Məhkəmə qərarları › İş №2-1(116)-397/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-397/2020

11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-397/2020 11.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.1968-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Şəki Tibb məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2007-ci il tarixdən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı uzun illər Şəki rayon X1 şöbəsində işləmişdir. Pensiya yaşına çatdığı üçün xx.xx.2015-ci ildən işdən azad olunaraq pensiyaya çıxmışdır. Həmin vaxt onun yalnız, xəstəxanada işlədiyi illər sosial sığorta stajına daxil edilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, əyani təhsil aldığı dövrlər də sosial sğorta stajına daxil edilməli idi. Lakin ona pensiya təyin edərkən həmin dövr nəzərə alınmamışdır. Məhz buna görə ümumi əmək stajı ilə yanaşı əyani təhsil aldığı dövrün sosial sğorta stajına daxil edilməsi üçün Azərbaycan Respublikası Dövlət X5 Şəki şəhər şöbəsinə müraciət etmişdir. Bununla bağlı olaraq orta ixtisas təhsil haqqında diplomun surətini tədim etmişdir. Lakin sözü gedən qurum xx.xx.2019-cu il tarixli məktubla əyani təhsil müddətinin sosial sğorta stajına daxil edilməsinin mümükün olmamasını əsas göstərmişdir. Onların göstərdiyi həmin əsasla razılaşmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı 1968-ci ildən 1972-ci ilə kimi Şəki Tibb məktəbində təhsil alaraq mama ixtisası üzrə diplom almışdır. İddiaçının pensiya yaşı 2016-cı ildə olmuşdur və o, həmin ildən pensiyaçıdır. Həmin zaman onun təhsil müddəti nəzərə alınmayıb. Buna görədə cavabdeh tərəfin imtinası əsassızdır. Cavabdeh məhkəmənin sərəncamına əsasən göndərdiyi xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubunda Vətəndaş İddiaçı xx.xx.2007-ci ildən yaşa görə əmək pensiyaçısı olduğunu, hal-hazırda 235.62 manat miqdarında pensiya aldığını və xx.xx.1968-ci il tarixindən xx.xx.1972-ci il tarixədək əyani təhsil aldığı illər sosial sığorta stajına daxil ediləcəyi halda pensiyanın məbləğinin 10.37 man artaraq cəmi pensiyası 235.62 man olacağını qeyd etmişdir. Bundan sonra cavabdeh məhkəməyə xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktub göndərərək bildirmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixində xx.xx.2006-cı il tarixinədək 35 il 5 ay sosial sığorta stajı nəzərə alınaraq ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin olunmuşdur. Vətəndaşın əyani təhsil müddəti stajına daxil edilərsə xx.xx.2006-cı ilədək sosial sığorta stajı 38 il 11 ay olar və pensiyası yenidən hesablanarsa artım olacaqdır. ƏƏSMN yanında DSMF-nin direktorunun təlimat məktubu ilə xx.xx.2006-cı il tarixədək əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilərək əmək pensiyası məbləğlərinin yenidən hesablanması məqsədəmüvafiq hesab edilmişdir. Bu məktuba istinadən vətəndaşların əyani təhsil müddəti nəzərə alınaraq əmək pensiyaları yenidən hesablanaraq son 36 ayı ödəmək mümkündür. Odur ki, yuxarıdakıları nəzərə alaraq vətəndaşın iddia ərizəsini baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.1968-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Şəki Tibb məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2007-ci il tarixdən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmiş və cavabdehə münasibət bildirilməsi üçün təqdim olunmuşdur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Cavabdeh xx.xx.2019-cu il tarixli **********6 nömrəli imtina məktubu, AZE seriyalı 0******* nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin surəti, Cavabdeh xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubu, AZ-1 seriyalı 072628 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, Əmək və X2 Nazirliyi yanında Dövlət X4 xx.xx.2020ci il tarixli **********0 nömrəli məktubu, Cavabdeh xx.xx.2007-ci il tarixli 3819 nömrəli qərarının, 09.2007-ci il tarixli təqdimatının təsdiqlənmiş surətləri, xx.xx.1966-cı il tarixli əmək kitabçasının təsdiqlənmiş surəti, xx.xx.2007-ci il tarixli 2081-k nömrəli arayışın təsdiqlənmiş surəti, xx.xx.2007-ci il tarixli 3165-k nömrəli arayışın təsdiqlənmiş surəti, Ц seriyalı 539011 nömrəli diplomun təsdiqlənmiş surəti, ИЕ seriyalı 463635 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, Cavabdeh xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İddiaçının xx.xx.1968-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Şəki Tibb məktəbində təhsil alması Ц seriyalı 539011 nömrəli diplomun təsdiqləmiş surəti ilə öz təsdiqini tapır və bu işin mübahisələndirilməyən halıdır. Cavabdehin xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki,Vətəndaş İddiaçı xx.xx.2007-ci il tarixində xx.xx.2006-cı il tarixinədək 35 il 5 ay sosial sığorta stajı nəzərə alınaraq ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin olunmuşdur. Vətəndaşın əyani təhsil müddəti stajına daxil edilərsə xx.xx.2006-cı ilədək sosial sığorta stajı 38 il 11 ay olar və pensiyası yenidən hesablanarsa artım olacaqdır. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı təhsil müddətinin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, pensiyasının artması, pensiya hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin alınmasından ibarətdir. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi-ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan Qanunun 31.1-ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi xx.xx.2017-ci il tarixli 543 VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əlavə edilmişdir. Həmin maddə iddiaçının pensiya hüququ yarandığı zaman qüvvədə olmamışdır və iddiaçının vəziyyətini pisləşdirdiyi üçün geriyə şamil oluna bilməz. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə xx.xx.1968-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Şəki Tibb məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2007-ci il tarixdən pensiyanın yenidən hesablanmasıöhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.1968-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Şəki Tibb məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2007ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar