “Şəfa” kollektiv bağçılığına dair adlı siyahılarla iddiaçının sözügedən bağçılığın üzvü olması müəyyən edildiyindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər iddiaçıya münasibətdə yerinə yetirilmiş hesab edilməlidir. Yəni, faktiki olaraq iddiaçının “Şəfa” kollektiv bağçılığının üzvü olması və ona müvafiq torpaq sahəsinin ayrılması sübuta yetirilir. İddiaçı, A seriyalı 158041 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin məzmununa istinad edərək mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsinin ölçüsünü 619,28 kv.metr qeyd etmişdir. Nəzərə alınmalıdır ki, planölçü sənədi hüquqmüəyyənedici sənəd yox, müəyyən miqyasda tərtib edilmiş və ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənəd olduğundan, sözügedən sənəddə torpaq sahəsinin ölçüsü yalnız torpaq sahəsinin yerləşdiyi ərazinin və konfiqurasiyasının müəyyən edilməsi baxımından əhəmiyyətlidir. Cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən “Şəfa” bağçılığı üçün ayrılmış torpaq sahəsinin norması 0.06 ha qeyd edilmişdir. Nümunə üçün təqdim edilmiş ********** və ********** qeydiyyat nömrəli çıxarışlarda da, torpaq sahəsinin ölçüsünün 0.06 ha qeyd edilməsi müəyyən edilir. Odur ki, iddiaçı 600 kv.m-dən artıq hissədə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlı olmamışdır. İddia olunan torpaq sahəsi ilə A 296481 №-li plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsi arasında 15 metr məsafənin, həmçinin konfiqurasiya və sahə fərqinin mövcudluğuna münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndində X1 X2nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X1 X2ndə zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir. Odur ki, istinad olunan Fərmanın tələbləri baxımından A 296481 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin cizgisində qeyd edilmiş torpaq sahəsinin məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsi olduğundan, cavabdeh orqan sözügedən plan-ölçü sənədinin məkan göstəriciləri ilə faktiki istifadə vəziyyəti arasında yaranmış uyğunsuzluğu yeruquruluşu qaydasında aradan qaldıraraq iddia olunan torpaq sahəsinin 600 kv.m hissəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almalıdır. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə Mingəçevir şəhəri Boz dağın ətəyində “Şəfa” kollektiv bağçılığı tərəfindən qanuni istifadəsinə verilmiş, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 2008-ci il tarixli 161 nömrəli sərəncamı əsasında tərtib edilmiş, X3 kitabında xx.xx.2010-cu il tarixdə 808 nömrə ilə uçota alınmış, A №296481 nömrəli, kadastr göstəriciləri, əsas döngə nöqtə koordinatları daxilində olan 600 kv.metr fərdi bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.