Məhkəmə qərarları › İş №2-1(116)-4/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-4/2021

19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-4/2021 19.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi və vəkili X9 iştirakı ilə İddiaçı cavabdeh Şəki bələdiyyəsinə qarşı (üçüncü şəxs: X6) “Şəki bələdiyyəsinin Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1/426 nömrəli sərəncamı ilə ona ayrılmış Şəki şəhəri 99-cu kvartalda 600 kv.m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərarın etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Şəki bələdiyyəsinə qarşı (üçüncü şəxs: X6) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki bələdiyyəsinin icra olunmuş bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərarının qanunsuz hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2018-ci il tarixdə daxil olmuş və həmin tarixdən məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Şəki Şəhər İH başçısının xx.xx.1994-cü il tarixli, 1/426 nömrəli sərəncamı ilə iddiaçıya şəhərin 99-cu kvartalından 600 kv.m torpaq sahəsi ayrılmaqla 3 otaqlı ev tikintisinə icazə verilmişdir. Buna baxmayaraq cavabdeh orqan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə qərar qəbul etmiş və bundan sonra notarial qaydada həmin torpaq sahəsini üçüncü şəxs X2. Halbuki torpaq islahatı aparılan zaman sözügedən torpaq sahəsi əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinin vergisini iddiaçıya Şəki bələdiyyəsinə ödəmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, sərəncamla ona ayrılmış torpaq sahəsinin digər şəxsə satılması halı ilə bağlı məlumat almaq istəmiş, lakin cavabdeh orqan istifadəsinə ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planını təqdim etməyi xahiş etmişdir. Bundan başqa iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X14 müraciət edərək, torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, İdarədən bildirilmişdir ki, qeyd olunan torpaq sahəsinin ona ayrılması barədə qərar və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş sxem təqdim ediləcəyi təqdirdə həmin torpaq sahəsinə çıxarış verilməsi məsələsinə baxıla bilər. İddiaçı məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan ərizəsində iddia tələbində dəqiqləşdirmə aparmış və “Şəki bələdiyyəsinin Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1/426 nömrəli sərəncamı ilə ona ayrılmış Şəki şəhəri 99cu kvartalda 600 kv.m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərarın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə ərizə icaraata qəbul edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2018-ci il tarixli, 509 nömrəli məktubunda iddia tələbinə münasibət bildirərkən qeyd etmişdir ki, vətəndaşın iddia etdiyi torpaq sahəsi əvvəllər magistral qaz xəttinin mühafizə zolağında olmuşdur. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən magistral qaz xəttinin mühafizə zolağında olan torpaq sahəsi icarəyə, istifadəyə və mülkiyyətə verilə bilməzdi, heç bir hüquqi və fiziki şəxsə verilməmişdir. Lakin ərazidən qaz xətti götürüldükdən sonra torpaq sahəsi boşaldılmış, həmin torpaq sahəsi bələdiyyə torpaqlarına aid olduğu üçün S.Rəhman küçəsi, bina 76, mənzil 38-də yaşayan X3 ərizəsi, Şəki Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Tikinti və Memarlıq şöbəsinin rəyi və eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki X10 bələdiyyəsinə təqdim edilmiş, həmin torpağın artıq Şəki Bələdiyyəsinin mülkiyyətinə aid olması barədə reyestrdən çıxarış, digər sənədlər nəzərə alınaraq həmin ərazidən 0,06 ha torpaq sahəsi Şəki bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 06 saylı iclasının qərarı ilə fərdi yaşayış evi tikmək üçün X3 mülkiyyətinə satılmışdır. Əlavə olaraq bildirilir ki, həmin torpaq sahəsi üzərində Şəki bələdiyyəsinin mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdəsində **********09 reyestr nömrəsi ilə xx.xx.2016cı il tarixdə qeydiyyata alınmışdır. İş üzrə üçüncü şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2018-ci il tarixli etiraz ərizəsində qeyd edilmişdir ki, N.Mirzəxanlı fərdi yaşayış evi tikmək üçün müvafiq sənədlərlə birlikdə Şəki bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Şəki Bələdiyyəsinin xx xxxxx 2017-ci il tarixli qərarı ilə şəhərin 99-cu kvartalından ona 0,06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin bələdiyyə tərəfindən müəyyən edilən 0,01 ha torpaq sahəsinin qiyməti 650 manat olmaqla cəmi 3900 manat ödəməklə həmin torpaq sahəsini notarial qaydada alqı-satqı müqaviləsi ilə almışdır. Bundan sonra N.Mirzəxanlı müvafiq sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestrinin 12 saylı Ərazi İdarəsinə təqdim edərək seriya RX ******* nömrəli çıxarış almışdır. Bundan başqa iddia ilə bağlı qeyd edilir ki, İddiaçı bildirir ki, 1994-cü il tarixdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə şəhərin 99-cu kvartalından 600 kv.m. torpaq sahəsi ayrılıb. Ancaq torpaq sahəsinin harada yerləşməsi barədə plan və ölçü sənədi yoxdur. Eyni zamanda iddiaçıya torpaq sahəsinin ayrılmasından 25 ilə yaxın müddət keçmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsaslanaraq tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X12 iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, müraciətdə qeyd olunan torpaq sahəsinə aid torpaq sahəsinin ayrılması barədə qərar və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş sxem təqdim ediləcəyi təqdirdə sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi məsələsinə baxıla bilər. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X12 xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Xidmətin 12 saylı X13 elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Eyni zamanda bildirirlər ki, Şəki şəhəri, E.Sabitoğlu küçəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin əvvəlki mülkiyyətçisi Şəki Bələdiyyəsi olmuşdur. Şəki rayon 2 saylı DNK-nın xx.xx.2017-ci il tarixli, 4Ə-584 saylı müqaviləsinə əsasən X1. İş materiallarında olan Şəki ŞƏhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 2/2225 nömrəli məktubundan görünür ki, torpaq sahəsi ayrılarkən ayrılmış torpaq sahəsinin hansı ərazidə yerləşməsini əks etdirən təsdiq olunmuş cizgi-planı vətandaşa təqdim olunur. Belə gizgi-plan icra hakimiyyətində saxlanılmır. İş materialarında olan Dövlət X7 xx.xx.2019-cu il tarixli 02 nömrəli məktubundan görünür ki, Şəki şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 1/426 nömrəli sərəncamına əsasən iddiaçının torpaq sahəsi almağına dair sərəncamdan çıxarış məhkəməyə göndərilmiş, həmin sərəncamən əlavələrində isə cizgi-planın təsdiq olunmuş surəti yoxdur. İş materiallarında olan Şəki bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2018-ci il tarixli, 556 nömrəli məktubda qeyd edilir ki, yerli vergi orqanları tərəfindən 2000-ci ildə Şəki bələdiyyəsinə verilən vergi uçot məlumatları üzrə vergiödəyicisi kimi İddiaçı qeydiyyatı vardır. Bu qeydiyyat üzrə və qanunun tələblərinə uyğun olaraq vergi uçot kitabında 1091/1 saylı hesab nömrəsi üzrə 600 kv.m torpaq sahəsi üçün hər il İddiaçı 1.80 manat olmaqla 2015-ci ilə qədər torpaq vergisi ödəmişdir. İş materiallarında olan Şəki bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 027 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı adının vergi ödəyicisi kimi qeydiyyata alınmış vergi uçotu kitabı bələdiyyənin fəaliyyəti dövründən əvvəl mövcud olan yerli vergi orqanı tərəfindən təhvil verilmiş siyahı əsasında tərtib edilmişdir. Həmin siyahıda vətəndaşa məxsus torpaq sahəsinin kvartalın hansı hissəsində yerləşdiyi (dəqiq ünvanı) barədə Şəki bələdiyyəsində heç bir məlumat yoxdur. Həmçinin bildirilir ki, vətəndaşlara məxsus torpaq sahəsinin yerləşdiyi sxem üzrə siyahılar şəki bələdiyyəsinə təhvil verilməmişdir. İş materialarında olan Dövlət X7 xx.xx.2019-cu il tarixli 02 nömrəli arxiv çıxarışından görünür ki, Şəki şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 1/426 nömrəli sərəncamına əsasən iddiaçıya şəhərin 99-cu kvartalından 600 kv.m torpaq sahəsi ayrılmaqla 3 otaqlı ev tikintisinə icazə verilmişdir. İş materiallarında olan DƏDRX-nin 12 saylı X12 məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli, **********71 nömrəli məktuba əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Şəki bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 17 saylı iclas protokolunun 78 saylı qərarına əsasən şəhərin 99-cu kvartalında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi barədə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmışdır. Kadastr və X8-Tədqiqat Mərkəzinin 12 saylı X5 xx.xx.2016-cı il tarixli “Torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə Aktı” əsasən 99-cu kvartalda yerləşən 0.06 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmiş və bununla bağlı RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarış və həmin tarixli 120830 nömrəli Plan və ölçü sənədi tərtib edilmişdir. Bundan sonra iş üzrə üçüncü şəxs və Şəki Şəhər İH başçısı aparatının Tikinti və Memarlıq şöbəsinin xx.xx.2016-cı il tarixli, 8/1639 saylı rəyi nəzərə alınaraq Şəki bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 06 saylı iclas protokolundan çıxarışda olan 31 nömrəli qərarı ilə 0.06 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs N.Mirzəxanlıya satılmış və bununla bağlı sonuncunun adına RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış tərtib edilmişdir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-60/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçının torpaq sahəsinin üçüncü şəxsə satılması barədə bələdiyyə qərarının ləğv edilməsi tələbi mümkün sayılmamışdır. İddiaçı tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-379/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilməmişdir. İddiaçı tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-2515/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)- 379/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmişdir. İş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-651/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-60/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli ərizə ünvanlayaraq işə mahiyyəti üzrə baxılıb qurtarılanadək 0.06 ha torpaq sahəsində hər hansı tikinti-quruculuq işlərinin aparılmasının tərəflərə, həmçinin üçüncü şəxsə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(116)-14/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. Qərardaddan verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-424/2020 nömrəli qərardadı ilə təmin edilməmişdir. İş materiallarında olan DƏDRX-nin 12 saylı X12 xx.xx.2020-ci il tarixli, **********24 nömrəli məktubunda qeyd edilir ki, Şəki şəhərinin kompleks yerquruluşu xəritəsi ləğv edilmiş DTXK Şəki rayon şöbəsi tərəfindən hazırlanmadığından və ərazi idarəsinə təhvil verilmədiyindən, həmçinin Şəki şəhəri, 99-cu kvartalda yerləşdiyi bildirilən 600 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları məlum olmadığından sözügedən torpaq sahəsinin xüsusi, bələdiyyə və ya dövlət torpaq sahəsi olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin ərazi idarəsinin elektron baza məlumatlarında Şəki şəhəri, 99-cu kvartala aid yalnız qeydiyyatdan keçmiş əmlakların elektron xəritə məlumatları mövcuddur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 2/1394 nömrəli Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının məktubunda qeyd edilir ki, 1999-cu ildə Azərbaycan Respublikası ərazisində yerli özünüidarəetmə orqanları yaradılmış və bununla bağlı olaraq torpaqların mülkiyyətçiləri müəyyənləşdirilərkən 99-cu kvartalda yerləşən torpaq sahələri Şəki bələdiyyəsinin mülkiyyətinə verildiyindən İH 99-cu kvartala aid sənədləri Şəki bələdiyyəsinə təhvil vermişdir. Əsaslandırma hissəsi: Cavabdehin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddia ərizəsinə görə iddiaçı cavabdehin qərarının etibarsız hesab edilməsini xahiş edir. müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İddian mümkün olsa da, əsassızdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər (maddə 4). Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir (maddə 10). Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir (maddə 153). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (maddə 68). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (həmin tarixə olan redaksiyada) 2.1-ci və 2.2-ci maddələrinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 3-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi; torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması; torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi; torpaqdan haqqı ödənilməklə istifadə edilməsi; müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması prinsiplərinə əsaslanır. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 65-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 67-ci maddəsinin müddəalarına əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3). Normaların məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair «müəyyən etmə və tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. İddia ərizəsinə görə iddiaçı cavabdehin qərarının etibarsız hesab edilməsini xahiş edir. Lakin, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində təsbit edilən və həmin qərarın etibarsızlığına səbəb olan əsaslardan hər hansı biri hazırkı işdə mövcud olmadığından qərarın etibarsızlığına dair tələb əsaslı hesab edilə bilməz. İddiaçının etibarsızlığını tələb etdiyi bələdiyyə qərarı yuxarıda qeyd olunan qanunvericilik normalarına riayət edilməklə qəbul edilmiş, qeyd olunan torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuşdur. Bələdiyyə tərəfindən həmin torpaq sahəsi satışa çıxarılmaq məqsədi ilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyta alınmış və bundan sonra notarial alqı-satqı müqaviləsi bağlanmaqla 3-cü şəxsə satılmışdır. Bələdiyyənin mülkiyyət hüququnu qeydə aldırdığı torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair heç bir sübut mövcud deyil və məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. Sərəncamla iddiaçıya torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyil. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. İPM-in 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Şəki bələdiyyəsinə qarşı (üçüncü şəxs: X6) “Şəki bələdiyyəsinin Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1/426 nömrəli sərəncamı ilə ona ayrılmış Şəki şəhəri 99-cu kvartalda 600 kv.m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar