Məhkəmə qərarları › İş №2-1(116)-399/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-399/2020

22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-399/2020 22.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “xx.xx.1969-cu il tarixdən xx.xx.1971ci il tarixədək Sumqayıt 44 nömrəli şəhər X5 təhsil aldığı dövrün ümumi iş stajına daxil edilməsinin və fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi üçün yaşa görə əmək pensiyası hüququ yarandığı xx.xx.2018-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1954-cü il tarixdə İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olmuşdur. Pensiya yaşı tamam olduğu üçün yaşa görə əmək pensiyası təyin olunması ilə əlaqədar xx.xx.2019-cu il tarixdə Əmək və X1 Nazirliyi yanında Cavabdehnə ərizə ilə müraciət etmişdir. Cavabdeh, DSMF-nin İsmayıllı rayon şöbəsi müraciətinə şöbənin pensiya təyin edən komissiyasının xx.xx.2019-cu il tarixdə keçirilən iclasında baxaraq ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Cavabdeh imtinanın səbəbini onunla əsaslandırmışdır ki, «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir, tələb olunan 25 il sığorta stajı yoxdur. Hesab edir ki, cavabdeh təşkilatın qəbul etdiyi qərar qanunsuzdur. Belə ki, aşağıdakı ardıcıllıqla xx.xx.1969-cu il tarixdən xx.xx.1971 -ci il tarixədək Sumqayıt 44 nömrəli şəhər X5 təhsil aldığı dövr 1 il 10 ay 7 gün, xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək SU-104-də işlədiyi dövr 1 il 11 ay 17 gün, xx.xx.1974-cü il tarixdən xx.xx.1976cı il tarixədək hərbi xidmətdə olduğu dövr 2 il 0 ay 11 gün, xx.xx.1976-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Kürdmaşı Xanlar adına sovxozda işlədiyi dövr 9 il 11 ay 13 gün, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək İsmayıllı rayonu 1 nömrəli Üzüm emalı zavodunda işlədiyi dövr 1 il 2 ay 27 gün, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Kürdmaşı Xanlar adına sovxozda işlədiyi dövr 9 ay, xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək İsmayıllı rayonu 1 nömrəli Üzüm emalı zavodunda işlədiyi dövr 3 il 1 ay 24 gün, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il və xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Kürdmaşı Xanlar adına sovxozda işlədiyim dövr 3 il 0 ay 15 gün olmaqla ümumi iş stajı 23 il 11 ay 23 gün təşkil edir ki, bu da pensiya hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan yaradır. Bu səbəbdən hesab edir ki, ona xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmalıdır. Cavabdehin etirazı: İddiaçı yaşa görə pensiya təyin olunması ilə əlaqədar xx.xx.2019-cu il tarixdə şöbəyə ərizə ilə müraciət etmişdir. Vətəndaşın müraciətinə pensiya təyin edən komissiyanın xx xxxxxxx 2019-cu il tarixdə keçirilən iclasında baxılarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin şərtinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və azı 25 il sığorta stajı əmək kitabçasına əsasən müəyyən olunmadığı üçün yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə xx xxxxxxx 2019-cu il tarixli **********0 nömrəli məktubla vətəndaşa cavab verilmişdir. Vətəndaşın sığorta göstəriciləri hesablanarkən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar xx.xx.2006-cı il tarixdən qüvvədə olan qanunvericilik əsasında təyin olunmuş əmək pensiyaları üzrə, əyani təhsil dövrünün sığorta stajının tərkibinə daxil edilməsi Qanunda nəzərdə tutulmadığı üçün İddiaçı 1969- 1971-ci illərdə Sumqayıt şəhər 44 nömrəli X5 əyani təhsil aldığı dövr ümumi iş stajının tərkibinə daxil edilməmişdir. Aşağıdakı səbəblərdən iddianın əsassız və qanuna zidd olduğunu hesab edirik. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanuna 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyasının təyin olunması və yenidən hesablanması zamanı sığorta stajı hesablanarkən Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1 işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; 21.2.5. işsizlik müavinətinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət; 21.2.6. əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ qrup əlillərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Göründüyü kimi işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilməyən hər hansı işinin müddəti və təhsil müddətinin vətəndaşın sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, İddiaçı cavabdeh Əmək və X1 Nazirliyi yanında Cavabdehnə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin tələbinə zidd olduğu üçün iddianın təmin olunmaması barədə qərar çıxarmağınızı Sizdən xahiş edirik. Cavabdeh etiraza əlavəsində bildirmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı yaşa görə əmək pensiyası təyin olunması tələbi ilə xx xxxxxxx 2019-cu il tarixdə İsmayıllı rayon filialına ərizə ilə müraciət etmişdir. İddiaçının qanunda nəzərdə tutulmuş 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində minimum pensiya təminatına imkan verən pensiya kapitalı olmadığı üçün iddiaçıya xx xxxxxxx 2019-cu il tarixdə İsmayıllı rayon filialı tərəfindən rəsmi surətdə imtina verilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqları müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) az/ 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan iddiaçının pensiya işinə əlavə edilmiş əmək kitabçası ilə iddiaçının 22 il 27 gün sosial sığorta stajının olduğu müəyyən edilmişdir. Qeyd edilməlidir ki, “əmək stajı” və “pensiya hüququ” biri-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında əyani təhsil müddətinin əmək stajına daxil edilməməsi pensiya hüququ yaranmış şəxsə deyil, hazırda əyani təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “əyani təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Beləliklə, “əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin “i” yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Qüvvədən düşmüş 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Yuxarıda qeyd edilən müddəaların məzmunundan göründüyü kimi sığortaolunanın təhsil aldıqları dövr də sığorta stajına daxil edilir və sığortaolunana pensiya təyin edilən zaman nəzərə alınır. İş materiallarında olan iddiaçının pensiya işinə əlavə edilmiş diplom ilə iddiaçının xx.xx.1969-cu ildən xx.xx.1971-ci ilə kimi Sumqayıt 44 nömrəli şəhər X5 əyani təhsil aldığı müəyyən edilmişdir. İddiaçının əyani təhsil aldığı dövr 1 il 10 av 7 gün təşkil edir. İddiaçı əmək kitabçasındakı 22 il 27 gün sığorta sığorta ilə yanaşı əyani təhsil aldığı xx.xx.1969 - xx.xx.1971-ci illərin də sığorta stajına daxil edilməsini xahiş edir. Lakin iddiaçının əyani təhsil aldığı illər əmək kitabçasındakı işlədiyi illər ilə üst-üstə düşür. Belə olan halda iddiaçının ümumilikdə sığorta stajını 23 il 11 av 27 gün təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Yuxarıda qeyd edilən Qanunun müddəalarının məzmunundan göründüyü kimi qanunla müəyyən edilmiş yaş həddinə çatmış şəxsin pensiya hüququnun yaranması üçün tələb olunan əsas şərtlərdən biri sosial sığorta stajıdır. Lakin iddiaçının pensiya işinə əlavə edilmiş əmək kitabçasından göründüyü kimi onun sosial sığorta stajı ümumilikdə 23 il 11 ay 27 gündür. Belə olan halda müəyyən edilmiş yaş həddinə çatmış qadınlar üçün pensiya hüququ qazanmağın əsas şərti kimi azı 25 il sığorta stajın olması tələb kimi qeyd edilmişdir. İddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunsuz hesab edilərək təmin edilməməlidir. Beləliklə İddiaçı iddia tələbində qeyd etdiyi təhsil illəri müddəti sığorta stajına əlavə edilsə belə sığorta stajı 23 il 11 ay 27 gün olduğuna görə, yəni, qanunun 7-ci maddəsində təsbit edilmiş 25 il stajdan az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan AZE seriyalı 097899 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə İsmayıllı rayonunda doğulmuşdur. İş materiallarında olan xx.xx.1971-ci il tarixli 20 nömrəli Attestatın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdən xx.xx.1971-ci il tarixədək Sumqayıt 44 nömrəli şəhər X5 təhsil almışdır. İş materiallarında olan DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı ümumi iş stajı 23 il 10 ay 25 gün olmaqla pensiya hüququ yarandığı xx.xx.2018-ci il tarixə fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı 16766,46 manat təşkil edir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 097899 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, xx.xx.1971-ci il tarixli və ИТ seriyalı ******* nömrəli əmək kitabçalarının təsdiqlənmiş surətləri, xx.xx.1971-ci il tarixli20 nömrəli Attestatın təsdiqlənmiş surəti, SHXÇDX-nın İsmayıllı rayon şöbəsinin 02.2019-cu il tarixli 37 nömrəli Arayışı, Kürdmaşı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli Arayışı, Cavabdeh xx.xx.2020-ci il tarixli **********10 nömrəli imtina məktubu, Cavabdeh xx.xx.2020-ci il tarixli **********8 nömrəli etirazı, Cavabdeh xx.xx.2020-ci il tarixli Aktı, Cavabdeh xx.xx.2020-ci il tarixli **********6 nömrəli, xx.xx.2020ci il tarixli **********0 nömrəli, xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubları, Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin İsmayıllı rayon filialının xx.xx.2020-ci il tarixli etiraza aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İddiaçının xx.xx.1969-cu il tarixdən xx.xx.1971-ci il tarixədək Sumqayıt 44 nömrəli şəhər X5 təhsil alması təsdiqləmiş xx.xx.1971-ci il tarixli 20 nömrəli Attestatın təsdiqlənmiş surəti ilə öz təsdiqini tapır və bu işin mübahisələndirilməyən halıdır. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki,iddiaçının pensiya hüququ yaranan xx.xx.2018-ci ildə yaşa görə pensiya təyin olunması üçün tələb olunan minimum pensiya kapitalı 16742.88 manat olmuşdur. İddiaçının ümumi iş stajı 23 il 10 ay 25 gün olmaqla pensiya hüququ yarandığı xx.xx.2018-ci il tarixə fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı 16766,46 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Cavabdehin etirazının “iddiaçının əyani təhsil aldığı illər əmək kitabçasındakı işlədiyi illər ilə üst-üstə düşür” dəlilini məhkəmə tamamilə əsassız hesab edir. Belə ki, iddiaçının əmək kitabçasının (iş materialları 6-cı səhifə) görünür ki, iddiaçı əmək fəaliyyətinə xx xxxx 1971-ci il tarixində başlamışdır. xx.xx.1971-ci il tarixədək Sumqayıt 44 nömrəli şəhər X5 təhsil almışdır. Bu hal da əmək kitabçasının surəti ilə təsdiqini tapır. Belə ki, əmək kitabçasında iddiaçının işə daxil olana qədər (xx.xx.1969-xx.xx.1971) Sumqayıt 44 nömrəli şəhər X5 təhsil alması barədə qeyd aparılmışdır. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi-ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının xx.xx.1969-cu il tarixdən xx.xx.1971-ci il tarixədək Sumqayıt 44 nömrəli şəhər X5 təhsil aldığı dövrün ümumi iş stajına daxil edilməsinin və fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi üçün yaşa görə əmək pensiyası hüququ yarandığı xx.xx.2018-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmasıöhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin İsmayıllı rayon filialının üzərinə İddiaçı xx.xx.1969-cu il tarixdən xx.xx.1971-ci il tarixədək Sumqayıt 44 nömrəli şəhər X5 təhsil aldığı dövrün ümumi iş stajına daxil edilməsi və fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi üçün yaşa görə əmək pensiyası hüququ yarandığı xx.xx.2018-cu il tarixdən ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar