Məhkəmə qərarları › İş №2-1(116)-395/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-395/2023

31.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-395/2023 31.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhər Bələdiyyəsinin 15 aprel 2005-ci il tarixli 04/3 saylı qərarına əsasən, Mingəçevir şəhəri Naxçıvan küçəsinin cənub hissəsində ayrılmış 500 kv.m torpaq sahəsi və onun üzərində tikilmiş yaşayış sahəsi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və Texniki Pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhər Bələdiyyəsinin 15 aprel 2005-ci il tarixli 04/3 saylı qərarına əsasən, Mingəçevir şəhəri Naxçıvan küçəsinin cənub hissəsində onun adına ayrılmış 500 m2 torpaq sahəsi və onun üzərində tikilmiş yaşayış sahəsi üzərində onun hüquqlarının daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq Çıxarışın və Texniki Pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-395/2023 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi), tələbini dəqiqləşdirərək “Mingəçevir şəhər Bələdiyyəsinin 15 aprel 2005-ci il tarixli 04/3 saylı qərarına əsasən, Mingəçevir şəhəri Naxçıvan küçəsinin cənub hissəsində onun adına ayrılmış 500 kv.m torpaq sahəsi və onun üzərində tikilmiş yaşayış sahəsi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və Texniki Pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Mingəçevir Bələdiyyəsinin 15 aprel 2005-ci il tarixli 04/3 saylı qərarına əsasən, Az.DRES qəsəbəsi Naxçıvan küçəsinin cənub hissəsindəki ərazidən S.Vurğun küçəsi ev 4 mənzil 14-də yaşayan X2 Naxçıvan küçəsinin cənub hissəsindəki ərazidən baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 500 m2 torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı Mingəçevir Bələdiyyəsi tərəfindən fərdi mənzil tikintisi üçün ayrılan 0.05 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi barədə ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 17 saylı Yevlax Ərazi idarəsinə müraciət etmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün iddiaçı tərəfindən təqdim edilmiş sənədlər (surətlər) ekspertiza edilərək araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki. Mingəçevir Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04/3 nömrəli qərarı ilə fərdi mənzil tikintisi üçün 0.05 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilərkən “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD saylı Qanununun, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə uyğun aparılmamışdır. İddiaçı tərəfindən ərizəyə əlavə edilən sənədlər toplusunda torpaq sahəsinin ayrılmasına dair torpaqların alqı-satqısına dair Akt, Mingəçevir şəhər İH aparatının Memarlıq və tikinti şöbəsinin və ləğv edilmiş DTvə XK-nın Mingəçevir şəhər şöbəsinin müvafiq rəyləri və torpaq sahəsinin ayrılmasına dair yerquruluşu planı mövcud deyildir. Mülki Məcəllənin 390.2. maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Torpaq ayrılarkən qüvvədə olan, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “torpaqların alqı-satqısı Qaydaları’na əsasən torpaq sahələrinin alqı-satqısı aşağıdakı qaydada həyata keçirilirdi. Bələdiyyənin torpaqlarından almaq istəyən Azərbaycan Respublikasının fiziki və ya hüquqi şəxsləri bu barədə müvafiq bələdiyyə orqanına müraciət edir. Rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edirdi. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirirdi və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilirdi. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilirdi. "Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci və 23.1-ci maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır və qeyd edildiyi kimi Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Mingəçevir bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 1439 nömrəli məktubuna əlavə olunmuş Mingəçevir bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04/3 nömrəli qərarından və xx.xx.2005-ci il tarixli qəbzdən görünür ki, S.Vurğun küçəsi ev 4 mənzil 14-də yaşayan X2 Naxçıvan küçəsinin cənub hissəsindəki ərazidən baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 500 kv.m torpaq sahəsi satılmış, sonuncu tərəfindən bələdiyyənin hesabına satılan torpaq sahəsinin dəyəri ödənilmişdir. - Mingəçevir bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 1532 nömrəli məktubunda qeyd edilmişdir ki, Mingəçevir Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04/3 nömrəli qərarı ilə Mingəçevir şəhəri, Naxçıvan küçəsinin cənub hissəsindəki ərazidən baş planda göstərilən yerdən iddiaçı X1 torpaq sahəsinin cizgisi (sxematik-plan) Mingəçevir Bələdiyyəsində yoxdur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ona Mingəçevir Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04/3 nömrəli qərarı ilə satılmış torpaq sahəsidir və iddiaçının inşa etdiyi fərdi yaşayış evi Mingəçevir Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04/3 nömrəli qərarı ilə satılmış torpaq sahəsinin üzərində yerləşir. - cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X3 X4”ndəki xəritəsinə əsasəsn iddiaçının naturada göstərdiyi və iddia etdiyi 576 kv. m torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Digər subyektlərlə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin hündürlüyü 5.2 metrdir. - Mingəçevir şəhər İcra Hakimiyətinin Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2005-ci il tarixli, 81 nömrəli “tikinti quraşdırma işlərinə icazə” sənədindən və fərdi yaşayış evinin eskiz layihəsindən görünür ki, iddia olunan fərdi yaşayış evinin inşasına başlanma vaxtı – xx.xx.2005, başa çatma vaxtı isə xx.xx.2006-cı il qeyd edilmiş, tikilinin layihəsi şəhərin baş memarı tərəfindən təsdiqlənmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Mingəçevir Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04/3 nömrəli qərarı ilə iddiaçıya 500 kv.m torpaq sahəsi satılmış, satılmış torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Sözügedən torpaq sahəsi həmin vaxtdan onun istifadəsində və sahibliyində olmuşdur. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar və digər sənədlərlə təsdiq edilir. Mingəçevir bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 1532 nömrəli məktubu ilə müəyyən edilir ki, onda qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ona Mingəçevir Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04/3 nömrəli qərarı ilə satılmış torpaq sahəsidir və iddiaçının inşa etdiyi fərdi yaşayış evi Mingəçevir Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04/3 nömrəli qərarı ilə satılmış torpaq sahəsinin üzərində yerləşir. Beləliklə, torpaq sahəsi Mingəçevir bələdiyyəsinin mülkiyyətində olmuş, bələdiyyə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili – torpaq sahəsinin ayrılmasına dair torpaqların alqısatqısına dair Akt, Mingəçevir şəhər İH aparatının Memarlıq və tikinti şöbəsinin və ləğv edilmiş DTvə XK-nın Mingəçevir şəhər şöbəsinin müvafiq rəyləri və torpaq sahəsinin ayrılmasına dair yerquruluşu planının mövcud olmaması ilə bağlı olmuşdur. Lakin, məhkəmə həmin dəlili əsassız hesab edir. Belə ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində mövcud olan pozuntuların mövcudluğu özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin alqı-satqı aktının torpaq sahəsi satılan vaxt tərtib edilməməsinin torpaq sahəsinin ayırılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. ("İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, mübahisələndirilən torpaq sahəsi səlahiyyətli orqanın - bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da onun inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçının qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Bundan əlavə, yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olubolmamasına nəzarəti isə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1ci maddəsinə əsasən torpaq sahəsi üzərində sonuncunun hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” (Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1435/2023 nömrəli qərarında yuxarıda qeyd olunmuş hüquqi mövqe öz əksini tapmışdır). Sözügedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin fərdi yaşayış evinin hündürlüyü 12 metrdən az olduğundan “Daşınmaz əmlakın dövlət reyetsri haqqında” Qanunun 8.0.9.1.1 və 8.0.9.1.2-ci maddələrinin tələbləri baxımından iddiaçı fərdi yaşayış evi üzərində də mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlı sayılmalıdır. Belə ki, fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə aid olması iş materiallarından aşkar görünür. Mingəçevir bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04/3 nömrəli qərarı ilə iddiaçıya Naxçıvan küçəsinin cənub hissəsindəki ərazidən baş planda göstərilən yerdən 500 kv.m torpaq sahəsi məhz fərdi yaşayış evinin tikintisi məsədilə satılmışdır. Odur ki, iddia olunan tarpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranması üçün qanuni gözləntisi olmuşdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, sözügedən qərar həm də iddia olunan torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun yaranması üçün əsas olduğundan və iddia olunan fərdi yaşayış evinin eskiz layihəsi şəhərin baş memarı tərəfindən təsdiqləndiyindən hər bir halda cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhər Bələdiyyəsinin 15 aprel 2005-ci il tarixli 04/3 saylı qərarına əsasən, Mingəçevir şəhəri Naxçıvan küçəsinin cənub hissəsində ayrılmış 500 kv.m torpaq sahəsi və onun üzərində tikilmiş yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət eydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar