Məhkəmə qərarları › İş №2-1(116)-399/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-399/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-399/2021 01.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “”Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Ağdam Hərbi Komissarlığı tərəfindən iyun 1992-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərə 3 aylıq toplanışa çağırılmış və N saylı və N saylı hərbi hissələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı bildirir ki, döyüşlərdə iştirakını təsdiq edən mötəbər sənədləri olmasına baxmayaraq cavabdeh orqan ona müharibə veteranı statusunun verilməsindən imtina edir. Cavabdeh orqan etirazında qeyd edir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 156 nömrəli əmrində iddiaçının 3-cü batalyonun şəxsi heyətin sırasından azad edilməsi göstərilsə də, adının çıxarılması səbəbi göstərilməmiş və iddiaçının ehtiyata və ya istefaya buraxılması demək deyil. Cavabdeh orqan bildirir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçıya “Müharibə veteranı” adının verilməsi mümkün deyildir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi və bildirdi ki, 1992-ci ildən N saylı hərbi hissəyə könüllü olaraq daxil olmuş və onun tərkibində döyüşmüşdür. Hərbi hissə Boyəhmədli kəndində yerləşirdi. N saylı hərbi hissə ordan gedəndən sonra N saylı hərbi hissə gəlmiş və o, N saylı hərbi hissəyə daxil olmuş və onun tərkibində də döyüşmüşdür. Bu hərbi hissə də kənddən gedəndən sonra iddiaçı hərbi hissədən çıxmış və ondan sonra hərbi xidmətdə olmamışdır. İş materiallarında olan ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən müəyyən edilir ki, biletin 6-cı səhifəsində iddiaçının N nömrəli hərbi hissənin tərkibində, 7ci səhifəsində isə N nömrəli hərbi hissənin tərkibində xx.xx.1992-xx.xx.1992-ci illərdə döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi İşlər X1 xx.xx.2020-ci il tarixli, 9/2-9329 nömrəli arxiv arayışında qeyd edilir ki, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 156 №-li əmrində (əsas: bənd-1, sıra-2, əmrdə atasının adı tam yazılmamışdır) könüllü əsgər İddiaçı A. oğlunun 3-cü batalyonun şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin iyun-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və N №li hərni hissə komandirinin sentyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.2017-ci il tarixli 9/2- 4078 №-li məktubla İddiaçı xidməti barədə ünvanına cavab göndərilmişdir. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 22HP5558 nömrəli məktubunda qeyd edilir ki, 1951-ci il təvəllüdlü, N və N nömrəli hərbi hissələrdə xidmət etmiş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amtistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 1085 nömrəli məktubuna əlavə edilən qeydiyyat kartasının təsdiq edilmiş surətindən müəyyən edilir ki, kartada iddiaçının Qarabağda döyüşlərinə dair qeydlər yoxdur. İş materiallarında olan Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 18/4991 nömrəli məktubunda qeyd edilir ki, iddiaçı barəsində Prokurorluqda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 16/5705 nömrəli məktubunda qeyd edilir ki, Prokurorluqda iddiaçı barəsində təqsirləndirici material və ya cinayət işi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər (Rayon) Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 189-31711-1220 nömrəli məktubuna əlavə edilmiş 9 nömrəli Əlavədən müəyyən edilir ki, iddiaçı barəsində AR DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 1998-ci il tarixli, 4 nömrəli əmri ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı və Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Göründüyü kimi, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikasının “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları könülü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Göründüyü kimi, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar. xx xxxxxx 1992-ci il tarixli Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanunun 2-ci maddəsinə əsasən hərbi xidmət həmçinin müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir. Həmin Qanunun 14-cü maddəyə əsasən çağırışçılar üçün-hərbi hissəyə göndərilməkdən ötrü hərbi komissarlığa gəldikləri gün hərbi xidmətin başlanğıcı sayılır. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Həmin Qanunun 17-ci maddəyə əsasən ali zabit heyəti və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Hərbi qulluqçuların qalan heyətləri “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada həqiqi hərbi xidmətdən müvafiq icra hakimiyyəti orqanları tərəfindən buraxılırlar. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı xx xxxxxx 1996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı xx xxxx 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı xx xxxxxxxx 1996-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikası Prezidentinin tərxis etmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir ki, yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir ki, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. Habelə, belə fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə Naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir ki, məhkəmə iş materiallarını nəzərdən keçirərək onlarda iddiaçının N və N saylı hərbi hissənin tərkibində döyüş bölgəsində olmasını öz əksini tapdığı, lakin iddiaçı tərəfindən hərbi hissədən qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla tərxis olunmasını təsdiq edən hər hansı bir mötəbər sübutun işə əlavə edilmədiyini müəyyən etmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “”Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar