Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-401/2021 17.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı cavabdeh Göyçay Rayon Qeydiyyat Şöbəsinə qarşı “soyadının “Kərimov”dan dəyişdirilərək “Məmmədzadə” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1976-cı il tarixdə Göyçay rayonunda anadan olmuşdur. Əvvəlki soyadı “Məmmədov” olmuşdur. Sonradan ərizəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 28.08.2015-ci il tarixli, 2-(060)-8647/2015 nömrəli qətnaməsi ilə soyadını dəyişdirərək “Kərimov” olaraq qəbul etmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, əvvəlki soyadının qeyd edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Belə ki, cavabdeh orqan iddiaçıya ünvanladığı 02.09.2020-ci il tarixli, 05/15-573 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının soyadı Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi əsasında dəyişdirilmiş və ona təkrar doğum haqqında şəhadətnamə verilmişdir. Yenidən soyadın dəyişdirilməsi səlahiyyətinin cavabdeh orqanda olmaması səbəbilə iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbi ilə bağlı münasibət (etiraz) bildirməmişdir. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə ünvanladığı 21.04.2021-ci il tarixli 05/11-322 nömrəli məktuba əlavə edilən sənədlərdən müəyyən edilir ki, 46 nömrəli, 31.10.1976-cı il tarixli “doğum haqqında akt qeydi”nə əsasən xx.xx.1976-cı il təvəllüdlü iddiaçıya “Məmmədov” soyadı verilmişdir. Belə ki, onun atası X1, anası X3 olmuşdur. Həmçinin iddiaçıya AZE seriyalı 09635646 nömrəli, verilmə tarixi 28.03.2013-cü il olan şəxsiyyət vəsiqəsi verilmişdir. Sonradan iddiaçı Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, soyadının “Məmmədov”dan dəyişdirilərək “Kərimov” kimi yazılmasını xahiş etmiş və onun ərizəsi təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28.08.2015-ci il tarixli, 2-(060)-8647/2015 nömrəli qətnaməsi ilə iddiaçının soyadı dəyişdirilərək “Kərimov” olaraq qəbul edilmişdir. Bundan sonra cavabdeh orqan 46 nömrəli, 31.10.1976cı il tarixli “doğum haqqında akt qeydi”nə müvafiq dəyişiklik aparmış, əvvəlki soyadın üstündən xətt çəkərək qətnaməyə əsasən yeni soyadı əlavə etmiş və iddiaçıya 619309 nömrəli yeni “doğum haqqında şəhadətnamə” vermişdir. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçı Kərimov İddiaçı Təranə Valeh qızı ilə rəsmi nikah bağlamışdır. İş materiallarında olan 03.11.1977-ci il tarixli, 4196 nömrəli “doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X6 19.10.1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Onların rəsmi nikahından 08.03.2003-cü ildə Məmmədov Qədir-Əli Coşqun oğlu və 03.06.2004-cü ildə X5 doğulmuşdur. Uşaqlara verilən “doğum haqqında şəhadətnamə”lərdən görünür ki, hər iki uşaq Rusiya Federasiyasında anadan olmuşdur. Sonradan tərəflər arasında nikaha məhkəmə qətnaməsinə əsasən 20.07.2020-ci il tarixdən xitam verilmiş, kişiyə “Kərimov”, qadına “Kərimova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə sorğu əsasında ünvanladığı 30.04.2021-ci il tarixli, 33/1464 nömrəli məktubdan müəyyən edilir ki, iddiaçı 13.02.2005-ci il tarixdən 22.01.2020-ci il tarixədək müxtəlif vaxtlarda dövlət sərhəddindən çıxış və giriş etmişdir. Həmçinin müəyyən edilir ki, iddiaçı 26.07.2017-ci il tarixdə Rusiya və 28.09.2019-cu il tarixdə Ukrayna istiqamətindən qeydiyyat rejimini pozduğu üçün Azərbaycan Respublikasına deportasiya olunmuş və bu barədə İAMAS bazasında qeydiyyat aparılmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı soyadının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu soyadın dəyişdirilməsindən imtina etmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından İddiaçı cavabdeh Göyçay Rayon Qeydiyyat Şöbəsinə qarşı “soyadının “Kərimov”dan dəyişdirilərək “Məmmədzadə” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Göyçay Rayon Qeydiyyat Şöbəsinə qarşı “soyadının “Kərimov”dan dəyişdirilərək “Məmmədzadə” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-401/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-401/2021
17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver