Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-40/2022 29.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Zərdab rayonu Məlikumudlu bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli, 06 №-li qərarının 1.2-ci bəndinin ləğv edilməsi tələbinə dair” inzibati işə işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Zərdab rayonu Məlikumudlu bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2020-ci il tarixli 06 saylı protokolunun ləğv edilməsinə dair” qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmənin hüquqi yardımı əsasında iddiaçı, tələbini dəqiqləşdirərək cavabdehin xx.xx.2020-ci il tarixli, 06 №-li qərarının 1.2-ci bəndinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(116)-587/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Zərdab rayonu Məlikumudlu bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə iddiaçıya 30 il müddətinə, 30 ha torpaq sahəsi icarəyə verilmişdir. xx.xx.2021-ci il tarixli məktubla cavabdeh orqan iddiaçıya məlumat verərək bildirmişdir ki, xx.xx.2004-cü il tarixli iclas protokolu və iddiaçıya 50 il müddətinə icarəyə verilən 50 ha örüş təyinatlı torpaq sahəsinin qərarı və xx.xx.2005-ci il tarixli 06 saylı icarə müqaviləsi Göyçay Regional Ədliyyə İdarəsinin xx.xx.2020-ci il tarixli məktubu əsasında, bələdiyyənin xx.xx.2020-ci il tarixli 06 saylı qərarı ilə ləğv edilmişdir. İddiaçı cavabdehin həmin qərarını mübahisələndirmiş və buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh, iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddia olunan torpaq sahəsi ümumi örüş sahəsidir. Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə həmin torpaqdan istifadə hüququ vaxtı bitdiyi üçün ləğv olunması tövsiyə edilmiş və bələdiyyənin 06 saylı, xx.xx.2020-ci il tarixli ümumi iclas protokolu ilə həmin torpağın mülkiyyət hüququ ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçın nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı bələdiyyənin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisəli qərar barədə məlumatın təqdim edildiyi cavabdehin məktubunun tarixi xx.xx.2021-ci il qeyd edilmişdir. İddiaçı qərarı əldə etdikdən 30 gün ərzində həmin qərarı mübahisələndirmiş və iddia ərizəsini xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə məhkəməyə göndərmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının, mübahisələndirilən qərar barədə daha əvvəl məlumatlı olması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, “mübahisələndirmə haqqında” iddianın müddətlə bağlı xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. İddia mahiyyət etibarilə də əsaslıdır. Məhkəmə işin araşdırılması zamanı aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşdə olan: - JN-6790 Kod 90511028 nömrəli “torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədən görünür ki, şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi cavabdehin xx.xx.2004-cü il tarixli qərarı və xx.xx.2005-ci il tarixli 06 saylı icarə müqaviləsi əsasında iddiaçıya 30 il müddətinə, 30 ha torpaq sahəsi kənd təsərrüfatını inkişaf etdirmək şərti ilə istifadəyə verilmişdir. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş qeydiyyat vəsiqəsindən görünür ki, iddiaçı ilə Zərdab rayonu Məlikumudlu bələdiyyəsi arasında xx.xx.2005-ci il tarixdə 30 il müddətinə bağlanmış torpaq icarə müqaviləsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində xx.xx.2005-ci ildə torpaq icarəsi müqaviləsinin Dövlət qeydiyyatı kitabının 467-ci səhifəsində 05908 №-ilə dövlət qeydiyyatına alınmışdır. - Göyçay Regional Ədliyyə İdarəsinin xx.xx.2020-ci il tarixli, cavabdehə ünvanlanmış təklifindən görünür ki, bələdiyyənin xx.xx.2004-cü il tarilxi iclas protokolu və iddiaçıya 50 il müddətinə icarəyə verilən 50 ha örüş təyinatlı torpaq sahəsinin qərarı və xx.xx.2005-ci il tarixli 06 saylı icarə müqaviləsinin ləğv edilməsi və qəbul edilmiş qərarın surətinin təqdim edilməsi təklif edilmişdir. - cavabdehin xx.xx.2020-ci il tarixli qərarının 1.2-ci bəndindən görünür ki, Göyçay Regional Ədliyyə İdarəsinin xx.xx.2020-ci il tarixli təklif məktubu təmin edilmiş, bələdiyyənin xx.xx.2004-cü il tarilxi iclas protokolu və iddiaçıya 50 il müddətinə icarəyə verilən 50 ha örüş təyinatlı torpaq sahəsinin qərarı və xx.xx.2005-ci il tarixli 06 saylı icarə müqaviləsinin ləğv edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron baza məlumatlarında mövcud olan Cavabdeh xəritə materiallarına əsasən JN-6790 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə ilə müvəqqəti istifadəyə verilmiş 30 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə aid olmaqla (uqodiya-şoranlıq və kollu örüş) kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. İddiaçının faktiki göstərdiyi və naturada istifadəsində olan torpaq sahəsi onun müvəqqəti istifadəsinə verilmiş, şəhadətnamədə göstərilən 30 ha torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. Şəhadətnamədə göstərilən 30.0 ha torpaq sahəsinin 15.34 ha hissəsi şoran, 14.66 ha hissəsi kənd təsərrüfatı təyinatlı kollu-örüş torpaqlarına aiddir. Mübahisəli 30.0 ha torpaq sahəsinin 15.34 ha şoran olan hissəsi kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kimi qeyd edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 16-cı maddəsində örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri qeyd edilmişdir. Həmin maddənin: 1-ci bəndinə əsasən, yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir; 2-ci bəndinə görə, yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir; 3-cü bəndinə əsasən, bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin malqarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir; 4-cü bəndinə görə, ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 73-cü maddəsinin 1-ci bəndinin 7-ci abzasına əsasən, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə torpaq sahəsi üzərində icarə hüququna xitam verilir; - 73-cü maddəsinin 3-cü bəndinə əsasən bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların (istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilməməsi halları) müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir); - 75-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq bu Məcəllənin 73-cü maddəsinin 1ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir; - 75-ci maddəsinin 3-cü bəndinə görə bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir; - 75-ci maddəsinin 6-cı bəndində isə torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilməsi göstərilmişdir. Mülki Məcəllənin 421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. “Torpaq icarəsi haqqında” Qanunun 31-ci maddəsində də göstərilir ki, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Həmin qanunun 48-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə münasibətdə qeyd edilmişdir ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna bilər müddəası digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydaları: 1.Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. ...
12. Otlaq sahəsindən müvəqqəti istifadə və icarə müddəti başa çatdıqda, yeni müddət üçün həmin sahənin istifadəsində və icarəsində üstünlük hüququ əvvəlki istifadəçiyə və icarəçiyə verilir. İcarəyə verilmiş bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.
13. Dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə yay və qış otlaq sahələri qısa müddətli istifadəyə verilir, digər hüquqi və fiziki şəxslərin icarəsinə isə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Yay və qış otlaq sahəsinin üzərində istifadə, icarə hüquqlarının qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. İcarənin şərtləri tərəflərin razılığı ilə müəyyən edilir və icarə müqaviləsində təsbit olunur. Məhkəmə iş materiallarını yuxarıda qeyd edilən hüquq normalarını tətbiq etməklə belə qənaətə gəlir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh, torpaq sahəsinin iddiaçıların icarəsinə verilməsi barədə əvvəl xx.xx.2004-cü il tarixdə qərar qəbul etmiş, sonra iddiaçı ilə aralarında torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli torpaq icarə müqaviləsi bağlamış, müqavilə xx.xx.2005-ci ildə torpaq icarəsi müqaviləsinin Dövlət qeydiyyatı kitabında 05908 №-ilə dövlət qeydiyyatına alınmışdır. “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinə görə torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Tərəflərin imzaladığı torpaq icarəsi müqavilələrində müqavilənin vaxtından əvvəl ləğv edilməsinin şərtləri göstərilməmişdir. Torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinin əsasları mülki və torpaq qanunvericiliyində nəzərdə tutulmuşdur. Müqavilənin ləğv edilməsi qaydası isə tərəflərin razılığı və ya məhkəmənin qərarı ilə ola bilər. İşin hallarından görünür ki, iddiaçı, torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə razı olmamışdır. Belə olan halda müqavilə yalnız məhkəmə qaydasında ləğv oluna bilərdi. Lakin, cavabdeh müqavilənin ləğvi barədə məhkəməyə müraciət etməmiş, özü qərar qəbul etmişdir. Yuxarıda sadalanan qanunvericiliyə görə cavabdehin özünün birtərəfli qaydada icarə müqaviləsinə xitam vermək səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Zərdab rayonu Məlikumudlu bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 06 №-li qərarının 1.2-ci bəndi ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.