Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-397/2024 22.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X3, üçüncü şəxslər X1, Xəlilova (Rəsulova) Kəmalə İmran qızı və X4 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-248A, KOD 90319038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə Ağdaş rayonu Mürsəl kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 1,22 hektar pay torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-248A, KOD 90319038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli, 16 saylı qərarına əsasən ona və digər ailə üzvlərinə birlikdə Ağdaş rayonu, Mürsəl kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 1,22 hektar pay torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının reyestrdə dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-397/2024 nömrəli qərardadı ilə X1, X8, və Xəlilova (Rəsulova) Kəmalə İmran qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçı, tələbi dəqiqləşdirərək “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-248A, KOD 90319038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə Ağdaş rayonu Mürsəl kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 1,22 hektar pay torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci iİ tarixli, 16 saylı qərarına əsasən iddiaçıya digər ailə üzvlərilə birlikdə Ağdaş rayonu, Mürsəl kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 1,22 ha pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-248A, kod 90319038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Uzun illərdir ki, həmin torpaq sahəsi onların istifadəsindədir və həmin torpaq sahəsi ilə bağlı dövlət rüsumunu ödəmişdir. Lakin, bunlara baxmayaraq o uzun müddətdir ki, pay torpaq sahəsi kimi verilmiş və istifadəsində olan həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydiyyata aldıra bilməmişdir. O, bununla bağlı cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı Ağdaş rayonu, Mürsəl kəndində yerləşən 1.22 ha torpaq sahəsi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 17 saylı Yevlax Ərazi idarəsinə müraciət etmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim edilən sənədlər toplusu Ərazi idarəsinin arxiv məlumatlarına istinadən ləğv olunmuş DT və XK-nin Ağdaş rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-248A; KOD ******* nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə araşdırılmışdır. Məlum olmuşdur ki, Ağdaş rayonu, Mürsəl kəndi ərazisi üzrə elektron xəritə bazasında (DWJ) JN- 248A saylı torpaq sahəsi öz əksini tapmamışdır. Arxiv materiallarında şəhadətnamədə qeyd olunan subyektlərin adlarının elektron eyni adlı siyahıda adlarının qeyd edilməsinə baxmayaraq, şəhadətnamənin 2-ci nüsxəsinin olması, eyni zamanda şəhadətnamələrin qeydiyyatı kitabında JN-248A; KOD ******* nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin olması barədə məlumatlar qeyd edilməmişdir. Əlavə məlumat olaraq məlumat olaraq bildiririk ki, X2 Uçotu informasiya Sistemində həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqları kimi göstərilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxslər iddianın təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN-248A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə (X1, X8, X5 və X9) Ağdaş rayoun Mürsəl kəndindən 1,22 ha torpaq sahəsi ayrılmışdır. - JN-100B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə X6 və 5 nəfər ailə üzvlərinə Ağdaş rayoun Mürsəl kəndindən 0,45 ha torpaq sahəsi ayrılmışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı təsdiq edilmiş Ağdaş rayon Mürsəl kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, İddiaçı və ailə üzvlərinin (X1, X8, və X9) adının qarşısında “qaytanlanmış kitabda həyətyanı torpaq sahəsi” qrafasında 0,12 ha, “faktiki torpaq sahəsi” qrafasında isə 1,22 ha torpaq sahəsi qeyd edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi Ağdaş rayonu, Mürsəl bələdiyyəsinin xəritə materialları DWJ-(torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasən mülkiyyətçisi - Ağdaş rayonu, Mürsəl bələdiyyəsi, təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası - tiklinti altında olan torpaqlar. TEKUİS məlumat bazasına əsasən mülkiyyətçisi - Ağdaş rayonu, Qaradağlı bələdiyyəsi təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası - təmiz örüş qeyd edilmişdir. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Ağdaş rayonu Mürsəl kəndində yerləşən 1,22 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsinə nail olmaqdır. İddiaçı, tələb hüququnun əsası olaraq JN-248A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə istinad edir və iddia olunan torpaq sahəsinin Ağdaş rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə ona və ailə üzvlərinə ayrılmasını bildirir. Cavabdeh orqan iddia tələbinə etirazını JN-248A KOD ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin arxiv nüsxəsinin olmaması, habelə sözügedən Şəhadətnamənin elektron xəritə bazasında və şəhadətnamələrin qeydiyyatı kitabında öz əksini tapmaması ilə əsaslandırmışdır. İddiaçı tərəfindən JN-248A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin əsli məhkəmə təqdim edilmişdir. Cavabdeh orqan sözügedən Şəhadətnamə əsasında iddiaçının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etsə də, məhkəməyə həmin şəhadətnamənin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.11-ci maddəsinin tələbləri baxımından Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş Ağdaş rayon Mürsəl kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısı ilə müəyyən edilir ki, iddiaçının və ailə üzvlərinin “faktiki torpaq sahəsi” qrafasında 1,22 ha torpaq sahəsi qeyd edilmişdir. Odur ki, iddiaçı tərəfindən təqdim edilmiş JN-248A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin torpaq islahatı aparılan zaman iddiaçının və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsinə tərtib edilməsi istisna edilmir. Sözügedən Şəhadətnamənin cizgisindən görünür ki, qonşu torpaq sahəsi 100B - X10 qeyd edilmişdir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş yerquruluşu planından görünür ki, Şəhadətnamənin cizgisində göstərilən qaydada iddia olunan torpaq sahəsi ilə sərhəddə yerləşən qonşu torpaq sahəsi 100B/0.45 qeyd edilmişdir. İşdə olan, JN-100B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, X6 5 nəfər ailə üzvləri ilə birlikdə ayrılmış torpaq sahəsinin ölçüsü də, 0,45 hektardır. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, iddia olunan torpaq sahəsi hazırda TEKUİS məlumat bazasında örüş olaraq qeyd edilməsinə baxmayaraq, JN-248A nömrəli Şəhadətnamənin qaiməsində (sertifikatında) suvarılan əkin olmaqla bonitet balı 100 göstərilmişdir. Göründüyü kimi iddia olunan torpaq sahəsi üzərində iddiaçının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar mövcud deyil, torpaq sahəsinin iddia olunan ölçüdə naturada yerinin müəyyən edilməsi mümkündür. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı, JN-248A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş 1.22 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələb etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə JN-248A, KOD 90319038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağdaş rayonu Mürsəl kəndi ərazisində yerləşən 1,22 hektar pay torpaq sahəsi üzərində İddiaçı ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.