Məhkəmə qərarları › İş №2-1(116)-3952/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-3952/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3952/2025 02.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 iştirakı ilə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Göyçay rayonu Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 42 saylı qərarı ilə X2 və onun ailə üzvlərinə (hazırkı iş üzrə iddiaçılara) Göyçay rayonunun Qarabaqqal kəndində ümumilikdə 1,10 ha ölçüdə kənd təsərrüfatı təyinatlı pay torpağı ayrılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu tərəfindən həmin torpaq sahəsi ilə bağlı JN-455 kod 40806018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Dövlət aktı 455, 455D və 455Z olmaqla üç planşetdə tərtib edilmiş və hər planşet üzrə müvafiq olaraq 2219,95 kv.m, 4620,62 kv.m və 4140,84 kv.m torpaq sahələri göstərilmişdir. X2 27 oktyabr 2015-ci ildə vəfat etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən 29 sentyabr 2016-cı il qeydiyyat tarixli, **********21 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilməklə, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 0,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (dövlət aktının 455Z planşeti) üzərində X1, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İddiaçılar cavabdeh DƏDKR 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, 0,41 ha torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini xahiş etmişlər. Cavabdeh iddiaçıların müraciətinin təmin olunmasından 18 avqust 2025-ci il tarixli məktubla imtina etmiş və qeyd etmişdir ki, sənəd üzrə torpaq sahəsi ilə yeni elektron uçot baza məlumatları arasında 0,12 ha azalma, həmçinin faktiki əraziyə baxış keçirilən zaman iddiaçıların istifadəsində 0,41 ha torpaq sahəsinin olmasına baxmayaraq, yeni elektron baza uçot məlumatlarında şərq istiqamətindən bir hissəsinin yaşayış məntəqələri torpaqları kimi işlənildiyi aşkar edilmişdir. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh DƏDKR 16 saylı Ucar Ərazi İdarəsinə qarşı «Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 0,41 ha torpaq sahəsinə dair JN-455 nömrəli dövlət aktına (baza məlumatlarına uyğun) uyğun olaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. İddia tələbi onunla əsaslandırılır ki, Göyçay rayon AİK-nın qərarı ilə hazırkı iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,41 ha torpaq sahəsi verilmişdir. Onların torpağa mülkiyyət hüququ JN-455 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Həmin 0,41 ha torpaq sahəsi onlara ümumi mülkiyyət hüququ əsasında məxsusdur. Sözügedən torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmış, adlarına müvafiq çıxarış verilmişdir, lakin cavabdeh tərəfindən tutarlı əsas gətirmədən plan-ölçü sənədinin verilməsindən imtina edilmişdir. İddiaçıların hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Cavabdeh iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlərlə eyni məzmunlu etirazını məhkəməyə təqdim etmiş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 9.1.2-ci və 23.1-ci maddələrinə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçılar gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 16 saylı Ucar Ərazi İdarəsi iddiaçıların müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Göyçay rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Göyçay rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 16 saylı Ucar Ərazi İdarəsinin iddiaçıların ümumi birgə mülkiyyəti kimi 29 sentyabr 2016-cı il tarixdə daşınmaz ənlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyat alınmış 0,41 ha torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsünü verilməsindən imtinası qanuna ziddir və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan haldır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 6.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının, o cümlədən ipotekanın dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (6.1.1.2) daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Həmin Qanunun 10.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: (10.2.1) hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (10.2.2) torpaq sahəsinin planı və ölçüsü; (10.2.3) torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; (10.2.4) dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 16.6-cı maddəsinə görə dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi»nin 3.1-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: - (3.1.16) daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; - (3.1.29) dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatda çıxarışların və yerquruluşu planının verilməsini təmin etmək. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən 0,41 ha ölçüdə torpaq sahəsi iddiaçılar İddiaçı2, İddiaçı3ln və İddiaçı1 ümumi birgə mülkiyyətindədir və cavabdeh inzibati orqan tərəfindən onların mülkiyyət hüquqları 29 sentyabr 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və bu barədə həmin tarixli **********21 reyestr nömrəli reyestrdən çıxarışlar verilmişdir. İddiaçıların iddia tələbi 0,41 ha ölçüdə həmin torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsindən ibarətdir. Cavabdehin dəlillərinə görə sənəd üzrə torpaq sahəsi ilə yeni elektron uçot baza məlumatları arasında 0,12 ha azalma, həmçinin faktiki əraziyə baxış keçirilən zaman iddiaçıların istifadəsində 0,41 ha torpaq sahəsinin olmasına baxmayaraq, yeni elektron baza uçot məlumatlarında şərq istiqamətindən bir hissəsinin yaşayış məntəqələri torpaqları kimi işlənildiyi aşkar edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun müddəalarına görə dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdiyi inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız bu Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Yuxarıda qeyd olunan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər daxilində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə üstünlüyünü təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İddiaçıların ümumi birgə mülkiyyətində olan torpaq sahəsi cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində onların adına qeydə alınmış, həmin qeyd hal-hazıradək mübahisə predmeti olmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10.2.2-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsü sənədi hüquqların qeydiyyata alınması ilə bağlı ərizəyə əlavə edilməli sənədlərin siyahısında göstərilmişdir. Nəzərə alınmalıdır ki, qanunvericilik normaları daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını həmin əmlakın müvafiq əlamətlərini özündə əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi ilə şərtləndirir. Torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsi torpaq sahəsinə hüququn qeydiyyata alınması üzrə aparılmış icraat daxilində tərtib olunan sənəddir. Məhkəmə vurğulayır ki, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış və həmin qeydiyyat ləğv olunmamış torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” qeydiyyat orqanı tərəfindən mülkiyyətçilərin adına şərtsiz olaraq tərtib edilməli və onlara verilməlidir. Cavabdehin gətirdiyi dəlillər, yəni sənəd üzrə torpaq sahəsi ilə yeni elektron uçot baza məlumatları arasında 0,12 ha azalmanın olması, həmçinin faktiki əraziyə baxış keçirilən zaman iddiaçıların istifadəsində 0,41 ha torpaq sahəsinin olmasına baxmayaraq, yeni elektron baza uçot məlumatlarında şərq istiqamətindən bir hissəsinin yaşayış məntəqələri torpaqları kimi işlənilməsinin aşkar edilməsi heç bir halda, mülkiyyətçilərə plan və ölçünün verilməməsinə əsas vermir. Hətta belə halın gələcəkdə yeni mübahisə yaratma ehtimalı olsa da, bu sənəd verilməlidir. Çünki, həmin mübahisənin predmeti kimi plan və ölçü sənədi deyil, artıq aparılmış qeydiyyat çıxış edə bilər. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və hesab edir ki, iddiaçıların müvafiq torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, cavabdeh həmin torpaq sahəsi ilə bağlı “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilərək iddiaçılara verilməsindən imtina etməkdə haqlı olmamışdır, belə imtina qanuni qiymətləndirilə bilməz və bir mülkiyyətçi kimi iddiaçıların hüquqlarının pozulmasına səbəb olan haldır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 0,41 ha torpaq sahəsinə JN-455 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına uyğun olaraq iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 adına torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh DƏDKR 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 52, 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 0,41 ha torpaq sahəsinə JN-455 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına uyğun olaraq iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 adına torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar