Məhkəmə qərarları › İş №2-1(116)-4/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-4/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-4/2024 27.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Çallı bələdiyyəsinin 04 avqust 2000-ci il tarixli, 08 saylı qərarı və Çallı bələdiyyəsi ilə aralarında bağlanmış 25 dekabr 2007-ci il tarixli icarə müqaviləsi ilə icarəsinə verilmiş 37,88 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Çallı bələdiyyəsinin 04 avqust 2000-ci il tarixli, 08 saylı qərarı və Çallı bələdiyyəsi ilə aralarında bağlanmış 25 dekabr 2007-ci il tarixli icarə müqaviləsi ilə icarəsinə verilmiş 50 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(116)-1668/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Zərdab rayonu Çallı bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına adi cəlb edilmişdir. Məhkəmənin 2-1(116)-488/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat - Zərdab rayon Məhkəməsinin icraatında olan, iddiaçı Çallı bələdiyyəsinin cavabdeh İddiaçı Fəzli oğluna qarşı "icarə müqaviləsinin ləğvi və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması tələbinə dair" iş üzrə mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək dayandırılmışdır. Məhkəmənin 2-1(116)-37/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə 2- 1(116)-37/2023 nömrəli inzibati iş üzrə icraat təzələnmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-4/2024 nömrəli qərardadı ilə iddia tələbi “12.12 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” hissəsində mümkün sayılmamışdır. İddia ərizəsinin əsaslarına görə Çallı bələdiyyəsinin 04 avqust 2000-ci il tarixli, 6 saylı qərarı ilə Çallı kəndi ərazisində 50 torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir, 25 dekabr 2007-ci ildə icarə müqaviləsi yenilənmişdir. Torpaq sahəsinin icarə haqqları müntəzəm olaraq ödənilmiş, torpaq sahəsinin planı tərtib edilmişdir. Cavabdeh tərəfindən **********96 qeydiyyat nömrəli ərizə üzrə ünvanlanmış 04 oktyabr 2021-cı il tarixli, bildirişlə ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmış, hüquqlarının dövlət qeydiyyatına alınmasından faktiki olaraq imtina edilmiş, əsas olaraq yerqurııluşıı xəritələrinin ləğv edilmiş DTXK-nın Zərdab rayon Şöbəsi tərəfindən təsdiq edilməməsi və ləğv edilmiş DTXK-nın Zərdab rayon Şöbəsinin rəyinin təqdim edilməməsi göstərilmiş, qeyd edilən pozuntuların aradan qaldırılacağı təqdirdə hüquqların dövlət qeydiyyatına alınacağı məsələsinə qanıınayuğun şəkildə baxıla biləcəyi göstərilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində hüquqları pozulmuşdur. Cavabdeh nəzərə almalı idi ki, torpaq sahəsi bələdiyyə aktı qəbul edilən gündən, hətta icarə müqaviləsi bağlanana qədər onun faktiki icarəsinə verilmişdir, hazırda da icarəsindədir, torpaq sahəsindən təyinatına uyğun istifadə həyata keçirilir, icarə haqları ödənilir. Ləğv edilmiş DTXK-nın Zərdab rayon Şöbəsinin rəyinin təqdim edilməsi mümkünsüzdür, çünki həmin təşkilat ləğv edilmişdir. Bundan başqa ərizəyə yerli bələdiyyə tərəfindən təsiq edilmiş elektron xəritədən çıxarış əlavə edilmişdir. Bu sənəd sübut edir ki, torpaqların elekton qeydiyyat bazasında icarəsinə verilmiş torpaq sahəsi barədə məlumat var. Həmin məlumat torpaq sahəsinin məhz onun icarəsində olması barədədir. Buna görə də hesab edir ki, cavabdehin torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatından imtinası qanunsuz olmuşdur. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, Əzizov X1 rayonu, Çallı kəndində yerləşən 50.0 hektar torpaq sahəsi üzərində icarə hüququnun rəsmləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət -eyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Yerqurluşu xəritəsindən çıxarışın ləğv edilmiş DTXK-nin Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilməməsi və torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş DTXK-nin Zərdab rayon şöbəsinin rəyinin təqdim edilməməsi səbəbindən vətəndaşın ərizəsinin icrasından imtina olunmuşdur. Vətəndaş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan -espublikası Qanununun 8-ci və 10-cu maddəsinə uyğun müraciət etməmişdir. Belə ki, vətəndaşın ərizəsinə hüquqmüəyyənedici sənədlərin əsli əlavə olunmamış, ərizə müəyyən olunmuş formaya uyğun təqdim edilməmişdir. Bu səbəbdən də, torpaq sahəsi ilə bağlı inventarlaşdırma işi və elektron baza məlumatlarında araşdırma aparılmamışdır. Zərdab rayonu, Çallı kəndində yerləşən 50.0 hektar kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin ayrılması barədə Zərdab rayonu Çallı bələdiyyəsinin qərarının xx.xx.2000-ci il tarixdə verilməsinə baxmayaraq, icarə müqaviləsinin xx.xx.2007-ci il tarixdə bağlanılması, həmçinin, icarə müqaviləsində icarə müddətinə düzəliş edilməsi və icarə haqqının 2013-cü ildən hesablanmasinın qeyd olunması və yerqurluşu xəritəsindən çıxarışın ləğv edilmiş DTXK-nin Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilməməsi və torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş DTXK-nin Zərdab rayon Dbəsinin rəyinin təqdim edilməməsi Zərdab rayonu, Çallı kəndində yerləşən 50.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılarkən və ya ayrıldıqdan sonra ciddi qanun pozuntusuna yol verilməsinə əsaslı şübhə yaratmışdır. Sərəncamda tələb olunan inzibati icraat materialları və arxiv qovluğunda saxlanılan məlumatların təqdim edilməsi hissəsinə münasibətdə bildiririk ki, vətəndaş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu addəsinə uyğun müraciət etmədiyi üçün ərazi idarəsi tərəfindən sözügedən torpaq sahəsinə dair arxiv qovluğu açılmamışdır. Həmçinin, vətəndaşın təqdim etdiyi sənədlərin surəti oxunaqsız halda olduğu üçün həmin sənədlərdən ibarət olan inzibati icraat çateriallarının təqdim edilməsi mümkün deyildir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz ılakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Göstərilənlər nəzərə alınaraq iddianın təmin edilməməsi xahiş edilmişdir. Üçüncü şəxs iddia tələbinə münasibətində iddia ərizəsinin qanunamüvafiq qaydada həll edilməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubu, Zərdab rayon Çallı bələdiyyəsinin 04 avqust 2000-ci il tarixli, 08 saylı iclas protokolundan çıxarış, Çallı bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 25 dekabr 2007-ci il tarixli icarə müqaviləsi, iddiaçının icarəsinə verilməsi nəzərdə tutulmuş 0,36 ha və 0,14 ha torpaq sahələrinin yerləşmə vəziyyətinə dair bələdiyyə tərəfindən təsdiq edilmiş elektron xəritədən çıxarış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-6078/2022 nömrəli qərarı, cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyi və yeruquruluşu planı, cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planı. Məhkəmə tərəfindən 12 iyun 2024-cü il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin Zərdab rayon şöbəsinin inzibati binasında elektron baza məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, üst-üstə düşdüyü bildirilən 12.12 ha torpaq sahəsi DWJ xəritəsində bələdiyyənin kənd təsərrüfatı təyinatlı, örüş uqodiyalı, TEKUİS xəritəsində xüsusi mülkiyyət - JN-0045, JN-0046, JN- 0048, JN-0049, JN-0055, JN-0056, JN-0057, JN-0058, JN-0059, JN-0060 nömrəli Dövlət Aktlarında qeyd edilmiş torpaq sahələrinin yerləşdiyi ərazidir. İddia olunan 12.12 ha torpaq sahəsi yuxarıda sadalanan Dövlət aktlarının yeni elektron uçot məlumatları ilə üst-üştə düşür. X2 JN-0045, JN-0048, JN-0056, JN-0057 nömrəli Dövlət Aktları əsasında hüquqların təkrar Dövlət qeydiyyatı aparılaraq çıxarışlarla rəsmiləşdirilmişdir. Bununla da, mütəxəssis rəyində qeyd edilmiş 12.12 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olan torpaq sahələri ilə üst-üstə düşməsi barədə məlumatların doğruluğu müəyyən edildi. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Maddə 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Maddə 11.9. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq Məcəlləsinin 66-cı maddəsinin tələblərindən irəli gələrək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsi yalnız daşınmaz əmlak üzərində icarə və istifadə müqaviləsi bağlanmış halları tənzimləyir. İş materiallarında olan Zərdab rayon Çallı bələdiyyəsinin 04 avqust 2000-ci il tarixli, 08 saylı iclas protokolundan çıxarışla və Çallı bələdiyyəsi ilə aralarında bağlanmış 25 dekabr 2007-ci il tarixli icarə müqaviləsi ilə müəyyən olunur ki, Zərdab rayonu Çallı kəndində yerləşən 50 ha torpaq sahəsi 50 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Sözügedən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi ilə bağlı sənədlər torpaq sahəsinin aid olduğu bələdiyyə tərəfindən məhkəməyə təqdim edilmişdir. Buna görə də hazırkı münasibətlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10 və 12-ci və Mülki Məcəllənin 139.1-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji norma “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Cavabdeh orqanın iddia tələbinə qarşı dəlilləri iddia olunan torpaq sahəsinin ayrılması barədə Zərdab rayonu Çallı bələdiyyəsinin qərarının xx.xx.2000-ci il tarixdə verilməsinə baxmayaraq, icarə müqaviləsinin xx.xx.2007-ci il tarixdə bağlanılması, həmçinin, icarə müqaviləsində icarə müddətinə düzəliş edilməsi və icarə haqqının 2013-cü ildən hesablanmasinın qeyd olunması və yerqurluşu xəritəsindən çıxarışın ləğv edilmiş DTXK-nin Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilməməsi və torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş DTXK-nin Zərdab rayon şöbəsinin rəyinin təqdim edilməməsi, Zərdab rayonu, Çallı kəndində yerləşən 50.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılarkən və ya ayrıldıqdan sonra ciddi qanun pozuntusuna yol verilməsi ilə bağlıdır. Məhkəmə, cavabdeh orqanın dəlillərini əsassız hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Zərdab rayon Çallı bələdiyyəsi tərəfindən iddiaçıya qarşı "icarə müqaviləsinin ləğvi və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması tələbinə dair" Zərdab rayon Məhkəməsində iddia qaldırılmış, lakin iddia təmin edilməmişdir. Qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Odur ki, Zərdab rayon Çallı bələdiyyəsinin 04 avqust 2000ci il tarixli, 08 saylı iclas protokolu və Çallı bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 25 dekabr 2007-ci il tarixli icarə müqaviləsi qüvvədədir. Beləliklə, iddia olunan torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi ilə bağlı bələdiyyə qərarı və icarə müqaviləsinin mövcudluğu, o cümlədən həmin sənədlərin hazırda qüvvədə olması işin mübahisəsiz halıdır. Zərdab rayon Çallı bələdiyyəsinin 04 avqust 2000-ci il tarixli, 08 saylı qərarı hüquqmüəyyənedici sənəd olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən iddiaçının icarə hüququnun dövlət qeydiyyatına alınması üçün yetrəli əsasdır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən Zərdab rayon Çallı bələdiyyəsinin 04 avqust 2000-ci il tarixli, 08 saylı iclas protokolunun qərarının “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Sözügedən qərar qəbul edilərkən qanun pozuntularına yol verilməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Bələdiyyə tərəfindən müvafiq qərarın qəbul edilməsinədək torpaq ayırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə dair mütəxəssis rəyi əldə edilərək müəyyən edilmişdir ki, iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 36.8 ha torpaq sahəsi elektron baza məlumatlarında təqdim olunan Torpaqların elekron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilən elektron kadastr uçotu xəritəsində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir. İddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 17.8 ha torpaq sahəsinin 5.68 ha hissəsi elektron baza məlumatlarında təqdim olunan Torpaqların elekron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilən elektron kadastr uçotu xəritəsində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi, 12.12 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, xüsusi mülkiyyətə verilmiş torpaqlar kimi göstərilmişdir. İddia olunan torpaq sahəsinin 12.12 ha hissəsinin xüsusi mülkiyyətdə olan torpaq sahələri ilə üst-üstə düşməsi (JN- 045, JN-046, JN-048, JN-49, JN-055, JN-056, JN-057, JN-058, JN-059, JN-060) vəziyyəti Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına (TEKUİS) uyğun verilmişdir. JN-45 nömrəli Dövlət Aktın əsasında ərazidə X3 və ailə üzvlərinin mülkiyyət hüququ **********53 reyestr nömrəli çıxarışla (1.70 ha) dövlət qeydiyyatına alınmışdır. Real məkan (torpaq sahələrinin faktiki yerləşdiyi ərazi) ilə Zərdab rayonu Çallı kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi (DVJ) arasında uyğunsuzluqlar, bucaq fərqləri və sürüşmə halı mövcud olduğu üçün islahat layihəsinə uyğun araşdırma aparılması mümkün olmamışdır. Məhkəmə tərəfindən 12 iyun 2024-cü il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin Zərdab rayon şöbəsinin inzibati binasında elektron baza məlumatlarına baxış keçirilmiş və təqdim edilmiş rəylərin elektron uçot məlumatlarına uyğun olması müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının mübahisəli torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün qanuni əsaslar mövcud olduğu halda, cavabdeh orqan əsassız olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı iddiaçının torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan əsaslardan heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Zərdab rayon Çallı bələdiyyəsinin 04 avqust 2000-ci il tarixli, 08 saylı qərarına və Çallı bələdiyyəsi ilə bağlanmış 25 dekabr 2007-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş 37,88 ha torpaq sahəsi üzərində İddiaçı Fəzli oğlunun icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar