Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-396/2022 29.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən təyin edilmiş ikinci dərəcəli əlillik dərəcəsinin birinci dərəcəli əlillik dərəcəsi olaraq dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təyin edilmiş ikinci dərəcəli əlillik dərəcəsinin birinci dərəcəli əlillik dərəcəsi olaraq dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçıya cavabdeh tərəfindən təyin edilmiş əlilliyin növbəti tarixə uzadılmasından xx.xx.2020-ci ildə imtina edilmiş, imtinanın səbəbi kimi isə əlavə müalicəyə ehtiyacının olması, müalicə günlərinin sayının yetərli olmaması, xəstənin əlavə ixtisaslaşdırılmış stasionar müayinə və müalicəyə ehtiyacının olması göstərilmişdir. Əlillik təyin edilməsindən imtina zamanı diaqnoz: Beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı. Sol orta beyin arteriyası hövzəsində işemik insultun qalığı. Sağ tərəfli dərin hemiparez. Motor afaziya. Essensial (birincili) hipertenziya. Arterial hipertenziya (xx.xx.2021). Daha sonra iddiaçının çoxsaylı müraciətləri nəticəsində xx.xx.2021-ci ildə yenidən edilən müayinə zamanı iddiaçıya ikinci dərəcəli əlillik təyin edilmişdir. Bu barədə iddiaçı xx.xx.2021-ci ildə əlilliklə bağlı pensiyasını alarkən xəbərdar olmuşdur. Cavabdeh orqanın elektron xidmətindən xx.xx.2021-ci ildə ikinci dərəcəli əlillik təyin edilməsi barədə çıxarışı da iddiaçı həmin vaxt əldə etmişdir. İkinci dərəcəli əlillik təyin edilməsi zamanı diaqnoz: Beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı. Sol orta beyin arteriyası hövzəsində işemik insultun qalığı. Ağırlaşma, Dosfaziya və afaziya. Essensial (birincili) hipertenziya. Arterial hipertenziya (xx.xx.2021). İddiaçı cavabdehin ona ikinci dərəcə əlillik təyin edilməsindən narazı olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə iddia tələbinə dair etiraz məktubunu məhkəməyə ünvanlayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci ii tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq İddiaçı əlillik vəziyyəti “Qax Rayon Mərkəzi Xəstəxanası” PHŞnin 0238003AAFBW nömrəli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyasında elektron qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən xx.xx.2021-ci il tarixindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Bildiririk ki, göndərişdə qeyd edilən əsas xəstəlik və ağırlaşması (Sol orta beyin arteriyası hövzəsində işemik insultun qalığı. Sağtərəfli dərin hemiparez. Motor afaziya. Arterial hipertenziya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.9 bəndinə uyğun olaraq, ikinci dərəcə əlilliyin təyininə əsas verir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati aktın dəyişdirilməsini və ya yeni akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. İş materiallarında olan: Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin 151/2022 nömrəli ekspert rəyində qeyd olunur ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün “Qax rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi tərəfindən göndərilmiş xx.xx.2019-cu il tarixli 0069003AACM1 №-li 088 Formalı göndərişdə qeyd olunmuş “Əsas diaqnoz 163.3 beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı, sol orta beyin arteriyası hövzəsində işemik insultun qalığı; Ağırlaşma G81.1 spastik hemiplegiya, sağ tərəfli dərin hemiparez, motorafaziya; Ağırlaşma R47.0 disfaziya və afaziya; Yanaşı xəstəliklər: İ10-essensial (birincili) hipertenziya, arterial hipertenziya” diaqnozu klinik, laborator-instrumental müayinələr əsasında düzgün müəyyən edilmiş, yəni TSEK-in qərarı həmin vaxt üçün düzgün olmuşdur. Lakin, xx.xx.2022-ci il tarixdə isə şəxsin “MTE və PA" Birliyi phş-də TSEK-in ekspertləri ilə birgə müayinəsi zamanı xəstəlik ağırlaşmalarının daha da kəskinləşdiyi, yəni xroniki beyin işemiyası əlamətləri (koordinator, koqnitiv funksiyaların pozulması əlamətləri) aşkar edildi ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.1.8-ci bəndinə uyğun olaraq İ əlillik dərəcəsi təyininə əsas verir. Xəstənin obyektiv durumunu təsdiq edən diaqnostik müayinə (baş beynin MRT) ətraflı qeyd olunmaqla yeni göndəriş rəsmiləşdirilərək gücləndirmə üçün müraciət edə bilər. Vətəndaş İddiaçı yuxarıda qeyd olunmuş diaqnozla əlaqədar sağalma ehtimalı yoxdur, belə xəstələr sahə nevroloqunun nəzarəti altında dispanser qeydiyyatda olurlar, mütəmadi dərman preparatları qəbul etməklə yanaşı, xəstəlikləri kəskinləşdiyi vaxtlarda stasionar müalicə alırlar. Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxıından hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.1ci bəndinə əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Həmin bənddə birinci dərəcə əlilliyin təyin edilməsi üçün 17 hal sadalanmışdır. Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Məhkəmə araşdırması zamanı əldə edilmiş, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin 151/2022 nömrəli ekspert rəyində qeyd olunur ki, 1951-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün “Qax rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi tərəfindən göndərilmiş xx.xx.2019-cu il tarixli 0069003AACM1 №-li 088 Formalı göndərişdə qeyd olunmuş “Əsas diaqnoz 163.3 beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı, sol orta beyin arteriyası hövzəsində işemik insultun qalığı; Ağırlaşma G81.1 spastik hemiplegiya, sağ tərəfli dərin hemiparez, motorafaziya; Ağırlaşma R47.0 disfaziya və afaziya; Yanaşı xəstəliklər: İ10-essensial (birincili) hipertenziya, arterial hipertenziya” diaqnozu klinik, laborator-instrumental müayinələr əsasında düzgün müəyyən edilmiş, yəni TSEK-in qərarı həmin vaxt üçün düzgün olmuşdur. Lakin, xx.xx.2022-ci il tarixdə isə şəxsin “MTE və PA" Birliyi phş-də TSEK-in ekspertləri ilə birgə müayinəsi zamanı xəstəlik ağırlaşmalarının daha da kəskinləşdiyi, yəni xroniki beyin işemiyası əlamətləri (koordinator, koqnitiv funksiyaların pozulması əlamətləri) aşkar edildi ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.1.8-ci bəndinə uyğun olaraq İ əlillik dərəcəsi təyininə əsas verir. Xəstənin obyektiv durumunu təsdiq edən diaqnostik müayinə (baş beynin MRT) ətraflı qeyd olunmaqla yeni göndəriş rəsmiləşdirilərək gücləndirmə üçün müraciət edə bilər. Vətəndaş İddiaçı yuxarıda qeyd olunmuş diaqnozla əlaqədar sağalma ehtimalı yoxdur, belə xəstələr sahə nevroloqunun nəzarəti altında dispanser qeydiyyatda olurlar, mütəmadi dərman preparatları qəbul etməklə yanaşı, xəstəlikləri kəskinləşdiyi vaxtlarda stasionar müalicə alırlar. Göründüyü kimi, iddiaçıya “Qax rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi tərəfindən göndərilmiş xx.xx.2019-cu il tarixli 0069003AACM1 №-li 088 Formalı göndərişdə qeyd olunmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə əsasən həmin müayinə vaxtı üçün iddiaçıya 2-ci dərəcə əlilliyin təyini üçün əsas olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Lakin iddiaçıya izah edilir ki, hazırkı vəziyyətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.1.8-ci bəndinə uyğun olaraq ağırlaşmalar İddiaçı İ əlillik dərəcəsi təyininə əsas verdiyindən, xəstənin obyektiv durumunu təsdiq edən diaqnostik müayinə (baş beynin MRT) ətraflı qeyd olunmaqla yeni göndəriş rəsmiləşdirilməsi üçün müraciət edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən təyin edilmiş ikinci dərəcəli əlillik dərəcəsinin birinci dərəcəli əlillik dərəcəsi olaraq dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-396/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-396/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver